Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:39

Mirzə İbrahimov adda yazıçı olubmu?


"Pen Klub" proqramı, 22.12.2011
Gözlə

No media source currently available

0:00 1:32:36 0:00
Direct-ə keçid

Sovetlər Azərbaycan ədəbiyyatına nə verdi, nə aldı? Debata Seyran Səxavət, Ədalət Əsgəroğlu, Murad Köhnəqala və Aqşin Yenisey qatılıblar.

- Sovet ideologiyası yaradıcılığa ədəbiyyata nə verə bilərdi ki? Bu plan ədəbiyyatı idi. Bir məmur yazıçıya yazır ki, belə bir mövzuda yazı yazmalısan, orada obraz belə olmaldır, kişinin ayağında xrom çəkmə olmalıdır, ayaqqabı olmaz. Sovet dövrünün kişi obrazı belə olmaldır, muzdura oxşamalıdır.

Bunu Azadlıq Radiosunun “Pen klub” proqramında Azad Yazarlar Ocağının sədri, şair Aqşin Yenisey deyib.

Sovetlər Azərbaycan ədəbiyyatına nə verdi, nə aldı? (Dekabrın 26-da SSRİ-nin çöküşünün 20 ili tamam olur).

Bu mövzuda debata yazıçı Seyran Səxavət, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu, şair- publisist Murad Köhnəqala da qatılıblar.

Ə.Əsgəroğlu:

Sovet ideologiyasının çərçivəsinin daxilində də, xaricində də Azərbaycan sovet ədəbiyyatı inkişaf edib. Onun öz üstünlükləri olub. Amma bu üstünlükləri bu gün biz hiss eləmək qabiliyyətimiz çatarsa, hiss edə bilərik. Eyni zamanda bugünkü müstəqillik dövrünün də bizə, ədəbiyyata hansı tövhələr verdiyi, yaxud nəyisə kölgədə saxlaması barədə danışa bilərik.

Sovet dövründə mühafizəkar cəmiyyət mövcüd idi, bu cəmiyyətdə hər şey, bütün yazılan əsərlər sovet ideologiyasına söykənirdi. Bütün yazarlar ayıq-sayıq olmaldı idilər ki, hansısa mühafizəkar adamlardan onlara ziyan dəyə bilər. Ona görə də ehtiyatlı olurdular, çünki şair, yazıçı da insandır. Ancaq buna baxmayaraq çərçivəni sındıran, heç kəsdən çəkinməyən-qorxmayan şairlərimiz də olub. Onların əsərləri bu gün nümunədir. Hüseyn Cavid, Bəxtiyar Vahabzadə, Xəlil Rza və başqaları.

Eyni zamanda rus ədəbiyyatında Pasternak, Axmatova, Soljenitsin və digər yazıçılar da olub ki, bunlar o çərçivəyə sığmayıblar. İndi biz elə bilirik ki, müstəqillik dövründə gənc, yaşlı yazarlar bu çərçivələri təmiz sındırıb nəsə əsərlər yazıb-yaradırlar. Yox. Yenə əvvəlki söhbətlərimizə qayıdıram ki, istəyir mühafizəkar cəmiyyət olsun, istəyir olmasın, şair, yazıçı sinəsində sərbəst, azad ürək gəzdirməlidir. Köləliyin nəticəsində yaranan əsərlər bu gün bizi bura yığışıb söhbət eləməyə məcbur edir.

A.Yenisey:

Bu mövzuda Əkrəm Əylislinin yaxşı bir sözü var ki, sovet dövründə yaradılmış ədəbiyyatla, sovet ədəbiyyatını qarışdırmaq olmaz. Sovet ədəbiyyatının konkret kriteriyası vardı. Bu, dövlət ədəbiyyatı idi, bu ideologiya ədəbiyyatı idi. Yazıçıya sifariş verilirdi yuxarıdan ki, bunu yazmalısan, bunusa yazmamalısan.

Sovet ədəbiyyatı anlayışında müəllif anlayışı yoxdur, müəllif yerində dövlət, imperiya anlayışı durur. İmperiya yazıçıya sifariş verir, deyir cümləni belə qurmalısan, bu mövzuda yazmalısan. Bir də var sovet dövründə yaradılmış ədəbiyyat. Məsələn, Şoloxov, Bulqakov, Platonov o dövrdə yazıb, amma onlara sovet ədəbiyyatı möhürünü vurmaq olmaz. Məlum oldu ki, o sovet dövründə yazılmış ədəbiyyatın içində bu fədakar yazıçıların əsərləri qaldı.

Kimlər ki öz qəlbi ilə məşğul idi, öz vicdanı ilə yazırdı, içindən gələn səsi eşidib yazırdı, o yazçıların yazdıqları ədəbiyyata çevrilə bildi. Amma sovet ədəbiyyatı ədəbiyyata çevrilə bilmədi. Məsələn, Qorki fitri istedadın hesabına bir balaca seçildi, amma sovetizm indi də onu dünya oxucusuna qovuşmağa qoymur.

Məhz o sovet damğası. Halbuki Qorki çox nəhəng yazıçıdır. Biz onun əsərlərini oxumuşuq, bilirik. Amma məhz o sovet kölgəsi imkan vermir ki, qloballaşsın. Şalamov var, Soljenitsinlə birgə sürgündə olub.

Onu çox az adam tanıyır. Bu gün dünyanın diqqəti ondadı, Soljenitsindədir. Bu günlərdə Soljenitsinin bir romanını oxudum adam açıq-açığına sovet ideologiyasını, Stalini, rejimi olduğu kimi yazıb və bunu sürgündə yazıb. Siz deyirsiz 20 il bundan əvvəl SSRİ dağıldı və sovet ədəbiyyatı ideologiyası yoxa çıxdı. Xeyr. Mənim dostum, qardaşım Ədalət
Ədalət Əsgəroğlu
Ədalət Əsgəroğlu
Əsgəroğlu sovet dövründə yaradılmış Yazıçılar İttifaqı mətbuat xidmətinin rəhbəridir. Sovet dövründə yaradılmış Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı hələ bu gün də durursa, demək bu ideologiya zəif də olsa, dərində də olsa, hələ də yaşayır.

Azərbaycan ədəbiyyatında bu ideologiya yoxa çıxmayıb. Xüsusilə yaşlı nəsil maraqlıdır bu ədəbiyyatın yaşamasında. Çünki onlar başa düşürlər ki, təbliğat maşını, o ideologiya, o ədəbiyyat ölsə, yoxa çıxsa, bu adamların yaradıcılığını cəmiyyət məcbur olacaq ki, saf-çürük eləsin. Onlar saf-çürük olunmaq istəmirlər. Məsələn, istəmirəm ad çəkim, Azərbaycanda adam var 70-80 yaşı var, beş cümləsi yoxdu ədəbiyyatda qalası, amma beş cildlik buraxır. Bu sovetizmdir. Biz əslində sovet ədəbiyyatından yox, ruslardan öyrənmişik.

Gəlin, sualı belə qoyaq ki, rus mədəniyyəti Azərbaycan ədəbiyyatına nə verib? Həmin o rus mədəniyyətidir sonradan sovetə çevrilib. Bu mədəniyyəti Axudov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov verib bizə. Bu, məsələnin yaxşı tərəfidir, amma burda bir sual da çıxır, sovet olmasa, Azərbaycan ədəbiyyatında hansı imzalar olacaqdı?

Bir yaradıcı düşüncə dövlət və ya hansısa totalitar qurum tərəfindən planlaşdırılırsa, o yaradıcılıq heç nə verə bilməz. Yəni insanın hətta özünün daxili senzurası varsa, mən bunu yazmamalıyam, bunu yazmalıyam deyə düşünürsənsə, hətta onun özü də yaradıcılığa mane olan şeydir.

S. Səxavət:

Sovetlər mahiyyət etibarı ilə elə bir quruluş idi ki, mollaya “al molla” deyirdilər, “ver molla” yox. Bu quruluşun verməklə işi olmayıb, ancaq alıb. Nə alıbsa, onu hamı bilir. Əgər biz inanırıqsa ki, ədəbiyyat zaman və məkan tanımır, deməli, sovet ədəbiyyatı adlı bir şey yoxdur.

Onda elə ad qoya-qoya gedək: ibtidai icma quruluşu dövrü ədəbiyyatı, quldarlıq ədəbiyyatı, feodalizm ədəbiyyatı.

Deyim özü şərtidir yəqin ki. Sovetlər ədəbiyyata heç nə verə bilməzdi, nə veribsə, ədəbiyyat sovetlərə verib. Al-ver qarşılıqlı xarakter daşımayıb. Ədəbiyyat- əsl namuslu mövqeyi olan ədəbiyyat zaman və məkan tanımır.

Zaman və məkan tanımayan ədəbiyyata sovetlər nə verə bilər ki? Aqşin Yenisey şərh elədi ki, orda sovet ideogiyası vardı və o ideologiyadan yaxşı mənada sapmalar olurdu. O dövrdə böyük əsərlər yaranıb, böyük yazıçılar olub. O dövr heç nə verməyib, çünki ədəbiyyat başın aşağı salıb, işiylə məşğul olub. Əgər zaman təsir edibsə, bu, müvəqqəti olub. Ədəbiyyat başqa bir şeydir. Həmin o sovet dövrü ədəbiyyatının içində yaxşı, dünyanın hər yerindən duyulan xətlə böyük bir ədəbiyyat havası da yaranıb, indi də yaranır və yaranacaq.

Hansısa bir siyasətçi başına özünəbənzərləri yığıb və cəmiyyəti, ədəbiyyatı dəyişəcəksə, deməli, o ədəbiyyat ayağı sürüşkən ədəbiyyatdır, öz ayağı üstündə möhkəm dayanan ədəbiyyat deyil. Ədəbiyyat və ictimai quruluş- tamam başqa-başqa vəzifələri daşıyırlar. Sovetlər nələrisə alıb, hansısa istedadları şikəst, qozbel edib.
Aqşin Yenisey
Aqşin Yenisey
Bəziləri deyər ki, əsl istedad olsa, qozbel olmazdı, amma belə deyil. Ədəbiyyat əgər o böyük insana yaxın ədəbiyyatdırsa, deməli ictimai quruluşa dəxli yoxdur.

İ.Rəsul:

Murad bəy, sovet dövrü olmasaydı, nələr olardı, nələr olmazdı?

M. Köhnəqala:

Azərbaycana sovet dövrü çoxlu yazıçı verib. Müəyyən istedadlı yazıçılar da olub. Tutaq ki, Mirzə İbrahimov, Süleyman Rəhimov, Səməd Vurğun bu dövrdə yaşayaraq quruculuğu vəsf edirdi.

Məsələn, S. Vurğun Mingəçevir Su anbarına poema yazırdı. O ekskavatoru görüb coşurdu. Yəni Sovet insanı yaranmışdı, sovet ədəbiyyatı vardı. “Mehman” kimi əsər bu dövrdə yaranıb, Fərman Kərimzadənin “Axırıncı aşırım”ı bu dövrdə yaranıb- belə əsərlər çoxdur.

Bunlar sovet ədəbiyyatına aiddir. Məsələn, Rəsul Rzanın poeziyası sovet ədəbiyyatına aiddir. Sovet insanının yaşayışını qələmə alırdı. Məsələn, Rusiyada Mayakovski ilə Blokun ədəbi davası gedirdi.

Blok simvolistlərə aid idi, Mayakovski isə realist idi, yeni quruluşun qaloşları haqqında şüarlar yazırdı. Yaxud da yeni qurulmuş dövlətin buraxdığı ərzaqlara şeirlər yazırdılar, reklam edirdilər, insanları başa salırdılar, müharibələrdə cəbhələrə gedirdilər. Əlbəttə, sovet ədəbiyyatı var idi.

Mənim yaşım elə idi ki, sovet dövrünün yalnız durğunluq (Brejnev) və yenidənqurma (Qorbaçov) illərini gördüm, sovetin yaxşı dövrünü görmədim. Nazim Hikmət, məsələn, sovet dövründə yetişib. O özünü Mayakovskinin tələbəsi adlandırırmış. Yəni ədəbiyyata könül qatanda baxırsan ki, doğrudan da, insan həyatıdı və yazıblar.

Mən hamısını qəbul edirəm. Tutaq ki, Süleyman Rəhimovun gözəl bir yazısı var, necə qəbul etməyəsən. Gənc bir hüquqşünasın başına gələni yazıb, sovet dövrünü qəbul edə bilməyən adamları yazıb. Bu mövzu maraqlıdır, çox şey danışmaq olar. Bu mövzu bizdə xamdır, Rusiyada bu mövzunu çox müzakirə edirlər.

İ.Rəsul:

Ədalət bəy, bəhrələnmək baxımından yetərincə nəsə var Azərbaycan ədəbiyyatında, yoxsa ehtiyac var ki, sovet dövrünü yaşamayan ölkələrdən də nəsə əlavə edəsən ki, ədəbi düşüncə zənginləşsin?

Ə.Əsgəroğlu:

Bilirsiz, keçmişdən danışmaq asandı. Biz adətən xatirələri, keçmişi- hər şeyi tez arxivləşdirmək istəyirik. Bir balaca gerçək vəziyyətdə saxlayıb baxaq ona. Keçmişlə, aşınmalarla bağlı danışmaq olar.

Seyran Səxavət
Seyran Səxavət
Bizim bugünkü mənəm-mənəm deyən yazıçılarımız da var, onlar döşlərinə döymək əvəzinə bugünkü gerçəkliyə qoşulsalar, daha yaxşı olar.

Yaxşı deyildi ki, ədəbiyyatı sovet ədəbiyyatı, müstəqillik ədəbiyatı-filana bölmək olmaz. O dövrün müsbət cəhətlərini də demək olar, mənfi cəhətlərini də. Hər halda sovet dövrü çox şeyi ədəbiyyatımızdan alıb, amma müsbət cəhətlərdən də danışmaq olar. Bəs bu müstəqillik bizə nə verib, nə alıb? Bəziləri deyə bilər ki, müstəqillik şah əsərimizdir, xalqımızın düşündüyü, fikirləşdiyidir.

Biz hərdən formaca başqa cür görünüb, məzmunca başqa cür oluruq. Biz formaca demokratik görünə bilərik, məzmunca bu varmı? Bayaq qeyd elədim, bu gün mənəm-mənəm deyən qələm sahibləri populyarlıq xətrinə orda görünürlər, söz atırlar yumorla danışırlar, ironik baxışlarla kimisə təhqir etmək istəyirlər. İnandırım ki, mən onların ürəyini kölə ürəyi görmüşəm, mən onları azad, sadə ürək sahibi görməmişəm ki, bugünkü gündə gerçəkliyi yaza bilsinlər.

Yaz da, əlindən qələmini alan var? O zaman mühafizəkar cəmiyyət vardı, amma Mirzə Ələkbər Sabir, Hüseyn Cavid var idi, çırpınıb çıxmaq istəyirdilər, o mühafizəkar cəmiyyətdən yazırdılar və nə qədər gözəl əsərlər yaratdılar. Bu gün elə əsərlər yaradılmır.

Sovet dövründə bəzi şair və yazıçılar edam olundu, susduruldu, ondan sonra iri həcmli əsər yazan yox idi. 1938-39-ci illərdə iri həcmli yazıların müsabiqəsini keçiridilər ki, görək yaza biləcəklərmi. Çox faciəvi bir hal yaranmışdı. 1970-ci illərdən bu tərəfə həmən ideologiya zəifləmişdi. Kim istəsə yaza bilərdi, yaza bilməyiblərsə, bu, başqa məsələdi. İndiki dövrdə ictimai şüura təsir edən, diqqəti cəlb edən gözəl əsər yaradılmayıb, yaradılmır da.

Burda qeyd etmək istəyirəm ki, bizim yazçılarımız və şairlərimiz bu günkü dövrün gerçəkliyini yazıb gələcək oxuculara çatdırmaqda cəsarətli olmalıdırlar. Mən həmişə şahidi oluram ki, bizim yazıçı və şailərimiz bugünkü oxucunun zövqunü oxşamaq üçün 30 il sonrakı oxucuların zövqünü korlayırlar.

A.Yenisey:

Əslində Azərbaycanın bu gün tanınan, oxunan izlənilən bütün mədəniyyət nümunələri Çar Rusiyası dövründə yaradılıb. Çingiz Abdullayevin detektiv əsərlərini çıxmaqla, Azərbaycan romanları içində bütün dünyada oxunan yeganə roman “Əli və Nino”dur. Sovet ədəbiyyatı doğrudan da Azərbaycan ədəbiyyatına müəyyən şeylər versəydi, heç olmasa dünyaya bircə dənə də olsa, əsər verərdi.

Şoloxovu çıxmaq şərti ilə rusların öz içindən çıxanlar da mühacirət ədəbiyyatından idilər. Rusiyanın dünya ədəbiyyatı o adamlardan oxundu ki, onlar Rusiyadan çıxıb, mühacirətə getmişdilər.

Bunlar Brodski, Bunin, Nobokov idi. Mən Qori seminariyasının adını çəkmək istəyirəm. Zərdabini və başqa bir-iki nəfəri çıxmaqla Azərbaycana 20-ci əsrdəki maarifçilik ideyalarını gətirən adamlar Qori seminariyasında oxuyanlar olub. Kim yarartmışdı onu? Çar Rusiyası. Sovet dövrü öz yazıçılarının məişəti haqqında çox düşünürdü. Mən sovet dövründə yazsaydım, bir yazıma, kitabıma görə 150 min, 170 min rubl alardım. Ədalət bəy deyir bu gün o qalın əsərlər yazılmır. O əsərlərin yazılmasında pulun çox önəmi var.
Murad Köhnəqala
Murad Köhnəqala
Yazıçı bilirdi ki, 700 səhifəlik əndrabadi bir şey yazacaq, onun bütün qohumları, tayfası müəyyən məişət qayğılarından azad olacaq.

Bu gün mənim elə bir əminliyim yoxdur. Murad deyir, Süleyman Rəhimov yazıçıdır.

Süleyman Rəhimov adında yazıçı yoxdur. Bu gün Azərbaycanda kim oxuyur bu yazıçını? Ola bilsin ki, dərs vəsaitinə salınsın, amma hardadı o oxucu? Yəni, özümüzü aldatmaq, ədəbiyyata şablon münasibət lazım deyil. Azərbaycan oxucusu çox sadə, primitiv şeylərlə məşğuldur, özünün oxuduğu yazıçıları var. Hardadı Mirzə İbrahimovu oxuyanlar?

Elə oxucu yoxdur, o oxucu rəhmətə gedib. Hansı evdə Mirzə İbrahimov oxuyurlar? Çünki o sovet yazıçısı idi, dövrün yazçısı idi. Məmurun yazıçısı idi, məmur özü yazdırırdı, özü də oxuyurdu. Məmur öldü, yazıçı da öldü. Ədəbiyyat yazıçını qoruyub saxlamadı. Üstündən iyirmi il keçib, görün Azərbaycan ədəbiyyatında nə qədər yazıçı öldü.

Çünki onun oxucusu öldü. Yazıçının ölümü oxucunun ölümü ilə üst-üstə düşüb. Siz deyirsiz bugünkü gənclik hardan bəhrələnir? Mən hesab edirəm ki, sovet ədəbiyyatını bünövrə edib, onun üzərində ədəbiyyat yaratmaq olmaz.

Məsələn, Əli Kərim, Ramiz Rövşən, Vaqif Bayatlı sovet dövrünün şairidir, amma bunlara demək olmaz ki, sovet şairləridir.

Bunun üzərində nəyisə inkişaf etdirmək olar. Biz istəsək belə, bugünkü Azərbaycan oxucusunun, üzr istəyirəm, ağzını Mirzə İbrahimov, Süleyman Rəhimova döndərə bilmərik. Gecə-gündüz təbliğat getsə də, onlar oxucunun yazıçısı deyillər. Sovet dövrünün yazıçı haqqında xitam verilib.

İ. Rəsul:

Seyran müəllim, niyə Azərbaycanın həmin dövr ədəbiyatı heç olmasa bir neçə əsərlə dünyada tanınmayıb?

S.Səxavət:

Deməli, bizdə belə bir şey: Kimdənsə soruşanda ki Azərbaycanda son dövrlərdə nə yaranıb? Deyirlər ki, son vaxtlar hadisəyə səbəb olan bir əsər yoxdur. Onlar elə bilir ki, elə bir əsəri özləri yazmalıdırlar. Yəni əgər oxunan böyük əsəri sən yazmamısansa, deməli o, əsər deyil?

Bu bir cılızlıqdır. Təzə bir şeydir. Aqşinin şeirlərini çox xoşlayıram. O istedadlıdır – bu, birmənalı şəkildə qəbul olunub. Amma biz Aqşinin bu gün istedadlı adam olduğunu duyanlar, bilənlər də onun inkar etdiyi yazıçıları oxumamış, onların istedadlı və ya istedadsız olduğun təyin edə bilmərik.

Biz istəsək də, istəməsək də dövrün pillələri var.

Mirzə İbrahimovu, Süleyman Rəhimovu, Əli Vəliyevi kəsib atmaq sovet dövrünü kəsib
atmaq deməkdir. Bu dövr olub, Süleyman Rəhimov, Mirzə İbrahimov olub. Biz də, siz də İlyas Əfəndiyevi, Sabir Əhmədovu, İsa Hüseynovu, ondan əvvəl isə Məmməd Səid Ordubadini oxumuşuq.

Düz eləyib oxumuşuq. Nəyi oxumalıydıq?

Dünya ədəbiyyatında Azərbaycan yazıçılarının tanınmaması məsələsi isə birbaşa siyasətin qurbanına çevrilmiş şeydir. Sovet dövründə Azərbaycanda yetərincə şair tapmaq olardı.

Məsələn, Əli Kərim, Məmməd Araz, Bəxtiyar Vahabzadə. Bəxtiyar Vahabzadə “Gülüstan” poemasını yazanda başın qoydu kötüyün üstünə, sonra poemanı yazdı. Qələm kimlərinsə üstündən xətt çəkmək üçün deyil, qələm yazmaq üçündür.

M. Köhnəqala:

Sövet dövründə yaşamışıq biz, onların yaratdığı əsərlər də o dövrün güzgüsü idi. Gözəl yazırdlar. Nə yazıq ki, indi bildik ki, bu puça çıxmış ideologiya imiş, amma onlar inanırdılar buna. Sovet ədəbiyyatının yaranmasının pis cəhəti bu idi ki, qurultaydan qurultaya Kremldə ədəbiyyata, yazılara, kinolara mövzular verilirdi. Əli Kərimi bəyənən adamlar bilməlidir ki, o, Rəsul Rzadan sonra gələn adam olub.

Göydən düşməmişdi o. O özü sovet hakimiyətinin düz mərkəzində təhsil almışdı. Baxmayaraq ki, onun poeziyası fərqlənir, hətta o da sovetlərin icazə verdiyi poeziya olub.

PROQRAMA TAM ŞƏKİLDƏ YUXARIDA BAX!
XS
SM
MD
LG