Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:15

Adam Sterling: «ABŞ Azərbaycanın öz ayağı üstündə durmasına köməyini əsirgəməyib»


Adam Sterling
Adam Sterling
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterling ABŞ-Azərbaycan əlaqələrinin 20 illiyi münasibətilə AzadlıqRadiosuna müsahibə verib. Cənab Sterling'ə ilk sualımız «Eurovision» Mahnı Müsabiqəsi ilə bağlı oldu.

– Siz bu müsabiqəni izləyirsinizmi? Müsabiqə ətrafında baş verənləri necə? Bir qrup insan haqları müdafiəçisi Azərbaycanda əsas insan haqlarının pozulmasına diqqət çəkmək üçün «Demokratiya üçün oxu» kampaniyası da başlatdılar. Siz necə baxırsız bütün bu məsələlərə?

– Gözümün altındakı torbalardan görünür ki, dünən gecə (mayın 22-də - A.K.) saat 2-yə qədər «Eurovision»ın yarımfinalına baxmışam. Bu, amerikalılar üçün nadir təcrübədir, çünki ABŞ bu tədbirdə iştirak etmir. «Eurovision»a baxmaq bizim üçün həyatda bir dəfə olan imkan kimidir. Daha geniş perspektivdə yanaşsaq deyim ki, «Eurovision» Azərbaycan üçün çox yaxşı təcrübədir, Azərbaycanın imicini qaldırır, daha çox adam Azərbaycan haqqında bilmək istəyir. Məncə, bu, Azərbaycan, Avropa və dünyanın qalan hissəsi üçün ideya mübadiləsi üçün imkanlar yaradır. Bu prosesin – dünya ilə dialoqun bir hissəsi olaraq Azərbaycan üçün imkan yaranır ki, dünyaya öz uğurlarını, tərəqqisini, Bakının gözəlliyini göstərsin. Ancaq eyni zamanda bu dialoqda Azərbaycanın tənqid oluna biləcəyi bir sıra məqamlar da ortaya çıxır. Məncə, bu, çox sağlam prosesdir, Azərbaycan üçün beynəlxalq ictimaiyyətlə dialoq və yaxşı ideyalar mübadiləsi aparmaq yaxşıdır. «Demokratiya üçün oxu» kampaniyasına da həmin kontekstdə baxmaq lazımdır. Hökumət rəsmilərinin onların tədbirinə gəlməsi, tənqidə qulaq asması və ideyaları bölüşməsi də məni ürəkləndirdi. Nəticə etibarilə demokratiya elə budur və bütün bunlar Azərbaycanın xeyrinədir.

– ABŞ və Azərbaycan ikitərəfli diplomatik münasibətlərin 20 illiyini qeyd edir. Hazırda münasibətlər nə yerdədir? Qarşılıqlı münasibətləri necə xarakterizə edərdiz?

– Hal-hazırda ikitərəfli münasibətlər çox güclüdür. Bakıda və Vaşinqtonda yüksək rütbəli rəsmilərin münasibətləri strateji tərəfdaşlıq kimi xarakterizə etməsi çox mühüm amildir. Münasibətlər çox genişdir. Biz bir çox sahələrdə əməkdaşlıq edirik – Əfqanıstan, İran və Dağlıq Qarabağ daxil olmaqla regional təhlükəsizlikdən tutmuş Azərbaycanın enerji resurslarının işlənməsi, Azərbaycanın tam potensialına çatmasına kömək edəcək siyasi və iqtisadi islahatlara qədər. Ötən 20 ildə bir çox nailiyyətlər olub - ən diqqətçəkəni Bakı-Tbilisi-Ceyhan kəməridir. ABŞ hökuməti həmin layihədə çox önəmli rol oynayıb. Həmin kəmərin Azərbaycana gətirdiyi xeyir də göz önündədir. Məncə, biz qarşılıqlı münasibətlərin ötən 20 ilinə baxanda, bu münasibətləri daha uzunmüddətli perspektivdə nəzərdən keçirməliyik və bu dövr ərzində ən önəmli məsələlərə nəzər salmalıyıq. 20 il bundan əvvəl Azərbaycan çox çətin vəziyyətdə yeni müstəqil dövlət kimi yenidən doğuldu. Bu ölkənin gələcəyi çox qeyri-müəyyən idi. Lap əvvəldən Birləşmiş Ştatlar Azərbaycanın öz ayağı üstündə durmasına, müstəqil, suveren, çiçəklənən və dinc ölkə olmasına köməyini əsirgəməyib. Azərbaycanın 20 ildə nail olduğu tərəqqi göz önündədir. Bu, ilk növbədə Azərbaycanın, Azərbaycan xalqının səyi nəticəsində mümkün olub. Biz amerikalılar ümid edirik ki, bizim Azərbaycanın müstəqilliyinə dəstəyimizin həmin uğurda payı olub.

– ABŞ prezidenti Barack Obama bu yaxınlarda Richard Morningstar'ın namizədliyini Azərbaycanda səfir postuna təqdim edib. Səfirin yoxluğu Azərbaycanla normal və məhsuldar münasibətlərə mənfi təsir göstəribmi?

– Əlbəttə ki, Bakıda səfirin olmaması bizim münasibətlərə maneçilik törədir. Məncə, ən mühüm məqam odur ki, bu, hökumətimin Azərbaycanla münasibətlərə yüksək əhəmiyyət verməsinin simvolik təqdimatına əngəl törədir. Vurğulamaq istəyirəm ki, bu səfirlik tam gücüylə işləməyə davam edir. ABŞ-Azərbaycan münasibətləri hər iki tərəfin maraqlı olduğu məsələlərdə yüksək səviyyədə inkişaf edir. Məsələn, səfirin olmadığı son bir neçə aya baxsaq, görərik ki, çoxsaylı yüksək səviyyəli qarşılıqlı təmaslar olub. Ötən ay Maliyyə naziri Samir Şərifovun rəhbərliyi altında 12-15 nazirliyi təmsil edən rəsmilərdən ibarət böyük bir nümayəndə heyəti Vaşinqtonda olub, ABŞ-ın yüksək rütbəli rəsmiləri ilə dialoqda iştirak edib. Ölkələrimiz arasında müxtəlif sahələrdə iqtisadi məsələlər müzakirə olunub. ABŞ nümayəndə heyəti də böyük idi, hökumətin müxtəlif strukturları təmsil olunurdu. Nümayəndə heyətinə Dövlət Departamentində iki yüksəkçinli iqtisadiyyat rəsmisi rəhbərlik edib. Yayda Vaşinqtonda hər iki ölkədən yüksək səviyyədə oxşar nümayəndə heyətlərinin iştirakı ilə illik strateji dialoqun olacağını gözləyirik. Gündəlik olaraq ABŞ səfirliyi Azərbaycan hökumətinin bütün qurumları ilə əməkdaşlığı davam etdirir. Hazırda hərbi proqramlar davam edir, gömrük, sərhəd xidmətlərində proqramlar həyata keçiririk. Biz kənd təsərrüfatı sahəsində işləyib Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə kömək edirik. Mərkəzi Bankla işləyirik, əməkdaşlıq normal gedir.

– ABŞ üçün Azərbaycanda əsas prioritet nədir: təhlükəsizlik, enerji, demokratiya ya İran?

– Bu sahələrdən birinin digərlərindən daha önəmli olduğunu qeyd etmək istəməzdim. ABŞ Azərbaycanla əməkdaşlıqda əsas 3 geniş maraq sahəsi görür: regional təhlükəsizlik, enerji resurslarının işlənməsi və daxili islahatlar. Biz inanırıq ki, bu 3 sahə eyni dərəcədə mühümdür və bir-birindən qarşılıqlı asılıdır. Başqa sözlə, bir sahə digərinin inkişafı olmadan irəli gedə bilməz.

– İran məsələsində bu ölkədən Azərbaycanın milli təhlükəsizliyinə təhdid nə dərəcədə ciddidir? Təhlükə ciddidirsə, Vaşinqton Bakıya necə kömək edə bilər?

– İrandan, xüsusilə bu ölkənin nüvə proqramından ciddi təhlükə var. Amma mən deyərdim ki, bu təhlükə qlobal ictimaiyyətə yönəlib. Bu təhlükə qlobal olduğu üçün ona cavab reaksiyası da eyni miqyasdadır. Bu gün çox mühüm xəbər odur ki, P5+1 ölkələr qrupu (BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya - A.K.) Bağdadda İran nümayəndəsi ilə görüşür, İranın öz nüvə proqramına dair dünya ictimaiyyətində necə əminlik yarada biləcəyini müzakirə edirlər. Prezident Obama aydın şəkildə bildirib ki, o, İranın nüvə proqramı probleminin diplomatik həllinə inanır. Yəni İran üçün imkan qapıları açıqdır ki, nüvə proqramının təhlükəli olmadığına dünyanı inandırsın. Azərbaycana gəldikdə, bu ölkənin vəziyyəti təkcə İranın nüvə proqramından gələn təhdidlə məhdudlaşmır. Azərbaycanla bağlı iki məqam var. Birincisi, Azərbaycan indi BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür. İranın nüvə proqramı probleminin həllini axtarmaqda dünya ictimaiyyəti arasında aparıcı roldadır. İkincisi, Azərbaycan İranın qonşusudur. ABŞ hökuməti anlayır ki, bunlar Azərbaycan üçün problem yaradır. Onun vəziyyəti İranı nəzərə alaraq unikaldır. ABŞ hökuməti İranla qonşuluğun Azərbaycana təsirini çox ehtiyatla götür-qoy edir.

– Dağlıq Qarabağ münaqişəsində azərbaycanlılar Birləşmiş Ştatlardan yeni sülh təşəbbüsü gözləyə bilərlərmi? Vaşinqton Azərbaycanla Ermənistan arasında davamlı sülhün yaranmasına necə kömək edə bilər?

– Birləşmiş Ştatların bu məsələdə xüsusi rolu var, Azərbaycan və Ermənistana davamlı sülhün əldə edilməsində yardım etməkdə maraqlıdır. Bizim Minsk Qrupunda uzunmüddətli həmsədrliyimiz də bunu göstərir. Yəqin, həmsədrlərin oynaya biləcəyi ən mühüm rol odur ki, hər iki tərəfin liderinə qırar vermək üçün şərait yaratsınlar. Onlar münaqişənin dinc və davamlı həllinə gətirəcək ən çətin seçimi etmək üçün daha qətiyyətli, inamlı olsunlar. Nəticə etibarilə, münaqişənin dinc həllinə gətirəcək seçimləri hər iki ölkənin liderləri etməlidirlər. Həmsədrlərin rolu isə həmin seçimi etmək üçün şərait yaratmaqdır.

– Prezident İlham Əliyev ötən ilin əvvəlində korrupsiyaya qarşı ölkə miqyaslı kampaniya elan etdi. Siz bu kampaniyanın nəticələrini gördünüzmü? Birləşmiş Ştatlar bu məsələdə Azərbaycana necə kömək edə bilər? Bir çox beynəlxalq qurumlar Azərbaycanın bu sahədə mübarizəsinə tənqidi yanaşırlar.

– Məncə, bu kampaniyada aydın sezilən ilkin nəticələr oldu. Korrupsiya uzunmüddətli problemdir. Onunla təkcə hüquq-mühafizə orqanları vasitəsilə mübarizə aparmaq olmaz. Bu, həm də struktur problemidir, hökumətlərin necə işlədiyini, hökumətin necə təşkil olunduğunu göstərir. Bu problemlə uzunmüddətli mübarizə lazımdır. Hökumətin öz fəaliyyətini daha səmərəli həyata keçirməsi üçün müəyyən struktur dəyişikliklərinin baş verməsi labüddür. Mənim ölkəm də daxil olmaqla bir çox ölkələr tarixən korrupsiya ilə mübarizə aparmalı olublar. Korrupsiyanı azaltmaq və məhv etmək üçün struktur dəyişikliklər, islahatlar aparıblar. ABŞ hökuməti Azərbaycanın həmin nümunəni götürməsi üçün həm siyasi dəstək, həm də texniki yardım göstərməyə hazırdır.

– Sizcə, Azərbaycan hökuməti neft gəlirlərini yaxşı idarə edirmi? Bəzi tənqidçilər bu işi tənqid edirlər.

– İqtisadçılar tez-tez deyirlər ki, ölkələr təbii sərvətdən qəfil qazanc əldə edəndə, bunun iqtisadi təsirlərindən əziyyət çəkirlər. İqtisadçılara görə, yalnız, məsələn, Norveç kimi onsuz da inkişaf etmiş və varlı ölkələr bu gəlirlərdən yaxşı istifadə edə bilirlər. Gəlirlərdən yanlış istifadə isə «Holland sindromu»na, inflyasiyaya, milli valyutanın dəyərdən düşməsinə, iqtisadiyyatın şaxələndirilməməsinə və digər neqativ hallara gətirib çıxarda bilər. Bütün bu proqnozlara baxmayaraq, məncə, Azərbaycan hökuməti bu sərvətin makro-iqtisadi idarəçiliyinə görə xoş sözlərə layiqdir. Neft və qazdan gələn qəfil yüksək gəlirlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatına ziyan dəyməyib. Hökumət Neft Fonduna 32 milyard dollar qoya bilib. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü təşkilatı Neft Fonduna şəffaflığa görə ən yüksək qiymət verib.

– Hazırda Azərbaycanda 10-dan çox müxalifət fəalı hökumət nümayəndəsinə müqavimət və ictimai asayişin pozulması ittihamı ilə həbsdə yatır. Bundan başqa gənc fəal Bəxtiyar Hacıyev, hüquq müdafiəçisi Vidadi İsgəndərli də həbsdədir. Bütün bu fəallara qarşı ittihamlar qondarma adlandırılır. «Freedom House» təşkilatının reytinqinə görə, Azərbaycanda media azad deyil. Birləşmiş Ştatlar bütün bu məsələlərin həlli üçün nə edə bilər? Siz heç hökumətdən bu şəxslərin azadlığa buraxılmasını istəmisinizmi?

– ABŞ rəsmiləri bütün səviyyələrdə Azərbaycan hökuməti ilə təmaslarda mütəmadi olaraq bu məsələləri qaldırır. Məncə, hər kəs ABŞ-ın sərbəst toplaşma, söz və media azadlığı kimi təməl insan haqlarına sadiqliyini dərk edir. ABŞ hökuməti Azərbaycan hökuməti qarşısında bu məsələləri qaldırır, çünki Azərbaycan beynəlxalq, məsələn ATƏT qarşısında bu haqlara hörmət etməyə dair öhdəlik götürüb. Azərbaycanda sizin qeyd etdiyiniz spesifik hallara gəlincə, bildiyiniz kimi, ABŞ Dövlət Departamenti hər il planetin hər bir ölkəsində insan haqlarının vəziyyətinə dair hesabatlar dərc edir. Bir neçə günə 2011-ci ildə dünyada insan haqlarının vəziyyətinə dair hesabat çıxmalıdır. Azərbaycana aid bölümdə bu ölkəyə dair spesifik hallar
qeyd olunacaq.

– ABŞ səfirliyi bir müddətdir Azərbaycan hökumətindən səfirlik üçün yeni məkan istəyib. Bu istəyin yerinə yetirilməsinin yubanmasına hər hansı səbəb varmı?

– ABŞ hökuməti Bakıda səfirliyi üçün yeni bina tikməyi istəyir. Müzakirə etdiyimiz bütün münasibətlərin inkişafı məsələlərindən danışdıq, səfirlik isə illər ərzində xeyli böyüyüb və bu binada bizim işçilər üçün kifayət qədər yer yoxdur. Biz həm də Bakıda elə bir səfirlik istəyirik ki, strateji tərəfdaşlığımızın təbiətini, səviyyəsini əks etdirsin, təcəssüm etsin. Bizim regionda bu cür səfirliklərimiz var. Təəssüf ki, Bakıda torpaq tapmaq prosesi çətin olub. Biz bu məsələ üzərində ciddi işləyirik. Çox nikbinəm ki, tezliklə ABŞ hökuməti növbəti bir neçə ilə səfirlik tikməyimiz üçün torpaq sahəsinin alınmasına dair razılaşmanı əldə edə biləcək.

– Sonda şəxsi məsələlərə keçək. Siz azərbaycanca da danışırsız. Yerli yazıçıları ya şairləri oxuyursunuzmu? Azərbaycan musiqisinə, yeməklərinə münasibətiniz necədir? Azərbaycan atalar sözlərindən, zarafatlarından hansıları bilirsiniz?

– (Bu suala azərbaycanca cavab verir. Adam Sterling deyir ki, siyasi söhbətlər olmayanda azərbaycanca danışa bilər - A.K.) Çox təəssüf ki, azərbaycanca oxumuram, çünki dili kifayət qədər yaxşı bilmirəm. Amma Azərbaycan musiqisi çox xoşuma gəlir. Xüsusilə də muğam-caz və muğam-opera. Yoldaşımla mən artıq bir neçə dəfə Azərbaycan operalarına baxmışıq. Misal üçün, «Leyli və Məcnun», «Koroğlu» və «Şah İsmayıl». Çox xoşumuza gəlib. Atalar sözlərinə gəlincə, diplomat və ata kimi mənə elə gəlir ki, Azərbaycan dilində çox faydalı atalar sözləri var. Misal üçün, «Səbirli insan müdrik olar». Diplomat üçün çox faydalı kəlamdır. Bundan başqa çox sevdiyim bir atalar sözü də var – «İt hürər, karvan keçər».

– Sizi Azərbaycanda ən çox nə qıcıqlandırır?

– Hamı kimi Bakıdakı tıxacı xoşlamıram.
XS
SM
MD
LG