Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:26

Article 19: «Hakimiyyət bütün tənqidçilərini susdurmaq istəyir»


Rebecca Vincent
Rebecca Vincent
Article 19 təşkilatının təmsilçisi Rebecca Vincent Avropa Yayım Birliyinin seminarında Azərbaycanın mətbuat azadlığı barədə çıxış edib.

Vincent bildirib ki, Article 19 və «Azərbaycan üçün Beynəlxalq Əməkdaşlıq Qrupu»na daxil olan digər təşkilatlar Azərbaycanda ifadə azadlığının təşviş doğuran vəziyyətindən narahatdır.

«Müşahidə edirik ki, «Eurovision» mahnı müsabiqəsi ərəfəsində vəziyyət pisləşməkdə davam edir, görünür hakimiyyət bütün tənqidçilərini, istər jurnalist, bloqqer, fəal, istərsə də küçə etirazlarına çıxan adi vətəndaşlar olsun, hamısını susdurmaq istəyir».

Bu barədə təşkilatın «Azərbaycanın boğulan səsləri» adlı sonuncu hesabatında da qeyd olunub.

«Avropa Yayım Birliyi deyir ki, tədbiri təşkil etməkdə məqsəd Azərbaycanda media azadlığına dəstək verməyin yollarını araşdırmaqdır. Article 19 inanır ki, bunu etmək üçün Yayım Birliyi sözdən hərəkətə keçməlidir. Bu barədə 2010-cu ildə mətbuatın müstəqilliyi və ifadə azadlığı barədə qəbul olunmuş Bəyannamədə də vurğulanır».

Həmin Bəyannamədə Avropa Yayım Birliyi ölkələri İnsan Hüquqları üzrə Avropa Konvensiyasına uyğun olaraq ifadə azadlığına hörmət etməyə çağırır. Bəyannamə jurnalistlərin həbs edilməsini, onlara təzyiq göstərilməsini pisləyir və hakimiyyəti çağırır ki, jurnalistlərə qarşı bütün zorakılıq hallarını araşdırıb ədalət mühakiməsinə çıxarsın.

Vincent xatırladır ki, bəyannamənin qəbulundan 2 il keçsə də Azərbaycan hökuməti sadalananlardan heç birini həyata keçirməyib.

Rebecca Vincent Azərbaycanda televiziya yayımının vəziyyətindən də danışıb:

«Azərbaycan Milli Televiziya və Radio Şurası müstəqil fəaliyyət göstərmir. Onun bütün maliyyəsi dövlət büdcəsindəndir və üzvlərinin 9-nu da birbaşa prezident təyin edir.

MTRŞ yayım lisenziyalarının verilməsində dövlətin xeyrinə aydın tərəfkeşlik nümayiş etdirir.

İCTİMAİ TELEVİZİYA İLƏ BAĞLI DEYİLƏNLƏR

2009-cu ildə MTRŞ xarici yayımçıların FM tezliyini əlindən almaq üçün qadağa qoydu və bununla da Azərbaycanın yeganə müstəqil xəbər mənbələri BBC, AzadlıqRadiosu və Amerikanın Səsi radiolarının yayımını dayandırdı».

Article 19 təmsilçisi İctimai Televiziya ilə bağlı ayrıca çıxış edib. Onun sözlərinə görə, İTV - Avropa Yayım Birliyinin aktiv üzvlük şərtlərinə cavab vermir:

«Bizim «Demokratiya üçün Oxu» kampaniyasını aparan həmkarlarımız İTV-də monitorinq aparırlar, onlar bildirirlər ki, İctimai Televiziyada «əhalinin bütün kəsimi üçün balanslı və hərtərəfli proqramlar verilmir», halbuki bu, Avropa Yayım Birliyinin tələbidir.

İTV hakimiyyətə neqativ təsir göstərə biləcək hadisələri işıqlandırmaqdan çəkinir, hakimiyyətin və Yeni Azərbaycan Partiyasının xeyrinə efiri doldurur».

Article 19 sadalanan problemləri aradan qaldırmaq üçün Avropa Yayım Birliyini Azərbaycan hakimiyyətindən tələb etməyə çağırır.

ƏLİ HƏSƏNOV:«BU MƏSƏLƏDƏ MENTALİTETİMİZ NƏZƏRƏ ALINMALIDIR»

Avropa Yayım Birliyinin seminarında çıxış edən Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, 2005-ci ildə Avropa Şurası qarşısında götürülən öhdəliklərə uyğun olaraq ölkədə İctimai Televiziya yaradılıb: «Bu televiziyanın fəaliyyətində nəyin yaxşı, nəyin pis olduğunu ictimaiyyət dəyərləndirir».

Ə. Həsənov mətbuat sahəsində iki əsas problemin olduğunu qeyd edib: «Bunlardan biri azad medianın dairəsinin hələ Azərbaycan dövlətini qane edəcək səviyyədə olmaması, onların genişləndirilməsi ehtiyacıdır. İkincisi, jurnalistlərimizin peşəkarlığını artırmalıyıq».

Şöbə müdiri bildirib ki, 20 ilə Azərbaycanda Avropanın yüz illərlə qurduğu demokratiyanı, siyasi plüralistik mühiti yaratmaq çətindir: «Bu məsələdə bizim mentalitetimiz də nəzərə alınmalıdır. Biz jurnalistlərimizin peşəkarlığını və məsuliyyətini artırmalıyıq. Bu, əlbəttə, bizim arzumuzdur. Avropa 200 ildir bunu edir və müəyyən nailiyyətlər də qazanıb».
XS
SM
MD
LG