Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:48

Eldar Baxışın müəmmalı ölümü Rafiq Tağının ölümünə bənzəyirdi...


Cavid Zeynallı Ceyran xanımgildə
Cavid Zeynallı Ceyran xanımgildə
.
Cavidlə xatırlamaq


(Şair Eldar Baxışın yaxınları ilə söhbət)


"...Həkim dedi ki, Ceyran, zəhər o qədər ölçü-biçili verilib ki, ölümü uzun çəksin, heç kimdən şübhələnməsinlər. Amma hiss edirdim, həkimlərin də çəkindiyi yer var. Qorxularından deyə bilmirdilər ki, araqdan zəhərlənib, ya ət tikəsindən, çörəkdən..."


Cavid Zeynallı

SƏRÇƏ BALASI

Sərçə balası... Nə az-nə çox, düz yeddi il əvvəl bu şeiri ilə tanımışam Eldar Baxışı.

Sonralar onun haqqında yalnız xoş sözlər eşitdim: kimi misralarına kürək söykəyib danışıb, kimi də uzun-uzun illərin o üzünə gedib çıxan isti, kövrək xatirələrə sığınıb dost itkisinə tablaşmayanda gözünü sıxıb.

Eldar Baxışın bacısı Ceyran xanımla vədələşib görüş vaxtını təyin edirik. Az qala bütün yol boyu – “Nizami”dən Əhmədli qəsəbəsinədək dodağımın altında elə hey öz-özümə pıçıldayıram:

...Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun, quşun olmasın,
İlahi, neyləsən sən mənə eylə,
İlahi, bu qızla işin olmasın.


Ceyran xanımın nişan verdiyi ünvanı tapmaq yaman çətin olur. “Qarabağ xeyriyyə evi” harda yerləşir? - kimə üz tuturamsa, ya çiynini çəkir, ya da sadəcə, başını bulamaqla ötüb keçir.

“Deyəsən, “Fəridə” şadlıq sarayı ilə bitişikdi” - əlavə edirəm. Taksi sürücüləri yer-yerdən dillənib, yol-riz bir yana, divara çəkilən boyağın rənginəcən nişan verirlər.

Xoşgəldinə çıxıb “Eldarın unudulan vaxtıdır... ” deyir, Ceyran xanım. “Kimlər unudub Eldar Baxışı?” – xəbər alıram. “ən çox AzTV-dən şikayətçiyəm. Qardaşımın 25 il çalışdığı AzTV-dən... Qəlbimizi yaman sındırıblar. Sən otur, mən bu dəqiqə gəlirəm. Hər şeyi danışacam” O, çay dalınca yan otağa keçəndə mən diktafonu işə salıb, yenə öz-özümə şeir pıçıldayıram:

Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün, məndən ötəri,
Sərçə balasıdır bu qız bu saat,
Boynunu uzadıb dəndən ötəri.

- Ceyran xanım, nədən incik düşmüsünüz?

- Eldar 1971-ci ildən əvvəlcə Dövlət Radiosunda, sonra AzTV-də işləyib. Kiçik
Eldar Baxış
Eldar Baxış
redaktordan şöbə müdirinəcən yüksəldi. Mövlud Süleymanlı ilə bir yerdə işə başlayıblar, çox yaxın dost idilər. AzTV-də “Sözün işığı” adlı verilişi vardı. Arif Alışanovu mənim qardaşım işə götürüb. Eldarın 60 illiyində Cavanşir Cahangirova zəng etdim ki, Arif Alışanova de, ssenarini özüm yazacağam, yarım saatlıq veriliş hazırlamaq üçün işçilərinə tapşırıq versin. Arifdən səs-soraq çıxmadı. İnanırsan, Eldar Arifin əlindən tutub yazı yazmağı öyrədib, gözü həmişə üstündə olub. AzTV-nin əvəzinə İctimai Televiziya çox yaxşı bir film hazırladı. Sabir Rüstəmxanlı, Vaqif Bayatlı Eldar haqqında danışdılar. Əkrəm Əylislini dəvət etdik, deputat idi deyə, gəlmədi.

- Ailəniz haqqında istəyirəm danışaq...

- Biz üç qardaş, bir bacı olmuşuq. İki qardaşım Eldardan əvvəl dünyasını dəyişib. 1996-cı ildə Eldar məni tək qoyub getdi. Atamız kolxoz sədri işləyirdi, biz uşaq olanda infarktdan dünyasını dəyişdi. Yetimçiliklə böyüdük. 1965-ci ildə Eldar Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olundu. Mais Səfərli bizim əmioğlumuzdur, Eldar tələbəliyinin iki ilini onlarda qaldı, sonra kirayə yaşadı. 1971-ci ildə mən instituta qəbul olundum. O vaxt Eldar Batumidə hərbi xidmətdə idi. İki ay idi dərslərim başlamışdı. Yataqxananın komendantı xəbər göndərdi ki, yanına gələn var. Pəncərədən boylandım ki, qapıda iki əsgər dayanıb. Ağlıma gəlməzdi Eldar bu tezliklə gələr. Atılıb boynuna sarıldım. İkimiz də ağladıq. Mən ona həmişə ata kimi baxmışam.

- Eldar Baxışın ölümü müəmmalı qaldı. Hər kəs bu ölümü öz bildiyi kimi yozur. Düşünürəm, bacısı kimi siz daha doğrusunu danışa bilərsiniz...

- Eldar 95-ci ildə fars rejimi ilə bağlı kəskin bir yazı yazmışdı. O vaxt belə deyənlər də olmuşdu ki, İranın işidir. Rafiq Tağının ölümündən sonra bu, mənim ağlıma batdı. Eldarın 18 illik dostu var İbrahim, “Semaşko” xəstəxanasında aptek müdiridir. İbrahim zəng vurub ki, gedək yeyib-içməyə. İndiki TQDK-nın yanında “Tural” kafesi vardı, gedirlər orda yemək yeməyə. Eldar xəstə yatanda mən ondan müsahibə götürmüşdüm, həmin kaset Mirşahindədi. Eldar həmin müsahibəsində demişdi, biz kafedə yerimizi tutandan sonra Prezident Aparatının işçiləri də gəlib yanımızda əyləşdilər. Başqa stolda da Füzulidə kolxoz sədri işləyən üç-dörd adam vardı. Deyir, biz stolu birləşdirdik. Mən soruşmuşdum ki, Eldar, içkilər butulkalarda qoyulurdu yoxsa, qədəhlərdə gəlirdi? Cavab verir ki, yox, süzüb gətirirdilər. Öz-özümə dedim, elə orda evimizi yıxıblar. Çörək də alınma çörək olmayıb, kafedə bişiriblər. Deyir, boşqabda bir tikə vardı, çəngəli üç-dörd dəfə həmin tikəyə batırıb, çəkildim. İstəmirdim yeyəm o tikəni. Elə bil ürəyinə nə isə damıbmış. Amma süfrədə yeməyə başqa şey olmadığına görə həmin tikəni yeməyə məcbur oldum.

- Fars rejimi haqqında olan yazıdan neçə gün sonra yeyib-içmək məclisi olmuşdu?

- Arası xeyli çəkdi. O vaxt Eldar Rauf Arifoğlu ilə müqavilə bağlamışdı, hər həftə “Yeni Müsavat” qəzetində bir məqalə dərc etdirirdi. 1995-ci il oktyabrın 5-də “Yeni Müsavat” qəzetində Eldarın bir yazısı çıxdı. İki gün sonra zəhərləndi. O vaxt Yazıçılar Birliyi
Eldar Baxışın atası Baxış kişi
Eldar Baxışın atası Baxış kişi
mikrorayonda Eldara ev vermişdi. Axşam evə pis vəziyyətdə gətirdilər, qapqara qaralıb şoka düşdü. Ölən günü yeri-göyü dağıdırdım. Anarla Bəxtiyar Vahabzadə yan-yana dayanmışdılar. Bəxtiyar müəllim boynumu qucaqladı ki, qızım, bəlkə düşmən öz içimizdədir, bizə baxır, heç olmasa sən əyilmə, sınma, qürurun, vüqarın olsun!

- Harda dəfn etdiniz?

- “Semaşko” xəstəxanasında Maqalov adlı həkim vardı, dedi Ceyran, zəhər o qədər ölçü-biçili verilib ki, ölümü uzun çəksin, heç kimdən şübhələnməsinlər. Amma hiss edirdim, həkimlərin də çəkindiyi yer var. Qorxularından deyə bilmirdilər ki, araqdan zəhərlənib, ya ət tikəsindən, çörəkdən. Hə, yanından ayrılmırdım, gördüm, boğazında xırıltı var, həkim çağırdım, sən demə ölüm xırıltısı imiş. Ondan qabaq məni çağırıb əlimdən tutdu ki, bacı öləcəm! Dedim Eldar, utanmırsan mənə o sözü deyirsən?! Məni kimin ümidinə qoyub gedirsən?! Sözümü kəsdi ki, sən qağamın torpağı, get Xırdalan qəbiristanlığına, lap axırıncı təpənin başında mənə yer ayır, ora Qubadlının xırda təpələrinə oxşayır. Vəsiyyət elədi ki, mənim ruhum heç vaxt qəbirə girməyəcək, Qubadlı alınanda Bakıda qoyma məni, apar kədimizə! (Ağlayır).

- Xəstə yatanda AzTV-dən, Yazıçılar Birliyindən kimlər gəlib-gedirdilər, baş çəkirdilər?

- Qulu Ağsəsi tanıyarsan, o vaxt AzTV-də işləyirdi. Yaxşı oğlandı Qulu, Eldarın ağır vaxtlarında gəlib ağladı ki, Eldar müəllim, bəs deyirdin, elçi gedib sənə qız alacam? Sən olmasan, mənim elçiliyimi kim edəcək?! Xəstə yatanda Anar iki-üç dəfə gəlib baş çəkdi. Eldarın dostları içində ən sədaqətlisi Azad Qaradərəli ilə Aqil Abbas oldu! Anar bir dəfə mənə dedi ki, Eldarın bizdən fərqi odur ki, o fəhləylə də, sağıcıyla da, ziyalıyla da, deputatla da dostdur, amma biz bu cür deyilik.


“Şəkillərə baxa bilərik?” – deyəndə, Ceyran xanım “niyə baxmırıq oğlum, bu dəqiqə...” deyib, yan otağa keçir. İkicə dəqiqə sonra dörd dolu torba ilə qayıdır. Eldar Baxışın sözlərinə bəstələnən mahnılardan ibarət kasetlər, şəkillər, qəzetlərdə çıxan yazıları, kitabları... Hər biri Eldar Baxışın işıqlı xatirəsini gözümüzdə əzizləşdirən yadigarlardı... Şəkillərin içində Aqil Abbasın Eldar Baxışla lap cavan vaxtlarının şəkli var. Ceyran xanım deyir, Aqil yalvardı ver bu şəkli mənə, dedim, yox ee, vermərəm!

***

Eldar Baxışın oğlu Tural aktyordur. “Hörümçək toru”, “Susmuş vicdan”, “Aramızda qalsın” seriallarında oynayır. “Sahil” metrosunun çıxışında görüşüb söhbət etmək üçün
Tural
Tural
özümüzə rahat bir yer seçirik. Deyir, “Bələdiyyə teatrı”nda çalışıram, Amaliya Pənahova bu yaxınlarda bilib ki, Eldar Baxışın oğluyam. Hər yerdə atamın adı çəkib, ondan istifadə etməyi sevmirəm.

- Atam öləndə mən məktəbdə oxuyurdum. Bu dəqiqə də gözümün qarşısındadır: hər gün bizi kitab oxumağa məcbur edirdi. Atamın böyük kitabxanası olub, evimizi bir neçə dəfə dəyişdiyimizə görə o kitabların böyük bir hissəsi itdi. Atam heç vaxt bizə əl qaldırmayıb. Qardaşımla, bacımla həmişə deyirdik ki, atam bizi oxumaq üstündə bu qədər danlayınca, bir dəfə babat döysə, yaxşı olar. (gülür). Atam çox həyatsevər insan idi. Ünsiyyət qurmağı, ətrafındakı insanlarla dil tapmağı çox gözəl bacarırdı, hətta çox keçmirdi, çevrəsində olan insanların lideri ola bilirdi. Həmişə arzu etmişəm ki, atamın bu keyfiyyətini mənimsəyim, mənim də ətrafım böyük olsun. Səmimi etiraf edim ki, mən o vaxt şair oğlu olduğumu dərk etmirdim. Daha doğrusu, məktəbdə mənə olunan güzəştlərdə bunu hiss edirdim. Məsələn, başqası beş dəqiqə gecikəndə "qayıb" yazılırdı, mənə yox, dərsimi oxumayanda zəif qiymət jurnala düşmürdü. Müəllimlərim atamı şair kimi çox sevirdilər.

- Tural, güzəranınız necə olub o vaxt?

- Atam sağ olanda heç nəyin korluğunu çəkməmişik. İki-üç dəfə atama maşın bağışlamışdılar, qohumlarımıza hədiyyə elədi. Yelmar Məmmədov vardı milyonçu, “Daewoo” maşınlarını Azərbaycana ilk dəfə o gətirib. Atamı çağırmışdı ki, ürəyin hansı maşını istəyir seç, sənə bağışlayacağam. Atam götürməmişdi ki, AzTV maşın ayıracaq. Həmin ərəfədə Ayna Sultanova heykəlinin yaxınlığında atama güllə atmışdılar, ondan sonra televiziya maşın ayırdı. Dünyasını dəyişəndən sonra çətinliyimiz çox oldu. Məzarının üstünü düzəltməyə imkanımız yox idi. O vaxt bu həddən artıq baha başa gəlirdi. Məsələn, mərmərə yaxın düşmək olmurdu... 1997-ci ildə evimizi 8 min dollara satdıq... Sonralar kirayələrdə çox əziyyət çəkdik.

- Dostlarından kömək edənlər olmurdu?

Atam bir əhvalat danışmışdı, onu xatırladım. Bir xanın nökəri ölür, başqa bir xan
Eldar Baxış Aqil Abbasla
Eldar Baxış Aqil Abbasla
yaxınlarını da götürüb gedir başsağlığına. Yolda çapar xəbər gətirir ki, ölən nökər yox, xanın özüdür. Xan bunu eşidəndə əmr edir ki, karvanı geri qaytarın. Vəzir təəccüblənir, xan sağ olsun, bunun hikmətini bizə başa sal, niyə belə edirsən? Xan deyir, kişi özü öldü də, daha məni kim görəcək ki? Getmirik! Bilirsən, indi də xan özü ölmüşdü! Atam öləndən sonra elə bil bu adda adam heç vaxt olmayıb. Məhəmməd Hadiyə yazdığı bir şeiri var:
Bir şairi öldürdülər,
Bir ölkənin ortasında,
Ölkə bilmədi, bilmədi...

- Mənim Anday adlı bir qardaşım ölüb. Atam bundan çox sarsılmışdı. Bir şeiri də var:

Keç içəri... dərd dərində
Dərd mənim can dəftərimdə.
Uzan Andayın yerində
Mən o yeri boş görməyim.


Andayı maşınla vuran adamın beş-on günə toyu olmalıydı. Atam həmin oğlanı bağışladı. Andayın yas mərasimində atamın yazar dostları onu tək qoymurdular. O gün atamın arxivini səliqəyə salırdım, telefon kitabçası əlimə keçdi. Bir adamın bu qədər tanışının olmasını ağlıma gətirməzdim. Kontingent çox fərqlidir. Birinci katiblərdən tutmuş, mağaza müdirinə qədər... Atam sağlığında çox adama əl tutub. İmkanı pula çatırdısa pul verirdi, pul olmayanda bir polis rəisinə, katibə, universitet rektoruna zəng vurub əlsiz-ayaqsızların işini aşırırdı.

- Müharibə başlayanda, Qubadlı alınanda Eldar müəllimin evdəki halı necə olurdu, yadında nə qalıb?

- 20 Yanvar gecəsi atam evə üst-başı cırıq-cırıq gəlmişdi. Sonradan bildik ki, rus əsgərləri ilə dalaşıb. Şair olduğuna görə buraxmışdılar. İkinci dəfə rus əsgərləri ilə yenə dalaşmışdı. Qarabağ döyüşlərində dəfələrlə səngərdə olub, AzTV-yə verilişlər çəkib.

- Zəhərlənib evə gəldiyi gün yadındadır?

- O vaxt millət vəkilliyinə namizədliyi irəli sürülmüşdü. Həmin söhbətdən sonra zəhərlədilər atamı. Evə gələndə dedi, dostlarla əla bir qonaqlığımız oldu, amma nə isə
Eldar Baxış
Eldar Baxış
özümü pis hiss edirəm. Bayram Bayramovun oğlu Qurban Bayramov bizim qonşumuz idi, onun qızının yoldaşı həkimdir. Qonaq gəlmişdilər. Biz Qurban Bayramovun kürəkənini çağırdıq, ilk yardım etdi. Bundan sonra nə illah elədik, atam xəstəxanaya getmədi. Halı bir az da qarışanda məcbur apardıq. Hay-küylü adam idi atam, elə deyirdi ki, məndə heç nə yoxdur. Get-gedə hərəkətlərində lənglik yaranırdı. Heç yadımdan çıxmaz, bir dəfə AzTV-nin arxa qapısında maşından düşdü, qapıdakı zəncirə çatıb dayandı. Təxminən on saniyə fikirləşdi, elə bilirdi biz getmişik. Arxaya baxdı, gördü ona göz qoyuruq, özünü sındırmadı, gülüb bizə əl elədi, ayağını zəncirdən aşırıb getdi. Ürək ağrıdan o qədər xatirələr var ki... Danışmağa çətinlik çəkirəm, istəmirəm.

- Tural, atanla bağlı elə xatirələr var ki, yəqin onları ancaq sən bilirsən. Mən istəyirəm, çətin də olsa bu haqda danışaq...

- Bilirsən, mən çox pis oluram. Hər dəfə xatırlayanda qəhərlənirəm. İndi danışsam, ağlayacağam... (gözləri dolur) Qardaşımı kənddə dəfn elədik. Qubadlıda bizim böyük bir bağımız var idi, lap aşağıda iki qoz ağacı əkilmişdi. Mən uşaq idim. Gördüm, atam ağacın altında dayanıb ağlayır. Arxın üstündən keçib gəldim yanına. Soruşdum ki, ata niyə ağlayırsan? Məni qucağına aldı, başımı sinəsinə sıxıb dedi, sən bilmirsən... sən bilmirs... (Uzun bir sükut... Tural hisslərini boğmağa çox çalışır, alınmır... Gözlərini sıxanda yanağında yaş gilələnir, ağlayır. Hiss edirik ki, ətrafdakı adamlar bizə göz qoyurlar. Telefona əl aparıb qurdalayır, özünü ovundurmağa cəhd edir. ) Qəribə bilirsən nədir? Adətən, aktyorlar hisslərini gizləməyi yaxşı bacarırlar. Amma mən bu mövzuda danışanda heç vaxt özümü toxtaq tuta bilmirəm. Nə isə... atam məni qucağına alıb öpdü, oxşadı. Dedi Tural, sənin atan öldü. Mənim bir övladım var, indi başa düşürəm ki, övlad ata üçün kimdir, qardaşım öləndə atam nə hisslər keçirib.

- Dedin, atanın ətrafı böyük olub. Qonaqlıqlar, məclislər, səfərlər, gec gəlmək... evdə narazılıq olmurdu ki?

- Anam deyirdi ki, atanla evli olduğumuz müddətdə bircə dəfə evə gəlmədi: öləndə... Deyirdi, kişi gününün yarısını evdə, ailəsində keçirməlidir. Son günlərini çox ağır keçirdi. Mənim adımı unutmuşdu, xalası oğlunun adı ilə Sərraf çağırırdı. Uzanıb öz-özünə rabitəsiz danışırdı. Bir dəfə dedi, dəftər verin, şeir yazacağam. Gördük, hərfləri də yadından çıxarıb, yaza bilmir. Qarmaqarışıq xətlər cızmışdı...

Eldar Baxışın toyu
Eldar Baxışın toyu
XS
SM
MD
LG