Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:43

Baş redaktor həbsdəki şairlərə görə Ayətullaha müraciət etdi


Səlim Babullaoğlu
Səlim Babullaoğlu
“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Səlim Babullaoğlu İranın Ali Dini rəhbəri Ayətullah Xamneyi, prezidenti Mahmud Əhmədinejad və İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhramiyə müraciət edib.

O, İranda mülki geyimli şəxslər tərəfindən həbs edilən iki Azərbaycan şairi Şəhriyar del Gerani (Hacızadə)Fərid Hüseynin taleyi ilə bağlı narahatlığını bildirib.

“Diqqətinizə çatdırmaq istəyirik ki, adları çəkilən adamlar olduqca istedadlı gənc ədəbiyyatçılardır, gənc olmalarına rəğmən Azərbaycanda kifayət qədər yaxşı tanınırlar və onlar indiyəqədərki heç bir hərəkəti və yazısı ilə nə İran dövlətinin, nə də Azərbaycan-İran dostluğunun əleyhinə olmayıbdır. Düşünmürük ki, gənc həmkarlarımız İranda olduqları müddətdə hər hansı qanun pozuntusuna yol veriblər. Bunu eyni vaxtda İranda olan və onların saxlanmasına şahidlik edən həmvətənlərimiz də söyləyirlər.

İslamın uca, insanpərvər idealları əsasında qurulan və yaşayan dövlətdə belə bir xoşagəlməz hadisənin olması dərin təəssüf hissi doğurur. İnanrıq ki, İran dövlətinin müvafiq strukturları bu məsələni tezliklə həll edəcək, ilk növbədə bu gənclərin onları artıq 5 gündür səbirsizliklə gözləyən valideynlərinin, sonra isə ədəbi ictimaiyyətin narahatçılığına son qoyulacaq.

Sizdən çox xahiş edirik ki, bu məsələnin tezliklə həll olunmasında öz böyük nüfuzunudan istifadə edəsiniz və ədalət bərqərar olsun!"

GƏNC YAZARLAR BİRLİYİNİN RƏHBƏRİ DƏ BƏYANAT VERDİ

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) rəhbəri Əkbər Qoşalı da məsələ ilə bağlı bəyanat yayaraq mövqeyini bildirib:

“Gənc şairlər Fərid Hüseynlə Şəhriyar del Gerani (Hacızadə)nin İranda mülki geyimli şəxslər tərəfindən həbs edilməsi və onların taleyi ilə bağlı dolğun bilgi əldə edilməməsini qınayıram və düşünürəm ki, bu adıyaman işin icraçıları olduqca böyük qəflət və yanlış içindədir.

Fəridlə Şəhriyar öz yaradıcılıqlarında humanizmi, dostluğu, birgəyaşayış və anlaşmanı, ümumən ədəbiyyatın aşılamalı olduğu dəyərləri təbliğ edən perspektivli gənclərdir. Onların müəmmalı şəkildə “yoxa çıxma”ları İran hakimiyyətinə başucalığı gətirmir. Gənc
Əkbər Qoşalı
Əkbər Qoşalı
yazarların İrana səfəri poeziya ilə, şeir-sənətlə bağlı olduğundan, onlar nəinki həbs olunmalı, quşquyla qarşılanmalı, əksinə sayğıyalayiq rəftar görməli, layiqli qonaqpərvərliklə qarşılanıb, yola salınmalıydılar. Hətta gənc yazarlar hər hansı yanlışlığa yol vermiş olsalar belə, bu onların müəmmalı, qeyri-şəffaf ortamda “yoxa çıxma”larına əsas verə bilməz.

Hesab edirəm, İranın ilgili dövlət orqanları Azərbaycan vətəndaşları olan gənc yazarlarla bağlı məsələyə bir an öncə aydınlıq gətirməli, onların öz ölkələrinə təhlükəsiz şəkildə qayıtmalarına şərait yaratmalıdır. Əks təqdirdə, İran ərazisində keçirilən hər hansı ictimai-mədəni tədbirdə iştirak etməyin nə qədər təhlükəli olduğu bütün dünyaya bir daha aydın olacaq və uluslararası zəmində öz həssas dönəmini yaşayan İranla bağlı yeni suallar doğuracaq”.​

İrana səfər etmiş Şəhriyar del Gerani və Fərid Hüseyndən mayın 2-dən bəri xəbər yoxdur. Şahidlər onların Təbrizdə mülki geyimli şəxslər tərəfindən həbs edildiyini deyirlər.
XS
SM
MD
LG