Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:42

Einstein: "...onda "qorxu dini" insanlara gərək olmayacaq"


Albert Einstein
Albert Einstein
Albert Eynşteyn


DİN İLƏ ELM

(Rus dilindən Araz Gündüz çevirib)


İnsanların indiyənəcən çalışıb yaratdıqları, düşünüb tapdıqları nə varsa, hamısı, onların öz gərəklərini ödəməsi, ağrı-acılarını toxdatması ilə bağlı olaraq ortaya çıxmışdır.

Dini axınların yaranması ilə gəlişməsini anlamaq istəyənlər də gərək bunu unutmasınlar. İnsanın umdularının, bacarıqlarının hansı yüksəkliklərə qalxmasından asılı olmayaraq, bunların hamısı onun duyğuları ilə istəklərindən qaynaqlanır.

Görəsən, hansı duyğular, hansı gərəklər, insanı din ideyasına, sözün geniş anlamında desək, inanclara gətirib çıxarmışdır?

Bu sorğumuzun üstündə azacıq düşünmək belə yetərlidir, dini ideyaların beşiyi başında, inanc sınamalarının kökündə, biri-birindən seçilib ayrılan çoxlu duyğuların dayandığını anlaya bilək.

İlkin (ibtidai) insanların dini görüşləri, lap birinci, qorxudan doğmuşdur, yəni, aclıqdan, yırtıcı heyvanlardan, xəstəlikdən, ölümdən doğan qorxulardan. Necə olsa da, insan öz varlığının bu dönəmində, yan-yörəsindəki olayların nədən baş verdiyini anlamaqdan ötəri olduqca cılız düşüncələrə qapılmışdır, ona görə də özü üçün qorxulu olan bütün olayların törənməsinin hansısa, özünə oxşar bir varlığın işi olduğunu sanmış, bütün baş verənlərin onun istəminə bağlı olduğuna inanmışdır.

Bundan sonra isə, ilkin insan öz düşüncəsində yaratdığı bu varlığın özüylə yaxşı davranması üçün, onun könlünü necə ələ ala bilmək yollarını aramışdır. Öz anladığına görə, bu varlığı yola gətirmək üçün, ona qurban verməli olduğunu düşünmüş, bax beləcə, qurban verməklə, bu varlığın könlünü alıb, onu özüylə yaxşı davranmağa yönəldə biləcəyinə güvənmiş, bütün bunlar isə sonradan, insanlar arasında bugündən gələcəyə keçən bir inanca çevrilərək, yayılmışdır.

Mən qorxudan yaranan din deyəndə, bunları başa düşürəm. Bu sayağı ortaya çıxan dinin yarandığı çağda yox, onun oturuşmuş duruma keçdiyi dönəmdə, insanlar arasında ruhanilər kastası ortaya çıxmış, bu adamlar insanların qorxduğu o varlıq ilə onların arasında araçılıq eləməyi öz boyunlarına götürmüş, bununla da toplumda başqalarından üstün sayılan yerlərini tutmağa başlamışlar.

Bu çağlarda, özlərinin başqa bacarıqlarına arxalanıb topluğa–icmaya böyüklük eləyən başçılar, ola bilsin, elə icmanı yönətən hansısa bir üstünlüyü olan qruplar, gündəlik gördükləri başqa işləri, bu, ruhaniliklə bağlı işlərlə birləşdirmişlər, bir az sonralar isə, görünür, bu yönətimçi qrup ilə artıq topluqdan–icmadan seçilib ayrılmış ruhanilər kastası, öz aralarında işbirliyi üçün anlaşmışlar.

Dini obrazların yaranmasının bir başqa qaynağı, ictimailik duyğusu olmuşdur. Bəlli olduğu kimi, ata, ana, insanların hansısa birliyinə başçılıq eləyən kimsələr, ölümlü, yanıla bilən varlıqlardır. İnsanın özünə, bu sayaq çatışmazlıqları olmayan, ən yaxşı başçı tapmaq istəyi, ondan özünə qarşı sevgi, qayğı umması, bax bütün bunlar tanrının ictimai, əxlaqi qavramlarını ortaya çıxarmışdır.

İnsanın öz düşüncələrindən doğan bu tanrı, insanı qorumalı, onu uğura aparacaq yolları açmalı, yaxşı işlərinə görə ona ödül verməli, yaramazlıqlarından ötəri onu yazıqlamalı idi.

Bu adamların qavramına görə, tanrı – insanın yaşadığı topluğun da, bütün insanlığın da, eləcə də Yer üzərindəki yaşamın da qoruyucusu idi, insanın uğursuz, qara günlərində ona dayaq dururdu, bundan başqa, ölənlərin ruhunun qoruyucusu da o idi. Tanrının ictimai, əxlaqi konsepsiyası belə yaranmışdı.

Bu gün, əlimizə gəlib çatan dini kitabları incələyərək, qorxudan törəyən dinin, necə əxlaqi dinə çevrildiyini izləmək də olar. Bu keçidin bir az da qabarıq örnəkləri isə, Yeni Andlaşmada (Əhdi-Cədiddə–İncildə) açıq-aydın görünməkdədir.

Bütün mədəni xalqların, o sıradan Doğuda yaşayan xalqların inancları da, elə əxlaqi dinlərdir. Xalqların öz yaşamlarında “qorxu dinindən” “əxlaq dininə” keçmələri, insanlığın çox önəmli bir proqresindən soraq verir. Ancaq ilkin insanların dinini yalnız elə “qorxu dini”, mədəni xalqların dinini isə qorxudan büsbütün arınmış “əxlaq dini” saymaq da düzgün deyil. Demək olar elə, bütün çağların dini qavramlarında özünü göstərən bu iki duyğu çaları, biri-birinə qatışaraq, bütün dinlərin içində birgə olmuşlar, ancaq insan toplumunun yetkinləşdiyi dönəmlərə uyğun dinlərdə, əxlaq çaları üstünlük qazanmışdır.

Dinlərin demək olar hamısında, tanrı ideyasının insanlıq ülgüsünə (antropomorfizm) salınması vardır. Tanrını başqa sayaq qavramağı isə, yalnız tək-tük ortaya çıxan, çox görkəmli kimsələr bacarmışlar, özü də bu adamlar, çox yüksək yetkinlik dönəminə çatmış toplumlarda yetişmişlər. Bu isə elə o deməkdir, sadaladığımız bu iki, dinlə bağlı duyğulardan (qorxu ilə əxlaqdan) başqa, çox az üzləşilən üçüncü bir dini duyğu da vardır. Mən bunu, kosmik dini duyğu adlandırıram. Kimdəsə, haçansa, buna bənzər duyğu olmayıbsa, bunun nə demək olduğunu ona anlatmaq çox ağırdır, yəni, burada insanlığın öyrəşdiyi təki, tanrını insanlıq ülgülərinə uyğunlaşdırıb qavramaq kimi qolay yollar yoxdur.

Kosmik dini duyğuya qapılan insan, bir yandan adamların gündəlik yaşamla bağlı istəklərinin, amaclarının dəyərsizliyini, önəmsizliyini duyur, başqa yandan isə təbiətdə üzə çıxan bitkin düzənləri, ideyalarda özünü göstərən əlçatmazlıqları qavrayaraq, dəyərləndirə bilir. Sanasan onu, Kosmosun sonsuzluğundan, bütövlüyündən, anlamlığından ayırıb, öz varlığında dustaq eləmişlər, belə bir anlamsız dustaq ömrü yaşamağa sürükləmişlər. Kosmik dini duyğuların toxumları, dinlərin gəlişmələrinin ilkin dönəmlərində də vardır, belə örnəklərlə biz Davudun “Zəburunda”, Əski Andlaşmanın(Əhdi-Ətiqin) bir sıra kitablarında, təkəm-seyrək üzləşirik. Şopenhauerin çalışmalarından anlaşıldığına görə, kosmik dini duyğuların varlığı ən çox buddizmdə duyulmaqdadır.

Demək olar elə, bütün çağların dini uzaqgörənliyində, bu kosmik dini duyğular az-çox olmuşdur, ancaq dinlər bu duyğulara önəm verməyərək, özlərini ehkamlar çevrəsinə qapatmış, insanabənzər tanrılar yaratmağa uymuşlar. Ona görə də, öz öyrətmələri ilə kosmik dini duyğular aşılayan kilsələr ortaya çıxa bilməzdi. Buradan bir də o çıxır, elə bütün çağların tanrıtanımazlarının (yeretiklərin) az qala hamısı, bu kosmik dini duyğulara bağlı olan kimsələr olmuşdur, çağdaşları isə onların birilərini ateist, başqalarını tanrıqan(dindar) sanmışlar. Bu baxımdan, Demokrit, Assizli Frantsis, Spinoza təki böyük kimlikləri birləşdirən çoxlu ortaq dəyərlər də tapmaq olar.

Elə isə, tanrını qavraya bilməyin bəlli bir yolunu göstərməyən, ilahiyyatçılıq araşdırmalarına arxalanmayan, bu kosmik dini duyğular, görəsən, hansı yollarla insanlar arasında yayıla bilər? Mənə elə gəlir, bu duyğuların oyadılması da, onun, belə duyğularla yaşamağı bacaran insanlara aşılanması da, elmlə incəsənətin görməli olduğu ən önəmli işlərdəndir.

Beləliklə də biz indi, elm ilə din arasındakı ilişkilərə yanaşmada, bütünlüklə yeni olan baxışlara gəlib çıxırıq. Bu ilişkilərin durumuna tarix baxımından yanaşsaq, bəlli nədənlərə görə, elmlə dinin biri-biri ilə yola getmədiyini, barışmaz tərsliklərə qapıldığını görürük. Dünyadakı olayların baş vermə nədəninin unversallığına bütünlüklə inanan (yəni elmi baxışlara arxalanan) kimsələr üçün, dünyada baş verən olayların gedişinə qarışaraq, onları yönətə bilən hansısa varlığın olması yolverilməzdir.

Olayların başvermə nədənlərinin universallığı hipotezinə güvənən belə adamlar isə, lap azacıq da olsa belə, “qorxu dininə” gərək duymayacaqlar. Elə, ictimai, əxlaqi din də bunun kimi, onlara gərək olmayacaqdır. Onlar üçün, insanlara yaxşı davranışlarına görə ödül verən, suçlarına görə yazıqlayan–cəzalandıran tanrı da anlamsız görünəcəkdir, bu baxışlara arxalanan kimsələr üçün, insanların davranışları, yalnız, onların öz içində, bir də yaşadığı ortamda yaranan gərəklərdən asılıdır, bu adamların anlağına görə, cansız bir predmet onu yerindən tərpədən güclərin yaratdığı tərpənişlərinə görə tanrı qarşısında hansı suçu daşımalıdırsa, elə insan da, öz davranışlarına görə, tanrı qarşısında oracan suçlu sayıla bilər. Bütün bunlara görə isə, yanlış olaraq, elmi əxlaqı pozmaqda suçlayırlar. Ancaq özlüyündə, insanın etik davranışları, onun acıma duyğularına, oxuyub-öyrəndiyi biliklərinə, toplumdakı ilişkilərinə bağlı olmalıdr. İnsanlar bunun üçün, hansısa dini buyuruqlara gərək duymamalıdır da. Doğrudan da, insanları yamanlıqdan çəkindirməyin tək yolu, onları qorxutmaqdan, yazıqlamaqdan, bir də ölümdən sonra alacaqları ödüllərdən keçərdisə, onda bu, insanlığın büsbütün yaramaz bir varlıq olmasından soraq vermiş olardı.

Bütün bu deyilənlərdən sonra, kilsənin nəyə görə elmə qarşı savaş açdığını da, elmi baxışlara bağlı olan kimsələri nədən qaraladığını da, qolayca anlamaq olar. Bundan başqa, bütün elmi araşdırmaların, elə bu kosmik dini duyğulardan qaynaqlandığını da, mən sizlərə güvəncliklə deyə bilərəm. Yalnız, çiynində ölçüyəgəlməz yüklər daşımağın, ömrünü büsbütün hansısa böyük işlərə bağlamağın, nə demək olduğunu anlayan kimsələr gerçək yaşamdan haracan desən uzaq olan anlayışların bugünümüzə gətirilməsi üçün, yəni elmi araşdırmalarla yeni yolların ortaya çıxması üçün, bu işi bacaran insanların hansı güclü duyğularla yaşadığını duyaraq, dəyərləndirə bilərlər.

Dünyanın quruluşunun ağlabatan olmasına çox böyük inam bəsləmədən, bu ağlabatanlığın üzə çıxan ən kiçik görüntülərini qavramaq yanğısı ilə yaşamadan, Kepler, Nyuton kimi azman kimsələr, göy üzünün mexanikasının dolaşıqlarını açmaq üçün, belə böyük əməklərə qatlaşa da bilməzdilər!

Elmi araşdırmaları ancaq onların gəlib çıxdıqları sonuclara–nəticələrə görə dəyərləndirmək istəyənlər, bu araşdırmaları aparanların inanclarını yanlış dəyərləndirməkdən qaça bilmirlər, onların öz yan-yörəsindəki insanların baxışlarını danmaqla, necə yeni, düzgün bir yol tapdıqları da, bu yola inanacaq, bütün yer üzünə səpələnmiş insanları necə yetirdikləri də, belələrinin baxışlarından yayınır.

Öz ömrünü bu sayaq işlərə qoyan kimsələr isə yaxşı bilir, saysız uğursuzluqlara baxmayaraq, yorulmaq bilmədən belə araşdırmalar aparan insanları hansı böyük duyğular, tutduqları yolda belə dönməz, yorulmaz eləyir.

Bu sayaq adamlar isə belə böyük bir təpəri, ancaq kosmik dini duyğulardan alırlar. Bizim çağdaşlarımızdan birisi çox düzgün olaraq belə bir söz demişdi: dünyanın materializmə qapıldığı bu çağlarda, olduqca dərin dini duyğulara qapılmadan, gözə çarpacaq elmi uğurlar qazanmaq olmaz.

Berlin. 1930-cu il.
Qaynaq: Эйнштейн А. Собрание научных трудов. Т. IV. Москва. Наука, 1967 г. стр. 126-129.
XS
SM
MD
LG