Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:19

Sevinc el Sevər. Yeni şeirlər


Sevinc el Sevər
Sevinc el Sevər

Sevinc el Sevərin yeni şeirlərini təqdim edirik

-
Tərk etmək çətindi.

hələ də kişilər qadınlarını öldürürsə
Otellolar ölmədi...
ölmədi gerçək sevgi
ölmədi qısqanclıq
eşq yanğısı...

hələ də atırsa qızlar özlərini
Qız qalasının təpəsindən
tək bir sevgiyə sadiq qalan
qadınlar var demək ki...

doğulub küçəyə atılan uşaqlar
atılan sevgilərdi
tərk edilən qadınlardı həm də...

o gerçək sevgilərdi ki,
sevgilər bitsə də...
sevgidən geriyə qalan xatirələr
uşaqlar göz bəbəyi kimi qorunur...

bu gecə bir yetimi də mən buraxdım
şəhərin çıxışındakı
məscid qapısına
tərk etmək
tərk edilmək kimi çətindi...


Yoxsulluğun bayrağı

əlimə bir az pul düşsəydi
üç-dörd corab alardım ayağına,ana...
dabanını yamamısan görürəm

barmağından yamamısan
pəncəsindən cırılıb...
corabın özündən də çox qocalıb...

kəsə bilsəydim balalarımın boğazından azacıq
heç olmasa bu ay xəstələnməsələr
pul verməsəm dava-dərmana
balacanın qarnı getməsə
çox pul xərcləməsəm bezə
təzə köynək də alardım sənə...
əynindəki üzün kimi solmuş
geyilməkdən yorulmuş
ağ-qara damalı köynəyin üstündə
çox oyunlar uduzmusan
dəfələrlə mat qaldığına şahidəm
həyatın oyunlarına

köhnə paltarlar yoxsulluğu
yoxsulluqlar boynubükük çocuqluğumu xatırladır
məktəb şəkillərimdə sinif yoldaşlarımla
şəkil çəkdirməmişəm
onların arasına girib gizlənmişəm
hər dəfə
özümü gözə soxa bilməməkdə qınasan da
mən bilirdim
sinif yoldaşlarım məndən zirək deyillər
sadəcə daha şax dayana bilirlər zamanın üzünə
çəkdirdikləri fotolarda...

beşinci sinifdəydim...
hər gün ağlada-ağlada ayağıma geydirib
məktəbə yolladığın
altı dəlik
dabanı mismarlı
ayaqqabım vardı...
sən o mismarın başına vursan da
ağzına pambıq tıxasan da
bir yol tapıb ayağıma girişirdi
sol tayıydı
sol ayağımı çəkirdim azacıq
mismarın üzündən
razıydım çolaq desinlər
ama mismarı bilməsinlər
mismarı gizli sevgim kimi gizlədirdim
ürəyimə batırdı, ürəyimə...

görmək istəmirəm
əynindəki ağ-qara damalı bu köynəyi
bütün yoxsulluqlarımızın səbəbi kimi
girir gözlərimə
yoxsulluğun bayrağıdır dalğalanır
arıq, sısqa bədənində...
bütün şəkillərində bu uğursuz köynəkdəsən
indi sən öləndə də
mən səni bu köynəklə xatırlayacam
əynində bu köynək olacaq
cümə axşamları yuxularıma gələndə...


Mövluda

Mövlud, mən ölsəm
dərddən ölməyəcəm
sevincdən partlayacaq ürəyim...
sevinc adlı o mirət nədisə
mən onu görmədim...

bir gün kətil qoyuram ayağımın altına
asıram özümü
o biri gün
qaz balonunu açıb buraxıram evə
fısıldaşan ilanlar sarır boğazımadək...

bir sonrakı gün
damarımı kəsirəm
içində uzandığım ağ vannanı
qırmızıya boyayıram əməlli-başlı...
Mövlud, mən ölmürəm
ölümü məşq eləyirəm
hələ ki, heç bir ölüm xoşuma gəlmir.

Mövlud, mənə bir kahin tap
Cülyettanın zəhərindən düzəltsin
içim, cənnətdə oyanım
indi elə bir evdə yaşayıram
bütün pəncərələri
bütün qapıları bir səmtə baxır
üzü günəşə...

günəş evimə elə yaxın ki
pəncərədən əlimi çıxartsam
üzünə toxunacam
mən bir dəfə də onun üzünə baxmamışam...

pəncərələrim də
qapım da olmasa ondan yaxşıdı anlayacağın...

Mövlud, gəlmə
hətta ölmək fikrim doğrudusa da
yetişməzsən...
zarafat edirdim səninlə
qorxma
dərddən ölmərəm mən
ölsəm sevincimdən öləcəm...

ən yaxın dostumla vidalaşırdım sadəcə
elə belə
nə olar nə olmaz
həyata bel bağlamıram mən
insanlar beş dəqiqəlik ayrılarkən belə
əbədilik ayrılırlarmış kimi
ayrılmalıdırlar
Mövlud, gəlmə, yetişməzsən
Bakı-Qazax qatar yolunu çoxdan partladıblar...
o vaqonlardan birində ölmüsən sən...


İyirmi doqquz yaşıma həsr edirəm...
(yaşıdlarım qorxmasınlar, bu yaşda qocalmırlar)


qocalmaq istəyirəm
daha saçlarımın
dənə-dənə ağarmasından əndişələnməmək
dişlərimin bir-bir laxlamasından bezməmək
cavan ölüb getməkdən
uşaqlarımı yetim qoymaqdan
qorxmamaq istəyirəm...

qocalmaq istəyirəm
bilirəm onda ölümlər
çox incitməyəcək
mənim olmayan şeylər utandırmayacaq
ağzımda oynayan protezlərim, məsələn...
hələ də modernistəm parik taxacam
sadə bir möminsəm şal
onda ki, qocalmaqdan qorxmayacam
bütün qorxular arxada qalacaq
unudacam gözəlliyimi itirmək qorxusunu...

uzaqgörən falçı kimi
görmüş olacam
uşaqlarımın gələcəyini
sevimli şəhərimin köhnəliyini-yeniliyini...

bütün həyatım
oxuyub bitirdiyim kitab kimi
eləcə duracaq ovuclarımda
yenidən oxumaq istərcəsinə

bu kitabı yazanın
bir az daha uzun yazmadığına
heyfslənəcəm...

qocalmaq istəyirəm
onda qısqanmayacaq ərim heç bir kişiyə
azad və hürr olacam
əxlaqımda qüsur aramayacaqlar
ah, necə özgür olacam...
qoca nənəm siqaret sümürərdi
acıqlanmazdı atam
siqaret çəkən gənc xanımların əxlaqına
şübhəsi vardı oysa...
xatırlayıram

gedib-gəlib “ay sənin birçəyin ağarsın”
alqış edən nənəm bilirmiş
qocalmağın necə gözəl nemət olduğunu...

qocalmaq istəyirəm
küçələrdə azad yeriyə bilən
qadın olmaq istəyirəm
gözəl, ağıllı, namuslu olmağa məcbur olmayan
bir qadın
bir adam
küləyin ətəyini qoparıb-qoparmayacağı
umrunda olmayan...

artıq təkcə keçmişindən hesab soran
təkcə keçmişinə hesab verən
tək dərdi əriylə qoşa gömülmək olan bir qadın

ağ və qara saçlarımın
bir-biriylə müharibəsindən bezdim
hər gün birinə haqq verməkdən
gah qaranı
gah ağı seçməkdən bezdim
qocalmaq istəyirəm
ama gəncliyi qısqanan deyil
gəncliyi qısqandıran birisi kimi qocalmaq
əlbəəttə...
XS
SM
MD
LG