Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:52

Sevda Sultanova: "Hekayələrim ədəbiyyatdan çox kino estetikasından bəhrələnir"


Sevda Sultanova
Sevda Sultanova
"Tarkovski" hekayəsi "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin iyirmiliyinə, daha sonra onluğuna keçmiş Sevda Sultanova ilə söhbət


"1975-ci ildə Bakıda doğulmuşam. Bakı Sosial İdarəetmə və Politologiya (indi Prezident yanında Dövlət Akademiyası) İnstitutunu bitirmişəm. 1995-ci ildən mətbuatda çalışıram".



- Dünya kinosu haqqında yazılarınızı mətbuatdan izləyirik, bəs hekayə yazmağa nə vaxtdan başlamısınız?

- Doğrusu, hekayə yazmağa nə vaxtdan başlamağımın tarixini xatırlamıram. Ara-sıra nəsə yazırdım. Üst-üstə toplasaq 5, ya 6 hekayəm var. Onlardan ikisi çox zəifdir, daha dəqiq desəm “bezdarnıdır”. Lars fon Trierə həsr etdiyim “Həyatımın ən vacib görüşü”nü daha yaxşı hekayəm hesab edirəm. Hekayələrim ədəbiyyatdan çox kino estetikasından bəhrələnir. Kino estetikasını mətnləşdirməkdən zövq alıram, bu bir az da əyləncəlidir. “Tarkovski” hekayəsini onun ekran və montaj həllini təsəvvür edərək yazmışam. Ümumiyyətlə, tədricən öz üslubumu tapdığımı düşünürəm. Yeri gəlmişkən, bu hekayədə Jean Luc Godardın “Ağılsız Pyero” filminə istinad, bundan başqa Claude Chabrol, Julian Schnabeldən tutmuş Mel Gibsona kimi ən müxtəlif rejissorlardan sitatlar var.

- Gənc yazarların əsərləri niyə ekranlaşdırılmır? Yenə sponsor və vəsait amili səslənəcək? Başqa hansı problemlər var?

- Gənc yazarların əsərləri ona görə ekranlaşdırılmır ki, bizim rejissorların çoxu ədəbiyyatımızı oxumur. İstər milli, istərsə də dünya ədəbiyyatı baxımından bilgiləri zəifdir. Bəziləri “tarkovşina” xəstəliyinə tutulub. Sözsüz ki, pul amili də rol oynayır. Amma dünyada az büdcə ilə çəkmək təcrübəsi də var axı. Azərbaycanlı rejissorların problemi ondadır ki, onlar bahalı kamera ilə, üstəlik, hansısa böyük, ilahi, mücərrəd nəsnələrdən çəkmək iddiasındadırlar. İtalyan neorealizmindən, Fransanın “Yeni dalğa”sından və Dogma estetikasından istifadə edərək az büdcə ilə keyfiyyətli film çəkmək mümkündür.

- Gənc rejissorlar adətən yazarları qınayırlar ki, kino materialı verən əsərlər yaza bilmirlər. Bəs onların özlərinin hazırlıq səviyyəsi necədir?

- Bilirsiz, bu cür iradları eşidəndə artıq əsəbiləşirəm. Bu, istedadsız rejissorların bəhanəsidir. Sən rejissorsansa, deməyə sözün olmalıdır. Əgər deməyə sözün yoxdursa, ssenari yaza bilmirsənsə, bu sənin problemindir. Demək ki, yaradıcı adam deyilsən. Səni qane edəcək əsər yoxdursa, buyur, ssenarini özün yaz. Konkret faktlara müraciət edək. Jim Jarmusch, Lars von Trier, Pedro Almodovar və müəllif kinosunun başqa nümayəndələri filmlərinə ssenarini məhz özləri yazır. Bir də ədəbi materialı ekranlaşdırmaq üçün rejissorun istedadı olmalıdır. Almodovar son « La piel que habito » (Yaşadığım dəri) filmini fransız Thierry Jonquetin bulvar romanı sayılan Mygale əsasında çəkib. O bu layihə üzərində uzun müddət işləyib və romandan yalnız özünə lazm olan motivi götürüb. Bu mənada rejissor həm də nə istədiyini, nəyi çəkmək istədiyini bilməlidir.

- Gənc yazarlardan kimləri izləyirsiniz? Gənclərin elə bir əsəri varmı, oxuyandan sonra onu ekranlaşdırmaq ürəyinizdən keçsin?

- Yeni ədəbiyyat seriyasından çıxan əsərləri oxumağa çalışıram. Kənan Hacının «Yağ kimi » romanını yeni bitirdim. Məncə, ciddi əsərdir. Amma deyəsən, diqqətdən kənarda qalıb. Güclü prodüser duyumu olan Əli İsa Cabbarovun Seymur Baycanın «Quqark» və Şərifin Ağayarın «Haramı» romanlarını ekranlaşdırmaq niyyəti var. Uğurlu seçim olduğunu düşünürəm. İndi Ankarada rejissorluq dərsləri alıram. Mütləq qeyd edim ki, ssenari problemim yoxdur. «Tarkovski »ni ekranladışırmağı düşünürəm. Artıq ssenarisini yazmağa başlamışam. Gənc yazarlardan isə Nahidin « Dərdimi çək » hekayəsinin ideyası xoşuma gəldi. Onunla əməkdaşlıq etmək istərdim.

- Deyirlər Azərbaycanda ciddi ədəbiyyata və ciddi kinoya dövlət səviyyəsində bir etinasızlıq var. Belədirmi?

- Etinasızlıq var. Sanki bu ölkədə bir sənət növü kimi yalnız musiqi mövcuddur. Musiqini elə urvatdan salıblar ki, musiqi məndə ikrah hissi doğurur. İstedadlı yazıçılar və rejissorlar dövlət tərəfindən mütləq dəstəklənməlidir.

- “Ədəbi Azadlıq” müsabiqəsinə qatılmağınız haqqında danışaq. İndiyədək hansısa müsabiqədə iştirak etmisiz?

- 2003-cü ildə “Media açarı” almışam. Başqa heç bir müsabiqəyə qatılmamışam. Qismətin sözü olmasın, əlimi XX əsrin dahi rejissoru saydığım Orson Wellesin filmlərinin üzərinə qoyub and içirəm ki, ümumən, ədəbiyyatda seçilmək iddiam yoxdur. Kino mənim üçün daha çəkicidir. Notebook-um köhnəldiyindən, daha vacibi, montaj proqramını yükləməyə gücü çatmadığından yeni bilgisayara ehtiyacım var.

- Onluqdakı hekayələrdən hansını oxumusuz? Bəyəndiyiniz imzalar kimlərdir?

- Alpay Azərin hekayəsini ləzzətlə, birnəfəsə oxudum. Yeri gəlmişkən, Alpaya səs vermişəm. O da, hətta atası Azər Abdulla da mənə səs verib. Ən yaxşı hekayələrdən biri, bəlkə də birincisidir. Nahidin, Azər Həsənlinin hekayələri də diqqətimi çəkdi.
XS
SM
MD
LG