Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:33

Bakı şəhər prokurorluğu Xədicə İsmayılovanın işi ilə bağlı ittihamları əsassız adlandırır


Xədicə İsmayılova
Xədicə İsmayılova

Bakı şəhər prokurorluğu jurnalist Xədicə İsmayılova və onun vəkil Adil İsmayılovun istintaq hərəkətlərinin yerinə yetirilməməsi barədə fikirlərilə razılaşmır.

Prokurorluğun aprelin 5-də yaydığı rəsmi məlumatda qeyd olunur ki, Xədicə İsmayılovanın şikayəti əsasında 2012-ci il martın 15-də Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə (Şəxsi həyatın toxunulmazlığını pozma) cinayət işi başlanıb və istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb:

“İstintaq zamanı nümayəndəsinin iştirakı ilə Xədicə İsmayılovanın ifadəsi alınıb. Onun vəsatəti təmin olunaraq dindirilməsini xahiş etdiyi şəxslər, eləcə də digər şahidlər dindirilib. Xədicə İsmayılova və nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxışlar keçirilərək iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülərək ekspertiza təyin edilib və müxtəlif orqanlara sorğular göndərilib”.

Məlumatda qeyd olunur ki, cinayət işi üzrə Xədicə İsmayılovanın iştirakı ilə aparılmış bütün istintaq hərəkətləri zamanı onun nümayəndəsi Adil İsmayılova əvvəlcədən məlumat verilməklə iştirakı təmin edilib.

Bakı şəhər prokurorluğunun məlumatına görə, cinayət işi başlanmasından sonra Xədicə İsmayılova və onun nümayəndəsi bir neçə dəfə Bakı şəhər prokurorluğunun rəhbərliyi tərəfindən qəbul edilib.

Xədicə İsmayılova aprelin 4-də müdafiəçisi Aslan İsmayılovla keçirdiyi mətbuat konfransında istintaqın gedişindən narazı olduğunu bildirib. Onun sözlərinə görə, prokurorluq "şantaj" faktı ilə bağlı cinayət işi açmayıb, hadisəni "şəxsi həyata müdaxilə kimi" nəzərdən keçirir. Bundan başqa, onun konkret istintaq əməllərinə dair müraciətləri ilə bağlı addımlar atılmayıb.

Jurnalist bildirir ki, yerli avtomat telefon stansiyasının əməkdaşı ötən ilin iyulunda onun qaldığı evə kabellər çəkdiyini etiraf edib. Amma bu məsələ istintaqın protokollarına salınmayıb.

Respublika Prokurorluğunun məlumatında bu məqama toxunulmur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə AzadlıqRadiosuna bildirib ki, səslənən ittihamı ətraflı araşdırmadan bu məsələyə heç bir şərh verə bilməzlər.

Xədicə İsmayılova keçən ay şantaj məktubu alaraq onu intim görüntülərini yaymaqla hədələyiblər. Jurnalistin hüquq-mühafizə orqanlarına müraciətinə baxmayaraq, həmin görüntülər yayılıb. Jurnalist prezident və ailəsi haqqında araşdırma yazılarına görə təqib olunduğunu deyir.
XS
SM
MD
LG