Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:22

Ramiz Rövşən: "Mənə xüsusən doğma və əziz olan 4 ad var"


Ramiz Rovshan
Ramiz Rovshan
“Media forum” saytı şair Ramiz Rövşənin Tehranda fars dilində nəşr olunan “Şükran” jurnalına müsahibəsini təqdim edir. Müsahibəni rəssam Ərdəşir Rüstəmi götürüb.


- Şeir yaxınlaşmaqdır, yoxsa uzaqlaşmaq?


- Yunus İmrə “Bir mən vardır məndə, məndən içəri” deyirdi. Şeir yazmaq hamıdan uzaqlaşıb həmin o “məndən içəridəki mənə” yaxınlaşmaq, onunla qovuşmaq cəhdidir.

Lorka şeir yazmağı meşəyə ova getməyə bənzədirdi və deyirdi ki, nə ovlayacağını şair əvvəlcədən bilə bilməz.

Amma mənə elə gəlir ki, hər dəfə o meşədə şairin ovladığı məhz elə həmin şairin özü olur. Hər şeirində şairin ruhunun bir şəkli, şüurunun alt qatındakı “mən”inin onun özünə də tanış olmayan hansısa bir mənzərəsi üzə çıxır.

Və bəzən bu mənzərə təkcə oxucunu yox, şairin özünü də heyrətləndirir. Hələ şairi o meşədə azdırıb əliboş qaytaran, sözə gəlməyən şeirlər də var. Bu mənada, mən özümü o qədər də fərasətli ovçu saymıram.

Çünki yazmağa gücüm çatmayan, bu günəcən yarımçıq qalan şeirlərim yazdıqlarımdan heç də az deyil.

- Yazıldıqda ölən şeirlər var. Onlarla neyləməliyik?

- Əgər o “ölü şeirlər” artıq çap olunubsa, onları elə çap olunduqları kitablardaca dəfn eləmək lazımdır. Cavanlıqda mən kitab dükanlarında və kitabxanalarda eşələnməyi çox sevirdim. Rəflərdəki kitabları bir-bir gözdən keçirə-keçirə öz istədiyim kitabı axtarmağım qəbiristanlıqda baş daşlarına baxa-baxa gəzişib doğma qəbri axtarmağa bənzəyirdi. Və o vaxtdan bəri mənim bildiyim bir həqiqət var; bəzən ən zay adamları çox əzəmətli qəbirlərdə basdırdıqları kimi, ən zay şeirləri də çox əzəmətli kitablarda çap eləyirlər. Amma nə o qəbirlərə baş çəkən, nə də, o kitabları oxuyan olur.

- Sizin şeirinizdə nədən bu qədər ölüm var? Fərəh, sevinc azdır?

- Bu mənim sovet dövründən bəri ən çox eşitdiyim və ən çox da razılaşmadığım fikirdir. Məhz buna görə də, mənim birinci kitabımla ikinci kitabımın arası 17 il çəkdi (1970-1987). Sovet dövründə iki sözü şeirdə işlətmək, demək olar ki, qadağan idi; “Allah” və “ölüm” sözünü. Mənim şeirlərimdə isə bu iki sözə tez-tez rast gəlmək mümkündür.

Amma bununla belə, mən özümü qətiyyən “ölüm şairi” saymıram. Ölüm nədir? Tam hərəkətsizlik və sükunət. Mənim şeirlərim isə hərəkətlə doludur. Bu şeirlərdə ən çox işlənən nitq hissəsi feildir. Feil isə hər cür xəbəri, o cümlədən də, poetik xəbəri daşıyan əsas nitq hissəsidir. Odur ki, mənim şeirlərimdə ölüm varsa da, bu həmişə hərəkətdə olan, çox “diri ölüm”dür. Sözün düzü, mən ömrü boyu sevinc, fərəh dolu şeirlər yazan böyük şair tanımıram. Çünki şair dünyanın ən xoşbəxt ölkəsində də özünü bədbəxt hiss eləməyə səbəb və ya bəhanə tapa bilər. O ki qaldı bizim başıbəlalı vətənimizdə ola...

Amma bununla belə, ölüm duyğusu zəif olan, ya da heç olmayan gözəl şairlər də var; məşhur rus şairi Puşkin kimi, bizim Müşfiq kimi. Qəribədir ki, bu şairlərin hər ikisi çox az yaşayıb. Amma ölüm haqqında ən gözəl şeirləri, “Ölüm sonetləri”ni yazan böyük ispan şairi Kevedo da, ölüm haqqında ən gözəl hekayəni, “İvan İliçin ölümü”nü yazan böyük rus yazıçısı Tolstoy da kifayət qədər uzun ömür sürüblər. Ümumiyyətlə, dinin və ədəbiyyatın vəzifəsi təkcə insana həyat dərsi vermək, onu tərbiyələndirmək, imana gətirmək deyil, həm də, insanın canından ölüm xofunu çıxarmaq, onu qaçılmaz olan bu sonluğa hazırlamaqdır. Çünki həyat ötəri, ölüm isə əbədidir.

- Allahla doludur şeirləriniz və o Allahın bəzən şairliyini də görürük?

- Allah mənim ömrümdə nə qədərdirsə, şeirlərimdə də o qədərdir. Nə az, nə çox. 1990-cı illərin əvvəlində bir qəzet müsahibəsində məndən soruşmuşdular: “Şeir yazmayanda Allah yadınıza düşürmü?”. Cavabında demişdim: “Mən şeir yazanda Allahın yadına düşürəm. Allah həmişə mənim yadımdadır”.

Elə həmin illərdə İstanbuldakı bir şeir gecəsində də mənə sual vermişdilər: “Sizcə, Allahdan qorxmayan adamdan şair olarmı?”. “Yox” demişdim və elə o dəqiqə də əlavə eləmişdim ki, “amma Allahdan qorxan adamdan da şair olmaz”.

Şairi Allaha bağlayan qorxu deyil, sevgidir. Bu mənada, Mövlanədən, Yunus İmrədən bu günəcən hamımız o böyük sevginin qullarıyıq. Və bizim ən böyük azadlığımız da bundadır. Odur ki, bizi bu dünyada başqa heç bir kəs, heç bir qüvvə özünə qul edə bilməz.

O ki qaldı Allahın şairliyinə... Sözün düzü, mənə də hərdən elə gəlir ki, yazdığımız şeirləri təkcə biz özümüz yazmırıq. Əlimizin üstündə nəsə bir əl də var. Və mən bəzən o əlin istisini lap açıq-aşkar hiss eləyirəm.

- Sözcüklər və sözlər get-gedə tükənir dünyada, yoxa çıxır. Şeirin taleyi necə olacaq?

- Sözləri və sözcükləri tükədən onların vasitəsilə deyilən yalanlardır. Yalan, sözü
Ramiz Rövşən
Ramiz Rövşən
həm qiymətdən, həm də hörmətdən salır. Füzuli “Aldanma ki, şair sözü əlbəttə yalandır” deyirdi. Çox təəssüf ki, bizim bir çox şairlər Füzulinin dediyini hərfi mənada başa düşüblər və əllərinə qələm alandan həmişə yalan yazmaqla, şeiri-sözü çirkləndirməklə məşqul olublar. Bəs bu bəladan xilas olmaq üçün neyləmək lazımdır? Yalançı, saxta, üzü sırtılmış sözlərin kifini təmizləyib, onları öz ilkinliyinə, saflığına, bakirəliyinə qaytarmaq və təzədən sevmək lazımdır.

- “Dillər ölümü”nün şahidiyik. Bu ölümü öldürmək olmazmı?

- Dünyada irili-xırdalı minlərlə dil var. Və zaman keçdikcə o dillərin bəziləri öz içindən çürüyüb gedir, bəzilərini başqa dillər udur. Belə bir ifadə var: “Nə qədər dil bilirsənsə, o qədər adamsan”. Yəni 3 dil bilən üç adamdır, 5 dil bilən beş adam. Amma beş dil bilib, beşində də nadan olmaq mümkündür. Hər bir dilin ölməyi də, qalmağı da o dildə danışıb-yazan adamlardan asılıdır. Adam neçə dil bilsə də, bu onun öz ana dilini bilməməyinin eyibini örtə bilməz. Mən hər dəfə şeir yazanda və ya hansısa şairi tərcümə edəndə dilimizin böyüklüyünü, imkanlarının genişliyini bir daha hiss edirəm. Və bəzən nəyisə ifadə eləməyə söz tapmayanda bunun günahını dilimizdə yox, özümdə görürəm. Əslində, şairlik sözün demədiyini onun canından çıxarmaqdır. Amma bunu elə ustalıqla eləməlisən ki, sözün canı çıxmasın. Yaşamaq üçün, millət də, dil də daim hərəkətdə olmalı, doğub-törəməlidir. Nəsimidən, Füzulidən bu günəcən dünyaya gələn hər bir əsl şair Sözlə izdivac bağlayır. Amma heç bir şairdən sonra Söz dul qalmır. Dilin ölməzliyi də bundadır.

- Dünya şair sözünə qulaq verməlimidir? Axı şairlər çox qorxulu danışırlar bəzən!?

- Çoxdan yazdığım bir essemdə demişdim ki, şair bəzən toyda ağlayan, yasda gülən adama oxşayır və bütün “məclis yiyələri” yəqin buna ancaq “məclisi pozmamaq xətrinə” dözürlər. Bəli, şair hərdən heç kəsin bilmədiyi sözü deyib hamını heyrətləndirməyi bacarır, hərdən də hamının bildiyi, ancaq eşitmək istəmədiyi sözü deyib araya pərtlik salır və özünə xeyli düşmən qazanır. Mən Şopenhauerin bir fikri ilə razıyam ki, əsl poeziya dövr və zaman haqqında tarix kitablarından daha səmimi və dəqiq məlumat verir. Doğrudan da, əsl şeir şair ürəyinin kardioqramıdır. Ürəyi aldatmaq isə çox çətindir. XIX əsrin rus filosofu Çaadayev “həqiqət vətəndən ucadır” demişdi. O dövrün dahi rus şairi Puşkin isə bir şeirində yazırdı ki: “Bizi alçaldan həqiqətdənsə, bizi ucaldan yalan yaxşıdır”. Puşkini çox sevsəm də, onun bu fikri ilə heç vaxt barışmamışam. Çünki “bizi ucaldan yalan” başımızın altına yastıq qoyub, axırda bizi çox pis günə, alçaq və rəzil vəziyyətə salar, “bizi alçaldan həqiqət” isə içimizi silkələyib bizi hərəkətə gəlməyə, saflaşmağa, kamilləşməyə, ucalmağa vadar eləyə bilər.

Məncə, dünya şair sözünə qulaq verməlidir. Ən azı ona görə ki, şairlərdə intuisiya çox güclü olur. Bəzən deyirlər ki, şairlər gələcəyi görür. Yox, sadəcə olaraq onlarda keçmiş hissiyyat, genetik yaddaş o qədər güclüdür ki, gələcəyi hiss edə bilirlər. Axı dünya silsiləvaridir və çox şeylər təkrar olunur. Yarasa qaranlıqda görmür, amma hissiyyatının gücünə məftillərə toxunmadan uça bilir. Bu hissiyyat bir az şairlərdə də var. Ümumiyyətlə, şairlərdə gecə quşlarına məxsus bir çox keyfiyyətlər olur. Hətta bir az bayquşluqları da var. Odur ki, kimlərinsə şair sözündən qorxmağı çox təbiidir.

- Gündə nə qədər şairsiniz?

- Əgər siz bunu deyərkən şeir yazmağımı nəzərdə tutursunuzsa, mən bəzən günlərlə, aylarla şair olmuram. Yəni şeir yazmıram. Amma mənim bütün ömrüm şeir ərəfəsində keçir. Şeir mənim rastıma haçan, harda çıxsa, mən onu qarşılamağa hazıram. Nə vaxtsa oxuduğum bir fikir yadımdadır: “Şair - hansısa peşə sahibi deyil. Şair - ayrıca insan növüdür”. Mən özümü bu insan növünə aid edirəm və həyatımdakı bütün səhvlərin, itkilərin, uğursuzluqların bəraətini və təskinliyini də məhz bunda tapıram.

Amma bir həqiqət də var ki, əvvəllər, cavanlıqda daha çox yazırdım. Bunun bir səbəbi də o vaxt ailə və məişət qayğılarından indikinə nisbətən daha azad olmağım idi. Ümumiyyətlə, şairlər bir az amfibiyalara, yəni suda-quruda yaşayan məxluqlara bənzəyir. Şairin həyatının bir hissəsi su altında - yaradıcılıqda, bir hissəsi isə quruda - məişət qayğıları içində keçir. Və indi o qədər problemlər var ki, uzun müddətə “baş vurub suyun altına getmək” xatalıdır. Çünki başını sudan çıxaranda quruda qoyub getdiklərinin bir çoxunu sağ tapmaya bilərsən.

- Şairlər nə zaman qabağa düşəcək. Çoxları şairlərdən qabaqda yürüyür?

- Şairin hamıdan qabaqda yürüməyinin və ya hamıdan arxada yeriməyinin əslində elə bir fərqi yoxdur. Çünki şairin gücü onun ayağının yox, sözünün itiliyi ilə ölçülür.

- Bir neçəsini çıxdıqdan sonra Azərbaycan şairləri kitab oxumurlar. Şair geniş səviyyədə məlumat, bilgi qazanmaqçün amansız oxumağa girişməlidir. Deyilmi?

- Təxminən 30 il bundan əvvəl bir təbiət jurnalında maraqlı xəbər oxumuşdum. Rusiyanın hansısa vilayətində bir qəribə bülbül xəstəliyi peyda olur. Özü də bu xəstəlik əsasən yaşlı, qoca bülbülləri tutur. Odur ki, cavan bülbüllər də xəstələnməsin deyə qoca bülbülləri aradan götürürlər. Və bir müddət sonra cavan bülbüllər düz-əməlli oxumağı yadırğamağa başlayırlar. Sən demə, quş da quşdan
oxumaq öyrənirmiş və deməli, şairin şairdən öyrənməsi də çox təbiidir.

Amma istedadın yoxdursa, dünyanın bütün böyük şairlərini oxusan da, yenə əsl şair ola bilməzsən. Ancaq heç nə oxumadan, təkcə istedadın hesabına şair olmaq da müşkül məsələdir. Hər bir şair şeirlərində özünü ifadə eləyir. Özü maraqlı olmayanın şeirləri maraqlı ola bilməz. Əslində oxuduğumuz bütün böyük şairlərdən biz özümüzü ifadə eləməyin müxtəlif yollarını öyrənirik. Bir də ki, ustalıq yazmağı yox, pozmağı öyrənməkdir. Yaxşı yazmağı bizə heç kəs öyrədə bilməz. Amma pisin nə olduğunu öyrənə-öyrənə biz yaxşıya doğru gedirik.

- Azərbaycanda dünya ədəbiyyatından örnəklər seçib və çevirmək hansı orqanın görəvidir və bu görəvi nə qədər yerinə yetirir?

- Azərbaycanda, demək olar ki, bütün ədəbi qəzet və jurnallarda dünya ədəbiyyatından tərcümələr çap olunur. Amma bu işlə peşəkar səviyyədə məşğul olan ilk ədəbi orqan 20 il əvvəl nəşrə başlayan “Xəzər” jurnalıdır. Bu jurnal Azərbaycan oxucusunu bu günəcən dünya ədəbiyyatının ən parlaq nümunələri ilə tanış edir. Mənim tərcümələrim də əsasən bu jurnalda işıq üzü görür.

Ümumiyyətlə, tərcüməçilik bir az cərrahlığa bənzəyir. Hansısa bədii əsəri bir dildən başqa dilə çevirmək hansısa bədən üzvünü bir canlı orqanizmdən başqasına köçürmək kimi bir şeydir. Cərrahın işi yalnız o zaman uğurlu sayıla bilər ki, həmin bədən üzvü başqa orqanizmdə yaşaya bilsin. Bu dediyim başqa dillərə tərcümə olunun əsərlərə də aiddir. Və bu mənada, tərcüməçilərin yazı stolunda öldürdükləri əsərlərin sayı cərrahiyyə stolunda ölən adamların sayından az deyil.

- Sizcə, şairlər azalmayıbmı?

- Üç-dörd il bundan qabaq bir toplantıdaydım. Demək olar ki, çıxış edənlərin hər biri öz nitqini şeirlə bitirirdi. Əsasən də öz şeiri ilə. Yanımda əyləşən türkiyəli qonaq dedi ki, Ramiz bəy, maşallah, sizdə hər iki adamdan biri şairdir. Dedim ki, düz deyirsən. Amma kaş ki, heç olmasa hər iki adamdan biri adam olaydı.

Yox, bizdə şeir yazan qrafomanların sayı qətiyyən azalmayıb. Amma əsl şairlərin sayı doğrudan da azalmaqdadır, özü də təkcə bizdə yox, dünyanın hər yerində. Anna Axmatova bir şeirində deyirdi: “Əgər siz bilsəydiniz necə zir-zibildən doğulur şeir, abır-həya bilmədən”. Arı balını, ilan zəhərini dünyadan aldığı kimi, şair də sözü dünyadan alır, ürəyinin süzgəcindən keçirərək duruldub, saflaşdırıb insanlara çatdırır. Bu gün dünyanın havası, mənəvi-əxlaqi ekologiyası çox çirklənib. Bir şeirimdə dediyim kimi, şair ciyəri bu havaya dözmür...

Amma mən poeziyanın ölümsüzlüyünə inanıram. Çünki poeziya gün işığı kimidir; nə qədər basdırsan da, yenə torpağın üstündə qalacaq.

- 20 sevdiyiniz adam?

- 20 ad çəkmək çətindir. Çünki başda Rumi və Dostoyevski olmaqla sevdiyim şair və yazıçıların sayı qat-qat çoxdur. Bu iki adı ona görə başa keçirtdim ki, məncə, Allaha Rumidən, insana Dostoyevskidən daha yaxın olmaq qeyri-mümkündür.

Mən Füzuli və Sabir, Bodler və Rilke, Nazim Hikmət və Qısakürək, Mayakovski və Yesenin, Tolstoy və Çexov, Tomas Mann və Hesse, Kafka və Markes kimi bir-birinin tam əksi olan şairləri və yazıçıları da sevə bilirəm. Apolliner, Xlebnikov, Eliot kimi poeziyada milli çərçivələri yarıb inqilab eləyən şairlər də, Börns, Lorka, Şəhriyar kimi milli köklər üzərində ucalan şairlər də mənə eyni dərəcədə əzizdir.

Homerin “İlliada”sından Vergilinin “Eneida”sına qədər antik dövr poeziyasını,
Məhəmməd Füzuli
Məhəmməd Füzuli
Dantenin “İlahi komediya”sından Şekspirin faciə və sonetlərinəcən intibah dövrü ədəbiyyatını, klassik çin və yapon poeziyasını (Van Vey, Li Bo, Du Fu, xokkular), XIX və XX əsr fransız və ispan şeirini, XX əsr rus poeziyasının gümüş dövrünü (Blok, Pasternak, Mandelştam, Axmatova və Svetayeva), ingilis və alman romantiklərindən Kitsi və Hölderlini, amerikan poeziyasından Robert Frostu çox sevirəm.

Amma mənə xüsusən doğma və əziz olan dörd ad da var. Bu adların sahiblərini bizim milli varlığımızın dörd sütunu saymaq olar; Füzuli - hissiyatımızın, Cəlil Məmmədquluzadə - əxlaq və mənəviyyatımızın, Məmməd Əmin Rəsulzadə - ağıl və siyasi düşüncəmizin sütunudur. Və bir də, onların hər üçünü öz yaradıcılığında cəmləyib bir ortaq məxrəcə gətirən dahi bəstəkarımız Üzeyir Hacıbəyov.

- 10 qalarğı film?

- Mən şairlikdən başqa həm də Moskvada ali kino təhsili almış peşəkar kinodramaturqam. Ssenarilərim əsasında bir çox bədii filmlər çəkilib. Odur ki, mənim zövqüm obyektiv tamaşaçı zövqü yox, subyektiv kinematoqrafçı zövqüdür. Mənim dahi saydığım, amma sevmədiyim kinorejissorlar, şedevr saydığım, amma baxanda darıxdığım filmlər var. Ancaq məndən ötrü gəncliyimdən bu günəcən qiymətini və ən başlıcası, ləzzətini itirməyən filmlər də az deyil. Seçmək çox çətin olsa da, hər halda o filmlərdən bir neçəsini saya bilərəm: Qriffitin “Səbirsizlik”, Eyzenşteynin “İvan Qroznı”, Dovjenkonun “Torpaq”, Viqonun “Əxlaqdan sıfır qiymət” və “Atalanta”, Fellininin “Amarkord”, Antonioninin “Sərgüzəşt”, Berqmanın “Çığırtı və pıçıltılar”, Bressonun “Kənd keşişinin gündəliyi” və “Müşşet”, Kurasavanın “Rasyomon”, Tarkovskinin “Stalker” filmləri.

- Fars İran şeirini nə qədər tanıyırsınız?

- Firdovsinin “Şahnamə”sindən, Nizaminin “Xəmsə”sindən, Mövlanənin “Məsnəvi”sindən Hafizin qəzəllərinə, Xəyyamın rübailərinə qədər farsdilli klassik Şərq poeziyasını mən çox sevirəm. Təəssüf ki, çağdaş fars şeiri haqqında bilgilərim çox azdır.

- Siz olduğunuz kimi dünyaya tanıtdırılmamısınız. Bunun nədənləri nə ola bilər? Yoxsa özünüz dünyanın alqışlamasını istəməmisiniz. Amma siz özünüzün deyil, dünyanınsınız artıq.

- Mən cavanlıqdan bu günəcən hər dəfə yazdığım şeirin son nöqtəsini qoyanda bir şair kimi öz vəzifəmi bitmiş sayıram. Heç o şeirlərin çapı haqqında da düşünmürəm. Bir də ki, cavanlıqda, sovet senzurası dövründə mənim şeirlərimin çap olunmaq imkanı çox az idi. Vətəndə, ya ondan qıraqda tanınmaq, sevilmək haqqında da heç fikirləşmirdim. Və 1970-ci ildə nəşr olunan ilk kitabımın, ondan sonra ara-sıra çap edilən şeirlərimin oxucular tərəfindən necə sevgiylə qarşılandığını görəndə özüm də təəccübləndim. Çünki şeirlərim o qədər də sadə deyil. Mən arxetiplərlə işləməyi, sözlərin alt qatlarındakı mənaları üzə çaxarmağı sevirəm. Şeirlərimə olan bu oxucu sevgisi o vaxt məni tənqid eləyənləri, guya “milli köklərdən qopub Qərb poeziyasına uymaqda” günahlandıranları da çaşdırmışdı.

Bildiyimə görə, indi Arazın o tayında da şeirləimi sevən minlərlə oxucum var. Ümumiyyətlə, bu ötən illər ərzində şeirlərim mənə saysız-hesabsız dost qazandırıb. Düşmənlərimi isə mən özüm qazanmışam.

Təxminən on il bundan əvvəl BBC radiosu şeirlərimin ingilis dilinə tərcüməçisi Riçard Makkeynlə mənim telefon söhbətimi təşkil eləmişdi. O söhbətdə Riçard mənə “İngiltərə sənin ikinci vətənin olacaq” dedi. Amma İngiltərənin, Fransanın və ya başqa ölkələrin mənim “ikinci vətənim” olmasından əvvəl mənim birinci vətənimdə, doğma Azərbaycanımdakı qəribçiliyim sona yetməlidir. Nəsə bu qəribçilik çox uzun çəkdi. O ki qaldı “dünyanın məni tanıyıb alqışlamasına”... Bu da olacaq. Darıxmağına dəyməz. Nazim Hikmət demişkən: “Pətəyində balın olsun, arısı gələr Bağdaddan”...
XS
SM
MD
LG