Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:55

«Eurovision»dan əvvəl aksiyalarda iştirak edənlər polisə çağırılır


Natiq Ədilov
Natiq Ədilov
AXCP mətbuat xidmətinin rəhbəri, «Azadlıq» qəzetinin əməkdaşı Natiq Ədilov iyunun 13-də Sabirabad polisində olub.

Polis idarəsində ona deyiblər ki, o, mayın 24-də İctimai Palatanın İTV qarşısında keçirdiyi aksiya ilə əlaqədar Daxili İşlər Nazirliyindən idarəyə göndərilən məktub əsasında çağırılıb:

«Mənimlə Sabirabad rayon Polis İdarəsinin əməkdaşı Seyran Mehdiyev söhbət etdi. Mənə iyunun 2-də DİN-dən polisə gələn məktubu göstərdilər. Orda qeyd olunurdu ki, mayın 24-də İctimai Televiziya qarşısında keçirilən aksiyada iştirak etmişəm, əhalinin istirahət hüququnu pozmuşam. Onlara bildirdim ki, fəal kimi həmin aksiyaya heç bir aidiyyətim olmayıb. Jurnalist kimi aksiyanı işıqlandırmışam. Buna görə nə saxlanmışam, nə də mənə xəbərdarlıq edilib. Sabirabad rayon Polis İdarəsinə göndərilən məktub ya polisin qeyri-peşəkarlığından xəbər verir, ya da mənə təzyiq kimi qiymətləndirilməlidir».

«CAVAN OĞLANSAN, BU YOLDAN ÇƏKİN»

Natiq Ədilov deyir ki, polisdə onunla profilaktik söhbət də aparmaq istəyiblər. Dediyinə görə, ona bundan sonra mitinqlərə çıxmamaq, hətta indiki fəaliyyətimdən kənarlaşmaq kimi məsləhətlər də veriblər:

«Mən də onlara bildirdim ki, polisin siyasi söhbətlər etməsi qanunsuzdur. Onlar da mənə dedilər ki, biz səninlə elə-belə söhbət edirik. Guya, zarafatyana dedilər ki, «sən cavan oğlansan, bu yoldan çəkin, dövlətçiliyə xidmət elə». Mən də dedim ki, elə biz də Azərbaycanda güclü dövlətin, korrupsiyadan uzaq, demokratik bir dövlətin qurulmasını istəyirik. Hər vəchlə çalışırdılar ki, mən öz siyasi əqidəmdən imtina edim. Hətta bir neçə nümunə də gətirdilər ki, filankəslər siyasi fəaliyyətlərindən uzaqlaşmaları barədə polisə izahat yazıb veriblər. Mən dedim ki, siz buna adamları qorxutmaqla nail olursunuz. Onlar bunu inkar etməyə çalışdılar.
24 may aksiyası
24 may aksiyası
Amma bildirdim ki, elə sizin məni polisə çağırmanız, məni işdən ayırmanız özü bir təzyiqdir».

«NATİQ ƏDİLOVU POLİSƏ BİZƏ GƏLƏN MƏKTUB ƏSASINDA ÇAĞIRMIŞIQ»

Sabirabad rayon Polis İdarəsinin ictimai təhlükəsizlik bölməsinin əməkdaşı Seyran Mehdiyev isə Natiq Ədilovun polisə çağırılması və ondan izahat alınmasında qeyri-adi bir şey görmür:

«Natiq Ədilovu bizə daxil olan məktub əsasında çağırıb izahat almışıq. O, bizim rayonumuzun sakinidir və çağırıb söhbət etdik».

Amma Natiq Ədilov son günlər ötən aksiyalara görə jurnalistlərin və AXCP üzvü olan gənclərin polisə çağırılmasını təzyiq kimi qiymətləndirir.

DİN: MEHMAN HÜSEYNOV POLİSƏ QARŞI XULİQANLIQ EDİB

İyunun 12-də izahat üçün Səbail rayon Polis İdarəsinə çağırılan Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) fotoqrafı Mehman Hüseynov hazırda getdiyi polis idarəsinin müvəqqəti saxlanma təcridxanasındadır. Vəkili Elçin Sadıqovun AzadlıqRadiosuna verdiyi məlumata görə, günün sonunda onun şikayətçi polislərlə üzləşdiriləcəyi gözlənilir.

Daxili İşlər Nazirliyi Mehman Hüseynovu mayın 21-də İctimai Palatanın Bakı şəhər İcra hakimiyyətinin qarşısında keçirdiyi aksiyada polis əməkdaşlarına qarşı xuliqanlıqda ittiham edir. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, Mehman Hüseynov polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, xuliqanlıq hərəkətlərinə yol
Elçin Sadıqov
Elçin Sadıqov
verib.

Nazirlik rəsmisinə görə, elə bu səbəbdən də mayın 29-da onun barəsində Səbail rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

«MEHMAN HÜSEYNOV HƏBSİNİ SİYASİ SİFARİŞ HESAB EDİR»

Vəkil Elçin Sadıqov deyir ki, Mehman Hüseynov istintaqa verdiyi ifadəsində də həbsinin siyasi sifariş olduğunu qeyd edib.

RATİ əməkdaşının saxlanmasını birbaşa «Eurovision» mahnı yarışması ərəfəsində insan hüquqları ilə bağlı apardığı kampaniyaya cavab sayır. Bu baxımdan, institut Mehman Hüseynovu ilk «Eurovision məhbusu» hesab edir.

PROFİLAKTİK TƏDBİR?

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev «Eurovision»dan əvvəlki aksiyaların təftişinə başlanılmasını profilaktik tədbir sayır. Hesab edir ki, bu, kimlərisə cəzalandırmağa və adamları gələcəkdə planlaşdırılan kütləvi aksiyalardan çəkindirməyə hesablanıb. Amma Mehman Əliyev bu təzyiqlərin hakimiyyət üçün effektli olacağına inanmır:

«Geriyə baxsaq, o qədər adamı, o qədər jurnalisti tutublar ki, amma proses dayanmayıb, əksinə, daha da sürətlənib. Bu prosesin qarşısını almaq mümkün deyil. Adnanla Emini tutdular, məgər sosial şəbəkələrdə proses dayandımı? Əksinə, daha da gücləndi».

Mehman Əliyev
Mehman Əliyev
Mehman Əliyev ötən aksiyalarla bağlı bəzilərinin polisə çağırılmasını da polisin təşəbbüsü saymır:

«Belə məsələlərdə polis heç vaxt təşəbbüskar kimi çıxış edə bilməz. Ümumiyyətlə, siyasi proseslərə polis qarışmır. Polis icraçıdır, siyasi göstəriş olanda, belə işlərə qarışır».

DAHA 8 NƏFƏR POLİSƏ ÇAĞIRILIB

Son bir neçə gündə AXCP və ADP-dən 10-a yaxın gənc fəal polisə çağırılıb. Bu proses davam edir. ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, təkcə iyunun 13-də partiya üzvü olan 8 gənc polisə çağırılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə vətəndaşların polisə çağırılmasında qeyri-adi bir şey görmür. Göstərişin yuxarıdan gəlməsi barədə səslənən fikirləri o, «subyektiv» və yalnış sayır:

«Əgər kimlərsə hər hansı məsələlərlə bağlı polisə çağrılırsa bu həm də onları qanunsuz əməllərdən çəkindirmək üçündür. Bu, polisin qanuna olan hörmətindən və qanuni vəzifələrini yerinə yetirmək istəyindən irəli gəlir. Yəni, bu, polis əməkdaşı üçün bir borcdur».
XS
SM
MD
LG