Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:29

Aqşin Yenisey: "Mən Azərbaycan dilinin atasıyam"


Aqşin Yenisey (solda) və Cavid Zeynallı, Azadlıq Radiosunun Bakı bürosu, 4 yanvar, 2011
Aqşin Yenisey (solda) və Cavid Zeynallı, Azadlıq Radiosunun Bakı bürosu, 4 yanvar, 2011
Şənbə qonağı


"...Rafiq Tağının qətli dünyanın Azərbaycan ədəbiyyatına münasibətini 180 dərəcə dəyişdi. Dünya jurnallarından bizə sual göndərirlər ki, orda nə yazırsınız, sizi öldürürlər?!."

"...Bizimkilər mətndə mama uşağıdırlar. Amma mətndən kənarda hamı qəhrəmandır. Ədəbiyyat mətn sənətidir. Ədəbiyyatda nə qalırsa o kağızda yazılan qalır. 60-cı illər nəsli tamamilə axta nəsildir".


Cavid Zeynallının Azad Yazarlar Ocağının rəhbəri, şair Aqşin Yeniseylə söhbəti. (Cavid Yeni ildən "Oxu zalı"nın komandasına qoşulub).



- Aqşin, səninlə bir-iki dəfə müxtəlif tədbirlərdə ayaqüstü görüşmüşük və aramızda təxminən yeddi-səkkiz il yaş fərqi var.

Telefonda danışanda mən birbaşa “sən” deyə müraciət etdim. Deyəsən, bu birbaşalıqdan alındın, daha doğrusu, acıqlandın. Yoxsa səhv edirəm?


- Yox-yox, belə kompleksim yoxdur. Əslində, xətrini istədiyim adamlar mənə sən deyəndə xoşlanıram. Düzdür, Puşkin haqqında deyirlər, o, heç vaxt kiməsə sən deməyib.

Ruslarda “tı” qoy elə rusca deyim,“poslednıy”söhbətlərdə işlənir. Onlarda “vı” daha kübar, elitar səslənir. Amma bizdəki sən yaxşı “sən”dir. Yaxın dostlarımla, xətrini istədiyim adamlarla heç vaxt bu cür problemim olmayıb.

Yox əgər, hiss etsəm, kimsə məni aşağılamaq mənasında “sən” deyir, durub o adamın əngini əzərəm.

- Fikir vermisənsə, bizim mətbuatda hətta xoşa gəlmək üçün “siz”i böyük “S” ilə yazırlar...

- Mən dünya ədəbiyyatının redaktəsi ilə məşğulam. Müxtəlif yazıçılar var ki, Allaha müraciət formalarını böyük hərflə yazırlar.

Bizim bəzi korrektorlarımız “Sən”i kiçik “s”-lə yazmaq istəyirlər, amma mən çalışıram, bunun qarşısını alım. Bu, Allaha müraciətdi və Allahla insan arasında heç olmasa hərf böyük-kiçikliyi yəni, fərq olmalıdır.

Söhbət Ondan gedirsə, müəllifin Allaha müraciətinə müdaxilə etməyə ixtiyarımız yoxdur. Bizim mətbuata gəldikdə isə, vallah, nə bilim, gəl, bu məsələni çək-çevir etməyək.

Mənim üçün maraqlıdır: öz dostu haqqında siz yazan adamın dünyagörüşü hansı səviyyədədir?! Əvvəlcə onu aydınlaşdıraq ki, həmin adam kimdi, nəçidi, nə qədər kitab oxuyub, dünya mədəniyyətindən, ədəbiyyatından hansı səviyyədə xəbərdardır?!

- 150 cildlik dünya ədəbiyyatının nəşrində işlər nə yerdədir?

- Sovet dövründə olunan tərcümələrə yeni əsərlərin tərcümələrini də qatıb 70-ə yaxın kitab çap etmişik. Məsələn, Dostoyevski, Tolstoy, Viktor Hüqo, Daniel Defo və s.

"Mən də hardasa işləməliyəm də! Mən də evə çörək aparmalıyam da! Mən üsyandan kənara çəkildimsə, bəs bunlar hardadır? Bu səfeh söhbətdir".

Yəqin mətbuatdan izləmisən, indi yalnız yeni tərcümələrdən söhbət gedir. Məsələn, J. Amadunun, J. Saramaqonun, Kortasarın bircə hekayəsi dilimizə tərcümə olunmamışdı. İşimizin ağır hissəsi indən sonra başlayır.

- Tərcümə işindəki qüsurlar son vaxtlar tez-tez dartışılır. Bir az tərcümələrin səviyyəsindən danışaq. Səni qane edirmi?

- Mən birmənalı olaraq desəm ki, bütün tərcüməçilərimiz Azərbaycan dilinin qayda-qanununa riayət edir, yalan olar. Azərbaycan tərcümə məktəbində barmaqla sayıla biləcək qədər hər iki dili bilən tərcüməçilər var. Tərcüməçinin iki vəzifəsi var: həm tərcümə etdiyi dili yaxşı biləməlidi, yəni əti, dərisi, qanı ilə mətni hiss etməlidir, həm də çevirdiyi dili dərindən mənimsəməlidir. İki dildən birində axsayırsa, bu, mətndə özünü göstərir.

Mən İlqar Əlifoğlunun, Yaşarın, Vilayət Hacıyevin, Tehran Vəliyevin tərcümələrini çox yüksək qiymətləndirirəm. Amma “bezdarnı” tərcümələr də az deyil. Həmin adamların adını çəkib, təzə il başlayar-başlamaz qanlarını qaraltmaq istəməzdim. Bir yazımda da bu məqama toxunmuşdum.

Məsələn, tərcümə edib ki, “ata və qız oturub xeyli şam yedi”. Söhbət ondan gedir ki, ata və qızın şam yeməyi uzun çəkdi.

Tehran Vəliyev Selinceri ingiliscədən yüksək səviyyədə çevirib. Bizim bir dostumuz Selincerin “banan balığının asan ovlanan günü” hekayəsini rus dilindən tərcümə etmişdi. Əsərdə belə bir səhnə var: oğlan balaca bir qızın əlindən tutub çay kənarında gəzir. Birdən oğlan qızın qəlbinə toxunan söz deyir və qız əlini çəkir. Bizim dostumuz tərcümə edib ki, “qız əlini oğlanınkından çəkdi”. Bu, yaxına buraxılmayan tərcümədir.

- Redaktorun vəzifəsi həm də belə məsələləri düzəltməkdi...

- Əlbəttə, redaktorun işi təkcə ondan ibarət deyil ki, sözləri, hərf səhvlərini düzəltsin, redaktor həm də Azərbaycan dilində olan mətni orijinalla cümləbəcümlə
Cavid Zeynallı
Cavid Zeynallı
tutuşdurmalıdır. Bizim peşəkar redaktorlarımız var. Məsələn, Fəxri Uğurlu, Mahir Qarayev, Tahir Kazımlı işini yüksək səviyyədə bilən insanlardır.

- Sovet dönəmində tərcümə olunan əsərlərə necə, əl gəzdirilirmi? Çünki o dövrün tərcümələrini də tənqid edirlər. Məsələn, iddia olunur ki, “Cinayət və cəza”nın tərcüməsi o qədər də ürəkaçan deyil, xeyli keyfiyyətsiz, tələsik işlənən parçalar var.

- Ruslar özləri də etiraf edirlər, Dostoyevski pinti yazıçıdır. Bu da ondan irəli gəlir ki, o, müəyyən yaş dövründən sonra özü yazı yazmayıb. Sadəcə deyib, yazıblar. Məsələn, “Cinayət və Cəza”da yüz əlli səhifəyə yaxın, bəlkə də iki yüz səhifəyə yaxın bir hissəni oxumasan da olar.

Yəni, tamamilə boş-boş, mənasız söhbətlərdir. Qəzet materialıdır. Bunun da bir səbəbi vardı: Dostoyevski qumarbaz olub və ona pul lazım idi. Qonarar xətrinə yazırdı. “Cinayət və Cəza”nı 3 dəfə oxumuşam. Xeyli mənasız hissələr var. Amma baxın, bu adam qəzet materialını da ədəbiyyata çevirməyi bacarıb. Heç kim cürət edib həmin hissələri çıxara bilməz.

Bilirsən, bu, Dostoyevsiyə barmaq eləmək kimi çıxar. Biz bunu o vaxt edə bilərik ki, dünya ədəbiyyatında pis-yaxşı nəsə edə bilək.

- Bilirəm, bu sual dəfələrlə səslənib, amma təkrar da olsa, sənin fikrini bilmək maraqlıdır. Bizim ədəbiyyat dünya müstəvisinə niyə çıxa bilmir?

- Mən bu barədə çox düşünmüşəm. Söhbət ondan gedir ki, biz dövlət kimi dünyaya çıxa bilməmişik. Məsələn, Türkiyə futbolu dünyaya açılan kimi, bu ölkəyə maraq yarandı. Dalınca Orxan Pamuk Nobel mükafatı aldı, Əlif Şəfəq Avropada dərc olundu, oxundu, tanındı.

Yəni dünyaya dövlət kimi çıxmaq lazımdı. Azərbaycan “Avroviziya” yarışmasında uğur qazandı. Məncə, bunun Azərbaycan mədəniyyətinə, ədəbiyyatına xeyri dəyəcək. Rafiq Tağının qətli dünyanın Azərbaycan ədəbiyyatına münasibətini 180 dərəcə dəyişdi. Dünya jurnallarından bizə sual göndərirlər ki, orda nə yazırsınız, sizi öldürürlər?! Ədəbiyyat dünyaya hadisəylə çıxır. Sovet yazıçıları Azərbaycan ədəbiyyatını şikəst ediblər.

Radioda, televiziyada aşıq oxuyanda səsini alarsan e, bax o yazıçılar bizim ədəbiyyatın bu şəkildə səsini alıblar. O dövrün ədəbiyyatı diri ədəbiyyat deyil. Bizim ədəbiyyat indi-indi cana gəlir. Azərbaycan sovet yazıçısı ideologiya ilə heç vaxt vuruşmayıb. Ona görə də dünyanın diqqətini çəkmədi. Bizim ədəbiyyatın mövzusu onlar üçün maraqsız olub. Bizə elə gəlir ki, onlar oxumurlar. Oxuyurlar! Məsələn, Əkrəm Əylisi... kənd belə gəldi, qoyun belə getdi, inək belə yatdı. Anar... Təhminə belə gəldi, Zaur belə getdi. İsa Hüseynov... Nəsiminin dərisini belə soydular və s. Bunlar dünyaya məlum olan həqiqətlərdir də!

- Mənim düşüncəmə görə, yaradıcılığını bəyənmədiyin hər üç yazıçı Azərbaycan nəsrinin sütunlarıdır və ədəbiyyata yeni nəfəs gətirən insanlardır. Dövrünə görə az-çox etirazı da onlar ediblər.

- Cavid, bunların etirazı kafe-restoran janrında olub. Mətndə etiraz adda şey yoxdur. Məsələn, Rusiyada Sorokin, Limonov, Pelevin var. Bunlar evdə-eşikdə, çayxanada, kafedə etiraz etmirlər e! Azərbaycan ədəbiyyatının problemi bundadır. Gedək kafedə araq içək, istənilən diktator haqqında, totalitar rejimə qarşı nə qədər istəyirsən danışaq.

Bizimkilər mətndə mama uşağıdırlar. Amma mətndən kənarda hamı qəhrəmandır. Ədəbiyyat mətn sənətidir. Ədəbiyyatda kağızda yazılanlar qalır. 60-cı illər nəsli tamamilə axta nəsildir. Bu yazıçılar dünya ədəbiyyatı ilə müqayisədə əlaçı şagird
Aqşin Yenisey
Aqşin Yenisey
səviyyəsindədirlər. Sadəcə, beşlə oxuyublar, vəssalam! İndi artıq insanlar o dövrün ədəbiyyatını oxumaq istəmirlər. Bizim indiki gənclərin uğuru ordadır ki, onlar mətndə öz sözlərini deyirlər.

- Sadaladığın kriteriyalarda götürsək, nəsrdə Aqşin Yenisey kimdir?

- Mənim iddiam yoxdur. Son dövrlər gör nə qədər roman yazılır? Və həmin əsərlər ətrafında səs-küy qalxır, müzakirə aparılır. Biri deyir belə yazmışam, biri deyir, elə yazmışam. Mənim Azərbaycan ədəbiyyatında ictimai iddiam yoxdur. Sadəcə, yazmaq mənim xoşuma gəlir.

Yaxşıdır, pisdir bu mənə maraqlı deyil. Dostum-qardaşım Əkrəm Əylisli deyir, Azərbaycan dilinin anasıyam. Mənim içimdə bir istək var: mən Azərbaycan dilinin atasıyam. Bu dili həddən artıq yaxşı kullana bilirəm. Təkrar edirəm, böyük iddiam yoxdur. Romandır da, yazıb atmışam.

- “Oxu zalı” “Göləqarğısancan”ın müzakirəsini keçirdi və xeyli tənqidi fikirlər səsləndi. Sənin iddian yoxdursa, məsələn, Əsəd Cahangirin, Tehran Əlişanoğlunun sərt tənqidlərinə niyə adekvat cavab verdin?

- Mən deyim sənə! Bizdə mətnlə bağlı tənqidi fikirlər şəxsi münasibətlər zəminində söylənilir. Əgər mən sarsaq şeir yazmışamsa, tənqidçi o şeirə münasibət bildirməlidir. Bizim tənqidçilər isə əksinə, müəllifə münasibət bildirirlər. Dünya ədəbiyyatında belə şey yoxdur.

Məsələn, Tehran Əlişanoğlu atam yaşında kişidi, götürüb yazıb ki, Aqşin son axtlar harda bir dik şey görür, dırmaşıb başına ziyalı mövqeyi bildirir. Bunu mənim yazdığım romana nə dəxli var? Yaxud, Əsəd Cahangir deyir, bunu ona görə yazdım ki, Aqşinin harasınasa dəysin və özü bilir, harasını deyirəm. Qardaş, sən ədəbiyyatşünassan, sən tənqidçisən, sən mətnşünassan. Mənimlə nə işin var? Dost deyilik, qardaş deyilik, qohum deyilik. Mən münasibət bildirməklə öz şəxsiyyətimi qorumuşam.

- O yazıların içində səni qane edən olmadı?

- Yox! Mənim zövqünə inandığım dostlarım var. Onlar dünya ədəbiyyatına bələddilər və fikirləri məni qane elədi. Düzdür, çatışmayan cəhətlərini də dedilər. Məsələn, bir yerdə yazmışam, uşağı həkimə atası apardı, halbuki romanın əvvəlində başqa cümlə var: Sovet İmperiyası dağılanda uşağın atasının qırxı çıxmışdı. (Gülür). Belə qüsurlar var. Krılovun bir təmsilini xatırlayıram: qurd suyun yuxarısında dayanıb quzuya deyir ki, suyu bulandırdın.

Quzu da cavab verir, mən səndən aşağıyam, bulandırsam, aşağı axıb gedər. Yəni, bu cür mənasız qurdlar Azərbaycan ədəbiyyatını murdarlamaqla məşğuldular. Adam oturub fikirləşir ki, bu adamların 50-60 yaşı var və özlərindən sonra heç nəyləri qalmayacaq. Nəyə görə mənimlə şəxsi qərəzlik aparmalıdırlar? Hara gedirsən, televiziya olsun, qəzet olsun, belə dılğır-dılğır mövzular danışılır. Məcburam qapını bağlayıb, evdən çıxmayım.

Bunlar başa düşməlidirlər ki, mətnlə işləməlidirlər. Ramiz Rövşən, Vaqif Bayatlı, Həmid Herisçi, Əkrəm Əylisli, lap elə Anar haqqında yazılan yazıları oxu, görəcəksən ki, müəlliflərlə işləyirlər. Bizdə hələ də sovet ədəbi tənqidindən gələn şeylər var. Müəllifi bəzəyib gəlin köçürtmək, bəy stolunda oturtmaq hələ də qalıb. Və sənə deyim ki, bunu yaşatmaq istəyən adamlar var. Çünki çörəkləri bundan çıxır.

- Səncə, müəlliflə işləməyi, şəxsi münasibətlər zəminində fikir bildirməyi təkcə tənqidçilərmi edir? Bu işdə AYO-nun üzvlərinin xidmətləri az deyilmi?

- Razıyam! Mən o adamlarla dostam, ona görə ad çəkmək istəmirəm. AYO-nun elə üzvləri var ki, özlərini gündəmin yaddaşına həkk etmək üçün yazı yazırlar. Mənim düşüncəmə görə, yazıçı özünü mətndə öldürməli, orda intihar etməlidir. Amma bizdə tərsinədir: yazıçı özünü sağ qoyub, mətni öldürür.


- Səndən əvvəl AYO-ya Həmid Herisçi, Rasim Qaraca, Seymur Baycan sədrlik etdilər. Adları çəkilən adamlarla müqayisədə, sənin gördüyün işlərin fərqi nə oldu?

- Sözün açığı, AYO-nun sədrliyi istər inzibati, istər ictimai cəhətdən bizim təfəkkürümüzdəki sədr anlayışı demək deyil. Sadəcə, hansısa hadisə baş verəndə öz münasibətimi bildirmişəm. Düzdür, biz istədik ki, qeydiyyatdan keçək, yenə qeydiyyata almadılar. Başqa heç nə! Məndən əvvəlkilər nə etdisə, mən də onu davam elədim. (Gülür)

- “Kitab Klubu”nda Kamal Abdullanın romanının müzakirəsini keçirdiyinə görə tənqid hədəfi oldun. Sevinc Pərvanə və Nərmin Kamal etiraz edəndə həmkarlarını deyingən adlandırmısan...

- Açığı, o işi davam etdirmək istəyirdim. Nərmin Kamalın münasibətini başa düşmədim, Sevinc Pərvanənin nə istədiyini kəsdirmədim. Yaxud, Həmid Herisçi, Seymur Baycanı dəvət etdim, gəlmədilər. Gördüm ki, təklif etdiyim ideya sərt qarşılandı. Ona görə çoxluğun fikrinə hörmət etdim.

- Bəlkə bu münasibət ondan irəli gəlir ki, əvvəlki üsyankar Aqşin hansısa səbəblərdən loyallaşıb?

- Tutaq ki, mən Slavyan Universitetində işləyəndən sonra loyallaşmışam. Yaxşı, hardadır o Sevinc Pərvanə, hardadır o Nərmin Kamal, hardadır o Həmid Herisçi, hardadır o Seymur Baycan? Hardadır o üsyankarların üsyanı? Tutaq ki, mən Mən Kamal Abdullanın yanında işləyirəm...

- Yaxşı eləyib işləyirsən, bu başqa söhbətin...

- Mən də hardasa işləməliyəm də! Mən də evə çörək aparmalıyam da! Mən üsyandan kənara çəkildimsə, bəs bunlar hardadır? Bu səfeh söhbətdir. Mən Nərmin Kamalın, Sevinc Pərvanənin səviyyəsinə düşməyəcəm. Mənim saçımı yolmaq istəyirlərsə, gəlsinlər Nərimanov metrosunun yanına, saçımı yolsunlar.

- Adını çəkdiyin müəlliflərin yaradıcılığını necə qiymətləndirirsən?

- Həmid Herisçini müasir Azərbaycan ədəbiyyatının ən gözəl yazıçısı hesab edirəm. Mən yazmağı Həmid Herisçidən öyrənmişəm. Sevinc Pərvanənin ilkin şeirləri qadın cəsarətinin görünməmiş nümunələri idi. Nərmin Kamal kifayət qədər intellektual yazıçıdır. Mən bu adamların hər birindən öyrənirəm. Seymur Baycanın əvvəlki iki əsəri roman deyil. Amma “Quqark” istedadla yazılmış əsərdir. Düzdür, boş-boş, əhəmiyyətsiz hissələr də çoxdur. Məsələn, məktublaşma hissəsi. Seymurun yerinə olsaydım bu hissəni kitaba salmazdım.

- Yazıçılar Birliyinə yeni qəbul olmuş gənclərdən kimləri oxuyursan?

- Yazıçılar Birliyində istedadlı gənclər var. Qisməti, Alik Əlioğlunu oxuyuram. O adamları AYB-də işə cəlb etmək lazımdır. Anar, Fikrət Qoca, Fikrət Sadıq, Çingiz Abdullayev bu uşaqları içki düşkünü ediblər. Nə vaxt baxırsan, “Şirzadın kafesi”ndə
Əkrəm Əylisli və Aqşin Yenisey Azadlıq Radiosunun "Pen klub" verilişində, 2011
Əkrəm Əylisli və Aqşin Yenisey Azadlıq Radiosunun "Pen klub" verilişində, 2011
araq içməklə məşğuldular. “Ədəbiyyat Qəzeti”ni, “Ulduz” jurnalını, “Qobustan”ı o gənclərə vermək lazımdı. Kahin kimi oturublar orda, bütün gənclik də küçələrdədir.

- 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”i təsis olundu. Sənin bu məktəb haqqında tənqidi fikirlərin oldu. Adlarını çəkdiyin gənclər isə həmin məktəbin məzunlarıdır...

- Mən o yolda yarada bilən, istedadlı adama rast gəlməmişəm. Nə Qismətin, nə də Alik Əlioğlunun bugünkü istedadını, yaradıcılığını tərifləmirəm. Sənin romanını oxudum. Çox gözəl dilin var. Amma sənə ikilikdə bir həqiqəti etiraf edim: gedib o məktəbə bulaşsan, bu cür səfeh-səfeh söhbətlərlə məhv olub gedəcəksən.

- Mən o məktəbin məzunuyam və hesab edirəm ki, bu layihə son dövrün ən dəyərli ədəbi layihələrindən biridir...

- Bu sənin şəxsi fikrindir. Əgər istedadına xəyanət etsən, bundan sonra bir cümlə yaza bilməyəcəksən. Alikdən də, Qismətdən də istedadı küsüb. Onlar yaxşı mətn yaza bilsələr, deməli, mənim ədəbiyyatdan xəbərim yoxdur.

- Bir az falçılıq kimi çıxmır ki?

- Yox, niyə falçılıq? Mehdi Bəyazid var idi. Dünya ədəbiyyatının cikinə-bikinə bələd idi. İstedadına xəyanət etdi deyə, bir cümlə yaza bilmədi. Rəşad Məciddən ədəbiyyat öyrənən gənci təsəvvür edə bilmirəm.

- Səncə, Rəşad Məcidin ədəbiyyat öyrətmək iddiasındadır? Sadəcə...

- Bir dəqiqə, Cavid, gəl, bir-birimizi yaxşı başa düşək.

- Bu məktəb beş-altı nəfər həqiqi istedad yetişdirdisə, həm də bizə 30-40 yaxşı oxucu qazandırdı...

- Rəşad Məcidin oxucu yetişdirməkdən ötrü əlində o boyda qəzeti var.

- Qəzetin qapıları gənclərin üzünə açıqdır...

- Mən bilirəm, o uşaqların yazıları hansı senzuradan keçir. Bu uşaqların daxili azadlıq hissi ayaq altındadır. Bu məktəb niyə yaradılmışdı, bunu gözəl bilirəm. Mən çox şeyə heyfslənirəm. Qismət elə yazır, elə bil ədəbiyyat institunun müəllimidir. Sən cavan oğlansan e, gərək sənin cümləndən vulkan püskürsün. Nəsihət yazır. 25 yaşı var indidən Nizami Gəncəvilik edir.

- Təzə nə yazırsan?

- Şeir kitabımı hazırlayıram. Romanım yarımçıq qalıb. Onu tamamlamaq fikrindəyəm. Bir kəndin öz-özünə törəməsi, doğulması haqqında olacaq. Amma daha çox sovet imperiyası dağılandan sonra viran qalmış kəndlər haqqında yazacam.


Cavid Zeynallı
XS
SM
MD
LG