Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:06

SALAM SARVAN. NOTASİYA


Salam Sarvan
Salam Sarvan
Salam Sarvan

NOTASIYA

Mümkünsə, bu silsilədəki şeirləri oxu¬yar¬kən qaba¬ğı¬nızda şahmat taxtası da olsun. Oradakı gedişləri tax¬ta üzərində təkrar elə¬səniz, maraqlı bir kom¬bina¬siya¬nın şahidi ola bilərsiniz. Şəxsən mən hə¬min kombi¬na¬¬si¬yanı bu silsilədəki şeirlərin kombina¬sı¬ya¬sıyla tutuş¬durdum və gördüm ki…


e2 - e4

Bir də baxıb gördün ki,
sənin bu boyda dünyada
40 yaşdan savayı heç nəyin yoxmuş.


e7 - e5

Bu qırx yaş da səninçin
yalnız rəqəm kimi maraqlı.

Rəqəmlər sənə çox doğma, sox yaxın –
körpəlikdə danışmağı
saymaqla öyrənməsən axı.


At g1 - f3

Evdə divardan asdığın təqvimin də
səninçin zaman əhəmiyyəti yox.
O, səninçin təqvim deyil ki,
sadəcə sevdiyin rəqəmlərin şəklidi.


d7 - d6

Elə hey düşürsən…
Deşilib boşalır iddiaların,
göydən düşürsən.

Elə hey düşürsən…
Gözdən, ruhdan, həvəsdən,
heydən düşürsən.

İndi düşmək səninçin
yeganə mümkün hərəkət forması.


Fil f1 - c4

Kənddə doğulub böyüdüyün eviniz
uçulub-sökülmüş indi.

O evdən hamı və hər şey dağılışıb getmiş.
Ancaq uşaq vaxtı dişləyib atdığın qəndin başına yığışan qarışqalar hələ də ordadı.


Fil c8 - g4

Baxıb düşünürsən:
döşəmə boyu fikirli-fikirli
gərdiş eləyən bu kişinin
və tavan boyu ora-bura qaçan bu milçəyin
nə dərdi var görəsən?

Bax elə bu anda Allahın bu iki canlısının
nə fərqi var görəsən?..


At b1 - c3

Heç bircə saat da məhbəs görməyən
adamda bu nə azar ki,
hər şeyə barmaqlıqlar arasından
baxmağa həvəskarsan:
hətta torpaq da səninçin
ayaq barmaqlarının arasından
göründüyü qədərdi.


At g8 - f6

Evində iki pəncərə var. Onlardan biri…
Məhz onu siqaret tüstüsünün
çıxmasıyçun açırsan.

Açmasan belə, siqaret tüstüsü
həmişə çıxdığı yerə öyrəşmiş kimi
çəkilib yığışır məhz həmin pəncərinin qabağına.


Qalaqurma

Və bina damındakı o «tanış» antenna.
Ötürdüyü dalğaları görmək arzusuyla
aşağıdakı «balkona» həsrətlə əyilmiş.


At f6 : e4

İndi neynirsən bu şəhərdə, neynirsən?!..
Gündüzlər təlim maşınında gəzib
yol hərəkəti qaydalarını öyrənirsən,
axşamlar isə balaca otağında
gərdiş eləyirsən «əlil arabasında».


At f3 : e5

Bir də bu milçəkqıran…
Adamlar o qədər aciz ki,
bir milçəyi öldürməkçin də silaha əl atırlar.


Fil g4 : d1

Düzdü, deyirsən də:
İş uçmaqda deyil ki,
qəfəsdəki quş göy üzünə baxa bilirsə
deməli azaddı.
Sözdü deyirsən də…


Fil c4 : f7 (şah!)

Vaxt gələcək…
bir zamanlar kiməsə barmaq silkələdiyin,
gedən bir qadının arxasınca yellədiyin əllərin qocalıb əsməyə başlayacaq.
Bir zamanlar işarələrlə dil-dil ötən əllərin
indi topuq çalacaq.
Əldən pəltəklik daha dəhşətli.


Şah e8 - e7

Və vaxt gələcək…
yol qırağında tapılmış
naməlum kişi meyidi olacaqsan,
«tanımağa» bir kimsə gəlməyəcək.


At c3 – d5 (mat)
XS
SM
MD
LG