Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:45

Elmar Məmmədyarov: «Xoşagəlməz hadisələrin baş verməsi heç zaman istisna edilə bilməz»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov cəbhə xəttində baş verən son hadisələrə münasibət bildirib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi həll olunmayanadək belə xoşagəlməz hadisələrin baş verməsi heç zaman istisna edilə bilməz:

«Ona görə biz bir daha Ermənistana, bu ölkənin rəhbərliyinə müraciət edirik ki, yenilənmiş Madrid prinsiplərini qəbul etsinlər və biz bu razılaşmanın əsasında böyük sülh sazişi üzərində işləməyə başlayaq. Hazırkı status-kvo qəbuledilməzdir».

«Media forum» saytının məlumatına görə, Elmar Məmmədyarov əlavə edib ki, iyunun 18-də Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. Elmar Məmmədyarov deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçiriləcək görüşdə Qarabağ münaqişəsinin həlli ilə bağlı son durum, eləcə də cəbhə bölgəsindəki insidentlər müzakirə olunacaq.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə deyib ki, uzun illərdir Ermənistan irrasional mövqe tutaraq danışıqlar prosesini uzadır: «Bu onu göstərir ki, Ermənistan sülhün bərqərar olmasında maraqlı deyil».

APA-nın xəbərinə görə, E. Aslanov bildirib ki, Ermənistan bu gün status-kvonu saxlamağa çalışır və bölgədə sülhə, sabitliyə və əmin-amanlığa xidmət edən addımlar atmaq əvəzinə, bölgədə daha çox hərbi ritorikanın güclənməsinə, qeyri-sabitliyə, müxtəlif provokasiyalara çalışır.

O əlavə edib ki, ABŞ-ın Dövlət Katibi Hillary Clintonun Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli əsas müzakirə mövzularından biri olacaq.
XS
SM
MD
LG