Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:11

«İqtisad Universitetində tələbə köçürmələrinin qiyməti 30-35 minə qalxıb»


İqtisad Universiteti rektorunun sabiq müşaviri Bədirxan Musayev rektor Şəmsəddin Hacıyevi korrupsiyada ittiham edir. Professor iddia edir ki, hər il universitetin Dərbənd filialına testdən kənar 600-700 tələbə qəbul olunur. Bir il sonra böyük pullar hesabına həmin tələbələr İqtisad Universitetinə köçürülür. Sabiq müşavir deyir ki, əslində tələbələr Dərbəndə getmir, elə hər şey Bakıda həll edilir:

«Burda da guya 1 il oxudurlar. Sonra hamısını «prestijni» ixtisaslara, beynəlxalq iqtisadi münasibətlər, maliyyə-kredit fakültələrinə, özü də 600-700 bal toplayan tələbələrlə bir qrupa salırlar. Və orda həmin tələbələri «oxudurlar»».

O, tələbə köçürmələrinin konkret məbləğini də açıqlayır:

«Şəmsəddin Hacıyev təzə rektor olanda tələbə köçürmələri 10 min manat idi, indi qiymətlər qalxıb 30-35 min manata. Düzdür, bu il gündüzə qəbul yoxdur, qiyabiyə var, onu da bu formada həll edəcəklər. Dərbənd filialına yalnız «zaçotnik»lər gedir. Qiyabi təhsillin qiyməti isə indi 10-15 min manat arasıdır».

199 TƏLƏBƏNİN ALDIĞI «0» QİYMƏT

Həmin tələbələrin biliyinə gəldikdə, Bədirxan Musayev burda da ciddi problemlərin olduğunu söyləyir:

«Çünki mən 119 nəfər bir, 80 nəfər də digər fakültədə keçirilən imtahanlara nəzarət etdim, rüşvətə, xahişə imkan vermədim. 7 imtahan verdilər, hamısında bilikləri «sıfır»a bərabər oldu. Elə tələbələr oldu ki, 5-6 fəndən «2» aldılar. Universitetdə ondan istifadə edib qiymətləri qaldırdılar. Onları universitetdən çıxarmaq əvəzinə hamısını yenidən imtahana buraxdılar və oxutdurdular».

Bədirxan Musayev işdən çıxarılana qədər rektorun müşaviri (2000-2011) və İqtisadi Kibernetika kafedrasının müdiri olub. O, ötən ilin noyabrında əmək funksiyasını yerinə yetirə bilməməsi və xəstə olması səbəbi ilə universitetdən çıxarılıb. Amma Bədirxan Musayev işdən çıxarılmasını universitetdəki korrupsiya halları ilə bağlı müxtəlif dövlət qurumlarına etdiyi müraciətlərlə bağlayır. Professor İqtisad Universitetində rüşvətin, korrupsiyanın dərin kök saldığını iddia edir.

Bədirxan Musayev indiki rektorun 7 illik fəaliyyəti dövründə vəziyyətin belə olduğunu deyir.

Bədirxan Musayev
Bədirxan Musayev
Rektorun müşaviri ola-ola bu məsələlərə niyə indi reaksiya verməsinə gəldikdə, professor deyir ki, o, ilk gündən bu məsələlərlə bağlı rektora yazılı və şifahi məlumatlar verib. Bədirxan Musayevin sözlərinə görə, hər dəfə də hiss edib ki, rektor onun bu addımından narazı qalıb. O, işdən çıxarılmasını və təzyiqlərlə üzləşməsini elə bu məsələlərlə bağlayır.

İQTİSAD UNİVERSİTETİ SABİQ MÜŞAVİRİ BÖHTAN ATMAQDA GÜNAHLANDIRIR

Sabiq müşavir üzləşdiyi problem və İqtisad Universitetindəki korrupsiya halları ilə bağlı daha bir neçə dövlət qurumuna müraciət etdiyini, amma onlardan yalnız Daxili İşlər Nazirliyindən cavab aldığını bildirir. Deyir həmin cavabda qeyd olunur ki, şikayət baxılması üçün Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə göndərilib.

İqtisad Universitetində isə hesab edirlər ki, Bədirxan Musayevin dedikləri şər- böhtan olub və bu da məhkəmədə sübut olunub. Məhkəmə universitetin Musayevlə bağlı iddiasını təmin edib və o, 400 manat cərimə olunub. Ancaq sabiq müşavir də öz növbəsində İqtisad Universitetini məhkəməyə verib.

Rektorun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Zəfər Bayramov Bədirxan Musayevi universitetə şər atmaqda günahlandırır:

«Bədirxan Musayev bütün fəaliyyəti boyu bu işlə məşğul olub. Onun əməli, fəaliyyəti bundan ibarətdir. Necə oldu ki, 2004-də Şəmsəddin Hacıyev rektor seçiləndən bəri elmi şuranın iclaslarında onun haqqında yüksək fikirlər səsləndirir, amma 1 ay içində fikirləri, mövqeyi dəyişdi, hamı burda oldu rüşvətxor. Universitetdə bir dənə ideal adam bu oldu».
Zəfər Bayramov sabiq müşavirin Dərbənddən tələbə köçürmələri və bunun hansısa məbləğə başa gəlməsi barədə dediklərini də yalan məlumat hesab edir. Onun bu barədə dediklərini «ağ yalan» və «böhtan» adlandırır.

Vasif Mövsümov
Vasif Mövsümov
ŞİKAYƏT ARAŞDIRILMAQ ÜÇÜN UNİVERSİTETİN ÖZÜNƏ GÖNDƏRİLİB

Təhsil Nazirliyi ali və orta ixtisas təhsili şöbəsindən AzadlıqRadiosuna verilən məlumata görə, Bədirxan Musayevin nazirliyə ünvanladığı müraciətə baxılıb və araşdırılması üçün yenidən İqtisad Universitetinə göndərilib. Nazirlikdə deyirlər ki, onlar araşdırmaların necə aparılmasından və nəticələrdən xəbərdar deyillər.

Korrupsiyaya Qarşı mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov isə ali təhsil müəssisələrində korrupsiyanın mövcudluğunu təhsil prosesinə nəzarətin zəifliyi ilə əlaqələndir:

«İndi biz tədris prosesinə nəzarətlə bağlı monitorinqlərə başlamağa hazırlaşırıq. Çünki tədris prosesində şübhəli məqamlar çoxdur. Elə olur ki, tələbə pis oxuyur, imtahanda «əla» qiymət alır, bəzən də əksinə».

Vasif Mövsümov tələbə köçürmələri ilə bağlı da problemlərin mövcud ola biləcəyini deyir. Amma deyir İqtisad Universiteti rektorunun sabiq müşaviri onlara müraciət etsə, bu məsələni daha dərindən araşdıra bilərlər.
XS
SM
MD
LG