Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:50

Görüş yeri: 28 May, Ankara, Əsri məzarlığı…


Əsri qəbiristanlığı
Əsri qəbiristanlığı
«Mayın 26-da səhər tezdən avtobuslarla Bakıdan Ankaraya doğru hərəkət edəcəyik».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına Vətəndaş Koalisiyasının təmsilçisi Zaur Əkbər söylədi.

MAYIN 28-DƏ ƏSRİ MƏZARLIĞINDA...

Onun sözlərinə görə, builki 28 May - Cümhuriyyət Gününü Ankarada bayram yürüşü şəklində keçirmək istəkləri var: «Vətəndaş Koalisiyası olaraq bunu həyata keçirmək istəyirik. Artıq elanlar verilib. Mayın 26-da səhər tezdən avtobuslarla Bakıdan Ankaraya doğru hərəkət edəcəyik. Mayın 28-də isə böyük öndərimiz Məhəmməd Əmin Rəsulzadənin uyuduğu Əsri qəbiristanlığındakı qəbrini ziyarət edəcəyik».

BİZ TƏK DEYİLİK

Zaur Əkbər bu yürüşdə tək olmayacaqlarını dedi: «Ankarada bizə Türkiyənin müxtəlif şəhərlərində təhsil alan tələbələr, həmyerlilərimiz, ziyalılar, hətta Türkiyə parlamentindən bir neçə millət vəkili qoşulacaq. Həmçinin böyük ziyalımız, Rəsulzadə irsinin araşdırıcısı Cəmil Ünal da bu prosesdə bizə dəstək olacaq».

AKSİYADA YÜZLƏRLƏ ADAM İŞTİRAK EDƏCƏK

Zaur Əkbər
Zaur Əkbər
Zaur Əkbər bu təşəbbüsü Azərbaycan tarixində ilk dəfə keçirilən bayram yürüşü hesab edir: «Ankaranın mərkəzindən Əsri məzarlığına yürüş edəcəyik. Aksiyada yüzlərlə adam iştirak edəcək. Aksiya Cümhuriyyət gününə həsr olunacaq».

XÜSUSİ İŞÇİ QRUPU YARATMIŞIQ

Zaur Əkbər bununla bağlı Ankarada və İstanbulda işçi qrupu yaratdıqlarını söylədi: «Müxtəlif şəhərlərdə yaşayan dostlarımızın koordinasiya olunub həmin gün birgə hərəkət etməsi üçün Ankarada işçi qrupunun üzvləri ilə daima danışıqlar aparırıq. Onlar Ankara bələdiyyəsinə müraciət ediblər. Müsbət qərar var».

CÜMHURİYYƏTİN QURUCUSU VƏTƏNDƏ UYUMUR...

Müxbirin : «Bayram yürüşü təşkil etmənizin səbəbi nədir? Novxanını niyə Ankaraya dəyişdiniz» –sualına Zaur Əkbər belə cavab verdi: «Biz düşündük ki, bu dəfə fərqlilik edək. Rəsulzadənin—bu məmləkətin qurucusu olan bir insanın məzarı, təəssüflər olsun ki, Azərbaycanda deyil. Qərara aldıq ki, bu il bu günü məhz Ankarada—Rəsulzadənin məzarı başında qeyd edək».

QARABAĞ QAZİLƏRİ DƏ BİZƏ QOŞULACAQ

Zaur bəy Qarabağ qazilərinin də yürüşə qoşulacağını bildirdi: «Bizə Qarabağ qaziləri, Azərbaycanın dəyərli jurnalistləri də qoşulacaq. Onu da deyim ki, gediş-gəliş haqqını hər kəs öz cibindən ödəyəcək. Bəzi mətbuat orqanları da öz müxbirlərini göndərəcək».

KİM İSTƏSƏ, TƏYYARƏ İLƏ GEDƏ BİLƏR

Zaur Əkbər avtobusla getmənin şərt olmadığını da vurğuladı: «Kim istəsə, təyyarə ilə də gedə bilər. Biz mayın 27-də Türkiyə vaxtı ilə gecə saat 4-də Ankarada olacağıq».

«EUROVİSİON»UN FİNALIDIR, AMMA...

Müsahibimiz yola çıxacaqları günün maraqlı bir günə təsadüf etdiyini də dedi:

«Eurovision» 2012 Mahnı müsabiqəsinin final günüdür. Amma mayın 26-sı bizim üçün daha önəmli, daha üstün olan bir günü bayram etməyə gedəcəyik. Məqsədimiz bu məmləkətin, Cümhuriyyətin qurucusu olan Rəsulzadəni ona layiq şəkildə yad etməkdir».

Müsahibəni burdan dinləyin:


XS
SM
MD
LG