Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:29

Azərbaycan və İran saytlarına haker hücumlarını kim edib?


Arxiv foto
Arxiv foto
Yanvarın 16-da haker hücumuna məruz qalan Azərbaycanın dövlət və rəsmi saytları fəaliyyətlərini bərpa edə bilib. Bir gün sonra isə özlərini «Pirates CreW» haker qrupu kimi təqdim edən hakerlər İranın 40-a yaxın saytlarına hücum ediblər. Saytlarda «Xocalını unutmadıq», «20 Yanvarı unutmadıq» sözləri yazılıb.
Yanvarın 16-da İsraildə də bir neçə sayt - El Al hava yolları və Təl Əviv birjasının saytlarına hücum olub.
«HÜCUMLAR MÜXTƏLİF COĞRAFİ MƏKANLARDAN EDİLİB»
Rəsmi məlumatlara görə, yanvarın 16-da Azərbaycanın dövlət və rəsmi 20-yə yaxın saytı haker hücumuna məruz qalıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyir ki, bütün saytlar müəyyən müddətdən sonra bərpa olunub. Onun sözlərinə görə, hücuma məruz qalan saytlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat hesablama mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin serverlərində yerləşən müxtəlif qurumların saytlardır:
«Müəyyən olunub ki, saytlara şəkillər və məlumatlar yerləşdirilərək müdaxilələr edilib. Müdaxilənin formaları, onlar barədə dərhal KİV-lərə elektron məktubların göndərilməsi, müxtəlif coğrafi məkanlardakı mənbələrdən həyata keçirilməsi bunun məqsədli xarakter daşıdığını göstərir. Lakin ölkədə internetin istifadəsinin təşkili, saytların yaradılması, onların mühafizəsinin təşkili üzrə görülmüş işlər sayəsində ciddi fəsadlar yaranmayıb. Hazırda müdaxilə olunmuş saytların fəaliyyəti bərpa edilib və işlək vəziyyətdədir. Haker hücumları müxtəlif coğrafi məkanlardan edildiyi üçün araşdırmalar tam dəqiqləşdirilməyib».
Müşfiq Əmirov əlavə etdi ki, hakerlərin fəaliyyəti müxtəlif ölkələrdə baş verir. O, hakerləri hüquqazidd belə əməllərdən çəkinməyə çağırıb. Müşfiq Əmirov bildirir ki, İran saytlarına hücum edən və özlərini Azərbaycanlı hakerlər kimi təqdim edən haker qrupları haqda məlumatları yoxdur.
HAKER HÜCUMU – SİYASİ ACİZLİK ƏLAMƏTİ
Mübariz Qurbanlı
Mübariz Qurbanlı
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə Trend-ə deyib ki, Azərbaycanda bir sıra dövlət qurumlarının saytına haker hücumu kimi təxribatı törədənlər siyasi müstəvidə mübarizə aparmaq iqtidarında olmayanlardır: «Bu, haker hücumu təşkil edən şəxslərin siyasi acizliyinin əlamətidir», - deputat bildirib.
Millət vəkili bildirib ki, Azərbaycanda elektron müdafiə sistemləri yaradılıb və virtual məkana istənilən hücumun qarşısını almaq üçün təbdirlər görülüb və görülməsi davam etdiriləcək: «Bu cür təxribatlar hər zaman ola bilər, lakin bununla Azərbaycana kimsə hər hansı bir ziyan vura bilməz».
«HAKER MÜBARİBƏSİ...»
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz baş verən hadisəni «haker müharibəsi» kimi qiymətləndirir. O, baş verən hadisənin kiçik bir haker hücumu kimi dəyərləndirilməsini düzgün hesab etmir:
«Əslində burada Azərbaycana elan olunmayan kiber müharibədən söhbət gədə bilər, nəinki konkret haker hücumlarından. Biz Azərbaycan İnternet Forumu olaraq bunu kiber müharibə hesab edirik. İndiki sülh şəraitində belə bir hadisə baş verirsə, müharibə olarsa bundan daha təhlükəli ola bilər. Məsələn, biz qonşu - Gürcüstan-Rusiya müharibəsində də eyni hadisələrin şahidi olduq. Müharibə günü və ondan bir gün öncə Gürcüstanın bütün informasiya resursları dağıdılmışdı. Oxşar hadisə də Azərbaycanda baş verir. Mənə elə gəlir ki, bu, əvvəlcədən planlaşdırılmış bir hücumun nəticəsidir».
Osman Gündüz bildirir ki, xüsusilə Azərbaycanın elektron hökumətə keçdiyini elan etdiyi bir vaxtda informasiya təhlükəsizliyinin qorunması üçün ciddi tədbirlər görməlidir.
XS
SM
MD
LG