Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:38

Əlabbas "Qaraqovaq çölləri" (Romandan parça)


ƏLABBAS
ƏLABBAS
Azərbaycan yazıçıları müharibə mövzusunu əsərlərində necə əks etdirirlər?

"Oxu zalı"nda peşəkar tənqidçilərin iştirakı ilə Qarabağ haqqında daha iki romanı müzakirəyə çıxarırıq. Bunlar Mövlud Süleymanlının "Erməni adındakı hərflər" və Əlabbasın "Qaraqovaq çölləri" romanlarıdır. Artıq eyni mövzuda Aqil Abbasın "Dolu", Seymur Baycanın "Quqark" və Şərif Ağayarın "Haramı" əsərlərinin müzakirəsi bitib. (Roman müzakirələrinin tam arxivi) Yaxın günlərdə Ş.Ağayarın və S.Baycanın tənqidlərə münasibətini də biləcəksiniz. M.Süleymanlı və Əlabbasın romanları ilə müharibə mövzulu əsərlərin müzakirəsinə ara verəcəyik. Daha sonra siyasi və tarixi romanları müzakirəyə çıxarmağı düşünürük.

Hələliksə Əlabbasın "Qaraqovaq çölləri" romanından bir parçanı "Oxu zalı"nda təqdim edirik. Əsir bacısını tapmaq üçün erməni tərəfə adlayan döyüşçünün hekayətidir bu...


ƏLABBAS

QARAQOVAQ ÇÖLLƏRİ


(Romandan parça)

Şər qovuşar-qovuşmaz kənddə bir kimsəyə xəbər eləmədən yola çıxmağı, minalanmış ərazini əsə-əsə, arxasına baxmadan keçməyi, təxminən beş-altı saatdan sonra Uza çatmağı və müxtəlif cür səslərlə dolu, isti yay gecəsində dan yerinin sökülməyini intizarla gözləməyi… nəyi iləsə xəyala daha çox oxşayırdı.

Sonralar yadına salanda da mat qalmaya bilmirdi: görəsən, nə olmuşdu, niyə qarşıdan, düşmən tərəfdən açılacaq atəşdən elə qorxmurdu ki, öz ordu bölmələri səmtdən atılacaq qəfil güllədən o qədər ürpənirdi? Namərdlik, ehtiyat, ya gözün qorxmağı?

…Əgər ələ keçsəydi, ürəyində tutmuşdu ki, düşməndən yeganə diləyi bircə dəfə bacısının üzünü görmək istəyi olacaq! Sonra nə olurdu, olaydı, onu öldürə, başını kəsə, ondan-bundan eşitdiyi, ordan-burdan oxuduğu kimi, lap böyrəyini də çıxarıb sata bilərdilər. Qoy olsun, amma təki Əfruzu görə biləydi. Bəlkə, az-çox onda dinclik tapaydı. Bir qardaş kimi, o bu yolda nə vaxt özünü oda-közə vurdu, bir nəticəsi olmadı?

Onu son qərara gətirən, İmdaddan, tay-tuşlarından, Zülfü müəllimdən xəbərsiz-ətərsiz yola çıxaran da bu alovlu istək idi. Bilirdi, heç bir məsləhətin faydası olmayacaq, bütün hallarda onu borclu çıxaracaqlar. «Nə danışır, başına at təpib, nədi, Yerevana getmək hardan ağlına gəlib?… Yaxşı fərz edək ki, gəlib, nə deyirik? Bəs sərhədi necə keçəcək? Nallayarlar qaşqasından, yapışar yerə… Heç görsün özününkülərdən keçə biləcək ki, Yerevan deyib durub. Mən deyim, Yerevanda oturanlar uşaq-muşaqdı, onun cəfəngiyatına qulaq asalar…»

Osa ayrı şey fikirləşir və niyə elə fikirləşdiyinin səbəbini bilməyə-bilməyə ümid edirdi ki,
əgər desə, bacısının əvəzinə, girov qalmağa gəlib, mütləq ona inanarlar. O adam bu işə şübhə ilə baxar ki, bacının nəmənə olduğunu bilməsin. Hələ desəydi, onlar ekizdilər, yəqin ki, bunun da işə köməyi dəyməmiş olmazdı. Əgər yalanı çıxsa, qoy onu sorğu-sualsız, yerindəcə güllələsinlər. Tarixə belə düşməyin özü də pis deyil. Onsuz da cana doyub, yaşamağa qoymurlar ki, başını salıb kasıbçılığını eləyəsən. Nə dolanışıqları bir dolanışıqdı, nə də ümidi var ki, günü sabah xoş bir şey olacaq. Odun, alovun içindən keçən döyüşçüyə bu nə diqqətdi göstərirlər? Başqaları baxıb nə dərs götürəcək? Dövlətin kəsdiyi qəpik-quruşu da at minnəti ilə verirlər. Bir soruşan ola, bəlkə, dədələrinin cibindən gedir?

Tək o olsaydı ki, bu, ellə gələn «bayramdı» və çarəsi dözməkdi, başqa məsələ, amma vay o idi, Qaraqovaq çuxurunda xoşagəlməz bir hadisə baş verə, dərhal onun üstünə cumurdular: sən bilməzsən, bu nə məsələdi?
Əstəğfürullah! Adam da dinməz bir kərə, dinməz iki kərə, daha bu zəhrimar əsəb də dəmir deyil ki, hər şeyi peysərə verəsən, gedə. Hələ onu da biləsən ki, yaxşı nəsə olacağını gözləmək dəvənin boynunun düzələcəyinə bəslənən ümiddən başqa, bir şey deyil.

Axırda da gəlib o yerdə dayandılar ki, «bəlkə, gedəsən buralardan?» Nə edəydi? Əgər bu, təkcə o fikri səsləndirənlərin yox, öz dostlarının da ürəyindən keçirdisə, demək, bu barədə əməlli-başlı düşünməyinə dəyərdi.

...Amma bəs Əfruz?! Həmişə o fikirdə olmuşdu ki, o, nə edə bilsə, bacısının xilası yolunda yalnız burda, onun ələ keçdiyi yerdə edə bilər. Əsgərlər təmas xəttinə yaxınlaşmağa imkan verməsə də, o, qızın əsir götürüldüyü sərhədin həndəvərinə az qala hər gün baş çəkər, dünənə qədər qoyun-quzu otğardığı, bu günsə ayaq basa bilmədiyi yerləri nəmli gözlərlə süzərdi. Elə onda da, sonralar da o fikri heç zaman dəyişilmədi ki, kənddən kənara qoyduğu hər addımı bacısından milyonlarla ağac uzaqlaşması, bəlkə də, həmişəlik üzülüşməsi demək olacaq. O vaxt çətin kimsə duyuq düşərdi ki, oğlanı bu səmtlərə çəkib gətirən təkcə həsrət və uşaqlıq xiffəti deyil…

Nəhayət, bu da son qərar!

Allahın qismətidi, sağ qalar, çox yaxşı, yox, əgər qalmasa, barı bilən bilər, o nəyin qurbanı oldu. Bu xəbər hər halda günün birində Əfruzun da qulağına çatacaq. Yəni ola bilərdi, bu qəribə, bir az da ağlabatmayan olayı qəzetlər işıqlandırmaya? Həlbət bir allah bəndəsi tapılıb adı yazılmış o bir parça kağızı qıza göstərər, hələ, bəlkə, olmuşların bütün təfsilatını da ona danışardı: nə necə olub, hadisə nə vaxt baş verib, qardaşı düşmən tərəfə necə keçə bilib və özünü niyə təslim edib?… Əlbəttə! Nə qədər olmasa da, söhbət bir başqasından yox, məhz ondan, Əfruzdan gedir axı… Bütün bu həngamələr onun başında ola-ola bunu necə gizləyə, ona deməyə bilərdilər? Əksinə, sabaha inamı itmiş, ümidsiz, innən belə nə qədər yaşayacağı bilinməyən üzgün və xəstəhal bir qızın əvəzinə, dağ boyda bir girov ələ keçirdiklərindən gen-bol və ağızdolusu danışmağa haqları da çatardı. İstəsəydilər, bundan səsli-küylü bir məzhəkə yarada, hətta bütün dünyaya car da çəkə bilərdilər ki, neft və digər təbii sərvətlər hesabına gecə-gündüz yağ-bal içində üzdüklərini iddia edən düşmən diyarın gənclərini aclıq və səfalət onların ölkəsinə üz tutmağa məcbur eləyib. Özü də kimi, kimi başına pul qoyulmuş bir döyüşçünü! Əgər qəhrəmana münasibət onu öz ölkəsindən baş götürüb getməyə məcbur edirsə, gör onda bu cənnət diyarda başqaları nə kökdə yaşayır?!…
Fiasko! Bunun başqa adı yoxdu!…

Kaş elə belə bir şey olaydı, bu işə bütün aləm qarışaydı və hamı da biləydi ki, bacısı əsirlikdə olan məğlub ölkənin sıravi bir vətəndaşı onun xilası yolunda canından belə keçməyə hazırdı. Belə bir şey olsaydı, gündə bir sorağı gələn qızın azad olunmasına bunun ziyanı dəyməzdi ki, xeyri dəyərdi. Onun istədiyi də o idi ki, bu hadisə diqqət mərkəzində olsun.

Bəs o, Əfruz özü buna necə baxardı, görəsən? İnanardı ki, həqiqət sözdə deyildiyi kimidi? Hər şeyin qanın və həyatın bahasına hesablandığı bir məqamda, bu nə sadəlövh düşüncə tərzi idi? Əvvəla, əgər Əfruz onun tanıdığı qız idisə, dünyanın lap o başında da olsa, onun məqsədini hiss etməyə bilməzdi. Hələ uşaqlıqdan adəti idi, bir şey baş verən saat onun, yəni qardaşının hadisəyə münasibətini bilib, heyrətlə «elə mən də o haqda düşünürdüm» deyərdi. Evdə, elə kənddə də hamı bilərdi ki, ekizlərin dərdi, sirri bir-birindən gizli deyil. Ta körpəlikdən o cür olmuşdular: biri xəstələndimi, mütləq o biri də yatağa düşər, sağalıb ayağa durmaları da eyni gündə olardı. Yaxud… Ola bilməzdi ki, biri sevdiyi adama o biri nifrət bəsləsin, biri xoşlamadığı yeməyi o biri xoşlasın. Bunu ailə üzvləri, qonum-qonşu, bütün yaxın ətraf bilirdi.

İkincisi də, qız axı o avamlardan deyildi, hər deyilənə gözüyumulu inana. Qardaşının sərhədi hansı məqsədlə keçdiyini eşidən kimi, ilk olaraq yadına düşən şeyin nə olacağını da əkiztayı elə bəribaşdan bilirdi, qalmışdı hələ onun inanmağı ola…

11

Ataları həftədə bir dəfə, adətən şənbə günləri evdə onlara imla yazdırar, bununla təkcə hüsn-xətti yox, həm də düzgün yazı qaydalarını öyrədər, bir başqa dəfə isə haçansa başlarına gələn ən maraqlı hadisə barədə təəssüratlarını qələmə almağı tapşırardı. Növbəti həftə çalışmalar dəyişər, bu dəfə onlar – iki qardaş, iki bacı yalnız suallara cavab verməli olardılar. Şərtlər kimi suallar da birbaşa yox, tədricən çətinləşərdi: Bakı nə vaxtdan paytaxtdı, Azərbaycan bir dövlət kimi nə vaxt formalaşıb, Xətai dövründə onun ərazisi nə qədər olub, indi nə qədərdi? Vətən hardan başlanır, evlə vətənin fərqini nədə görürlər?… Çaşdırıcı suallar da az olmurdu: «Üçü üçə bərk vuranda neçə eylər? Altmış üçdən iyirmi yeddini xapdan çıxanda neçəsi qalar?» «Su kəsiləndən sonra krandan birinci fısıltı gəlir, bəs ondan sonra nə gəlir?» «On bir» cavabını yalnız Əfsun verərdi, özü də fikirləşmədən, dərhal… Bu qism sorğuların qeyri-ənənəvi cavab tələb etdiyini, bir qayda olaraq, hamıdan əvvəl o duyardı.

Yarış iştirakçılarına elə gələrdi, bu qəbil sualla onları daha çaşdırmaq olmaz. Çünki hədəfin nə olduğu artıq aydın idi. Özlərini ağıllı göstərmək üçün növbəti cəhddə yanılmayacaqlarını əzəl başdan bəyan edər və yalvarardılar ki, ata yenə o cür suallardan versin. Nə olar, lap yaxşı, o cür demirlər, qoy o cür olsun. Bundan asan nə var? Təki onlar kəllə işlətsinlər. Məsələn, desinlər görək, üzənlərdən nə yeyilmir? cavabda daha hansı canlının adı eşidilməzdi? «Suilanı, balina, molyusk, qurbağa, suiti...» Onlar təkcə səhv etməz, həm də çığır-bağır salar, bir-birini qa-baq­lamaq üçün fəryad qoparardılar. Məlum olanda ki, cavabların heç biri qaneedici deyil, sakitləşib Əfsuna baxar, onun münasibətini bilmək istərdilər. Maraqlı həm də o idi ki, böyük qardaş da elə onlar qədər bildiyi halda, necə olurdu, cavabda çaşmırdı? Onlar bunun səbəbini yalnız «gəmi» sözünü eşidəndən sonra anlayar və acı-acı təəssüflənərdilər ki, niyə axı bu, ilk olaraq onların ağlına gəlməyib? Niyə hər şeyi üzdən fikirləşir, bir az dərinə gedə bilmirlər? Bunun üçün də, yəni əlahiddə ağıl lazımdı?

Növbəti sual yalnız təkidli israrların nəticəsi olaraq ortaya çıxardı. Məktəblilər elə sanardılar, «Makedoniyalı İsgəndər öz qorxaq əsgərini yanına çağırıb ultimativ şəkildə ondan ya qorxaqlığından əl çəkməyi, ya da adını dəyişməyi tələb edir! Döyüşçünün adı nə idi?» sualının yeganə düzgün cavabı Qorxmaz, cəsur, cəsarət, Qəhrəman, uzaqbaşı isə Fərasət ola bilər. Atanın «Makedoniyada belə ad?» iradı onları nəinki inadından döndərməz, duyuq belə salmazdı. Uşaqlar atanın tərəddüd içində qaldığını görüb bir az da qızışar, axır ki, düzgün cavab tapıb heç olmazsa bicə dəfə onu susdura bildikləri ilə öyünərdilər. Yenə Əfsun! Qorxaq döyüşçünün adının «İsgəndər!» olduğunu yalnız o tapar və bunu çığır-bağırsız, təntənəsiz-filansız edərdi. Bu yerdə qardaş-bacıların təəssüf və təəccübünə açıq-aşkar bir sevinc duyğusu da qovuşar, onların deməyə daha sözləri qalmazdı.

Bundan sonrakı suallarsa həyati əhəmiyyət daşıyar və məktəbdə olduğu kimi, bu məqamlarda özünü evdə də ciddi aparan ata bəri başdan təntənəli şəkildə bəyan edərdi ki, diqqətli olsunlar və cavab verməyə tələsməsinlər, çünki onların kimliyini təyin etməyə o daha çox bu suallara münasibətdə cavab tapacaq. Beləliklə, ilk sual: sizlərdən hansınız suya düşüb boğulan dostunu xilas üçün canını fəda edər? Yaxud alışıb-yanan evdə qalmış ata-ananı qurtarmaq üçün köməyə gedən olarmı, bilə-bilə ki, onu da labüd ölüm gözləyir… cavablarını gözlərinin qarşısında yoxlayan atasının adicə bir hərəkətindən, qımışmağından, dodaq­larını büzməyindən və ya alnını qırışdırmağından bilərdilər ki, o nədən razı, nədən narazıdır?

Əfsunun hər şeydə onları üstələdiyini isə atasının sözündən sonra bilərdilər. O, oğluna baxıb razı-razı gülümsünər və: «səndə nəsə var» deyərdi, «baxaq görək axıra qədər belə gedə biləcəksən, ya yox? Bilmək olmur həyatın işlərini. Bir də görürsən, ən sadiq və etibarlı adamlar da ən gərgin məqamda etibarını itirdi» Amma o, oğlunu övladlarının gözü qarşısında üzbəsurət sınağa çəkməkdən də qalmazdı. Ki düzünü desin, o öz dostu, qardaş-bacısı, ya hər hansı doğması üçün candan keçməyə hazır olduğunu sözgəlişi yazıb, xoşa gəlmək istəyir, ya bu, bir həqiqətdi? Oğlanın cavabı həmişə tərəddüdsüz və tutarlı olardı: «Niyə sözgəlişi?»

Bu, o əyyamlar idi, münasibətlərin xoş, aranın sakit, yaşayışın dinc olan çağı… İndisə hər şey dəyişilmişdi, hər addımı ölçüb-biçmək məqamıdı, az qala hər kəlməyə görə cavabdehlik və məsuliyyət daşıyırsan. Adicə səhvin ölümlə qurtaran anı yetişmişdi. Biri elə indi. Sakitcə təslim olub, kimliyini və bu tərəfə nə niyyətlə keçdiyini gizlətsəydi, onu nə gözlər, o halda hansı vəziyyət yaranardı? «Yol azmışam», vəssalam, «görürsünüz ki, üstümdə silah-sursat yox, özüm də ev paltarında»

Bacısının əsir olduğunu gizlədə, ola bilsin, soraqlaşa-soraqlaşa əlaltdan yer-yurdunu öyrənə də bilərdi. Amma o bununla neyləyən idi? Nəyə nail olacaqdı? Ondan da besərən, beli bağlı deyildi ki, tezliklə onu hansı əsirləsə dəyişməyəcək və ya hansısa beynəlxalq təşkilatın xətti ilə geri qaytarmayacaqlar. Amma yox… Çətini kimliyi bilinənəcən idi. Əfsun? O qaraqovaqlı balası? Başına pul qoyulan oğlan? Çox əcəb! Əcəli gələn keçi!… Axır ki, keçdi girə!

Ən pisi o olardı ki, qana susamış kənd adamlarının əlinə düşəydi, onlar da sorğu-sual etmədən işini bircə anda, əlüstü bitirəydilər. Çox lazımları idi, öyrənsinlər, o kimdi, bu tərəfə nəyə gəlib, əsl məqsədi-filanı nədi? Hələ biləydilər, o, könüllülərdən ibarət taborun döyüşçüsü olub, onların balalarına güllə atıb, nəinki güllə atıb, vaxt olub, onları sərçə tək bircə-bircə dənləyib, üstlərinə tank sürüb, vay halına, yəqin, iri tikəsini qulağı boyda elərdilər. O da durub iltifat gözləyir, təvəkkülə bel bağlayır ki, allahın işidi, bəlkə, olmadı elə, oldu belə…
XS
SM
MD
LG