Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:37

5 saylı xəstəxana ilə üzbəüz binalar da sökülür


Söküləcək bina
Söküləcək bina
«Əllərində heç bir məhkəmə qərarı, söküntüyə, tikintiyə dair heç bir sənədləri yoxdur, bizə heç bir rəsmi bildiriş verilməyib. Gəlib əşyalarımızı zorakılıqla tökdülər çölə, dedilər ki, burda 16 mərtəbəli bina tikiləcək. Hər gün gəlirlər deyirlər ki, çıxmasanız, evinizi başınıza zorakılıqla uçurdacağıq».

«ƏMLAKIMI ZORLA BOŞALTDILAR, ÖZÜMÜ DƏ DÖYDÜLƏR»

5 saylı şəhər klinik xəstəxanası ilə üzbəüz Həsənoğlu küçəsindəki 12 saylı ünvanda yerləşən 7 korpusdan ibarət ikimərtəbəli binalardan 3-ü sökülür. Binanın 7-ci korpusunda yaşayan Xalimə Məmişova deyir ki, dekabrın 20-də üzərində heç bir şirkətin rəsmi rekviziti və möhürü olmayan adi ağ kağızda məktub alıb ki, onun mülkiyyətində olan ikimərtəbəli binanın yerində 16 mərtəbəli bina tikilməsi ilə bağlı binanı boşaltsın. Həmin məktubda Xalimə Məmişovaya ya Azər Trans MMC-nin həmin ünvanda tikəcəyi 16 mərtəbəli binadan, ya da Atlant MMC tərəfindən Montin bağı yaxınlığında – Nağıyev küçəsində yeni istifadəyə verilmiş 14 mərtəbəli binadan yaşayış və qeyri- yaşayış sahələri təklif olunub. Ancaq Xalimə Məmişova təkliflərin heç biri ilə razılaşmayıb. O, şəxsi mülkünün sökülməsinə razı olmayıb:

«Dekabrın 20-də mənə o kağızı verdilər, 4 gün sonra da bir qəpik kompensasiya ödəmədən polisin köməkliyi ilə əşyalarımı obyektlərimdən çölə tulladılar, əmlakımı zorla boşaltdılar, özümü də döydülər».

«HEÇ OLMASA OBYEKTİMİ QİYMƏTLƏNDİRSİNLƏR»

Xalimə Məmişova deyir ki, şirkətlə razılığa gəlməməsinə səbəb mülkünün cüzi qiymətləndirilməsi olub:

«Onlar isə mənə 3 obyektimin əvəzinə bir obyekt təklif edirlər. Bu ərazilər Bakının ən bahalı əraziləri sayılır. Torpağın sotu 500 min dollardır, mən bunlardan torpağın pulunu istəmirəm, elə qeyri-yaşayış obyektimi bazar qiymətlərinə uyğun qiymətləndirsinlər, bəsimdir».

Xalimə Məmişova inanmır ki, evi uçurulandan sonra ona pul, yaxud da ev versinlər.

Binanı boşaltması tələb olunan 24 ailədən biri də Qəmbər Cəlilovun ailəsidir. Qəmbər Cəlilov deyir ki, yaşadığı evin sahəsi 84 kvadratmetrdir:

«KİMİ NECƏ GƏLDİ ALDADIRLAR»

Xalimə Məmişova
Xalimə Məmişova
«Əvvəl gəldilər, dedilər Gilan Holdinq tikir, sonra dedilər Atlant MMC tikir, indi də deyirlər Azər Trans MMC tikir. Atlant MMC ilə Azərtrans MMC elə Gilan Holdinqindir. Neçə dəfə dedilər «evi boşalt», dedim «siz əvvəl mənimlə bazar qiyməti ilə razılaşın, ondan sonra evi boşaldım». Nə ev verirlər, nə pul verirlər, kimi necə gəldi aldadırlar. Kimisini Biləcəriyə, kimisini Xırdalana göndərirlər».

Sökülməsi nəzərdə tutulan binaların ətrafı hasarlanıb.

Gilan Holdinqin hüquq şöbəsinin rəhbəri Vüsal Dadaşov AzadlıqRadiosuna deyib ki, Azər Trans MMC Gilah Holdinqə daxil deyil, ancaq Atlant MMC Gilan Holdinqə daxil olan şirkətdir. Gilan Holdinq tikinti aparmaq istədiyi ərazilərdə sakinlərlə razılaşmamış iş görmür:

«MƏHKƏMƏYƏ GETSİNLƏR»

«Biz bütün bu məsələlərdə hər şeyi qarşılıqlı razılıqla edirik, artıqlaması ilə də ödənişlərini edirik. Onların hüquqları pozulubsa məhkəməyə müraciət etsinlər, belə mübahisələr ora-bura şikayət etməklə yox, məhkəmədə həll olunur. Başlarını ora-bura şikayətlə qatacaqlar, bir də görəcəklər ki, məhkəməyə müraciət vaxtları bitib».

Azər Trans MMC-nin nümayəndəsi İbrahim Hüseynov isə AzadlıqRadiosuna müsahibə verməkdən imtina etdi.

«VƏTƏNDAŞIN MÜLKÜ BAZAR QİYMƏTİNƏ UYĞUN SATIN ALINMALIDIR»

Hüquqşünas Namizəd Səfərov isə deyir ki, istər dövlət, istərsə də özəl şirkət hər hansı yaşayış ərazisini boşaldıb yerində tikinti aparmaq istəyirsə, mülkiyyətçinin istəklərini mütləq nəzərə almalıdır. Lakin mülkiyyətçi də bu hüququndan istifadə edib mülkiyyətində olan əmlakını qədərindən artıq qiymətləndirməməlidir:

«Heç bir halda mülkü vətəndaşın əlindən zorla ala bilməzlər. Qanunda da yazılıb ki, vətəndaşın mənzili mütləq satın alınmalıdır. Yəni ortada alqı-satqı müqaviləsi olmalıdır, yəni razılaşma, müqavilə olmalıdır. Əgər tərəflər aralarında razılığa gələ bilmirlərsə, mübahisəni məhkəmə həll edir».
XS
SM
MD
LG