Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:58

Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib


Avropa Birliyinin bayrağı
Avropa Birliyinin bayrağı
Avropa Parlamentinin Strasburqdakı sessiyasında Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qətnamə qəbul olunub.

Assosiasiya müqaviləsi Avropa Birliyinin Azərbaycan və Ermənistanla apardığı danışıqların regionu daha təhlükəsiz etməsini, Dağlıq Qarabağ münaqişəsini həllinə təsir vasitəsini, həmçinin Avropa Birliyinin dəstəyi ilə insan haqları, ifadə azadlığı, sərbəst toplaşma sahəsində demokratik islahatların həyata keçirilməsini nəzərdə tutur.

Qətnamədə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və Azərbaycanın nəzarətinə qaytarılması vurğulanır.

İlk dəfədir ki, Avropa Parlamenti Ermənistanın DQ ətrafındakı rayonları işğaldan azad etməsini, həm hərbi həm də fiziki kontingenti çıxarmasını Assosiasiya sazişi üçün şərt olaraq ortaya qoyur.
Ermənistan-AB münasibətlərinə dair qətnamədə deyilir:
Üçüncü ölkənin ərazisinin işğalı beynəlxalq hüququn pozulmasıdır və Avropa qonşuluq siyasətinin əsas prinsiplərinə ziddir və bununla da bütün Şərq Tərəfdaşlığı layihəsini təhlükə altına qoyur.

AB regionda hərbi güclə bağlı çağırışlar, xüsusilə də Azərbaycanın yüksək hərbi xərclərindən narahatlığını ifadə edir. Qeyd olunur ki, ATƏT-ə üzv ölkələrin Azərbaycan və Ermənistanı silah və hərbi ehtiyatlarla təchizini dayandırmalıdır.

Bunlarla yanaşı, Türkiyə də «regionda öz məsuliyyətini yerinə yetirməklə Dağlıq Qarabağ münaqişəsində konstruktiv rol oynamağ»a çağırılır.

Prezidentlərin Soçi görüşü
Prezidentlərin Soçi görüşü
Azərbaycan hakimiyyətinə müraciət edilir ki, erməni kökənli şəxslərin ölkəyə girişinə əngəl yaratmasın və Ermənistana telefon zənglərinə qoyulmuş qadağa aradan qaldırılsın.

AB HESAB EDİR Kİ, ƏMƏKDAŞLIQ SÜLHƏ TÖHFƏ VERƏCƏK

Assosiativ sazişdə insan haqları ilə bağlı məqam da gözdən qaçmayıb. Sənəddə Azərbaycanın energetika sahəsində əməkdaşlığı təqdir edilir, bununla yanaşı vətəndaşların fundamental haqları və azadlıqları, o cümlədən mülkiyyət hüquqları, vətəndaş cəmiyyətinin inkişafı, qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə, siyasi plüralizm, medianın və məhkəmələrin müstəqilliyi ilə bağlı problemlərlə bağlı narahatlıq da dilə gətirilir.

AŞPA-nın siyasi məhbuslar üzrə siyasi məhbuslar üzrə məruzəçi Christoph Strasserin ölkəyə mandatı üzrə girişinə icazə verilməsi də sənədə ayrıca bənd kimi salınıb. Burda siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasının vacibliyi da bildirilir.

«CƏNUBİ QAFQAZIN TAM İNTEQRASİYASINA MANE OLAN ƏN MÜHÜM PROBLEM DAĞLIQ QARABAĞ PROBLEMİDİR»

Müzakirələr zamanı Rumıniyalı deputat Monica Macovei bildirib ki, «Cənubi Qafqazın tam inteqrasiyasına mane olan ən mühüm problem Dağlıq Qarabağ problemidir. Torpaqların işğalı, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtmasının qarşısının alınması Avropa dəyərlərinə ziddir. Bəziləri inanır ki, ATƏT Minsk qrupu formatında keçirilən danışıqların sülhün əldə olunmasına yardım edəcək. Ancaq mənim fikrimcə danışıqlar yetərincə qəti deyil və gözlənilən nəticəni vermir. Ona görə də, inanıram ki, Avropa Birliyi bu münaqişənin həllində daha fəal olmalıdır. Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa çağırmalı, çoxmillətli sülhyaratmaq qüvvələrinin iştirakı və etimad yaradan tədbirlərin icrası təmin edilməlidir.

Monica Macovei
Monica Macovei
Macovei Azərbaycanın başqa sahələrdə görməli olduğu işlərdən danışıb:

«Azərbaycanda hələ çox ciddi dəyişikliklər ehtiyac var, xüsusiylə də ədalət sistemi, korrupsiya, mütəşəkkil cinayətkarlıqla mübarizə və əlbəttə ki, insan hüquqları ilə bağlı beynəlxalq normaların tətbiqi sahəsində. Dövlət gəlirlərinin xərclənməsi və yuxarı eşalonlardakı korrupsiya hallarının araşdırlması da vacibdir və bu hakimlər və siyasətçilər üçün əsl imtahandır».


«BU İŞDƏ BİZİM AMBİSİYAMIZ GÜCLÜDÜR»

AB-nin genişlənmə komissarı Štefan Füle:
Stefan Fule
Stefan Fule
«Bu hesabatlara gəlincə, kənardan belə bir dəyərləndirmə verə bilərəm ki, hazırda danışıqlarda müzakirə olunan assosiativ sazişlər bizim iki ölkə ilə münasibətlərimizin dərinləşdirilməsi üçün fundamental alətlərdir. Şərq Tərəfdaşlığının çoxtərəfli genişlənməsi çərçivəsində bu müqavilələr iki ölkə arasında bir çox sahələrdə ikitərəfli münasibətlərin inkişafında bir vasitə olacaq. Hal-hazırda Ermənistanla Azərbaycan arasında belə kontaktlar mövcud deyil. Azərbaycana gəldikdə, Avropa Birliyi aydın şəkildə bildirib ki, bir çox sahələrdə demokratrik islahatlar yönündə irəliləyiş lazımdır. Biz həmçinin AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisinə dəvətnamə verilməsinə çağırırıq. Bu işdə bizim ambisiyamızı güclüdür. Bizim tərəflərə dəstəyimiz və gözləntimiz də güclüdür».
Ermənistana dair qətnamədə deyilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgərlərinin qanunsuz fəaliyyəti sarıdan ciddi narahatlıq var. Bu fəaliyyətə xüsusilə müntəzəm hərbi manevrlər, hərbi avadanlığın və heyətin dəyişdirilməsi aiddir.
Ermənistana çağırış edilir ki, Dağlıq Qarabağda xidmət keçmək üçün əsgər göndərməyi dayandırsın.
Həmçinin belə bir zərurət vurğulanır ki, Dağlıq Qarabağın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşmasını artırmaq üçün Ermənistan hakimiyyətinin siyasətinə dair xəbərlər araşdırılmalıdır.
Avropa Birliyi üzvləri insan haqları müdafiəçilərinin və gənc fəalların həbslərinin çoxalan sayının narahatlıq doğurduğunu da açıqlayıb.

Qurum Azərbaycan hakimiyyətini hər hansı sahədə seksual oriyentasiya və genderə görə diskriminasiyanı qadağa edən qanunlar qəbul etməyə çağırır.

Səsvermədə 520 deputat qətnamənin lehinə, 32 deputat əleyhinə səs verib, 24 deputat isə bitərəf qalıb.

Avropa Parlamentinin bugünkü plenar iclasında Ermənistanla assosiativ saziş üzrə danışıqların gedişinə dair də qətnamə qəbul olunub.

AVROPA PARLAMENTİDƏN «EUROVİSİON» ÇAĞIRIŞI

Azərbaycana dair qətnamədə hakimiyyətə çağırış edilir: Bakıda yeni binaların tikintisi qismən «Eurovision» Mahnı Müsabiqəsi ilə əlaqələndirilir – bu davamlı tikintilər qanunvericiliyə uyğun aparılsın, əhalinin yerdəyişməsi şəffaf hüquqi proseduralarla həyata keçirilsin. Qətnamədə həmçinin belə narahatlıq ifadə olunur ki, hökumət «Eurovision»dan ölkədə demokratik və insan haqlarının yaxşılaşdırılması üçün istifadə edən insan haqları müdafiəçilərinə təzyiqləri artırır.
XS
SM
MD
LG