Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:53

SEPAH internetlə BBC-nin əməkdaşını sorğu-sual edib


BBC-nin farsdilli televiziya xidmətinin direktoru Sadeq Saba
BBC-nin farsdilli televiziya xidmətinin direktoru Sadeq Saba
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları Londonda yerləşən BBC-nin fars xidmətinin əməkdaşını internet vasitəsilə sorğu-sual ediblər. Bu haqda fevralın 2-də İranın müxalifətçi «Iran Green Voice» («İranın yaşıl səsi») saytı məlumat yayıb.

Məlumatda deyilir ki, əvvəlcə müxbirin İrandakı bacısı saxlanaraq Tehrandakı Evin həbsxanasına aparılıb. Bundan sonra İran İnqilab Keşikçiləri Korpusunun əməkdaşları bacısı vasitəsilə əldə etdikləri emaillə Londondakı müxbirlə əlaqə saxlayıblar.

BBC-nin əməkdaşına bildiriblər ki, əgər onların suallarına cavab versə, bacısını buraxacaqlar. Məlumatda müxbirin adı çəkilmir. Bildirilir ki, müxbir BBC-nin fars xidməti ilə məsləhətləşdikdən sonra internet vasitəsilə İran İnqilab Keşikçiləri Korpusunun əməkdaşlarının suallarına cavab verməyə razı olub. Sorğu-sual 40 dəqiqə davam edib.

ON-LAYIN SORĞU-SUALDAN SONRA MÜXBİRİN BACISI AZAD OLUNUB

Hadisə barədə məlumatı olan iki başqa mənbə də faktı AzadlıqRadiosuna təsdiqləyib. BBC-nin farsdilli televizya xidmətinin direktoru Sadeq Saba jurnalistin qohumun Tehranda saxlandığını bildirib. Əlavə edib ki, təhlükəsizlik məsələləri ilə bağlı əlavə məlumat verə bilməyəcək. Onu da deyib ki, baş verən hadisə bu qəbildən olan yeganə hadisə deyil:

«Son aylar İran hakimiyyəti BBC-nin fars xidmətinin bəzi əməkdaşlarının ailələrinə güclü təzyiqlər göstərirlər. Bəzi hallarda onların ailə üzvləri sorğu-sual olunurlar. Bəzi hallarda isə onların pasportları əllərindən alınır. Bu cür tədbirlər İranda bir neçə aydır davam edir. Bu yaxınlarda BBC fars xidmətinin bir əməkdaşının ailə üzvü saxlanıb, həmin şəxs vasitəsilə BBC işçisinə təzyiq ediblər».

Ötən ilin oktyabrından BBC bildirmişdi ki, İran hakimiyyəti BBC əməkdaşlarının İrandakı qohumlarını həbs etmək, sorğu-sual etmək, qorxutmaq yolu ilə hədə-qorxu gəlirlər. BBC-nin qlobal xəbər xidmətinin direktoru Peter Horrocks deyib ki, bu cür hadisə 10-dan çox BBC əməkdaşının başına gəlib.

«İRAN HAKİMİYYƏTİNİN BU TAKTİKASI İYRƏNCDİR»

BBC-nin farsdilli televiziya xidmətinin direktoru Sadeq Sabanın sözlərinə görə, İran rəsmiləri bu yolla BBC əməkdaşlarının öz vəzifələrini tərk etməsinə nail olmaq istəyirlər. O İran hakimiyyətinin bu taktikasını iyrənc adlandırıb:

«Belə görünür ki, İran hakimiyyəti düşünür ki, BBC-nin bu cür informasiya yayması onun xeyrinə deyil. Ona görə də onlar BBC-ni gözdən salmaq və BBC fars xidmətinin əməkdaşlarını qorxutmaq istəyirlər. Bu cür tədbirlər, xüsusilə şəxsin ailə üzvlərinə təzyiq etmək müasir dünyada qəbuledilməzdir».

Sadeq Saba onu da deyib ki, BBC öz işini davam etdirməkdə qərarlıdır və onlar İranın bu qeyri-insani hərəkətlərinin Avropa Birliyi və insan haqları təşkilatları tərəfindən pislənməsinə çalışacaqlar.

İran rəsmiləri hədəf götürdükləri şəxslərin ailə üzvlərinə hədə-qorxu gəlmək üsulundan çoxdan istifadə edirdilər. Ancaq ilk dəfədir ki, bu məqsədlə internetdən, həm də ölkədən kənarda olan şəxsə qarşı istifadə olunur.

Bundan başqa İranda öz yaxınlarının acınacaqlı vəziyyəti haqqında məlumat yayan şəxslər də hədəfə çevrilir. Ötən ilin dekabrında hüquq müdafiəçisi olan oğlunun həbsi haqqında mediaya məlumat verən ana 23 aylıq azadlıqdan məhrum edilmişdi.

S
ayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG