Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:43

Avronest həmsədri: «Azərbaycanda vəziyyət tam bitkin olmasa da, qəbulediləndir»


Borys Tarasyuk
Borys Tarasyuk
«Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normalarına və BMT-nin qərarlarına uyğun həll olunmalıdır. Azərbaycanın əraziləri birləşdirilməlidir».

Bunu aprelin 4-də Milli Məclisdə Avronest Parlament Assambleyasının həmsədrlərinin keçirdiyi mətbuat konfransında qurumun Ukraynadan olan həmsədri Borys Tarasyuk deyib. O, qeyd edib ki, Avronestin həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinə dair şərhi yoxdur. Amma Ukrayna parlamentinin deputatı kimi bildirir ki, ölkəsinin Dağlıq Qarabağ münaqişəsində mövqeyi əvvəldən gün kimi aydın olub:

«UKRAYNANIN MÖVQEYİ AYDINDIR»

«Ukrayna Azərbaycanı öz ərazisini birləşdirmək cəhdlərində daim dəstəkləyib. Bu, beynəlxalq hüquq normalarına və BMT-nin qərarlarına uyğundur. Ukraynanın mövqeyi aydındır – biz Azərbaycanın ölkəni birləşdirmək uğrunda ədalətli siyasətini dəstəkləyirik».

B.Tarasyuk onu da deyib ki, Avronest PA cəmi 11 aydır yaradılıb. Ancaq vaxt gələcək ki, Euronest PA bəzi ölkələrdə separatçılıq məsələləri ilə də məşğul olacaq. Onlar separatçılıq problemləri ilə üzləşən Gürcüstan və Moldovanı da dəstəkləyirlər.

B.Tarasyuk Avronest PA-nın Bakıda sessiyasının yüksək səviyyədə təşkil olunduğunu da bildirib. Nümayəndələr özlərini çox rahat hiss ediblər.

Bir məqamı qeyd edək ki, AzadlıqRadiosu tədbirə qatılmış Ermənistan nümayəndə heyətinin üzvlərindən aprelin 4-də müsahibə götürmək istəsə də, onlardan heç birini tapa bilməyib. Tədbirin təşkilatçılarının AzadlıqRadiosuna bildirdiyinə görə, Ermənistan nümayəndələri də Azərbaycan mediasına müsahibə verməkdə maraqlı olublar, ancaq bu imkan onlara yaradılmayıb.

BRÜSSEL DƏRSLƏRİ

Avronestin 7 ay əvvəl Brüsseldə keçirilən ilk sessiyasını uğursuz sayan B.Tarasyukun fikrincə, həmin uğursuzluqdan çıxarılan nəticə Bakı toplantısını daha məhsuldar edib.
Avronestin iclası
Avronestin iclası
Sessiyada insan hüquqları və digər məsələlərlə bağlı çox vacib qərarlar qəbul edilib. Onun fikrincə, Azərbaycanın beynəlxalq aləmdə rolu artıb.

Avronest PA-nın digər həmsədri Kristian Vigenin də sessiyanın yüksək səviyyədə təşkil olunduğunu bildirib. Qeyd edib ki, bu, Avronest PA-nın Avropa İttifaqının hüdudlarından kənarda ilk sessiyası idi. İlk dəfə idi ki, sessiyada 4 qətnamə və 1 hesabat qəbul edilirdi. K.Vigenin də Azərbaycanın beynəlxalq aləmdə rolunun artdığını qeyd edib. O bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qəbul etdiyi qərarlar Avropa İttifaqının mövqeyinə uyğundur.

QÜSURLAR VAR, AMMA...

İnsan haqlarına dair vəziyyətə gəlincə, K.Vigenin deyir ki, onlar bu sahədə bəzi qüsurların olduğunu bilirlər:

«Azərbaycanı başqa ölkələrlə müqayisə etsək, vəziyyət tam bitkin olmasa da, qəbulediləndir. O mənada qəbulediləndir ki, Azərbaycan Avropa Birliyinin hərtərəfli tərəfdaşıdır və problemləri həll etmək üçün cəhdlər edirlər. Biz realist olmalıyıq – Azərbaycan haradan başlayıb, hansı mühitdə inkişafa başlayıb.
Kristian Vigenin
Kristian Vigenin
Biz də anlaşma göstərməliyik, eyni zamanda da bəzi məsələlərin daha sürətli baş verməsini istərdik».

RƏSMİLƏR ÇATIŞMAZLIQLARI BAŞA DÜŞÜR

K.Vigenin deyir ki, bu çatışmazlıqlar təkcə Azərbaycanda deyil, regionun bir çox ölkələrində, bəzi yeni üzv ölkələrdə də var. Avronest onları diqqətlə izləyir. Ancaq gözləmir ki, hər şey çox qısa zamanda düzələcək. Deyir, onlarda belə bir təəssürat var ki, Azərbaycan hökuməti, prezident, deputatlar çatışmazlıqları başa düşür və vəziyyəti yaxşılaşdırmağa çalışırlar.

K.Vigenin düşünür ki, Avronest PA-nın siyasi məsələlərlə bağlı hesabatından hər ölkə özünə aid olanları anlayacaq və nəticə çıxaracaq. Gələcəkdə isə Avronest çıxarılan nəticələrə kimin nə dərəcədə əməl etməsi ilə bağlı qiymətləndirmə aparacaq.

Dağlıq Qarabağ probleminə dair sualları cavablandırarkən K.Vigenin ümid etdiyini bildirib ki, 20 ildir problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna daha 20 il də lazım olmayacaq.

Avronestin üçüncü sessiyası 2013-cü il mayın 28-29-da Brüsseldə keçiriləcək.
XS
SM
MD
LG