Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:41

«Gəlmişdilər ağlay vurmağa, başladılar mərtəbə tikməyə»


Foto: Arxiv
Foto: Arxiv
-
«İŞDƏN GƏLDİM Kİ, EVİMİN DAMI YERİNDƏ YOXDUR»

«Gəlmişdilər ki, binaya ağlay vururuq. Bu bəhanə ilə bir gün binanın qarşısında fundament tökdülər, bir gün binanın bir tərəfini söküb dağıtdılar. Bir gün də işdən gəldim ki, evimin damı yerində yoxdur. Ağlay vurmaq adı altında həyətimizdə yer qoymayıblar. Fövqəladə Hallar Nazirliyindən gəldilər, baxdılar, dedilər ki, bunlar bura yalnız ağlay vurmağa gəliblər, tikinti aparmağa ixtiyarları yoxdur».

Heydər Əliyev prospekti, 99-da yaşayan Şəfəq Nəcəfova AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, həmin binada abadlıq adı altında qanunsuz tikinti işləri aparılır.

3 il əvvəl Dövlət Neft Şirkətinin sifarişi ilə «Atlant-2» tikinti şirkəti binaya ağlay döşəməyə başlayıb. Ancaq sonradan şirkət Baş Memarlıq İdarəsi tərəfindən təsdiqlənmiş layihəyə özbaşına əlavələr edib. Bu əlavələrlə də binalarda yaşayan sakinlərin şəxsi mülkiyyətlərinə zərər vururlar. Şəfəq Nəcəfova deyir ki, binanın altında yerləşən qeyri-yaşayış sahəsi ofis, yanındakı sahə isə zirzəmi kimi istifadələrində olub. Tikinti-abadlıq işləri adı altında mülkiyyətlərində olan zirzəmi zəbt olunaraq başqasına satılıb:

MƏHKƏMƏ DAVASI

«Demişik, gətirin layihəyə baxaq, layihəni bizə göstərməyiblər. İndi tikinti tamamilə bitib. İndi mülkiyyətimizin üstündə ev tikilib. Bizim qeyri-yaşayış sahəmiz var idi, onu da başqa bir iş adamına satıblar».

Nəcəfovlar ailəsi tikintinin qarşısının alınması üçün dövlət qurumlarına şikayət ediblər. Ancaq Nəcəfovlar ailəsinə yalnız Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cavab verib. Cavab məktublarında deyilir ki, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifarişi ilə «Atlant-2» MMC yalnız binaların fasad hissələrində üzlənmə işləri aparır. Sifarişçiyə tikinti-quraşdırma işlərinin dayandırılması, layihə sənədlərinə Dövlət Ekspertiza Baş İdarəsindən rəy alınması və icazə sənədinin təqdim olunması
Heydər Əliyev prospektində təmir işləri
Heydər Əliyev prospektində təmir işləri
tapşırılıb.

ŞİRKƏT İDDİALARLA RAZILAŞMAYIB

«Atlant-2» MMC-nin nümayəndəsi Mais Nuriyev iddialarla razılaşmayaraq məhkəmədə bildirib ki, abadlıq işləri Dövlət Neft Şirkətinin sifarişi ilə hazırlanmış Memarlıq Tikinti İşçi Layihəsinə uyğun olaraq aparılıb. «Atlant-2» Tikinti Şirkəti ilə Dövlət Neft Şirkəti arasında podrat müqaviləsi imzalanıb. Tikinti-abadlıq işləri aparılarkən binanın sakinləri əvvəlcədən xəbərdar edilib. İddiaçılara 5000 manat vəsait ödənilib və bu barədə akt tərtib edilib. Hətta mənzildə təmir işlərinin aparılması ilə əlaqədar iddiaçıların başqa bir mənzildə kirayəçi olaraq yaşayışı da təmin edilib, 2 aylıq kirayə haqqı ödənilib.

Nərimanov rayon Məhkəməsi Nəcəfovların iddiasını qismən təmin edib. Şirkətin zərərçəkmişə 28 min manat ödəməsi barədə qətnamə çıxarıb. Bunun 25 min manatı mənzilə dəymiş zərərə, 3 min manatı isə mənəvi zərərə görədir.

«Atlant 2» şirkəti mənəvi zərərin ləğv edilməsi üçün apellyasiya şikayəti verib.

Nərimanov rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Heydər Əliyev prospekti boyunca yerləşən binalarda inşaat işləri mərkəzləşmiş qaydada, dövlət səviyyəsində aparılır.

Şəfəq Nəcəfova isə tikintini qanunsuz hesab edir. Deyir ki, onların şirkətə qarşı açdıqları məhkəmə davası təkcə təmir və mənəvi zərər davası olmayıb. Onlar tələb ediblər ki, tikinti işləri dayandırılsın, binanın üstündə tikilmiş mərtəbələr sökülsün. Çünki bir gün köhnə bina yüklənmiş mərtəbələrə tab gətirməyə bilər. Buna görə də, qarşılıqlı apellyasiya şikayəti veriblər.
XS
SM
MD
LG