Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:40

Tehran Əlişanoğludan Əlabbasın romanını bəyənməyənlərə


Tehran Əlişanoğlu
Tehran Əlişanoğlu

"Və əvəzsiz, heç bir qarşılıq gözləmədən qələmə sadiq yazıçılarımızın əməyinə nisbətdə bir az insaflı olaq. Əlabbas “Qaraqovaq çölləri”ndə müharibədə məğlub cəmiyyətin hələ ki tükənməmiş mübariz ruhu-mövqeyi-enerjisini fiksə etməyə çalışmış..."

Tehran Əlişanoğlu bu məqaləsi ilə yazıçı Əlabbasın "Qaraqovaq çölləri" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Tehran Əlişanoğlu


QİYAMÇININ HƏQİQƏTLƏRİ

Əlabbasın “Qaraqovaq çölləri” romanı barəsində pozitiv qənaətim, habelə müəyyən tənqidi münasibətim mətbuatda getmiş yığcam biblioqrafik qeydlərimdən bəllidir.

Olduğu kimi xatırladıram:

“Yaradıcılığının yetkin çağlarını yaşayan Əlabbasın “Qaraqovaq çölləri” kitabında eyni adlı roman, “Gözəl” və “Qul” hekayələri, “İkinci oğul” povesti toplanmışdır. Kitab göstərdi ki, bugün Əlabbas bizdə psixoloji nəsrin ustası, ən parlaq nümayəndəsidir.

“Qaraqovaq çölləri” çağımızın həqiqətlərini ehtiva edən olduqca gərgin bir konflikt üzərində qurulub. Qarabağ müharibəsində böyük şücaətlər göstərmiş, az qala bütün ailəsini itirmiş, bacısı əsirlikdə, kiçik qardaşı dəlilər evinə düşmüş qəhrəman cəmiyyətdə qayğı və anlam əvəzinə böyük təpkilərlə üz-üzədir.

Əsərin lap əvvəlində kəndin boş, istifadəsiz torpaqlarında binə qurmağa çalışan qəhrəmanın evinin özülünü traktorla dağıtmağa gəlirlər, o da silah götürüb savaşa hazırlaşır.

Oxucunu gərginlikdə saxlamaq üçün bircə elə bu situasiya kifayət ikən müəllif ondan vaz keçib, qəhrəmanın dramatizmlə dolu bütün həyatını təqdim edir, yalnız sonra həmin situasiyaya qayıdır. Həm də neçə-neçə daha da gərgin situasiyalarda: müharibə, ermənilərlə, özünkülərlə, el-oba ilə, yalançı hərbiçilərlə, məmurlarla, doğma və yadlarla, ən başlıcası öz daxili dünyası ilə üz-üzə olmaqla hətta obrazın həddən artıq yükləndiyini görürük.

Halbuki bugünün insanı belə bir sürəkli psixoloji gərginliyə davamsızdır. Bunu daha parlaq şəkildə bircə süjet üzərində qurulmuş “Gözəl” və“Qul” hekayələrində görürük...” (Tənqid.net jurnalı, № 7, 2010, s. 379)


Belə ki, müzakirəyə qatılmağımın nədəni daha çox roman ətrafındakı dartışmalardır; bəlkə duruma aydınlıq gətirəsi nələrsə deyə bildim mən də.

Əvvəla, Qarabağ müharibəsi dediyimiz mövzu barəsində; o Oxucu mövqeyi ilə şərikəm ki, bu barədə əsərlər yazılmasa, çözülməsə, həqiqət haradan hasil ola bilər?! Eyni zamanda mövzunun ucuzlaşdırılması, bayağılaşdırılması, süni aktuallaşdırılması ilə razılaşmayan Tənqidçi mövqeyinə də haqq qazandırıram; bu isə o zaman olur ki, Mövzu bu və ya digər səbəbdən bədii mətndə dürüst həllini tapa bilmir, yanlış təəssürat doğurur, çaşdırır...

Mən belə bir nüansa diqqət eləmişəm, Azadlıq radiosunun səyilə ümumən Qarabağ mövzusuna dair neçə roman müzakirə eləmişiksə, son halda heç birisinin altından “mövzunun dürüst həlli” çıxmayıb; əvəzində tənqidçilərin səyilə neçə-neçə başqa mövzular, bambaşqa həqiqətlər ortaya çıxıbdı. Buna görə yazıçıları qınayaqmı? Ya bəlkə yazdıqlarına həssas olmağa cəhd edək...

2-ci məqam. C.Yusifli yerində yadımıza salır ki, Əlabbas 1980-ci illərdən nəsrdə olan “köhnə kişi”lərdən birisidir; nə yaxşı ki, gec də olsa bu nəslin də yazdıqları gündəmə gəlir; və yaxud mənim də vurğuladığım tək, bizdə: 1960-80-ci illərin sosial-psixoloji nəsrini gəlişdirənlərdəndir Əlabbas...

Əlabbasın nəsrində maraqlı bir obraz var – qiyamçı; şəcərəsi bəlkə də daha əvvəldən, Əkrəm Əylislinin Qədirindən (“Kür qırağının meşələri”) gəlir, münbit material taparaq, Əlabbasın vaxtilə ədəbi ictimaiyyətin diqqətini çəkmiş “Köhnə kişi” povestindən (1980) “Qiyamçı” romanınacan (2004) bir çox povest (“Gözmuncuğu”, “Gümüşü gecələr”, “Güdaz”) və hekayələrindən də keçib, bugünə çıxır. Şəxsiyyətin yadlaşmış, özgələşmiş, mənən deqradasiyaya uğramış ictimai mühitə qarşı üsyanı; amma Əlabbasda Ə.Əylislidən (və ümumən 60-cılardan fərqli) həmin “üsyan” fərd-cəmiyyət münasibətlərinin nədəninə-təhlilinə deyil, doğurduğu nəticələrə, sosial partlayış və qayğılara diqqət çəkir, yönəlir...

“Qaraqovaq çölləri”ndə eyni konflikt-situasiyanı Əlabbas Qarabağ mövzusuna gətirməklə, sanki müharibədə məğlub cəmiyyətin siması, “sirləri”, anatomiyasını görükdürməyə cəhd edir. Nə dərəcədə nail olur – bu məsələyə hələ qayıdacağıq; amma
indilikdə bir anlığa qəhrəmanın düşdüyü ən gərgin qarşılaşma məqamlarını yada gətirək: Vətənin çağırışına uzaq məsafə qət edib Könüllü kimi gəlir – Fərari kimi qarşılanır; döyüşlərdən Qəhrəman kimi çıxır – Xain kimi ittiham olunur; Partizanlıq edib uğur qazanır, əsir ələ keçirir – Mühakimə olunur; hamı kimi olub ev qurmaq, Sakin olmaq istəyir – əfsus ki, Cani olur, intihar edir... Əgər bu anlardan hər hansı birində qəhrəmanın yanında olub, onun psixoloji sarsıntılarına şərik ola, ağrıya, bölüşə və ən nəhayət etiraz-qiyam hissini duya-yaşaya biliriksə, Əlabbasın (sosial-psixoloji) nəsrinin verdiyi, verə biləcəyi də elə budur!

Xüsusən də görəndə ki, bu məqamların cəmisinin altından eini bir situasiya-məxrəc çıxır, hər dəfə: Ədalət! – deyib hayqıran vətəndaş-İnsan yanğısı, Qanun – deyib-duran amansız Məmur soyuqqanlığı ilə üz-üzədir; bu halda problem bizə daha da yaxınlaşır, doğma və aktual olur: Ədalətmi-Qanunmu? - hər gün qəsdinə durduğumuz ölüm-dirim məsələsi deyilmidir?! Bu yerdə Elnarə Akimova tam haqlıdır, deyəndə ki: “Qaraqovaq çölləri” romanı müharibə mövzusunda yazılanlar sırasında təqdim olunsa da, daha çox sosial problematik kəskinliyə yönəlmiş əsər kimi yadda qalır...”

Yox əgər (bu nəsr) maraqsız gəlirsə, kimsə qəhrəmanın düşdüyü situasiyalara biganə-inamsız-kənar qalırsa, bu da yenə onun Oxucu haqqı...

3-cü məqam. Nədən maraqsız olsun ki; bu aspekti alıb, nəzərdən keçirək. Nərmin Kamalın fikrincə, psixoloji roman klassik görkəmində XIX əsrdə qalmış, bugün üçün qəhrəmanın psixoloji hallarının “təhkiyəçinin öz dilində” uzun-uzadı təhkiyəsi, üstəlik Tolstoysayaq hansısa əlavə mənalarla yüklənməsi maraqlı deyil. Razılaşaraq, üstəlik əyanilik üçün mən də romandan bu cür xarakterik təsvir üsuluna əlavə misal çəkim:

“Əfsun ön cəbhədən qayıdan maşınların torpaqda ensiz zolaq salan o qan izi ilə qadınların üzündəki dırnaq yerlərinin nədə bir-birinə oxşadıqlarını götür-qoy edir və heç cür dərk edə bilmirdi ki, gördükləri bir həqiqətdir...”

Təsəvvür edin ki, ölüm-itim həqiqətləri içində olan insan qanın doğurduğu ani assosiasiyanın poetik metaforasından onu dərk etməyə çalışır; aydındır ki, real olmayıb bu məhz təhkiyəçinin qəhrəmanın psixoloji durumuna əlavə elədiyi bir mənadır...

Bəli, bugünün insanı sürəkli psixoloji gərginliyə davamsızdır; yəni əgər yazıçı psixolojini hədəfə götürürsə, həmin bu “davamsızlıq” tempini də unutmamalı, Oxucunu gərginlikdə (maraqda) saxlamağın bugünlü üsullarını tapmalıdır azı. Bu mənada “Qaraqovaq çölləri”ndəki “maraqsızlıq” heç də özlüyündə psixoloji janrdan deyil, bəlkə onun gərəyincə işləməməsindən gəlir.

Mən Cənubi Afrika yazıçısı, 2003-ün Nobel mükafatçısı, eyni zamanda Dostoyevski pərəstişkarı C.M.Kutzeyenin “Maykl K.-nın həyatı və zəmanəsi” romanını oxudum, həm də deyim ki, “Xəzər” jurnalının 2008-ci il saylarında, Ülkər Nəsibbəylinin layiqi tərcüməsində oxudum. Orda da müharibə gedən ölkənin təsviri, təhkiyəçinin dilindən, amma hədəfdə qəhrəmanın psixoloji yaşamları olaraq verilir; Müharibə usandırırsa da, onu bütünlükdə içindən keçirən, həyat uğrunda çarpışan İnsan heç də usandırmır, əksinə, düşündürür. Çün yazıçı ustalıqla, əvvəlcədən psixoloji konstruksiyanı-kökü düzgün seçmiş-qurmuş; cəmiyyətin aşağılarından, az qala sosial qalıqları təmsil edən qəhrəmanın həyatından Müharibəyə baxaraq, bir an da belə məqsədindən yayınmamışdır; həyatın dəyəri nədir – sanki həyatı olmayan birisinin yaşamlarından bilinir...

Bəs “Qaraqovaq çölləri”nin qəhrəmanı kimdir, hansı psixoloji əhval-ruhiyyənin, yaşam sırasının, mənəvi mündəricənin daşıyıcısıdır; yazıçı onu roman qəhrəmanı kimi necə görür? Məsələni ona görə belə qoyuram ki, romanın özündə “psixoloji haçalanma” var; bir daha konflikt əsaslarını yada salsaq: axı bütün ailəsini müharibədə itirmiş insanın qisas-intiqam əhval-ruhiyyəsi bir temp, bir psixoloji; böyük şücaətlər göstərib xəyanətdə suçlanan Qəhrəmanın, yaxud cəmiyyətdə yerini-haqqını tapmayan müharibə veteranının psixoloji ovqatı başqa; ən nəhayət, əsir düşmüş bacı əzabı-müşkülü altda yaşamağın sarsıntıları tamam özgə məxrəclər istəyir... Psixoloji roman üçün biri də bəs ikən, romançı sanki bu variantların heç birisindən əl götürmək istəmir; və nəticədə psixologizm əsaslandırılmış, dolğun mündəricəsi olan bütöv bir hadisənin iç ifadəsi – Əsəri kimi ortaya çıxa bilmir, bir-birini vuran variantların sadəcə formal-psixoloji təşrih
ƏLABBAS
ƏLABBAS
üsuluna çevrilir. Və daxili dramatizmi saxlaya bilməyən mətn darıxdırmağa başlayır...
Məsələn, az qala aparıcı xətt kimi nəzərdə tutulan bacının əsirlikdə olmasının gərgin psixoloji atmosferini mən heç cür əsərdə görmürəm.

Əlabbasın 1992-ci ildə yazdığı “Gözəl” adlı bir hekayəsi var; yığcam şəkildə bu motivi bütün psixoloji çalarları ilə daha əsaslı təqdim edir; əsirlikdən dönən bacı istər ailədə, istərsə də el-obanın yad-qınayıcı nəzərlərinə dözməyib, özünü yandırır; hekayə çıxılmazlıq situasiyasını dürüst ümumiləşdirir.

Romanda isə süjetdə və qəhrəmanın düşüncələrində elə hey yer ayırmağa çalışsa da, müəllif həmin motivin qiyamçı-Qəhrəmana uduzması, onun kölgəsində qalmasının, yəqin ki, fərqində deyildir. Hər cür əsaslandırmağa çalışsa da, bu ağır mənəvi yükün altında olan qəhrəmanın dünyəvi həyat qayğıları – evlənməsi, ev qurmaq cəhdi bu rakursdan izaha gəlmir... Erməni tərəfə keçib əsir tutmağa çalışan qəhrəman, bəlli olur ki, bunu bacısı üçün edir, amma psixoloji yaşamları heç də buna müvafiq deyil, qəhrəman xudbincəsinə yenə cəmiyyətin onun bu hərəkəti barəsində nə düşünəcəyi, nə qərar verəcəyini çək-çevir edir və s. Bu ki, müharibə dövrü insanının iç faciəsinə varmaq, görünür ki, heç də asan məsələ deyildir (romanın sonunacan səbr göstərən qəhrəmanın qiyamı da, diqqət etsək, mənəvi deyil, məhz sosial partlayışı səciyyələndirir)...

4-cü məqam. Bəli, müharibə dövrü insanının psixologiyası mürəkkəbdir və yazıçının onu bir aspektdə deyil, bütünlüyü ilə ehtiva etmək cəhdini də qiymətləndirmək olar.

Bu halda tənqidçilərin də romandan daha böyük, epik əhatə istəməsi əbəs sayılmamalıdır... Məsələn, həmincə Tolstoy bu məqamda çoxcildlik epopeya (“Hərb və sülh”) yaratmalı olmuşdu; müharibə A.Balkonski üçün bir şeydir, P.Bezuxov üçün başqa şey, Nataşa və Nikolay Rostovlar üçün tamam başqa-başqa, çar Aleksandrın öz müharibəsi var, Kutuzovun özünkü və s.
Nəyi qoyub, bir Qəhrəmanın halına köklənmiş balaca bir romanda nə axtarırıq; “Qaraqovaq çölləri”ndə dar bir etiraz-qiyam, “qiyamçı”-qəhrəman çərçivəsindən kənarda sanki heç hadisə yoxdur: “fərariliy”ə etiraz edib, könüllü müharibəyə getməyə nail olan qəhrəman; suçlu deyil, məhz Qəhrəman olduğunu sübuta yetirən qəhrəman; dil (əsir) gətirib dilinə görə dilçəyi də olduğunu təsdiqləyən qəhrəman; qiyam edib onu sıxan sosial ətrafı ilə birgə öz həyatına da son qoyan qəhrəman... – roman poetikasının üzərində qurulduğu nöqtələr vur-tut bundan ibarətdir, məğzi də elə bu: qiyamçı Qəhrəman! Nədən bu hünərvər, cəsur, inadcıl, həqiqətpərəst insan təqib olunmalıymış, onu sıxışdıran sosial Şərin niyyəti-səciyyəsi-mahiyyəti nədir? – bir halda ki, roman həmin bu məqamları ehtiva edən epik genişliyə can atmır, bəs onda qəhrəmanın bədii, eyni zamanda mənəvi özünütəsdiqi necə olmalıdır? Təbii ki, bədii təlqin yolu ilə!

Eyni bir “hadisə”nin (qəhrəmanın qiyamı) yaxın variasiyalarda tirajlanması belə başlayır;

İradə Musayeva haqlıdır ki: əsərdə “...hər obrazdan qoşa-qoşa yaradılıb (Məsələn, Sidqi müəllim və Zülfü müəllim)...”; və yaxud: “Özü yorulanda fikirlərindən bir qismini eyni ahəng, eyni leksikon və eyni standart cümlələrlə nümunəvi sovet müəllimlərinə – Sidqi müəllimə, Zülfü müəllimə, Səfurə müəlliməyə və Arsak müəllimə də dedizdirirdi. Həqiqət, ədalət, vicdan, mənəvi dəyər, ləyaqət, humanizm, vətənpərvərlik, dostluq, sədaqət, fədakarlıq və s. bu kimi kəlmələr dillərdən düşmür...”

Əfsunla birgə Zülfü müəllim də, Qüdsi müəllim də, Sidqi müəllim də eyni mündəricənin paylaşmasıdır, Səriyyə müəllim də, hətta Mehri də, İmdad da... eyni məqamın, sosial motivlənmiş mənəvi etirazın ritorik təsdiqindən başqa bir şey deyildir. Üstəlik, tənqidçinin dürüst xatırlatdığı kimi: S.Rəhimovdan beləsinə həmin mənəvi ritorika nəsrimizdə həmişə olmuş; məsələn, yada salsaq: İ.Hüseynovda var, Ə.Əylislidə var, daha kimlərdə-kimlərdə, habelə Əlabbasın özündə də var...

Sonda əvvələ qayıdaq... Və əvəzsiz, heç bir qarşılıq gözləmədən qələmə sadiq yazıçılarımızın əməyinə nisbətdə bir az insaflı olaq.

Əlabbas “Qaraqovaq çölləri”ndə müharibədə məğlub cəmiyyətin hələ ki tükənməmiş mübariz ruhu-mövqeyi-enerjisini fiksə etməyə çalışmış, öz nəsrinin gücü- poetikası çərçivəsində xeyli qədər də buna nail olmuşdur. Bu bir roman-protestdir ki: mənəvi qiyam nöqtələrində doğurduğu affektləri-effektləri ilə ruhumuzu diri saxlayır, itiləyir; “köhnə kişi”lərdən artıq nə umacağımız olasıdır ki...

Amma eyni zamanda mövzuya böyük ölçülərlə yanaşan tənqidçiləri də qınamayaq. Hətta müəllifinə qarşı aqressiv olanda belə, Tənqidçi havadan yox, məhz Yazıçının ona təklif etdiyi Mətndən çıxış edir və yalnız xoş niyyətlə, ərazisini genişləndirmək naminə onu Ədəbiyyatın içinə çəkib-aparır. “Qaraqovaq çölləri” barəsində qeydlərimi də eynən, bu qəbildən bilirəm.

10, 11 iyun 2012
XS
SM
MD
LG