Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:52

İctimai Palata Azərbaycanda dəyişikliyin yollarını müzakirə etdi


İctimai Palatanın növbəti sessiyası keçirildi
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00
Direct-ə keçid
-
İsa Qəmbər
İsa Qəmbər
«Dünyanın dəyişən vaxtında Azərbaycanı Əliyev rejiminin təmsil etməsi ölkə üçün ciddi təhlükədir».

Bu fikirləri fevralın 4-də İctimai Palatanın növbəti sessiyasında Müsavat başqanı İsa Qəmbər deyib:

«Təbii ki, 2013-cü il prezident seçkiləri də yaddan çıxarılmamalıdır. Amma biz öz fəaliyyətimizi seçkidən-seçkiyə müəyyənləşdirməməliyik. Hesab edirəm ki, 2012-ci ildə də ölkədə köklü dəyişikliklərə nail olmaq olar. İndiki şərtlər də buna imkan verir. Beynəlxalq aləmdə Əliyev rejiminin təklənməsi prosesi gedir. Fəaliyyətimizdə bu gerçəkliyi də nəzərə almalıyıq».

«BİZ QANSIZ-QADASIZ VƏ TƏDRİCİ DƏYİŞİKLİK MODELİNİ SEÇMƏLİYİK»

AXCP sədri Əli Kərimli isə çıxışında deyib ki, 2012-ci ildə hədəf yeni xalq hərəkatı olmalıdır.

«Bu zaman kütləvi hərəkatlar gündəmə gəlir. Biz həmin aksiyalara hazırlaşmalı, fəaliyyətimizi əsasən bu istiqamətə yönəltməliyik. Biz hər şey etməliyik ki, apardığımız proses kütləvi olsun, xalq kənarda qalmasın. Biz imkan verməməliyik ki, hakimiyyət növbəti repressiyalara başlasın. Biz dəyişiklik kursu kimi ərəb ölkələrində olan modeli deyil, MDB məkanında, Rusiyada olan modeli seçməliyik. Qansız-qadasız və tədrici dəyişiklik modelini. Biz dinc, qansız və demokratik mübarizə tərəfdarıyıq», - deyə Əli Kərimli bildirib.

«MİNLƏRLƏ İNSAN «EUROVISION»A SİYASİ DUSTAQLARIN ŞƏKİLLƏRİ OLAN KÖYNƏKLƏR GEYİNƏCƏK»

Əli Kərimli deyib ki, İP parlament və prezident seçkilərinin vaxtından əvvəl keçirilməsini təmin etməlidir. O, həmçinin «Eurovision» mahnı müsabiqəsinin də Azərbaycan üçün bir fürsət olduğunu xatırladıb. Əli Kərimli deyib ki, ondan istifadə edib dünya və iqtidara mesajlar verilməlidir:

Əli Kərimli
Əli Kərimli
«Bilsinlər ki, ya bizim dostlarımız azad olmalıdır ya da «Eurovision» üçün ölkəmizə gələn minlərlə jurnalistlər yalnız siyasi məhbuslardan və korrupsiyadan danışacaq».

Əli Kərimli bununla bağlı ciddi hazırlıqlar görüldüyünü deyib:

«Minlərlə insanlarımız «Eurovision»a siyasi dustaqların şəkilləri olan köynəklər geyinib, dünyanın hər yerindən gələn jurnalistlərin qarşısına çıxacaq».

«MİLLİ ETİMAD HÖKUMƏTİ YARADILSIN»

Sabiq baş nazir Pənah Hüseyn «2012-ci ildə İctimai Palatanın fəaliyyətinin əsas məqsəd, hədəf və istiqamətləri» adlı sənədi təqdim etdi. Ölkədə və dünyada baş verən bir sıra məsələlərə toxunan Pənah Hüseyn təklif edib ki, Milli Etimad Hökuməti yaradılsın. O, həmçinin İranla bağlı vəziyyətə də toxunub. Deyib ki, «İrana hərbi müdaxilənin yolverilməzliyi İP-in mövqeyində öz əksini tapsın».

«ELƏ BİR SİTUASİYA YARATMALIYIQ Kİ...»

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə İctimai Palatanın dünyada gedən bütün proseslərə münasibət bildirməyə borclu olmadığını deyib. Bütün diqqətin ölkədəki vəziyyətə yönəldilməli olduğunu qeyd edən sədr müavini deyib ki, təşkilatlanma daha vacib məsələdir. Onun fikrincə, İctimai Palata tədbir keçirməklə işini bitmiş hesab etməməlidir.
Sabir Məmmədli
Sabir Məmmədli
Regionlardakı vəziyyətə diqqət yetirməli, insanların problemləri ilə maraqlanmalı və xalqı özünə tərəf çəkməlidir. Fuad Qəhrəmanlı deyib ki, bununla da İP ölkədə seçki keçirilməsi təşəbbüsünü öz əlinə almalıdır:

«Seçkini kim keçirəcəksə, hakimiyyəti o udacaq... Elə bir situasiya yaratmalıyıq ki, növbəti seçkini xalqın nəzarəti altında biz keçirək».

«HEÇ OLMASA, QIRĞIZ QIZI ROZA ATUNBAYEVA KİMİ «KİŞİ» QADIN TAPAQ»

Müsavat Məclisinin üzvü Sabir Məmmədli isə bildirib ki, İctimai Palata öz mövqeyinin açıq bəyan etməlidir:

«İnsanlar bilmək istəyir ki, İP özünü növbədənkənar parlament seçkilərinə hazırlayır yoxsa 2013-cü il prezident seçkilərinə sürükləyir».

O, parlament respublikası uğrunda koalisiya yaradılmasını təklif edib. Sabir Məmmədli deyib ki, İP Ziyalılar Forumu və Rəsul Quliyevin Müqavimət Hərəkatı ilə saziş bağlamalı və parlament respublikası uğrunda koalisiyada birləşməlidirlər:

İctimai Palata
İctimai Palata
«Bu proses prezident seçkilərinə doğru uzansa, biz təklif edirik ki, qırğız modelinə üstünlük verilsin. Heç olmasa, qırğız qızı Roza Atunbayeva kimi bir dənə «kişi» qadın tapaq. O, seçkiləri keçirsin və kənara çəkilsin».

KÜTLƏVİ AKSİYALARA HAZIRLIQ GÜCLƏNDİRİLMƏLİDİR...

Sessiyada İctimai Palatanın 2012-ci ildə fəaliyyət istiqamətləri ilə bağlı sənəd qəbul edilib. Bundan başqa, qərara alınıb ki, növbəti aylarda keçirilməsi nəzərdə tutulan kütləvi aksiyalarla bağlı iş gücləndirilməlidir.

BƏYANAT

İP şaxtalı havada yollarda, elektrik enerjisi və qaz təminatında yaranan problemlərlə bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir ki, son illər on milyardlarla manat sərmayə qoyulmasına baxmayaraq, bu sahələrdə problemlər yaranıb. İP-yə görə, bu məsələdə günahkar olanlar məsuliyyətə cəlb olunmalıdır.
XS
SM
MD
LG