Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:55

Əfv fərmanı gözləntiləri nə qədər doğruldub?


10 saylı həbsxananın həyəti.
10 saylı həbsxananın həyəti.


Rəna Məmmədova prezidentin Novruz bayramı ilə bağlı martın 15-də əfv etdiyi 62 məhbus arasında yeganə qadındır. Deyir 4 il 4 ay həbsxanada olub.

7 İL AZADLIQDAN MƏHRUM EDİLƏN TİBB BACISI

​O, ailə münaqişəsi zəminində həyat yoldaşını öldürməkdə ittiham olunaraq 2008-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. Dediyinə görə, 19 il həbsdə olmuş həyat yoldaşı həmişə evə içkili vəziyyətdə gəlirmiş və hər dəfə də onu döyürmüş. Növbəti belə bir münaqişə zamanı o, yoldaşını itələyib və bu da onun ölümü ilə nəticələnib. Həbsxanaya düşənə qədər Rəna Məmmədova uşaq xəstəxanasında tibb bacısı olub.

4 saylı həbsxanada cəza çəkən 56 yaşlı Rəna Məmmədovaya azadlığa buraxılma xəbərini Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov çatdırıb:

«Məmmədova Rəna Hacıbala qızı əfv sərəncamına düşüb. Bütün kollektivi təbrik edirəm. Arzu edərdim ki, bu, hamıya şamil edilsin. Əlbəttə siz artıq ahıl yaşınıza çatırsız. Bu, prezidentin humanist addımıdır və mənə elə gəlir ki, bu, çox yerinə düşən bir hadisə olub.
Rəna Məmmədova, 16 mart 2012
Rəna Məmmədova, 16 mart 2012

Ola bilsin ehtiyatsızlıq üzündən hadisə baş verib. Mən öyrənmişəm sizin cinayət işini. Qanun belə tələb edir ki, əgər bu hadisə qəsdən törədilibsə, gərək bu cinayətin də məsuliyyətini daşıyasan. Ötən günləriniz üçün təəssüflənirəm. Gələcək günlərinizdə xoşbəxtlik arzulayıram».

Rəna Məmmədova:

-Hamınıza minnətdaram!

Martın 16-da Penitensiar Xidmətin rəsmiləri, Ombudsman aparatının nümayəndələri və Əfv Komissiyasının üzvləri əfvin icrası ilə bağlı digər həbsxanalarda da olublar.

Son əfv sərəncamı 2 aprel məhbuslarından yalnız Elnur İsrəfilova şamil edilib. Bundan başqa «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli də buraxılanlar arasındadır.


«2 APREL MƏHBUSLARININ MÜDAFİƏSİ ZƏİF OLMASAYDI...»

Amma digər 2 aprel məhbuslarının yaxınlarının bu dəfəki əfvlə bağlı gözləntiləri özünü doğrultmayıb.

Arif Hacılı
Arif Hacılı
Müsavat başqanının müavini Arif Hacılının qardaşı Vaqif Hacıbəyli 2 aprel məhbuslarının azad olunmamasının səbəbini onların müdafiəsinin zəifliyi ilə əsaslandırır. Hesab edir ki, müdafiə işi daha yaxşı qurulsaydı, beynəlxalq təşkilatların «vicdan məhbusu» kimi tanıdığı insanlar çoxdan azadlığa çıxardılar.


«2 APRELÇİLƏRİ HAKİMİYYƏT BURAXMAĞA HEÇ HAZIRLAŞMIR DA»

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının anası Başxanım Abbasova isə deyir ki, o, oğlunun son əfv fərmanı ilə azadlığa çıxacağına ümumiyyətlə inanmayıb:

«İnanmırdım ona görə ki, onlar təkidlə əfv ərizəsi yazılmasını tələb edirdilər. Təbii ki, nə 2 aprelçilər, nə də onların ailələri ərizə yazmayacaqdılar. Heç hakimiyyət hazırlaşmır da onları buraxmağa. Turalla mən görüşəndə dedi ki, «ana, özünü hazırlama, ola bilsin ki, bizi maya qədər- bacardıqları qədər saxlasınlar».

15 mart əfv sərəncamı ilə azadlığa çıxan Ruslan Bəşirli isə deyir ki, əfv ərizəsi yazmadan əfvə düşmək mümkün deyil:

«Mümkün deyil ki, əfv ərizəsi yazılmadan məhkum əfv olunsun. Bu, bir proseduradır. Bunun başqa bir yolu yoxdur. Kim deyir ki, əfv ərizəsi yazmadan əfv olunub, bu, yalan şeydir».

Ötən il 2 aprel aksiyasına görə həbs olunan 13 müxalifət fəalı həbsdədir. Onlardan başqa gənc fəal, Harvard məzunu Bəxtiyar Hacıyev və hüquq müdafiəçisi Vidadi İsgəndərli də həbs cəzası çəkir. Yerli və xarici hüquq-müdafiə təşkilatları bu fəalların həbsinin siyasi motivli olduğunu deyirlər.


«62 NƏFƏRİN ƏFV OLUNMASI DA AZ İŞ DEYİL»

Hüquq müdafiəçisi Səidə Qocamanlı deyir ki, onlar Əfv Komissiyasına göndərdikləri siyahıya «siyasi» və «vicdan» məhbusları hesab edilən 24 nəfərin hamısının adlarını salıblarmış.

Səidə Qocamanlı
Səidə Qocamanlı
Hüquq müdafiəçisinə görə, onlar bütün «2 aprelçilər» və ümumiyyətlə bütün siyasi məhbusların azad olunacağını gözləyirmişlər. Bu baş verməsə də Səidə Qocamanlı deyir ki, 62 nəfərin əfv olunması da az iş deyil:

«Gərək yenə də gərgin çalışaq ki, «Eurovision» mahnı yarışmasına qədər qalan siyasi məhbuslar da buraxılsın. Yoxsa həmin dövrdə Azərbaycana gələcək 2000-ə yaxın jurnalist bu məsələlərdən yazacaq».

Səidə Qocamanlı deyir ki, indi onların siyahısında 22 «siyasi məhbus» qalıb.

Martın 15-də prezident İlham Əliyevin imzaladığı əfv fərmanı Azərbaycan müstəqillik qazanandan sonra sayca 51-ci əfv sərəncamıdır. İndiyə qədərki əfv sərəncamları 5376 məhkuma şamil edilib.
XS
SM
MD
LG