Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:18

Camal Əli: «Bundan sonra polislər bizi döyməyəcək»


Camal Əli, Bakı 17 Mart 2012
Camal Əli, Bakı 17 Mart 2012
«Mən bura gələn insanları təbrik edirəm. Çox yaxında Azərbaycanda böyük dəyişikliklər olacaq. Ümid edirəm ki, hamımız bir yerdə bunun şahidi olacağıq, heç birimiz türmədə olmayacağıq. Bu bir başlanğıcdır. Bundan sonra polislər bizi döyməyəcək. Məni həyatımda polis döyməyib. Bundan sonra da yəqin döyməyəcək. Mən buna sevinirəm, çünki dubinka həvəskarı deyiləm».

Bu sözləri 17 mart - gənclərin icazəli mitinqi zamanı «Bulistan» qrupunun üzvü, rok musiqi ifaçısı Camal Əli «Kanal 13»ə müsahibəsində deyib. Mindən çox gəncin bir araya gəlməsindən, mitinqin polis zorakılığı olmadan davam etməsindən məmnun olduğunu bildirib.

Artıq 5 gündür ki, Camal Əli səhnə yoldaşı, gitara ifaçısı Natiq Kamilov və «NİDA» Vətəndaş Hərəkatının üzvü, blogger Etibar Salmanlı ilə birlikdə Səbail Rayon Polis İdarəsində saxlanır.

Rok musiqi ifaçısının mitinq zamanı oxuduğu mahnıda qeyri-etik sözlərin olması mübahisənin yaranmasına gətirib çıxarıb. Bu zaman Camal Əli prezidentin ünvanına söyüş səsləndirib və işə əvvəlcə mülki geyimlilər, daha sonra polis qarışıb. Camal Əli digər iki gənclə birlikdə Səbail rayon 8-ci polis bölməsinə aparılıb. Mitinqdən sonra, məhkəmədə dediyinə görə, Camal Əli rezin dəyənəyin nə olduğundan da artıq xəbərdardır.

CAMAL ƏLİNİN YENİDƏN DÖYÜLMƏSİ İLƏ BAĞLI NARAHATLIQ VAR

«Dabanıma «dubinka» ilə vururdular. Martın 19-da saat 3-5 arası, 2 saat döyüblər» – bunu Camal Əli martın 21-də apelyasiya məhkəməsində deyib. Onu da bildirib ki, Səbail Rayon Məhkəməsində döyüldüyünü dediyinə görə, məhkəmədən sonra polis idarəsində onu yenidən döyüblər.
Anar Qasımlı
Anar Qasımlı
​Vəkil Anar Qasımlı müdafiə etdiyi gənclərin indi də təcridxanada deyil, Səbail Rayon Məhkəməsində olduğunu bildirir. O, müdafiə etdiyi gənclərin apelyasiya məhkəməsindən sonra da döyüləcəkləri ehtimalından narahatdır:

«Camal Əlinin yenidən döyülməsi ilə bağlı narahatlıqlar var. Çünki özü də dedi ki, Səbail Rayon Məhkəməsində döyüldüyünü dediyinə baxmayaraq onu idarədə yenidən döyüblər. Apelyasiya məhkəməsində də döyüldüyünü dedi, çox güman ki, onu növbəti dəfə də döyə bilərlər. Ona görə də, sabah planlaşdırıram ki, gedim onunla görüşüm».

Anar Qasımlı deyir ki, məhkəmədə Camal Əli ilə görüşə bilib və onun bədənində, üz nahiyəsində döyüldüyünü göstərən zərbə izlərinin fotosunu çəkib. Vəkilin müraciətindən sonra Apelyasiya məhkəməsi döyülmə faktının araşdırılması üçün Respublika Prokurorluğuna məktub göndərib. Amma:

«Prokurorluq bu günə kimi məsələni araşdırmayıb. Bu elə şeydir ki, isti izlərlə, dərhal araşdırılmalıdır, yəni izlər itməmiş gəlib onu ekspertizadan keçirməli idilər, foto, video çəkilişlərini aparmalı idilər. Görünən odur ki, bu məsələnin araşdırılmasında hüquq-mühafizə orqanları elə də maraqlı deyirlər və çalışırlar ki, olanları ört-basdır etsinlər».

Baş prokurorluq isə hələ ki, bu iddialara aydınlıq gətirməyib. Bu qurumun mətbuat xidməti bildirir ki, məsələ ilə bağlı suallara yalnız bayramdan sonra aydınlıq gətirə bilərlər.

AVROPA PARLAMENTİ DƏ MÜZAKİRƏYƏ HAZIRLAŞIR

Martın 21-də «Amnesty International»ın rok musiqi ifaçısı Camal Əli və gitara ifaçısı Natiq Kamilovun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycan hökuməti mitinqdə iştirak edən musiqiçilərə polisin işgəncə verməsi faktını araşdırmalıdır.

«2 ay sonra «Eurovision» mahnı müsabiqəsinə səhnə olacaq Bakıda belə bir hadisənin baş verməsi –hökumətin icazəli mitinqdə musiqiçilərə zor tətbiq etməsi ironiya doğurur» - bunu təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru John Dalhuisen deyib.

Elə yerli hüquq müdafiəçiləri də bu fikirdədirlər. İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov deyir ki, belə bir hadisənin baş verməsi «Eurovision» öncəsi Azərbaycanın beynəlxalq aləmdə insan hüquqları baxımından onsuz da aşağı olan imicinin daha da zəifləməsinə səbəb olur:

Rəsul Cəfərov
Rəsul Cəfərov
«Məndə məlumat var ki, artıq Avropa parlamenti də bununla bağlı müəyyən müzakirələrə başlamağa hazırlaşır. Bizi həmişə ittiham edirlər, deyirlər ki, «Eurovision» bir mahnı yarışmasıdır. Amma bu məsələ onu göstərdi ki, hətta musiqiçilər də başqa cür fikirləşirlərsə, yəni hakim mövqedən çıxış etmirlərsə, onlar da hədəf ola bilərlər. Bu həbs, bu işgəncələr bunu bir daha sübut etdi».

25 yaşlı Camal Əli İstanbulda səs mühəndisliyi üzrə ali təhsil alır. Onunla həmyaşıd olan gitara ifaçısı Natiq Kamilov da İzmirdə psixologiya ixtisası üzrə təhsilini davam etdirir. «Bulistan» qrupu yaranmazdan öncə Camal Əli «Host» qrupunun üzvü olub, daha sonra aralarında fikir ayrılığı yaranıb deyə qrupu tərk etməli olub. Ötən ilin mart ayında İstanbulda «11 mart – Böyük Xalq Günü» ilə bağlı keçirilən aksiyada «Bulistan»ın hazırkı üzvləri bir-biri ilə tanış olur və qrup yaratmaq qərarına gəlirlər. Bir ilə yaxındır fəaliyyət göstərən qrupun çoxsaylı mahnıları yalnız internet məkanında yayılır.
XS
SM
MD
LG