Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:09

Hillary Clinton'un səfəri nəyi dəyişəcək?


Hillary Clinton və İlham Əliyev, 6 iyun 2012
Hillary Clinton və İlham Əliyev, 6 iyun 2012
İyunun 6-da Bakıda səfərdə olan ABŞ Dövlət katibi Hillary Clinton son günlər cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycanda və Ermənistanda hərbçilərin həlak olması məsələsinə münasibət bildirib. Deyib regiona səfəri ərəfəsində bu cür hadisələrin başverməsi onu narahat edib:

«Mən Yerevana çatanda orada 3 gənc əsgərin öldüyünü eşitdim və buna öz narahatçılığımı bildirdim. Azərbaycanda da gənc əsgərlərin yaxud başqa insanların belə ölmələri məni çox narahat edir. Bu məsələ hərbi yolla həll oluna bilməz. Bunun hərbi yolu yoxdur. O insanların mənasız ölümü bizim üçün matəmdir. Biz sülhə nail olmaqla onların əməklərini qiymətləndirməliyik. Odur ki, biz ancaq sülh yolunu seçməliyik».

Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının çoxdan keçdiyini bildirən xanım Clinton deyib ki, bu məsələ tezliklə, özü də sülh yolu ilə həllini tapmalıdır.

MÜNAQİŞƏNİN HƏLLİNƏ YENİ YANAŞMA TƏRZİ

ABŞ Dövlət katibi deyib ki, iki həftə sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu ilə birlikdə Parisdə görüşü olmalıdır. Həmin görüşdə münaqişənin həllinə dair yeni yanaşma tərzləri müzakirə ediləcək.

Politoloq Ərəstun Orucluya görə, Rusiyadan və Ermənistan müxalifətindən səslənən bəyanatlardan belə görünür ki, Serzh Sargsyan Vladimir Putin'i artıq qane etmir. O, Robert Kocharyan'ı yenidən fəallaşdıraraq hakimiyyətə gətirmək haqqında düşünür.
Ərəstun Oruclu
Ərəstun Oruclu
Təbii ki, ABŞ da bu situasiyadan yararlanmaq istəyir. Yəni, Sargsyan rejiminə dəstək verməklə Rusiyanın Ermənistana təsirini azaltmağa çalışır. Amma hamı bilir ki, Cənubi Qafqazla bağlı geosiyasi konyunktura yalnız buradakı münaqişələr həll olunduqdan sonra dəyişə bilər:

«Bu baxımdan da mən istisna etmirəm ki, Clinton bölgəyə hansısa yeni təkliflərlə gəlib. Onları həm Yerevanda, həm də Bakıda müzakirə edib. İndi də onun mesajını verib. Yəni, Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni yanaşma artıq tərəflərlə təkbətək müzakirə olunub, indi də Bakı ilə Yerevanın birlikdə müzakirəsi olacaq. Onun mahiyyətinin nədən ibarət olduğunu söyləmək bir qədər çətindir. Amma artıq aksiomadır ki, ATƏT-in Minsk qrupunun həmsədrlər formatı özünü doğrultmayıb. Görünür, ABŞ-ın hansısa yeni bir cəhdi var».

CLİNTON'UN SƏFƏRİ CƏBHƏDƏ İTKİLƏRƏ SƏBƏB OLDU

Konfliktoloq Arif Yunus deyir ki, cəbhə xəttində atəşkəsin pozulması və bu qədər adamın ölməsi Hillary Clinton'un Azərbaycana səfəri ilə bağlıdır. Düzdür, atəşkəs həmişə pozulur və hər iki tərəfdən itkilər olur. Amma itkilərin miqyası bu qədər olmur:

«Bu səfərə Azərbaycanda, Ermənistanda və Gürcüstanda böyük ümidlər var idi. Ona görə də hamının marağında idi. Sərhəddə və cəbhə zonasında baş verən son hadisələr də Clinton'un regiona səfəri ilə bağlıdır. Hesab edirəm ki, burada bizimkilər daha fəal rol oynayırdılar. Fikir versək, tək cəbhə zonasında yox, İranla əlaqədar son olaylar da bu səfərlə bağlı idi. «Eurovision»la bağlı antiterror əməliyyatları da həmçinin. Hakimiyyətin bunlardan Clinton'la görüş zamanı istifadə edəcəyi aydın idi.
Arif Yunus
Arif Yunus
Yəni, bir tərəfdən ABŞ Dövlət Departamenti, eləcə də Avropadan demokratiya, insan haqları, söz azadlığı ilə bağlı Azərbaycana təzyiqlər olduğunu deyəcəkdilər. Digər tərəfdən də bildirəcəkdilər ki, bəzi hallarda buna getməyə məcburdurlar. Çünki bir tərəfdə Rusiya, digər tərəfdə İran var. Özü də İran son vaxtlar çox fəaldır».

DÖVLƏT KATİBİ MÜXALİFƏTLƏ GÖRÜŞMƏDİ

Hillary Clinton Azərbaycana səfəri zamanı dövlət rəsmiləri ilə, eləcə də vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşüb. Amma o, ölkədə fəaliyyət göstərən siyasi partiyalarla görüşməyib. Müsavat başqanı İsa Qəmbər deyir ki, onlar xanım Clinton'la görüş üçün müraciət etməyiblər və belə bir təklif də almayıblar. Amma Hillary Clinton'un səfəri zamanı Azərbaycanda və Ermənistanda müxalifətlə görüşlər keçirməməsi, İsa Qəmbərin fikrincə, səbəbsiz deyil:

«Xanım Clinton Ermənistanda və Azərbaycanda vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşdü. Gürcüstanda isə vətəndaş cəmiyyətindən əlavə siyasi partiyalarla, müxalifət liderləri ilə də görüşdü. Bu da aydın şəkildə göstərir ki, görüşün keçirilməməsinin səbəbi bu iki ölkənin mahiyyətindədir. Belə ki, Ermənistanda və Azərbaycanda avtoritar rejimlər mövcuddur. Xaricdən gələn yüksək səviyyəli qonaqların müxalifətlə, siyasi partiya liderləri ilə görüşündən bu rejimlər həddən artıq qıcıqlanırlar. Bu zaman yersiz problemlər yaradırlar. Digər tərəfdən, bu problemləri yaratmaqda onlara Rusiyanın da müəyyən dairələri dəstək olur.
İsa Qəmbər
İsa Qəmbər
Ermənistan-Azərbaycan sərhədindəki son atışmalar da belə təxribatlar nəticəsində baş verib».

SƏFƏRDƏN SONRA NƏ BAŞ VERƏCƏK

Müsavat başqanı hesab edir ki, əslində məsələnin mahiyyəti xanım Clinton'un kiminlə görüşüb-görüşməməsində deyil, onun Bakıda verdiyi mesajlar, açıqlamalar, bu səfərdən sonra baş verəcək hadisələrdir. İsa Qəmbərə görə, Hillary Clinton insan haqları, demokratiya ilə bağlı kifayət qədər ciddi bəyanatlar verib. Yenicə azadlığı çıxmış Bəxtiyar Hacıyevlə görüşünü və digər məhbusların da tezliklə azadlığa buraxılacaqlarına ümid etdiyini xüsusi vurğulayıb. Bu və digər bəyanatlardan xanım Clinton'un mövqeyi kifayət qədər aydındır.

Azərbaycanı tərk etməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında Hillary Clinton deyib ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla ölkədə vətəndaş cəmiyyətinin möhkəmlənməsi haqda danışıqlar aparıb. O qeyd edib ki, Bəxtiyar Hacıyevin həbsdən azad olunması üçün Azərbaycan prezidentinə müraciət edib. Gəlib Bəxtiyar Hacıyevi azad gördükdə çox sevinib.

YENƏ DƏ SƏBİR
Hikmət Hacızadə
Hikmət Hacızadə

«Biz həmişə hökumətə tövsiyə edirik ki, öz vətəndaşlarının haqlarını qorusunlar, onlara hörmət etsinlər. Mətbuatda məqalə yazan, yaxud küçələrdə nümayiş keçirənləri tutublarsa, azad etsinlər. Mən Azərbaycan hökumətinə Bəxtiyar Hacıyevi azad etdiyi üçün təşəkkürümü bildirirəm. Mən bu gün onunla görüşdüm və ümidvaram ki, Azərbaycanda vətəndaş cəmiyyətləri bundan sonra da öz fəaliyyətlərini davam etdirəcəklər. Çünki bu, ictimaiyyətin vəziyyətini daha da yaxşılaşdırır. Bu isə Azərbaycanın daha güclü və möhkəm bir dövlət olmasına kömək edəcək».

Politoloq Hikmət Hacızadə hesab edir ki, Hillary Clinton'un Azərbaycana səfəri ölkədə insan haqları ilə bağlı vəziyyətə müsbət təsir edəcək. Amma əlbəttə ki, bu təsir tezliklə özünü büruzə verməyəcək. Bu məsələdə bir az səbirli olmaq lazımdır:

«Bilmək lazımdır ki, bütün bu səfərlər, etirazlar, bəyanatlar - bunların hamısı ölkədə demokratiya və insan haqları məsələlərinə ümumən təsir edir. Əlbəttə ki, bunlar hamısı kiməsə gülünc görünə bilər. Ancaq əfsuslar olsun ki, başqa yolu yoxdur. Bizim cəmiyyətimiz bu məsələni özü həll etmirsə, dünya bunu belə yavaş-yavaş həll edəcək».

ÖLKƏDƏN ÜMUMİLİKDƏ DEMOKRATİYA TƏLƏB EDİLMƏLİDİR

Leyla Yunus
Leyla Yunus
ABŞ Dövlət katibi Azərbaycanda olarkən həbsdən azad edilənlərdən yalnız Bəxtiyar Hacıyevlə görüşməsi birmənalı qarşılanmayıb. Bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, bunu ümumi insan hüquq və azadlıqlarına yönəlik addım deyil, hansısa bir şəxsə konkret dəstək nümayişi kimi dəyərləndirmək də mümkündür.

Hüquq müdafiəçisi Leyla Yunus deyir ki, son vaxtlar Azərbaycanda qeyri-adi situasiya müşahidə olunur. Harvard Universitetinin tələbələri Azərbaycan rəhbərliyinə müraciət edib oranın məzunu olan Bəxtiyar Hacıyevin buraxılmasını istəyirlər.

Təbriz Universitetinin tələbələri isə həbsdə olan Mövsüm Səmədovun azad olunması üçün müraciət edirlər. Leyla Yunus hesab edir ki, tələbələrin həmrəyliyi baxımından bu, müsbət haldır. Amma müraciətlərin ayrı-ayrı fərdlərə yönəlməsi baxımından, bu cür hərəkətlər bölücülük xarakteri daşıyır. Onun fikrincə, ümumilikdə universitetlərin belə müraciətləri də məqbul sayıla bilər. Amma ayrı –ayrı dövlətlər tərəfindən ayrı-ayrı fərdlərin azadlığa buraxılması xahişi düzgün deyil. Bunun əvəzinə ölkədən ümumilikdə demokratiya tələb edilməlidir.
XS
SM
MD
LG