Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:39

«Eurovision» qiymətləri cibimizə uyğundur?


«Eurovision 2012»yə gedəcəksiz?
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00
Direct-ə keçid

«Eurovision 2012»yə gedəcəksiz?

«Bu qiymət mənim üçün çox bahadır. Evdən pul vermirlər, deyirlər, get özün necə istəyirsən, tap. Hamı deyir ki, bir konsertə o qədər pul verərlər? Gecə-gündüz ««Eurovision» konsertinə getmək istəyirəm» deyib dostlarımın da başını aparıram. Qiymət üzündən mənim kimi «Eurovision» dəlisi olan adam bu konsertə gedə bilməyəcək. Dünən fan-klubun uşaqlarını tapmışam. Gördülər ki, çox istəyirəm, təklif elədilər ki, «Smile to Europe»a şəklini çək qoy, bəlkə bilet qazana bildin. Konsertə getmək üçün hər yerə əl atıram. Orta yaşayışa uyğun olsaydı, nə vardı ki…»

May ayında Bakıda keçiriləcək «Eurovision 2012» mahnı müsabiqəsinin finalına – canlı şouya bilet axtaran 20 yaşlı Cəmilə Əliyevadır. Ancaq həmin canlı şounun biletinin qiymətinin 160-240 manat olması Cəmilənin kefinə əməlli-başlı soğan doğrayıb. Çünki bu məbləğ onun büdcəsinə uyğun deyil.

Gülü Abbasova isə deyir ki, onun məvacibi ailəsini qane edir. Ancaq o da bu qiymətə bilet almayacaq:

«Satan öz qiymətini təyin edir, alan da bacarır alsın. Bacarmırsa, bir az ucuzunu alsın, ya da televizorda baxsın. Mən özüm televizorda baxacağam».

Almaniyada «Eurovision 2011»
Almaniyada «Eurovision 2011»
«QİYMƏTLƏR CİBİMİZƏ UYĞUN DEYİL»

Elə fikrini soruşduğumuz digər Bakı sakinləri də biletlərin qiymətinin ciblərinə uyğun gəlmədiyini deyir:

Ülviyyə Cəfərova: «Hər birimiz getmək istəyirik. Düşünürəm ki, daha münasib qiymətlər ola bilərdi. Belə götürəndə, orta qiymətdir, ancaq bizə uyğun deyil».

Sədaqət Səfərova: «Qiymətlər orta səviyyədə olan insanlar üçün deyil. Yəqin ki, mən evdə baxacağam».

Eldar Vəliyev: «Məni maraqlandırmır».

Mayis Abbasov: «Baha deyil. Sadəcə, bizim camaatın maaşı ilə düz gəlmir».

Qafar Xudiyev: «Çox bahadır. Mən bir az aşağı səviyyəlisinə gedəcəyəm».

35-100 MANAT OLSAYDI...

Fərqanə Axundova: «Əlbəttə, bahadır. Bu cür vəziyyətdə camaat problemlər içində yaşayır. Kimə vacibdir ora getsin?».

Rəşad Nəcəfli: «Bu qiymətlər hər tamaşaçının gəlirinə uyğun deyil. Şəxsən mən gedə bilmərəm. 35-100 manat arasında olsaydı, gedən çox olardı».

Günay Abdullayeva: «Onsuz da xaricdə olanda, gedə bilmirik. Azərbaycandadır, elə qiymət olaydı ki, gedə biləydik. Mən gərək neçə ay tələbə təqaüdümü toplayım ki, bilet alam».

Təqaüdçü müəllim Elmira Abbasova da deyir ki, o da gənclər kimi bu cür konsertlərdə olmaq istəyir.
İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov
İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov
Ancaq:

«Çox bahalıdır. Bizim maaşımıza uyğun deyil. Mənim pensiyama isə heç uyğun deyil. 160 manat pensiya alıram. Gərək onda bir ay heç nə yeməyəm ki, gedib bilet alam».

30-50 MANATA DA GEDƏ BİLƏRSƏN, ANCAQ MƏŞQƏ

Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsində final şousunun biletinin qiyməti 160-240 manatdır. Birinci yarımfinalın əsas məşqi 30-50 manat, birinci yarımfinal (canlı şou) – 90-150 manat, ikinci yarımfinalın əsas məşqi 30-50 manat, ikinci yarımfinal (canlı şou) 90-150 manatdır. Jüri finalına isə bilet 60-100 manatdır.

Hələ biletlərin qiymətləri müəyyənləşməmişdən müsabiqənin təşkilati rəhbəri Sietse Bakker qiymətlərin yüksək olmamasına çalışacaqlarını bildirmişdi. Demişdi ki, biletlərin qiyməti ev sahibi olan ölkənin standartına uyğun müəyyənləşdiriləcək.

Müsabiqənin rəsmi yayımçısı İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov deyir ki, satışa çıxarılan qiymətlər arasında hər kəsə münasib qiymətlər də var. Məsələn, məşqlərin qiyməti:

«Bu cür şouların qiyməti təbii ki, ucuz olmur. Ancaq orada istənilən şəxsin büdcəsinə uyğun biletlər var. Çox böyük bir seçim imkanı var. Açıq şəkildə qeyd olunur ki, konsertin özü ilə tamamilə eyni formatda olan sonuncu əsas məşqlərin biletləri konsertin özündən dəfələrlə ucuz satılır.
Samir Əliyev
Samir Əliyev
Bu da tamaşaçılara eyni konserti, eyni şounu daha ucuz qiymətə seyr eləmək imkanı verir».

AVROPALININ MAAŞI HARA, AZƏRBAYCANLININ MAAŞI HARA

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, Azərbaycanda evdən tutmuş müxtəlif istehlak məhsullarının qiymətlərinəcən hər şey Avropa ölkələrindəkindən baha, əməkhaqqı isə çox aşağıdır:

«Azərbaycanda rəsmi orta aylıq əməkhaqqı 380 manatdır. Əhalinin təxminən 60-70 faizinin aylıq maaşı 380 manatdan aşağıdır. Bununla müqayisə etsək, «Eurovision» üçün biletin qiyməti insanların bir aylıq əməkhaqqına bərabərdir. Yerli tamaşaçı üçün «Eurovision» əlçatan görünmür. Müəyyən təbəqədən olan insanlar üçün qiymətin neçə olmasının fərqi yoxdur, ancaq sadə azərbaycanlı üçün biletin qiymətinin 20-30 manat olmasının da əhəmiyyəti var. Onlar üçün bu, əlçatan hesab oluna bilməz».

2011-ci ildə Almaniyada keçirilmiş final şousuna biletlərin qiyməti 80-180 avro, 2010-cu ildə Norveçdə keçirilmiş final şousuna biletlərin qiyməti isə 102-205 avro olub. Almaniyada orta illik maaş 36444 dollar, Norveçdə isə 37094 dollardır. Yəni, hər iki ölkədə orta aylıq maaş 3 min dollardır.
XS
SM
MD
LG