Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:44

Oqtay Gülalıyevə cinayət işi açıldı


Oqtay Gülalıyev (Arxiv foto)
Oqtay Gülalıyev (Arxiv foto)
Aprelin 8-dən Sabirabad rayon Polis İdarəsinin təcridxanasında saxlanılan «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyevə qarşı cinayət işi açılıb.

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib:

«Sabirabad rayon Prokurorluğu tərəfindən Oqtay Gülalıyev barəsində Cinayət Məcəlləsinin 220.2 maddəsi ilə (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) cinayət işi açılıb, istintaq aparılır».

Prokurorluqdan isə deyilər ki, işin istintaqını rayon polisi apardığı üçün bu barədə hər hansı bir məlumat verə bilməzlər.

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev deyir ki, Cəmiyyətin Oqtay Gülalıyevə təyin etdiyi vəkilin belə bu işdən xəbəri olmayıb:

«Normalda proses barədə, cinayət işinin qaldırılması və həbs qətimkan tədbirinin seçilməsi barədə vəkilə əvvəlcədən məlumat verilməli idi. Bizə deyilir ki, prosesdə vəkil iştirak edib, amma indi dəqiqləşdiririk həmin vəkil kim olub. Bizim Cəmiyyətin təyin etdiyi vəkilə bu barədə məlumat verilməyib. Ola bilsin ki, bu, dövlət hesabına təyin edilən vəkil olub».

İntiqam Əliyev Oqtay Gülalıyev barəsində çıxarılan qərarı da ciddi qanun pozuntusu sayır.
İntiqam Əliyev
İntiqam Əliyev
Hesab edir ki, Oqtay Gülalıyev barəsində inzibati həbs qərarı bitəndən sonra onun barəsində həbs qətimkan tədbiri seçilməsi işə siyasi yanaşmanın olmasından xəbər verir:

«Bu, son dövrlər praktikaya gətirilib. Bu da Oqtay Gülalıyevlə bağlı işin siyasi xarakterli olmasını göstərir».

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də Oqtay Gülalıyev barəsində 12 sutkalıq həbsdən sonra cinayət işi açılmasını qanun pozuntusu sayır:

«Bu nə deməkdir? Adamı xuliqanlığa görə tuturlar, həbsdən çıxmağına 1 gün qalmış başqa bir məsələ ilə barəsində cinayət işi açırlar».

Mehman Əliyevə görə, əslində bu hal Kür daşqınları ilə bağlı araşdırmalar aparan qeyri-hökumət təşkilatlarının gözünün qorxudulmasına hesablanıb. Onun fikrincə, aşağılarda yardımları mənimsəyənlər istəyirlər ki, araşdırma aparanları zərərsizləşdirib prezidentin son günlər ayırdığı 50 milyon manatı da rahat mənimsəyə bilsinlər:

«Bu, cəmiyyətə xof gəlməkdir ki, biz heç nəyin qarşısında dayanmayacağıq, həbs edəcəyik,
Mehman Əliyev
Mehman Əliyev
tutacağıq».

Sabirabad polisindən isə deyirlər ki, Oqtay Gülalıyev Minbaşı bələdiyyəsinin şikayəti əsasında saxlanılıb. Bu işdə polisin qərəzindən danışmaq yersizdir.

Oqtay Gülalıyevə qarşı irəli sürülən ittiham təsdiqlənərsə, o, 3 il azadlıqdan məhrum edilə bilər.

Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində daşqınlarla bağlı monitorinq apararkən saxlanılıb. Rayon məhkəməsi onun barəsində 12 sutka inzibatı həbs qərarı çıxarıb. O, kənd bələdiyyə sədrinin şikayəti əsasında saxlanılıb. Bələdiyyə sədri Oqtay Gülalıyev tərəfindən təhqir olunduğunu iddia edir.

Oqtay Gülalıyev aprelin 20-də buraxılmalı idi.
XS
SM
MD
LG