Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:00

Bakıda toy qiymətləri


-
Kamran Cavadov
Kamran Cavadov
Bəylə gəlinin mələklərin müşayiəti ilə rəqsi, nişan üzükləri taxılan vaxt zər yağışı, toydan sonra atəşfəşanlıq... Sifarişlərdən asılı olaraq siyahını artırmaq da olar. Məsələn, gəlinlə bəy şadlıq sarayına daxil olarkən qapıları qaradərili açır, gəlinlə bəy şadlıq sarayına faytonda girir, məclisə aşı xüsusi rəqqaslar gətirir və daha nələr, nələr.

«ÖZÜMƏ DƏBDƏBƏLİ TOY ÇALDIRACAM»

26 yaşlı Bakı sakini Kamran Cavadov deyir ki, özünə bir toy çaldıracaq ki, uzun illər dillər əzbəri olacaq. Hətta deyir toyuna amerikalı müğənni Jeniffer Lopez'i də gətirmək arzusu var:

- Mən toyumda hər şey edəcəm. Yüksək səviyyədə, dəbdəbəli bir toy çaldıracam.

- Bəzi gənclər niyə belə dəbdəbəli toy çaldırmaq arzusundadır?

- Çünki hamı bir-birilə rəqabət girir. Hamı istəyir ki, dostundan, tanışından özünə yaxşı toy çaldırsın.

- Pulun oldu-olmadı?

- Yəqin ki, hə, borcla xərclə olsa da, ömürdə bir dəfə olan gündür. Amma ayağını yorğanına görə uzadanlar da var.

«TOYDAN YIĞILAN PULLA RESTORAN XƏRCİ BAŞABAŞ OLDU»

İki övlad toyu etmiş 72 yaşlı Qarabala Əzizov indiki toylarla bir neçə on il əvvəlin toylarını müqayisə edir. Deyir ki, indiki toylar daha çox öz dəbdəbəsi və təmtərağı ilə seçilir:

«O vaxtlar sadə olardı toylar. İndi dəbdəbə, təmtəraq daha çoxdur. Mən oğluma bir yerin qiyməti 60 manat olan toy etdim. Bizə orada şar və zər yağışı, növbənöv salatlar təklif etdilər. Biz də məcburən razılaşdıq. Toydan sonra yığılan pulla restoran xərcini başabaş qarşıladıq».

11-12 MİN MANATA 300 NƏFƏRLİK TOY

Restoran inzibatçısı Tərlan Şamilov deyir ki, onların restoranında 300 nəfərlik ortabab toy 11-12 min manata başa gəlir.
Tərlan Şamilov
Tərlan Şamilov
Amma sifarişlərdən asılı olaraq qiymətlər də bahalaşır:

​«Toy yiyəsinin sifarişindən asılıdır. İstəsə mələklər, şar və zər yağışı təşkil olunur. Bunların hər birinin qiyməti isə ayrı-ayrılıqda 60 manatdan 100 manata kimidir. Bizdə istəyə uyğun - 50 manatdan 1500 manata kimi sifarişlər olur. Məsələn, toyda fontan, fayton, yəni sifarişlərdən asılı olaraq qiymətlər bahalaşır».

Tərlan Şamilov deyir ki, son bir-iki illə müqayisədə sifarişlər dəyişib. Deyir ki, son zamanlar millilik dəbə minib. Gəlinlə bəy milli geyimdə olur, milli rəqsləri ifa edirlər. Elə sifarişlər də milli olur. Məsələn, bəylə gəlinin şadlıq sarayına faytonla gətirilməsi, toydan sonra atəşfəşanlıq.

YERİN BİRİ YÜZ MANATA...

Bakıda şadlıq saraylarında bir yerin qiyməti orta hesabla 35-40 manatdır. Amma təklif olunan yeməklərdən asılı olaraq qiymətlər də qalxır. Hətta bir yer 100 manata olan toylar da var. Toya ayrıca müğənni dəvət olunursa, gərək ən azı 2 min manatdan keçəsən.

«ÇALIŞIRLAR BİR-BİRLƏRİNDƏN GERİ QALMASINLAR»

15 ildir toy sahəsində çalışan restoran inzibatçısı Natiq Həşimovsa deyir ki, illər keçdikcə toy yiyələrinin sifarişləri hətta onu da təəccübləndirir. Məsələn, əvvəllər bəy gəlinin şəkillərini rəngli sifariş edirdilərsə, indi ağ-qara şəkillər dəbdədir. Əvvəllər gəlin maşını xarici marka olardısa, indi köhnə maşınlar sifariş olunur:

Tariyel Mirzəyev və Leyla Əliyeva
Tariyel Mirzəyev və Leyla Əliyeva
«Haradasa 15 ilə yaxındır mən bu sahədə çalışıram. İndiki dövrlə 10 il əvvəlki dövr arasında yerlə göy arasında fərq var. İndi dekorasiyaya daha çox üstünlük verilir. İndi toy edənlər çalışırlar bir-birindən geri qalmasınlar».

BƏYLƏ GƏLİNİN XÜSUSİ RƏQSİ...

Bakıda toy təşkil edən şirkətlər də xidmət göstərir. Bu şirkətlərə əvvəlcədən 2-5 min manat verirsən, özləri toyu təşkil edirlər. Toy təşkilatçısı Aynur deyir ki, mələklər, zər, şar, atəşfəşanlıq - bunlar standart toy atributlarıdır. Dediyinə görə, onların təşkil etdiyi toyların fərqləndirən cəhətlər də var. Həmin cəhətlərin sirr olduğunu əsas gətirərək ətraflı danışmır. Bircə əlavə edir ki, bəylə gəlinə xüsusi toy rəqsi öyrədilir.

26 yaşlı Tariyel Mirzəyev və 25 yaşlı Leyla Əliyeva isə deyirlər ki, ayaqlarını yorğanlarına görə uzadıb özlərinə sadə toy etmək istəyirlər, onlar üçün əsas məsələ – quracaqları ailənin davamlı xoşbəxt və möhkəm olmasıdır.
XS
SM
MD
LG