Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:47

Orta Asiyada alternativ yanacaq – peyin


Özbək ailə
Özbək ailə
Farangis Najibullah

“BİZ ANCAQ PEYİNDƏN İSTİFADƏ EDİRİK”

Yanacağın qiymətinin kəskin artması, elektrik enerjisinin fasilələrlə verilməsi və qışın erkən gəlməsi insanları öz evlərini isitmək və yemək bişirmək üçün alternativ yollar axtarmağa vadar edir.

Orta Asiyanın bəzi yerlərində alternativ yollar çox vaxt ətraf mühit üçün uyğun olmur. Özbəkistanın Qashqadaryo vilayətinin sakini Eshmurod-Aka deyir ki, kömür indi yalnız varlıların yanacağıdır: “Biz isə ancaq peyindən istifadə edirik”.

Əndican sakini Sadirokhun Sophiyev isə bildirir ki, qışın gətirdiyi çətinliklər onları qeyri-adi yollara əl atmağa vadar edir.

Peyinin yandırılması üsulu əsrlərlə əvvələ gedib çıxır. Son vaxtlar isə camaat peyindən istifadə etmirdi. Ancaq indi həyət evlərinin çoxunda tövlələrin divarlarına peyin yapılması təcrübəsi geniş yayılıb. Peyin quruyandan sonra ondan yanacaq kimi istifadə olunur.

Sadirokhun Sophiyev peyin yandırmağın ən zəhlətökən əlamətlərindən biri olan iy məsələsini həll etməyin yolunu tapması ilə öyünür: “Mən qoyun qığını kömür toz ilə qarışdırıram. Kömür toz çox ucuzdur. Bir neçə kilo kömür tozunu tövləyə səpirəm. Toz tədricən qoyun qığı ilə qarışır. Yaranan məhsul yaxşı yanır, iy də vermir”.

PROBLEMİN YARADICI HƏLLİ...

Belə görünür ki, bu qış uzun çəkəcək. Orta Asiyanın bir çox yerlərində ilk qar həmişəkindən daha tez- noyabrın əvvəlində yağıb. Bundan bir neçə gün sonra Tacikistan və Özbəkistanın əksər vilayətlərində elektrik fasilələrlə verilməyə başlayıb.

Tacikistanın Kulob şəhərinin sakini Ahmad Ibrohimov deyir ki, qış özü ilə birlikdə çoxlu problemlər gətirir:

“Bu il vəziyyət pisdir. Üç parça odun 1, 57 dollardır. Bu da bir çaydan qaynatmağa ancaq bəs edir. Dizelin isə bir litri 1,6 dollardır. Bir sözlə evi qızdırmaq və yemək bişirmək üçün yanacaqdan istifadə etmək bizlik deyil. Ona görə də dizellə işləyən sobamızı da işlətmirik”.

Özbəkistanda dövlət proqramı əsasında hər ailəyə 40 dollara bir ton kömür verilirdi. Bu da 5 nəfərlik ailənin qışı keçirməsinə bəs edirdi. Ancaq indi kömür ehtiyatı qurtarıb. Kömürün qiymətinin də tonu 300 dollara qalxıb. Bu, orta aylıq maaşa bərabərdir.

Sadirokhun Sophiyev deyir ki, bu vəziyyət insanları yaradıcılığa vadar edir: “Hətta evdar qadınlar belə peşəkar elektrik ustalarına çevriliblər. Onlar elektrik xətlərinə məftil atıb evlərinə işıq çəkirlər”.

Başqa bir yaradıcılıq isə evlərə verilən təbii qazı sorub gətirən əldəqayırma avadanlıqdır. Sadirokhun Sophiyevin qonşusu deyir ki, bu qurğudan demək olar ki, hər evdə var. Çünki qazın təzyiqi çox aşağıdır.

Rusiya Tacikistana nəql etdiyi neftin qiymətini qaldırandan sonra bu ölkədə benzin və dizelin qiyməti 50 faiz bahalaşıb. Artıq tacik kəndliləri əvvəlki kimi dizellə işləyən elektrik generatorlarından istifadə edə bilmirlər. Ponghoz kəndinin sakini Nazirjon Ruziboev deyir ki, generator axşam televizorun işləməsi və bir neçə lampanın yanması üçün 2 litr yanacaq işlədir:

“İndi mən televizorda futbol olandan-olana generatordan istifadə edirəm. Bizə işığı axşam saat 6-dan 9-a qədər verirlər. Həmin vaxt maraqlı veriliş olmur. Adamların çoxu qışda kinoya DVD-də baxırlar”.

Yanacağın qiymətinin bahalığı Nazirjon Ruziboevin ailəsinin həyat şəraitini də dəyişib. Onların 5 otaqlı geniş evlərinin olmasına baxmayaraq 6 nəfərlik ailə indi bir otaqda qalır. Bu otağın ortasında odunla yanan soba var. Bu sobadan həm yemək bişirmək, həm də otağı qızdırmaq üçün istifadə edirlər.

Elektrik enerjisi kəsiləndən sonra isə adamlar ənənəyə baş vururlar - kerosin lampaları və şam yandırırlar.
XS
SM
MD
LG