Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

«Bakcell» YAP-çılara xüsusi tarif paketi müəyyənləşdirdi


Arxiv foto
Arxiv foto
«Bakcell» mobil operatoru hakim Yeni Azərbaycan Partiyası üzvlərinə ayrıca tarif paketi təklif edir. Bu haqda elan «Yeni Azərbaycan» qəzetində yerləşdirilib. Elanda deyilir ki, YAP üzvləri üçün aylıq abunə haqqı 55 qəpik, ölkə daxili zənglərin 1 dəqiqəsi 5 qəpik, partiya üzvləri arasında danışığın qiyməti isə 2 qəpikdir. Digər abonentlər üçün isə standart paketdə bir dəqiqə danışığın qiyməti 8 qəpikdir.

«Bakcell» müştərisi YAP-çılar bu xəbəri necə qarşılayır öyrənə bilmədik. Hakim partiyadan yalnız bir nəfərlə danışa bildik -Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla. O da dedi ki, tarif paketindən xəbərsizdir. «Bu ayrı-seçkilik deyilmi?» sualına isə qısa cavab verdi: «Məsələdən xəbərsizəm deyə şərh verə bilmərəm». Üstəlik də Səməd Seyidov başqa mobil operatorun xidmətlərindən istifadə etdiyini xatırlatdı.

«YƏQİN YAP-ÇILAR KASIBDIRLAR, BİR MAAŞA DOLANIRLAR...»

Bakı sakini Nurəddin Balayev də «Bakcell» müştərisidir. Xəbərə sadəcə güldü:

«Bir okean ayrı-seçkilik arasında bir «Bakcell» qalmışdı bunu etməsin. Açığı, gülüncdür, çox gülüncdür... 40-45 qəpiklə nə «Bakcell» varlı olasıdır... Nə bilim. Yəqin YAP-çılar kasıbdırlar, bir maaşa dolanırlar, yaşamaq çətindir deyə bu endirimi edirlər. Yəqin «Bakcell» də xeyirxah şirkətdir və Azərbaycan üçün çalışan, qanını-tərini əsirgəməyən YAP-çılar üçün «xeyirxah kampaniya» keçirirlər. Gülüncdür. Daha təəcübləndirmirəm də...»

Hüquqşünas Yalçın İmanov isə «Bakcell»in bununla «İstehlakçılar haqda qanunun» tələblərini pozduğunu deyir. Onun söylədiyinə görə, şirkətin başqa müştəriləri siyasi diskriminasiyaya görə məhkəməyə müraciət edə bilərlər:

Yalçın İmanov
Yalçın İmanov
«İstehlakçı soruşa bilər ki, bunun əsası nədir? Niyə güzəşti hakim partiya üçün nəzərdə tutmusan? Qanuni əsas nədir ki, məhz hakim partiya üçün paket müəyyənləşdirirsən? Amma tutalım başqa partiyalar üçün belə imtiyaz və üstünlük yoxdur...»

MÜXALİFƏTƏ DƏ BELƏ TARİF PAKETİ OLACAQMI?

«Bakcell» müxalif partiyalar üçün də belə paket planlaşdırırmı? Bu suala cavab olaraq «Bakcell»dən AzadlıqRadiosuna bildirdilər ki, şirkət korporativ abunəçilərinin sayını artırmaqda davam edir. «Biz məmnuniyyətlə digər qruplara, şirkətlərə, təşkilatlara bu cür tarif paketlərini təqdim edirik».

«Bakcell» müştərisi - Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı «Bakcell»in bu addımı mənim üçün gözlənilməz oldu» dedi. Amma hesab edir ki, şirkətin hakim partiyaya jesti «Bakcell»in imicinə müsbət təsir etməyəcək:

«Şirkət bu addımla biznes qurumu olmaqdan çıxır. Siyasi tərəfə çevrilir».

«ŞİRKƏT İCTİMAİ QINAQDAN ÇƏKİNİR»

Göz qabağında olan bu fakta ilk diqqət çəkən jurnalist Natiq Cavadlı oldu. O deyir ki, belə bir tarifin olması YAP-a cəlb etməyə həvəsləndirmə, həm də siyasi mənsubiyyətə görə diskriminasiya sayıla bilər ki, bu da Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir: «Bu, həm də bir tərəfdən şirkətin siyasətə baş vurması, digər tərəfdən isə qeyri YAP-çıların hüququnun pozulması deməkdir».

Yeri gəlmişkən, bu haqda məlumat şirkətin saytında yerləşdirilməyib. Elə başqa yerdə də belə elan görmədik. Natiq Cavadlıya görə, məlumatın yalnız bu qəzetdə dərc edilməsinin səbəbi aydındır: «Bu qəzeti əsasən YAP-çılar oxuyur. Şirkət isə özünü ictimai qınaqdan qorumaq üçün məlumatın məhz bu formada verilməsinə razılıq verib».

«YAP-ÇILAR ƏNGƏLLİDİRMİ Kİ?»

İqbal Ağazadə
İqbal Ağazadə
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin «Bakcell»in atdığı addıma ilkin reaksiyası belə oldu. Onun qənaətincə, hər hansı şirkət siyasi mənsubiyyətinə görə, vətəndaşlara güzəştli kampaniya müəyyən edə bilməz.

«Bu, dövlətin qanunlarını tapdalamaq və hakim partiyanın hakim mövqeyindən sui-istifadə edərək biznesini genişləndirmək, korrupsiyaya, rüşvətə şərait yaratmaqdır. Bunun başqa adı yoxdur. Və bununla dərhal hüquq-mühafizə orqanları, Vergilər Nazirliyi məşğul olmalıdır. Respublika Prokurorluğu araşdırmalıdır ki, şirkət hansı əsasla güzəştə gedir, vətəndaşlara qarşı ayrı-seçkilik nədəndir? Konstitusiyada vətəndaşların hüquq bərabərliyi qeyd olunub. Bir şirkət xüsusi güzəştləri yalnız xüsusi imtiyazları olan və ya əngəllilər üçün, yəni əlillər və sairə üçün edə bilər, xeyriyyə məqsədli kampaniya həyata keçirə bilər. Bilmirəm, YAP-çılar əngəllidirlərmi?»

İsa Qəmbər
İsa Qəmbər
Deputata görə, «bu addım hakim partiyanın hakim mövqeyindən sui-istifadə edərək biznesi genişləndirmək, korrupsiyaya, maliyyə hesabatlarını gizləməyə xidmət edir». İqbal Ağazadə bu məsələni parlamentdə də qaldıracağını söylədi.

«BİABIRÇILIQDIR!»

Müsavat Partiyası başqanı İsa Qəmbər bunu sadəcə biabırçılıq sayır. «Hakimiyyətin siyasi bərabərsizlik oyununun bir parçasıdır və yolverilməzdir. İctimaiyyət mövqeyini bildirməlidir. Dəqiqləşdirmədən sonra buna biz də rəsmi münasibət bildirəcəyik» söylədi.

«Bakcell» isə ona tutulan iradları və ittihamları rədd edir. Şirkətdən deyirlər ki, «Bakcell» bütün korporativ abunəçiləri, eyni zamanda YAP üçün xüsusi tarif paketləri təqdim edir. «Bizim Azərbaycandakı bir çox şirkət və təşkilatlar üçün bu cür tariflərimiz var». Şirkət hətta AzadlıqRadiosu üçün də xüsusi paket ayırmağın mümkün olduğunu deyir.
XS
SM
MD
LG