Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:36

Fuad Ağayev: «Quba hadisələri ilə bağlı istintaq obyektiv aparılmır»


Quba, 1 mart 2012
Quba, 1 mart 2012
Martın 1-də Qubada keçirilmiş etiraz aksiyası ilə əlaqədar saxlanılanlar buraxıldıqdan sonra bu barədə danışmaq istəmirlər. Kimisi Bakıda qohumlarının yanında olduğu üçün bir müddət rayonda görünmədiyini deyir, kimisi də kurorta getdiyi üçün işdə olmadığını bildirir.

Martın 17-dən saxlanılan və 8 gün sonra – ayın 25-də evinə buraxılan Quba bələdiyyəsinin sədr müavini Dəstəbəy Tərlanov da başına gələnlər barədə AzadlıqRadiosuna danışmaq istəmədi. Yalnız onu dedi ki, saxlamaq polisin, cavab vermək isə onun borcudur:

«Mən evimdəyəm. Özümü də yaxşı hiss edirəm. Heç bir problem də yoxdur mənim üçün».

Qubadakı etiraz aksiyalarından polisə çağırılanların bir qismi isə AzadlıqRadiosuna danışmağa meylli olsalar da, telefonlarının dinlənildiyini deyib susmağa üstünlük verirlər. Amma əlbəttə ki, adının çəkilməməsi şərtilə rayonda aksiya iştirakçılarının hələ də polisə çağırılıb dindirildiyini bildirənlər də var.

CƏMİYYƏTDƏ QORXU YARADILIR?

Helsinki Vətəndaş Assambleyasının (HVA) Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Abdullayeva da deyir ki, rayonda sakinlərin polisə aparılıb dindirilməsi davam edir. Özü də bunu məqsədli şəkildə edirlər ki, camaat qorxub bir də belə aksiya keçirmək fikrinə düşməsin:

«İndi də Rustovun Xanəgah kəndindən 8 nəfər saxlanılıb. Polisə aparılanların əksəriyyətini dindirib buraxırlar. Məqsəd hamını qorxudub sakitləşdirməkdir. Əlbəttə bu, cəmiyyətdə qorxu yaradır».

Arzu Abdullayeva
Arzu Abdullayeva
Arzu Abdullayeva deyir ki, həmin hadisələr zamanı deputat Vahid Əhmədov vəd verdi ki, heç kim təqib olunmayacaq. Hüquq müdafiəçisinin fikrincə, deputat bu hadisələrdə yaxşı işləyib və etirazçılara kömək üçün əlindən gələni edib. Amma indiki hadisələrin fonunda təqiblərin olmadığını demək də mümkün deyil.

Rustov Qubada ərazi vahididir. Xanagah da həmin ərazi vahidinə daxil olan kəndlərdən biridir. Rustov bələdiyyəsinin sədr müavini Aydın Kazımov kənddən heç kimin polisə çağırılmadığını bildirir. Deyir dəqiq bilir ki, belə bir şey olmayıb.

«İSTİNTAQ OBYEKTİV APARILMIR»

Deputat Vahid Əhmədov isə deyir ki, o, bu məsələ haqda kifayət qədər danışıb. İndi Qubada baş verənlər barədə isə məlumatı yoxdur. Xatırladaq ki, Vahid Əhmədov martın 1-də etirazçılardan dağılışmağı xahiş edir, bütün saxlananların buraxılacağını deyirdi.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov Qubada sakinlərin kütləvi şəkildə polisə çağırılıb dindirilməsində qeyri-adi heç nə görmür. Deyir ki, hazırda istintaq gedir. İnsanlar istintaqa çağırılıb dindirilir və sonra da sərbəst buraxılırlar. Bütün məlumatlar da istintaq
Yevda Abramov
Yevda Abramov
orqanlarındadır.

Vəkil Fuad Ağayev isə heç kimin həbs edilməməsi barədə vəd verildiyi halda həbslərin getdikcə artması fonunda tamamilə başqa nəticəyə gəldiyini deyir. Onun qənaətincə, əslində, keçmiş icra hakimiyyəti başçısının məsuliyyət məsələsini həll etməli olan istintaq, əksinə, icra başçısının qanunazidd fəaliyyətinin nəticəsi olan hadisələrdə iştirak edənlərin məsuliyyəti üzərində dayanıb.

Vəkil hesab edir ki, Quba hadisələri ilə bağlı istintaq obyektiv aparılmır:

«İCRA BAŞÇISININ VƏZİFƏDƏN KƏNARLAŞDIRILMASI ONUN GÜNAHKAR OLDUĞUNU TƏSDİQLƏYİR»

«Burada istintaqın obyektiv aparılmadığını jurnalistlərin həbsi də təsdiqləyir. Çox qəribə mənzərə yaranır. Qubalıların hiddətinə səbəb olan çıxışı edən qalır kənarda, o çıxışı yaymış hesab edilən jurnalistlər məsuliyyətə cəlb olunur. Əlbəttə ki, bu məsələdə həmin istintaq orqanının əməkdaşları, eləcə də prosessual rəhbərliyi həyata keçirən prokuror yaxşı düşünməlidir. Cinayət prosessual qanunvericiliyini bu cür yozmaq və bu şəkildə gerçəkləşdirmək əlbəttə ki,
Fuad Ağayev
Fuad Ağayev
yolverilməzdir».

Qubanın «Xəyal» televiziyasının baş redaktoru və icraçı direktoru saxlanıb. Vəkilin dediyinə görə, istintaq icra başçısının çıxışının niyə montaj olunduğunu araşdırır.

Fuad Ağayev deyir ki, əslində icra başçısının vəzifədən kənarlaşdırılması onun həmin hadisələrdə günahkar olduğunu təsdiqləyən faktdır. Bundan sonra etiraz aksiyasında iştirak edənlərlə bağlı bu cür rəftar artıq başqa niyyətdən xəbər verir.

Quba hadisələri ilə bağlı nəinki polisə çağırılanlar, heç bəzi deputatlar da danışmağa meylli deyillər. Hərə bir yolla bu barədə fikir söyləməkdən yayınır.

Arzu Abdullayeva isə deyir ki, Qubada sakinlərə bu cür təqiblər əslində yeni etirazlar üçün detonator rolunu oynayır. Bu cür hərəkətlərlə xalqı dayandırmaq olmayacaq. Onun dediyinə görə, rayonda yeni etiraz aksiyası hazırlanır.
XS
SM
MD
LG