Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:56

Rüstəm İbrahimbəyov: «Fransız musiqisinə mütləq qulaq asmaq lazımdır»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
««Erməni soyqırımı»nı tanımayanları cəzalandıran qanun qüvvəyə minsə, Fransaya getməyəcəyəm».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında kinorejissor Rüstəm İbrahimbəyov belə deyib.

«Media FM» radiostansiyasının direktoru Tural Əliyev isə bildirib ki, radio öz efirindən fransız dilində və fransız ifaçılar tərəfindən oxunan mahnıları yığışdırıb:

Tural Əliyev:

«Bizim ordenimiz yoxdur ki, biz ondan imtina edək. Bizim efirimizdə də ara-sıra fransız musiqilərinə də yer verilirdi. Demirəm ki, bizim efirimiz fransız musiqilərindən imtina etməklə nəyi isə itirdi. Çünki fransız musiqisinin sayı bizim efirdə o qədər də çox deyildi. Təbii ki, fransız musiqisi də çox şey itirmədi bizim radionun ondan imtinası ilə».

Rüstəm İbrahimbəyov:

«Xahiş edirəm bu addımı atmayasınız. Fransız musiqisinə mütləq qulaq asmaq lazımdır… Fransız musiqisi, fransız ədəbiyyatı gözəldir. Fransız parlamenti fransız xalqı deyil axı. Fransız xalqı Sarkozy deyil axı. Bunlar başqa-başqa şeylərdir. Biz Fransa ilə bütün əlaqələrimizi pozsaq, özümüzü çətin vəziyyətə salarıq».

«FRANSIZ ƏDƏBİYYATI, MƏDƏNİYYƏTİ İLƏ ƏLAQƏMİZİ POZMAMALIYIQ»

Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etməsinə də aydınlıq gətirib:

«Kimsə bu addımı atmalı idi. Azərbaycanda Fransa medalı olan 5-6 nəfər var. Hamıdan tələb etmək olmaz ki, siz də qaytarın medalları. Hamının, xalqın adından bir adam bunu etməli idi. Mən etdim. Bu, simvolik bir jestdir, simvolik bir hərəkətdir. Bunu standart kimi etmək olmaz. Biz fransız ədəbiyyatı, mədəniyyəti ilə əlaqəmizi pozmamalıyıq».

Tural Əliyev:

«Fransız mədəniyyəti ilə Azərbaycan mədəniyyətinin əlaqəsi «Media FM»dən keçmir. «Media FM» fransız musiqisindən imtina edərək sadəcə olaraq Türkiyəyə qardaşlıq jesti nümayiş etdirir. Düzdür, Sarkozy fransız xalqı demək deyil. Amma dövlət başçısını xalq seçir. Deməli, o, fransız xalqının, eyni zamanda fransız müğənnilərinin seçdiyi prezidentdir. Hansısa bir fransız sənətçisi «erməni soyqırımı»nın olmadığını bəyan etsə, biz onun səsini, mahnılarını efirimizdə əvvəlkindən iki dəfə çox verəcəyik».

«HAY-KÜY YOX, ALTERNATİV YOLLAR LAZIMDIR»

«APA» informasiya agentliyinin direktoru Vüsalə Mahirqızı isə bəzən etirazların hay-küy şəklində bildirilməsini bəyənmədiyini deyib:

Vüsalə Mahirqızı
Vüsalə Mahirqızı
«Hesab etmirəm ki, fransız musiqisindən, mədəniyyətindən, ədəbiyyatından, markalarından, hava yollarından imtina etmək ümumilikdə türk xalqına nəsə verəcək. Ümumiyyətlə, mədəniyyətin, ədəbiyyatın, incəsənətin dili olmur. O baxımdan bunları ürək açıqlığı ilə qarşılamıram... Elə adamları, elə səsləri görüb eşidirik ki... Hay-küyçülük kampaniyası gedir. Mən bilmirəm o zirvədən bizim dönüşümüz necə olacaq».

Vüsalə Mahirqızı deyir ki, belə hay-küyçü kampaniyalardansa, alternativ yollar düşünmək lazımdır:

«Alternativ kimi biz o qədər böyüməliyik ki, Fransanı, onun markalarını, məhsullarını geridə qoyan markalar yarada bilək. Avropaya, dünyaya, həmçinin Fransaya onu qəbul etdirək… Türkiyə kimi bir ölkə Fransa Senatında 60 nəfərin imzasını toplamaqda aciz qalıb. Türkiyə və Azərbaycan bu yöndə işlər aparmalıdırlar…».

ZİYALILAR FORUMU MİTİNQ KEÇİRMƏK İSTƏYİR

Kinorejissor Rüstəm İbrahimbəyov hesab edir ki, ilk növbədə Azərbaycan hökuməti Fransa hökumətinə öz fikrini çatdırmalıdır. Xalq da öz etiraz səsini qaldırmalıdır. Kinorejissor bildirir ki, hətta Ziyalılar Forumu Fransaya qarşı etiraz mitinqi keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

Sonda dinləyicinin «Bu qərar qüvvəyə minsə, Fransaya gedəcəksinizmi» sualına Rüstəm İbrahimbəyov «getməyəcəm» cavabını verib. Kinorejissor yarızarafat, yarıgerçək deyib ki, hətta o, Fransaya gedib-gələ bilmək üçün öz etiraz səsini qaldırıb.

Vüsalə Mahirqızı isə deyib ki, Fransada «erməni soyqırımı» qanununun qüvvəyə minəcəyinə şübhə etmir. Amma onun işlək bir qanun olacağına inanmır. Jurnalist hesab edir ki, bu qərar sadəcə Ermənistana dəstək və böyüməkdə olan Türkiyəyə təzyiq rolunu oynayır.

Tural Əliyev isə bildirib ki, qərar qüvvəyə minərsə, Fransaya yalnız hesabında 45 min avro olduğu təqdirdə gedəcək.

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG