Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:48

Məktəb və restoran


Foto: Arxiv
Foto: Arxiv
Şəkidən Rahib Nəsirov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, şəhərdəki Mirzə Fətəli Axundov prospektində yerləşən və azyaşlı qızının da dərs aldığı şahmat məktəbinin birinci mərtəbəsində bir sahibkar restoran açıb. Bu da həmin məktəbdə şahmat dərsi alan azyaşlılara mənfi təsir göstərir. Rahib Nəsirov təhsil ocağında restoran fəaliyyət göstərməsinin əleyhinədir:

«Məktəbin 1-ci mərtəbəsi «Ovçular məkanı» restoranıdır. 7 aydır yazmadığım dövlət orqanı qalmayıb. Belə biabırçılıq olmaz, bir adamın öhdəsindən gələ bilmirlər. Mən 1 ildir 6 yaşlı uşağı şahmat məktəbinə göndərmirəm».

«RESTORAN SAHİBİNDƏN RÜŞVƏT ALIB, DEYİR NƏ İSTƏYİRSƏN ELƏ»

Restoran fəaliyyətə başlayanda valideynlər etiraz etsələr də, məhəl qoyulmayıb.

Rahib Nəsirli:

«Nazirlər Kabinetinin qərarı var ki, restoran məktəbdən 25 metr aralıda olmalıdır. Məhəllə adamları həmin şahmat məktəbinin qarşısında oturacaq qoymuşdular, məktəbin direktoru oturacağı yığışdırdı ki, burda məktəb yerləşir, olmaz. Ancaq içərisində sulu qəlyan, pivə satılan restorana göz yumur. Bunun da səbəbi var. Restoran sahibindən rüşvət alıb, deyir nə istəyirsən elə».

Rahib Nəsirli restoranın fəaliyyətinin dayandırılması üçün müxtəlif hüquq-mühafizə orqanlarına, həmçinin məhkəməyə də şikayət edib.

MƏHKƏMƏ İDDİANI TƏMİN ETMƏYİB

«Ovçular məkanı» restoranının sahibi Qoşqar Əliyevin nümayəndəsi Eldar Mustafayev məhkəmədə deyib ki, Qoşqar Əliyev ailəsini dolandırmaq üçün binanın birinci mərtəbəsində ofis, mağaza və kafe üçün qanuni şəkildə yer alıb. Restoranın fəaliyyətində heç bir qanunsuzluq yoxdur. Əksinə, Rahib Nəsirov ora-bura əsassız şikayətlər etməklə onun sahibkarlıq fəaliyyətinə əngəllər yaradır. Nümayəndə məhkəmədən iddianın təmin olunmamasını xahiş edib.

Məhkəmə qətnamə çıxarıb ki, restoranın fəaliyyəti ilə bağlı aparılmış araşdırmalar nəticəsində Rahib Nəsirovun şikayəti sübuta yetirilməyib. Buna görə də məhkəmə onun iddiasını təmin etməyib. Rahib Nəsirovun məhkəmə qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinə etdiyi şikayət də təmin olunmayıb.

Rahib Nəsirov məhkəmə qərarları ilə razılaşmır, Ali Məhkəməyə müraciət edəcəyini bildirir.

RESTORAN MƏKTƏBƏ KÖMƏK EDİR

Rahib Nəsirov Şəki Şahmat Məktəbinin direktoru Vüqar Salamovun da sahibkara dəstək verdiyini iddia edir. O, məktəb direktorunun sahibkardan rüşvət aldığını, buna görə də onun fəaliyyətinə qarşı çıxmadığını deyir. Məktəb direktoru isə iddiaları əsassız sayır:

«Şahmat məktəbi 1982-ci ildən həmin binanın 2-ci mərtəbəsində yerləşir. Biz burda icarədəyik. 1-ci mərtəbənin xüsusi mülkiyyətçisi Qoşqardır. Bizim aramızda heç bir problem, iddia yoxdur. Əksinə, onlar fəaliyyətə başlayandan sonra binanın həyətinin abadlaşdırılmasında, məktəblilərin bir sıra tədbirlərinin keçirilməsində yaxından iştirak ediblər. Binanın damını təmir ediblər».

Məktəb direktoru deyir ki, məktəbi yerli təhsil şöbəsi maliyyələşdirir. Yaxın vaxtlarda məktəb binasının tikilməsi də planlaşdırılıb.
XS
SM
MD
LG