Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:21

Samirə Əşrəf "Uzaqlardan eşidilən səs" (Hekayə)


Batmaqda olan günəşin narıncı şuaları yavaş-yavaş əriyib qüruba doğru tələsirdi. Yolboyu gözə çarpan ucsuz-bucaqsız düzənliklərdə istidən quruyub canlılığını itirmiş bitkilərə bir qığılcım kifayət idi ki, yanıb külə dönsünlər. Yumşalmış asfaltın üstü ilə şütüyən yöndəmsiz avtobus sanki bir çoxlarının getmək istəyib, lakin gedə bilmədikləri varlığı çoxdan unudulmuş sirli bir məkana doğru yol almışdı. Avtobusun içindəki sərnişinlərdən kimisi bir- biri ilə söhbət edir, kimisi yatır, kimisi də sağ tərəfdən ikinci sırada pəncərə tərəfdən oturan kişi kimi pəncərədən bayıra tamaşa edirdi. Başqalarından fərqli olaraq onun hərəkətlərində qəribə bir nigarançılıq duyulurdu. Qırx yaşı ancaq olardı. Uzunsov sifəti tunc rənginə çalırdı. Kasavari qaşlarının altındakı qəhvəyi gözləri dalğın və n`arahat-narahat boylanırdı. Tərləmiş saçları qıvrılıb alnına yapışmışdı. Görünüşü və geyimi onun varlıqlı və kübar biri olduğundan xəbər verirdi. Yöndəmsiz avtobus on beş dəqiqədən bir dayandıqca sərnişinlər də azalırdı. Kişi yarıaçıq pəncərədən içəri dolan havanı ciyərlərinə çəkirdi. Birdən onun alnında iz salmış qırışlar dərinləşdi, üzü təlaşlanmış ifadə aldı. Kişi yolboyu uzanıb gedən ona yaxşı tanış olan dağlara, çəmənliklərə nəzər saldı. Bu tanışlıq uzun illər bundan oncələrin tanışlığı idi. O pəncərəni bağlayıb gözlərini yumdu. Görmüş olduğu yerlər, udmuş olduğu tər-təmiz hava onun qəlbini, ruhunu və bütün düşüncələrini silkələmişdi. Yeniyetmə çağlarında hələlik deyib ayrıldığı bu yerlərə məni xatırlayın və qəbul edin mən gəlmişəm demək istəyirdi. Yöndəmsiz avtobus son dayanacağa çatanda kişi xəstə və ümüdsüz adamlar kimi bayaqdan yapışıb qaldığı oturacaqdan qalxdı. Yol haqqını verib avtobusdan düşdü. Yaxınlıqda müştəri gözləyən taksilərdən birinə əyləşib gedəcəyi yeri nişan verdi.
Taksi kəndin girəcəyində saxladı. Kişi taksidən düşüb kəndə yox, ağaclarla əhatə olunmuş seyrək meşəliyə doğru getdi. Seyrək meşəni də arxada qoyduqdan sonra neçə illərdən bəri həsrətində olduğu məkana çatdı. Səssiz-küysüz, bomboş meydança hər tərəfdən tikanlıqlarla əhatə olunmuş, illərlə yad edilməmiş, onun özü kimi çox dəyişmiş və qocalmışdı. Meydançanın yuxarı basından sağ tərəfdəki yelləncəklərin dəmir dirəkləri görsənirdi. O yelləncəklərə doğru addımlayırdı. Torpağa basdırılmiış dəmir dirəklərdəki yelləncəkdən yalnız biri salamat qalmışdı. Onun dirəyə qaynaqlanmış dəmir zəncirləri paslanmış, dəmir oturacağın uzərindəki taxtalar isə çürüyüb qaralmışdı. O yelləncəyə yaxınlaşmaq istədi, tez də fikrindən daşınıb geri cəkildi. O pencəyini cıxarıb yerə sərdi və uzərinə əyləşdi. Aradan bir saatdan cox vaxt keçdi, kişinin hərəkətlərində ayağa qalxmaq tövrləri görsənməsə də o birdən iti hərəkətlə ayağa qalxıb uşaqlıq sevincinə, indiki həsrətinə, arzusuna yaxınlaşdı. Əlləri ilə yelləncəyin paslı zəncirlərini oxşadı. Boş və sahibsiz, səsini-küyünü itirmiş, cığırlarını tikan basmış doğma məkan öz qonağını küskün də olsa bağrına basmışdı. Yelləncəyin oturacağına sığmırdı, ancaq birtəhər özünü sığışdırıb yellənməyə cəhd göstərdi. Bir-birindən aralanmiış paslı halqalar ağırlığa tab gətirmədi, kişi torpağın üstünə yıxıldı. O ətrafa göz gəzdirib yumruq boyda bir daş parçası tapdı. Daşı götürüb yelləncəyin dəmir halqalarını dirəyə dayayıb halqaların ucunu bir-birinə birləşdirməyə çalışdı. Hava tamam qaralmışdı. Göy üzündə ulduzlar sayrışma yarışına çıxmışdılar. Zəncirlər bərpa olunduqdan sonra kişi yenidən yelləncəyə əyləşdi. Lakin arzulara, istəklərə yetişmək hirsi, həvəsi insanları heç də həmisə istənilən hədəfə catdırmır. Yelləncəyin çürümüş taxta oturacaqları parça-parça olaraq qırılıb torpağın üzərinə səpələndi. Ikinci dəfə torpağın üzərinə uzanan kişi səylərinin mənasız oluğunu başa duşsə də əlləri ilə yelləncəyin zəncirlərindən bərk-bərk yapışıb buraxmaq istəmirdi. Baxışları ulduzlar sayrışan dərin boşluqlara uzanıb gedən asimanda ilisib qalmışdı. Bu sonsuz goylərdəki boşluqdan da dərin bir boşluq onun qəlbini sızlatdı. Qəlb sızıltısı, göz yaşları, hıçqırıqlar narahat, lakin şirin yuxu ilə əvəz olundu.
Meydança elə həmin meydança idi. Cantaraqlı on üc-on beş yaşlı kənd uşaqları yorulmadan o tərəf bu tərəfə qaçır, futbol oynayırdılar. Oyundan sonra yeyilən toz-torpaqlı, dodaq qızardan yemlik və buz kimi bulaq suyu onların canındakı yorğunluğu yox edirdi. Indi növbə ilə yelləncəyə eyləşib havaya qalxmağın məqamı idi. Bir kənarda oyundan yorulub oturmuş on dörd, on beş yaslı oğlan usağının məşğuliyyəti olduqca maraqlı idi. O torpağın üzəri ilə ora bura gedən qarışqalardan gözünü cəkmirdi. Sonra isə barmağının ucu ilə yük daşımayan, tənbəl qarışqalardan birini çırtma ilə vurub arxası ustə aşırdı. Əvvəlki vəziyyətinə qayıtmaq istəyən qarışqa bunu bacarmayıb çabalayanda oğlanın qəhqəhəli gülüşü eşidilirdi. Gecədən yatmış kişi elə o gülüş səslərinə də yuxudan ayıldı. Uzaqlardan eşidilən gülüş səsləri bir andaca cəkilib uzaqlarda da itdi. Dan yeri təzəcə sökülürdü, yaxşılığa doğru hec nə dəyişməmişdi. Tikanlıqlarla əhatə olunmuş boş meydança, sonu çatmış yelləncək, bir də həmən tənhalıq. O ayağa qalxd və dünəndən bir tərəfdə atılıb qalmış pencəyini götürüb ağır, yorğun addımlarla meydançadan uzaqlaşdı. Qarşıdakı yollar onu gələcəyə və daha çox yaşantılarını itirməyə doğru aparırdı.
XS
SM
MD
LG