Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:35

Alim Qasımovun səsində problem yaranıb: "Almaniyada dəqiq diaqnoz qoydular"


Alim Qasımovun səsində problem yaranıb (Müsahibə)
Gözlə

No media source currently available

0:00 0:44:26 0:00
Direct-ə keçid

Alim Qasımovun səsində problem yaranıb (Müsahibə)

Dünya şöhrətli muğam ustası "Pen klub" proqramının qonağı oldu: “Oturmuşuq, otdu veriblər, dadına baxmışıq”... “Fəqanənin başını bağlaması onun oxumağına mane olur”...

“Oturmuşuq, otdu veriblər, dadına baxmışıq”.

“Fəqanənin başını bağlaması onun oxumağına mane olur”.

“Almaniyadasa dəqiq diaqnoz qoydular ki, səs əzələlərin yorulub, düzəlmək şansı da yoxdur”.


ALİM QASIMOVLA SÖHBƏTİ TAM DİNLƏ

Azərbaycanın xalq artisti Alim Qasımov martın 8-də Azadlıq Radiosunun “Pen klub” proqramının qonağı oldu. Amma söhbətə ABŞ səfərindən körpü saldıq. O bir ayağını qatlayıb stulda əyləşən kimi söhbətə başladıq.

“SƏN DEMƏ SƏHNƏYƏ YUXULU ÇIXMAQ LAZIMMIŞ”

- Qış vaxtı... qar yağıb... Belə qar olmamışdı Bakıda. Biz də çantalarımızı hazırlamışdıq ki, gedək. Xəbər gəldi ki, təyyarə uçmur. Mən də öz-özümə deyinirəm ki, qışın bu vaxtı nə konsert idi, bəlkə getməyək. Nəsə, ertəsi gün dedilər ki, gəlin, uçuruq. Biz də qalın geyinmişik. Gedib gördük ki, camaat şortiklə mayka ilə gəzir. Özü də bizimlə onların arasında 12 saat fərq var. Səhər konsert olmalıdır, hazırlaşmalıyıq, görürəm ki,

XATIRLATMA:

Xanəndə fevralda Amerikada "Grammy" mükafatlı "Kronos" kvarteti ilə birgə konsert verib. “Washington Post” onu “həqiqi cazibə qüvvəsinə malik xanəndə” adlandırıb. Qəzet yazır ki, Alim Qasımovun ifası o qədər təbiidir ki, sanki o, kvartetlə, ansamblla, tamaşaçılarla adi bir söhbət edir. “Belə məhrəm söhbət böyük konsert zalları üçün nadir haldır”.

kamançaçı Rauf o yanda yatıb, tarçalan Zəki bu yanda yatıb, Fərqanə başını qoyub mürgüləyib. Dedim, ay Allah, bu konsert nə olacaq. Yuxulu vəziyyətdə çıxdıq səhnəyə. Allaha şükür... Sən demə elə yuxulu çıxmaq lazımmış.

- San-Fransisko, Atlanta, Stanford, Berkli və Vaşinqtonda konsertlər vermisiz, 3 də master-klass. Alim bəy, necə olur ki, səhnədə tamaşaçı ilə “məhrəm söhbət” edə bilirsiz? Bir də bu söhbəti etmək Azərbaycan səhnəsində asandır, yoxsa xarici?

- Xariciylə asandır. Orda sənətkar səhnədə öskürür, su içir və ya öz halında olursa, təbii qəbul olunur. Amma Azərbaycanda istər-istəməz çərçivə adamı saxlayır, özünü abırlı aparırsan.

DƏVƏSİ ÖLMÜŞ ƏRƏBİK, KİM DÖZƏR BU CÜR ZULUMA?”

- Azərbaycanda gənc tənqidçilər muğamın köhnəldiyini, başqa musiqi cərəyanları ilə müqayisədə imkanlarının məhdud olduğunu deyirlər. Söhbət ictimai-siyasi proseslərə, cəmiyyəti narahat edən problemlərə adekvat reaksiya verən musiqi cərəyanlarından – rokdan, repdən gedir. Hətta muğamı orta əsrlər musiqisi, saray musiqisi adlandıranlar da var... Bunu deyənlər muğamın imkanını bilmirlər, yoxsa haqlıdırlar?

- Duyumlu insan muğamda hər şeyi – öyüdü, nəsihəti, Allahı, ovqatı dərk edir. Hərdən darıxıram, düşünürəm ki, niyə darıxıram. Baxıb görürəm ki, musiqiyə qulaq asmamışam. Pop musiqisinin tamaşaçısı çoxdur. Amma muğamın tamaşaçısı nisbətən azdır. Ola bilməz ki, bir ölkədə ancaq bir sənət növü olsun.

- Alim bəy, siz özünüz hansısa ictimai prosesə musiqiylə reaksiya vermisizmi?


- Bir-iki dəfə bayatı şəklində olub. Camaatın da xoşuna gəlib. Amma hər şey siyasətə bağlansa, onda musiqiçinin işi qəlizləşəcək. Əlbəttə imkan olanda, sözaltı deyilsə yaxşı olar. Olub belə şeylər.

- 2000-ci ildə konsertdə “Daş qəlbləri neylərdin, İlahi” oxudunuz. Zal da sizi alqışladı...

- Rəhmətlik Sabirin sözləridir. O da hikmətamiz sözlərdir. Ya da:

Əzizim Ərzuruma,
Yol gedir Ərzuruma.
Dəvəsi ölmüş ərəbik
Dözərik hər cür zuluma.


Bir bayatı da vardı: “Sərkərdə igid olsa, heç verməz ordu bada”. Ya da siyasi mövzulu qəzəllər var. İnsanlar içlərindəki narazılıqları deyə bilməyib, onu sənətkar deyəndə daha maraqlı alınır. Amma əlbəttə ki, sənəti siyasətə çox qatmaq olmaz. Siyasətə qarışanda gərək siyasətlə oxuyasan, siyasətlə də aradan gedəsən.

- Bir az əvvəl dediz ki, hər şeyi siyasətə qatanda sənətçinin vəziyyəti qəlizləşəcək. Yəni incidərlər onu?

- Sənətkar siyasətçi deyil, o siyasəti düz aparmaya da bilər. Amma xalqın narazılığını bayatıda, mahnıda oxumaq olar.

“BİR AZ RİTMİK, BİR AZ HƏRƏKƏTLİ OXUYACAM”

- Alim bəy, 2 ildən çoxdur ki, Bakıda konsert vermirsiz. Səbəb nədir?

- İmkan var ki, hər il konsert verək və sarayı dolduraq. Amma burda bir iş var. Mən öz-özümdən imtahan götürürəm. İstəyirəm ki, konsertdə oxumadığım qəzəlləri, mahnıları oxuyum. İşim bir az da qəlizdir. Mən Fərqanə xanımla oxuyuram, çalışıram ki, kompozisiya yaradaq, birini mən deyim, birini o. Qadın-kişi səsi fərqlidir. Bölgülər aparıram. İkilikdə oxumaq çətindir. Ona görə bir konsert 3 ilə, 4 ilə alınır. Hətta istəyirəm növbəti konsertə xaricdən bir-iki alət çağırım.

- “Kronos” kvarteti ola bilərmi?

- Onun xərci bir az ağırdır. Həm də orda bəstəkarlıq işi var, notla
çalırlar. Amma milli alətlərdən istifadə edəcəyik. Bir də dostlarla istəyirik yeni təmirdən çıxan “Bolşoy Teatr”da konsert verək. Elə Bakıda və başqa şəhərlərimizdə də. İstəyirəm konsert bir az ritmik olsun, hərəkətli olsun. İstəyirəm yeni, cavan tamaşaçılar yığaq.

- Alim Qasımov da şouya meyl edir?

- Yox, biz quşa dən səpib onu tutmaq istəyirik. Bir dəfə Filarmoniyada o qədər əl çaldılar, axırda dedim ki, əşi, sizin pulunuzu qaytarım, mən yoruldum daha. Bir tamaşaçı dilləndi ki, sən oxuma, söhbət elə, qulaq asaq...

“FƏRQANƏNİN BAŞINI BAĞLAMASI ONA ÇOX MANE OLUR”

- Dinləyici yazır: “Deyirlər, Fərqanə Alim Qasımovdan daha yaxşı oxuyur, bu fikirlə razısızmı?”

- (Pauza) Yəni zövqlər fərqlidir. Hərə öz fikrini deyə bilər. Mən onu bilirəm ki, Fərqanə xanımın bu yaşda üstünlükləri məndən çoxdur. O gəncdir, məni də bilir, özünü də bilir və hələ də öyrənir. Yəqin ki, inşallah məndən yaxşı olacaq. Hələ ki, mənim yanımdadır. Məni öndə görür həmişə.

- Bu onun individuallığına, imkanlarını tam açmağa mane olmur?

- Onun abrı-həyası, başını bağlaması ona çox mane olur. Diqqətinin 50 faizi özünü idarə etməyə gedir. Tam mənim qədər sərbəst ola bilmir. Mən o qədər aludə oluram ki, bir də görürsən oxuduğum qəzəl yadımdan çıxır. O isə qadındır, abır-həyasını gözləyir. Suyu da həyalı içir.

- Alim bəy, sizin basqınız yoxdur onun üzərində? Avtoritetiniz mane olmur?

- Əksinə deyirəm ki, rahat ol. Amma ata kimi, ustad kimi yolumu gözləyir. Sənətdə yaxşı mənada hirslənmək var ey, cezm olmaq. Hərdən görürəm ki, sifəti çöndü, öz halına getdi. Mən də onu danlayıram ki, özündən çıx.

- Tarzən Ramiz Quliyev müsahibələrinin birində dedi ki, oğluma sənətin 40 fəndindən 39-nu öyrətdim. Amma axırıncını öyrətməyib saxladım ki, bərk ayaqda özümə lazım olar. Siz necə Fərqanə xanıma fəndlərin hamısını öyrətdizmi?

- Hətta edə bilmədiklərimi deyirəm ona. Ağlımdan, hissimdən keçənləri deyirəm ona. Ramiz müəllim zarafat edib, sənətdə
gizlətmək... Ağıl deyər, gizlət, ancaq o eşq ki gəlir qısqanclığın, paxıllığın yeri qalmur, gizlətmək olmur.

“SƏSİMİN ƏZƏLƏLƏRİ YORULUB. ALMANİYADA DEDİLƏR Kİ, DÜZƏLMƏK ŞANSI YOXDUR”

- Səsiniz xırıltılıdır. Səsinizlə bağlı problem yoxdur bu aralar?

- Bir ilə yaxındır ki, səsimin dalınca düşmüşəm. Səsimin əzələləri yorulub. Almaniyaya göndərmişdi məni Heydər Əliyev Fondu, Mehriban xanım. Çox yeri gəzmişdim, biri dedi ki, ciyərindir, biri dedi ki, boğazındır... Almaniyadasa dəqiq diaqnoz qoydular ki, səs əzələlərin yorulub, düzəlmək şansı da yoxdur. Dedim şükür sənə, İlahi... Amma səs məşğələləri filan edirəm. Mənə elə gəlir ki, Allah üzümə gülüb həmin səsi qaytaracaq mənə.

- Nədən hiss edirsiz?

- Yavaş-yavaş düzəlməyini hiss edirəm. Əvvəl namaz qılanda da görürdüm ki, səsim sözümə baxmır.

“SƏHƏR TEZDƏN HEYRATI, AXŞAM TOYXANA”

- Səs əzələlərinizi belə yorduğunuza görə peşman deyilsiz?

- O vaxt mən səsimi hiss eləmirdim. Səhər tezdən “Heyratı”, axşam saat 12-dən sonra ağlıma gələn şeylər, toyxana, orda-burda... İndiki kimi səsimi hiss etməmişəm. Səs nədir, necə gözəl şeydir, Allah necə qıya bilər, bunları bilməmişəm. Bəlkə də Allah belə etdi ki, səsimə daha ciddi yanaşım.

“O KEFDƏN OLACAQDIM”

- Səsinizi itirmək təhlükəsini biləndə qorxduzmu?

- Yox, qorxmadım. Tanış-tunuş deyirdi ki, bundan sonra oxumasan da olar, sən artıqlaması ilə oxumusan. Səsdir, yoxdursa, rahatlıqdır, demək bu məsuliyyətdən də belə qurtardıq. Amma səs varsa, oxumamaq narahatlıqdır. Məncə, Allah bu səsi mənə qıyacaq. Öz-özümə qulaq asacam, buna ehtiyacım var, çünki oxuyanda kef edirəm, o kefdən olacaqdım...

QƏDİR RÜSTƏMOVUN “QIRX” MƏRASİMİNDƏ NİYƏ OXUDU?

- Xalq artisti Qədir Rüstəmov da getdi.

- Allah ruhunu şad eləsin.

- Meydanda özünüzü tək saymırsız? Onunla sizin maraqlı duetləriniz olub.

- Bir-iki məclisdə olub. O çalışırdı ki, özü kimi oxusun. Nə
oxuyubsa, sənət tarixində qalacaq. Qədir Rüstəmov özü üçün oxuyurdu. O necə əyildi, ağzı necə formaya düşdü, “vidli” görünür, “vidsiz” görünür kimi şey fikirləşmirdi, unudurdu.

- Qədir Rüstəmovun “qırx” mərasimində bir ağız oxumusuz da. Nə idi sizi vadar edən oxumağa?

- Düzünə qalanda, səsim orda oxumağa imkan vermirdi. Mənəvi borcum vardı, mən camaata yox, onun ruhu qarşısında Seyid Əzimdən 1-2 beyt oxudum. Əlimdən o gəlirdi, onu da etdim.

Sal yada bəqa mülkünü, cəm eylə tədarük
Seyyida, əcəl gəlsə, macal eyləmək olmaz.
Bidar olursan, qəbirdə qəflət yuxusundan.
Ondan sonra dünyanı xəyal eyləmək olmaz.


“ELƏ ADAM VAR QUMAR OYNAMASIN?”

- Dediz ki, darıxan adamsız. Depressiyaya tez-tezmi düşürsüz?

- (Pauza). Yəni mənə elə gəlir ki, hamı darıxır. Amma axır vaxtlar hər şeyi Allahın pənahına buraxıram. Deyirəm ki, hansı xeyirlidir onu elə. Bu mənə rahatlıq gətirir. Əvvəlsə hisrlənirdim. Cavanlıqda enerji çox olur. İndi elə bilirəm gücüm də çatmaz. Deyirəm, xeyir Allahdan... Sülh yolunu tutmuşam.

- Amma bəzən depressiya, uğursuzluq sənətkarı yaratmağa vadar edir deyirlər. Dostoyevski son qəpiyə qədər uduzurmuş qumarda, sonra yazırmış romanını. Heç olubmu siz də qumar oynayasız?

- Uşaqlıqdan oynamışam. 15 qəpik tapan kimi. Elə adam var qumar oynamasın? Bizimki qumar da deyildi, aşıq-aşıq idi. Bir balaca öyrənəndən sonra aşıq alırdım, biri 3 qəpik idi, oynaya-oynaya xəbər gəlirdi ki, dalınca toy üçün adam gəlib.Gəlib beh tuturdum toya. Toyu danışırdım 6 ay sonraya. Çıxarıb 50-dən, 100-dən verirdim, sonra yenə onlarla davam edirdim.

- Nə vaxt olub bu? Cavanlıqda yəqin?

- Toylara gedirdim də onda. Amma ciddi qumar yox, elə-belə...

- Qumarda hər şeyi itirmək təhlükəsi olubmu?

- Yox, əstəğfürullah. Qəpik-quruşla oynayırdıq, maraqlıydı. İndiki cavanlar başqa həyat keçirilər. Narkomaniya cavanları məhv edib. Bu işlə məşğul olanların, cavanları məhv edənin evini Allah dağıtsın. Əvvəl siqaret çəkəndə uşaqlar gizlənirdi, amma indi nəşə piləyirlər adamın üzünə.

“OTURMUŞUQ, OTDU VERİBLƏR DADINA BAXMIŞIQ”

- Sənət adamlarından da narkotikə meyl edənlər var.

- (Ah çəkir) Bu şeytan əməlidir. İradəsi olmayanlara çox çətin şeydir.

- Yəni düşünürlər ki, sənətçi hər şeyi dadmalıdır.

- 90 faiz insanlar hər şeyin dadına baxıb. Dadmışıq da. Müəyyən qədər.

- Sizdəmi?

- Yüngülvari. Oturmuşuq, otdu veriblər, dadına baxmışıq. O demək deyil ki, iraq olsun, cibinə qoy onunla məşğul ol.

“ELƏ TAMAŞAÇI VAR DEYİR Kİ, SƏNİ ÖLDÜRMƏK İSTƏYİRƏM”

- Sənətkar yaşatmalıdır, ya öldürməlidir?

- Öldürməlidir ki, yaşatsın.

- Mənim bir həmkarım ismarıc yollamışdı ki, belə gözəl oxuduğunuza görə sizi məhkəməyə verəcək.

- Hələ bu yaxşıdır ki, məhkəməyə verir. Elə tamaşaçı var deyir ki, səni öldürmək istəyirəm.


Prodüsser Cavid Zeynallı
XS
SM
MD
LG