Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:25

Oqtay Gülalıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb


Oqtay Gülalıyev
Oqtay Gülalıyev
«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev haqqındakı cinayət işinin istintaqı yekunlaşıb. Vəkillərin cinayət işinin materialları ilə tanış olma mərhələsi başlanıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib. Məhkəmə prosesinin isə iyunun axırı - iyulun əvvəlində başlanacağı gözlənilir.

Yalçın İmanov istintaqın indiyə qədər müdafiə tərəfinin verdiyi çoxsaylı vəsatətlərin heç birini təmin etmədiyini də deyib:

«Bu da işin qeyri-obyektiv, qərəzli aparıldığının sübutudur. Oqtay Gülalıyevin həbsi sifarişlidir, məqsəd onu cəzalandırmaqdır. Məhkəmədə bu məsələləri qaldıracağıq».

Oqtay Gülalıyev aprelin 8-də Sabirabadda 2010-cu ilin Kür daşqınlarından ziyan çəkmiş vətəndaşlarla görüş zamanı tutulub. O, Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) ittiham olunur.

Aprelin 19-da Sabirabad rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Oqtay Gülalıyev hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanır.

İttiham təsdiqlənərsə, Oqtay Gülalıyev 3 il azadlıqdan məhrum edilə bilər.
XS
SM
MD
LG