Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:30

Yazıçının nazirə məktubu: Bəs idmançı olmayan neyləsin?


Seymur Baycan
Seymur Baycan
Seymur Baycan


MƏDƏNİYYƏT NAZİRİ ƏBÜLFƏS QARAYEVƏ AÇIQ MƏKTUB

...Siz, böyük bəstəkar Qara Qarayevin qardaşı oğlusunuz... Siz nə qədər də pis, başdan-başa korrupsiya bataqlığında boğulan hakimiyyətin naziri olsanız da, inanıram ki, damarlarınızda axan qanda kitaba, teatra, kinoya bir qram hörmət hissini qoruyub saxlamısınız...



Cənab nazir, əgər məndə bir qram cəsarət olsaydı, bu məktubu tamam başqa ünvana yazardım. Lakin həmin ünvanın bu açıq məktuba necə, hansı formada cavab verəcəyini bilmirəm.

Hər şey ola bilər. Hətta mümkündür ki, məktub ümumiyyətlə ünvana yetişməsin. Deyilənə görə, ona düzgün informasiya vermirlər.

Hər halda ölkədə baş alıb gedən özbaşınalıq bizi yayılan şayiələrə inanmağa məcbur edir.

Mən öz cəsarətsizliyimi, qorxduğumu etiraf edərək, bu məktubu, əslində, göndərməli olduğum ünvanı zorla unutmağa çalışıram.

Çünki baş verə biləcəklərə davam gətirəcəyimə özümdə güc görmürəm. Verə bilməyəcəyim imtahana girmək, dayandığım yerdə zorla qəhrəman olmaq istəmirəm.

Cənab nazir, bir az kobud müqayisə olsa da, deməliyəm ki, yaradıcılıq prosesi toyuğun yumurtlamasına bənzəyir. Daha münasib müqayisə tapa bilmədim. Kənara, sakit bir yerə çəkilməlisən. Göz qarşısında bu proses çətin alınır.

Məhsulu ərsəyə gətirdikdən sonra səs salaraq insanları məhsulun dadına, rənginə, həcminə baxmağa səsləyirsən. Yaradıcı proses yaradıcı insandan bir müddət hər şeydən təcrid olunmağı tələb edir. Bu isə maddi təminat deməkdir. Əlbəttə, əgər ölkədə normal biznes mühiti olsaydı, bu məktubu sizə yazmağa əsla ehtiyac yaranmazdı. Xeyli işgüzar adam tanıyıram, onlar kitabın, kinonun, teatrın necə böyük dəyər, necə tutarlı silah olduğunu gözəl anlayırlar.

Böyük Cavidin "Mədəniyyət, mədəniyyət, mədəniyyət!" sözünün ağırlığını, həqiqi mənasını tam başa düşürlər. Onlar məmnuniyyətlə, böyük həvəslə teatra, kinoya, ədəbiyyata qayğı göstərərdilər. Lakin ölkədə hökm sürən monopoliya, keçilməz süni maneələr həmin insanların öz bizneslərini qurmağa, bizneslərini inkişaf etdirməyə heç cür imkan vermir. Onların çoxu məcburən ölkəni tərk ediblər.

Qalanları isə mövcud təhlükələri nəzərə alaraq, gizlənməyə məcbur olublar. Nə etməli, bizim ölkədə hər bir insana özünü ifadə etmək üçün bərabər şanslar, imkanlar tanınmayıb. Bir insana hər yerdə yaşıl işıq yandığı halda, başqasına həmişə qırmızı işığı göstərirlər.

Və bu gün hər yerdə yaşıl işıqla hərəkət edən adamların çoxu mədəniyyətin necə bir silah olduğunu anlamayan insanlardır. Onların intellektual səviyyəsi dayazdır. Onlar daha çox təlxəklərlə, müğənnilərlə ünsiyyətə girməyə üstünlük verirlər.

Bu, monopoliya hökm sürən ölkədə rahatlıqla pul qazanan insanların həqiqi seçimidir və belə adamların çoxu qadının özüylə deyil, onun populyarlığı, adı ilə tanışlığa böyük qiymət verirlər. Ona görə teatr, kino, ədəbiyyat adamları ən adi məişət qayğılarının qarşısında aciz qaldıqları halda müğənnilər bahalı qiymətə kliplər çəkdirirlər.

Televiziya kanalları müğənnilərin bahalı maşınlarını həvəslə müxtəlif verilişlərdə göstərərək, adamlara hakimiyyətin kimin əlində olduğunu, kimlərə dəstək verdiyini çatdırırlar. Bir olimpiya çempionuna verilən dəstəklə mədəniyyətə xidmət edən bütöv bir dəstənin problemlərini həll etmək olardı. Bütün bunları siz çox gözəl bilirsiniz.

Təəssüf ki, hakimiyyətin illərlə apardığı siyasət öz nəticəsini veribdir. İdmana və şouya göstərilən ifrat dərəcədə qayğı mədəniyyət insanlarını küsdürüb, onlar özlərini lazımsız adamlar hesab edirlər. Adi vətəndaşlarımız da bu siyasətdən öz payını alıblar. İndi əksər valideyn öz övladının xoşbəxt gələcəyini, karyera qurmasını güləş döşəyinin üstündə, mikrofonda, ulduz yarışmalarında, muğam müsabiqələrində, meyxana deyişmələrində
Əbülfəs Qarayev
Əbülfəs Qarayev
görür. Nə qədər acı və ürəkağrıdan bir mənzərə olsa da, hakimiyyət adamları kitabdan, kinodan, teatrdan uzaq salmağı bacardı. Mədəniyyətə xidmət edən adamları gülünc vəziyyətə salmağı bacardınız.

Biz sizin idmana və şouya ifrat dəstəyinizi, qayğınızı başa düşürük. Bəs, idmançı, müğənni olmayanlar nə etməlidirlər? Mənim oxumağa səsim yoxdur. İdmanla məşğul olmaq isə artıq gecdir. Əgər mənim səsim olsaydı, sizin apardığınız siyasətə çoxdan boyun əyərək, müğənniyə çevrilərdim. İdmanla məşğul olmağa isə halım, gücüm yoxdur. Fiziki göstəricilərim çox aşağıdır.

Yoxsa mən də sizin idmana və şouya göstərdiyiniz qayğıdan öz payımı qopara bilərdim. Mən ədəbiyyatla məşğulam. Yazıram. "Martin İden" əsərinin qəhrəmanı kimi ortada qalmışam. Yazıçı ola bilmirəm. Motrosluğa qayıtmaq isə mümkün deyil.

Ədəbiyyata qayğı göstərən iş adamları yoxdur. Kitabımız məhdud tirajla nəşr olunur. Ciddi müsabiqələr keçirilmir. Televiziyalar təlxəkliyin, hoqqabazlığın, kəndirbazlığın təbliğatı ilə məşğuldur. Çıxılmaz bir vəziyyət yaranıb. Mövcud hakimiyyətin siyasətini dəstəkləməyən, bu hakimiyyətin bütün əməllərinə əl çalmayan adamlar ağır həyat imtahanı verməkdədirlər.

Sizin ayrı-seçkiliyinizi anlamağa çalışsaq da, bizə düşməncəsinə münasibətin səbəblərini anlamaqda çətinlik çəkirik. Biz bu ölkənin vətəndaşlarıyıq. Heç bir cinayət törətməmişik. Neft ölkəsində yaşayan bir insan olaraq hər addımda alçaldığımızın, ən adi məişət qayğısının qarşısında aciz qaldığımızın fərqindəyik.

Mən, dörd kitab müəllifiyəm. Əlbəttə, kitabların hansı keyfiyyətdə olmasının məsələyə dəxli yoxdur. Lakin mən düşünməyə məcburam, doğrudanmı mənim bir müğənni, bir idmançı qədər dəyərim yoxdur. Neft ölkəsində yaşayan bir yazar hər ayın ortası ödəyəcəyi kirayə pulunu çox çətinliklə tapır. Niyə? Çünki hakimiyyətin apardığı siyasət nəticəsində insanları ağ və qaralara bölüblər. Yalnız bu hakimiyyətin daxili və xarici siyasətini qeydi-şərtsiz dəstəkləməklə sizlərin süfrəsindən sür-sümük, çörək qırıntıları, butulkanın dibində qalmış təbii şirələri oğurlayıb bir təhər yaşamaq olar. Sizə tamada lazımdır. Hər kəs tamada ola bilmir. Bəlkə də tamada olmaq istəyərlər, lakin naturaları onların tamada olmasına imkan vermir.

Xalqa yönəlmiş birbaşa və açıq müraciətlər, çağırışlar heç bir nəticə vermir. Mən "Sonuncu şalvar" adlı yazı yazıb öz vəziyyətimi adamlara çatdırıram. Onlar isə "əncir yarpağı ilə gəz", "şalvar aeroport bazarında ucuzdur" kimi ironik cavablar yazırlar. Mən onları hardasa başa düşürəm. Əgər sevimli ərini itirmiş bir qadından dövlət idarəsində ölüm haqqında şəhadətnamə almaq üçün "şirinlik" istəyirlərsə, adamların ironik münasibətinə də dözmək lazımdır. Onlar belə deyildilər. Siz onları bu günə saldınız. Siz onların ən işıqlı, ən xoş tərəflərini söndürüb, ən pis tərəflərini axtarıb üzə çıxardınız.
Yaltaqlığa, təlxəkliyə, məddahlığa münbit şərait yaratdınız. Adamların pis tərəflərinə sərmayə qoydununz. Və istədiyinizə nail oldunuz. Ölüm haqqında şəhadətnamə almaq üçün "şirinlik" verməyə məcbur olan bir insan təbii ki, bütün dəyərlərə inamını itirməlidir.

Cənab nazir, gəlin sizə bir əhvalat nəql edim. Bir aktyor dostum var. Aldığı maaş onun heç yolpuluna bəs eləmir. Ona görə müxtəlif restoranların şou-proqramlarında klounluq etməyə məcburdur. Vəziyyət belə diqtə edir. Sizin yaşıl işıq yandırdığınız, asan yolla pul qazanmış bir adamın övladının kiçik toy məclisi imiş. Uşağın tələbi ilə toya kloun da çağırıblar. Müğənnilər bir-bir oxuyub məclisi tərk edirmişlər. Aktyor dostum isə öz növbəsini gözləyirmiş. Dostum deyir ki, oturub elə hey gözləyirdim. Deyir ki, mən o məclisdə heç kimə lazım deyildim. Həyatıma nifrət edirdim. Bu zaman məclisin səbəbkarı, yəni balaca uşaq aktyor dostuma yaxınlaşır və belə bir sual verir: "Kloun tı ustal?"

Aktyor dostum deyir ki, məni ağlamaq tutdu. Deyir ki, əgər əlimin altında ülgüc olsaydı, damarlarıma çəkərdim. Sizin siyasətiniz, mədəniyyətə münasibətiniz istedadlı bir aktyoru təlxək olmağa məcbur etməkdədir. Necə ki, Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru indi təlxəklik etməklə məşğuldur. Halbuki mən onu teatr səhnəsində, Hüseynağa Atakişiyevin quruluş verdiyi tamaşada istedadlı bir aktyor kimi görmüşdüm.

Cənab nazir, bu məktubu sizə yazmağımın tək səbəbi o deyil ki, siz mədəniyyət və turizm nazirisiniz. Yox. Bəli, siz demokratik bir ölkədə çox yaxşı, işgüzar, nəyə daha çox qiymət verməyi bacaran bir nazir olardınız. Mən sizi başa düşürəm. Ümumi ab-havaya boyun əyməyə, uyğunlaşmağa, vəziyyətin diktə etdiyi şərtlərə itaət etməyə məcbursunuz. Başqa cür mümkün deyil. Başqa cür mümkün olsaydı, siz mədəniyyət və turizm naziri vəzifəsini daşıya bilməzdiniz. Siz bu hakimiyyətin nazirisiniz. Sizdən kömək ummaq, diqqət gözləmək sadəlövhlük olardı. Hər şey sizə məlumdur. Lakin hər şey sizə məlum olduğu halda çəkilən xətlərdən kənara bir addım da ata bilməzsiniz. Bu, qəti qadağandır. Məktubu məhz sizə ünvanlamağın səbəbi başqadır.

Siz, böyük bəstəkar Qara Qarayevin qardaşı oğlusunuz. Əgər peşəkarlıqdan söhbət gedirsə, Qara Qarayev Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətdir. Bunu dəfələrlə müsahibələrimdə, yazılarımda qeyd etmişəm. Qara Qarayev ən peşəkar azərbaycanlıdır. Siz nə qədər də pis, başdan-başa korrupsiya bataqlığında boğulan hakimiyyətin naziri olsanız da, inanıram ki, damarlarınızda axan qanda kitaba, teatra, kinoya bir qram hörmət hissini qoruyub saxlamısınız. Mən sizdən villa, maşın, kurorta təyinat istəmirəm. May ayında Bakıda keçiriləcək "Eurovision" mahnı yarışmasının final konsertinə satılmış dörd biletin pulunu mənə verin. Hekayələr yazmaq istəyirəm. Beynimdə hazırdı. Sadəcə, bir müddət təcrid olunub kağıza köçürmək lazımdır. Bu isə maddi təminat tələb edir. May ayında Bakıda keçiriləcək "Eurovision" mahnı yarışmasının final konsertinə satılmış dörd biletin pulu mənim təcrid olunub hekayə yazmağıma bəs edir...

Seymur Baycan

Reytinq
XS
SM
MD
LG