Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:21

Sakinləri azalan Ermənistan şəhərləri


Ermənistan. Paytaxtda küçə ticarəti
Ermənistan. Paytaxtda küçə ticarəti
Paytaxtdan 30 kilometr aralıda yerləşən Çarençavan şəhərində bir vaxtlar, daha dəqiqi sovetlər dönəmində 12-13 zavod fəaliyyət göstərirdi. Bu böyük sənaye şəhərində indi isə cəmi 5 zavod fəaliyyətdədir, o da ki tam gücü ilə deyil, cəmi 10-40 faiz. Yerli sakinlərin çox kiçik bir hissəsi öz şəhərlərində iş tapa bilirlər. Gənclərin əksəriyyəti daimi yaşayış və ya mövsümi işlər üçün ya Rusiyaya, ya da Amerikaya gedirlər. Çoxu yaxınlarını şəhərdə qoyub getməli olurlar, hər ay onlara dolanışıq üçün pul göndərirlər. 59 yaşlı Arevik Avaqyan deyir ki, şəhərin əksər əhalisi öz məişət problemlərini bu yolla həll edirlər.

«Əksər ailələrdə ya oğullar və ya ərlər xaricdədirlər, əgər onların köməyi olmasaydı burada hamı yoxsulluq içərisində yaşayardı. Şəhərin 50-60 faiz əhalini bu gün bu hesabla yaşayır».

BİR-BİRİNDƏN AYRI DÜŞƏN EVLİLƏR

28 yaşlı Karina Sarqsyanın həyat yoldaşı ildə öz ailəsi ilə cəmi 2-3 ay vaxt keçirə bilir. «Evlənəndən bu cür yaşayırıq»- deyə Karina gileylənir. Deyir ki, əri onlara hər ay pul göndərir deyə heç bir maddi sıxıntıları yoxdur, amma onu da əlavə edir ki, ailə başçısının yoxluğu hər addımda hiss olunur.

«Heç bir problemim yoxdur, yeganə üzüntüm ərimin yoxluğudur. İstəyirəm ki, yanımda olsun, bütün problemləri birlikdə həll edək, məsləhətlər versin».

Bu və ya digər səbəbdən xaricə gedə bilməyənlər isə paytaxtda iş tapmağa çalışırlar. Çoxları, xüsusən də kişilər buna nail ola bilirlər, əsasən tikinti sektorunda az məvacib müqabilində olsa belə iş tapıb işləyirlər. Şəhərin qadın sakinlərindən birinin dediyi kimi, qadınlara iş tapmaq çox çətindir:

«İndi işə götürənlərin əksəriyyəti gözəl, savadlı, yaşı 35-dən çox olmayan qadınlara üstünlük verirlər. qalanları üçün Ermənistanda iş yoxdur».

BİRCƏ İŞ DƏ OLSAYDI


Təqaüd, müavinət Çarençavan şəhərinin əksər sakinləri üçün yeganə yaşayış vasitəsidir. İş və sabit maaşın olması yetərlidir ki, yerli əhali öz sevdikləri şəhərləində qalsın və işləsinlər. Çünki deyilənə görə, bu şəhərdə başqa nə desən var – işıqlı küçələr, fəaliyyət göstərən məktəblər, uşaq bağçaları və parklar, burada hətta havalar da sərin keçir, paytaxtda olduğu kimi istilər yoxdur. Şəhərin həmçinin 200 çoxmərtəbəli binalarında qaz, su və işıq problemlərindən şikayətlənən də tapmazsan. Hazırda şəhərin əhalisi 22 min nəfərdir. Təxminən bu qədər sakin də ya müvəqqəti, ya da daimi şəhəri tərk edib.

Paytaxtdan daha uzaq və daha kiçik Aparan şəhərində isə hazırda əhalinin yalnız üçdə birini görmək mümkündür. Onların da əksəriyyəri qadın, uşaq və yaşlılardır. 74 yaşlı Rafik Sarqsyan deyir ki, hər gün öz şəhərinə görə narahatlıq keçirir.

«Burada hər şey dağıdılıb, heç nə yoxdur. Əvvəllər 10 min sakini var idi şəhərin, indi isə cəmi 3 mindir. Hamı iş dalınca xaricə gedib».

30 YAŞINI ÖTMÜŞ SUBAYLAR

Ermənistan. Byurakan kənd sakini
Ermənistan. Byurakan kənd sakini
Rafiq Sarqsyanın oğlu işsizdir, deyir ki, yaşlı valideynlərini qoyub gedə bilmir. 44 yaşı var, amma hələ də evlənmək barədə düşünmür:

«Görürəm ki, camaat evlənir, ailəsini saxlaya bilmir deyə işləməyə gedirlər, yəni faktiki ailə birlikdə yaşamır. Mən şəxsən evlənmək barədə heç düşünmürəm, çünki heç özümü dolandıra bilmirəm, ailəmi necə dolandıraram?».

Aparan sakinləri ilə söhbətdən məlum olur ki, şəhərdə 30 yaşını ötmüş subay kişilərin sayı kifayət qədər çoxdur, sosial vəziyyətin ağırlığından ailə qura bilmirlər. Şəhər sakinlərindən biri deyir ki:

«Qızımın da, oğlumun da yaşı 30-u keçib. Oğlum evlənmək istəyir, amma evimizin təmiri yoxdur, yaşayış şərtlərimiz imkan vermir».

SAKİNSİZ EVLƏR

Aparanın 84 yaşlı sakini bizə bomboş evini göstərir və deyir ki, gənclərin hamısı evlənmirlər, şəhəri tərk edib gedirlər, yaşlılar isə ya tənha qalır, ya da uşaqlarının yanına getməli olurlar:

«Bax bu bir ev, bu iki, bu üç, o tərəfdə də bir neçəsi var. Məsələn, o evdə yalnız qocalar yaşayır, oğulları müharibədən sonra gediblər və geri qayıtmayıblar, çünki iş yoxdur».

65 yaşlı Larisa Muradyan deyir ki, Aparan sakinlərinin vəziyyəti daha ağırdır. İş yerləri yoxdur, torpaq sahələri də yoxdur ki, əhali digər kəndlərdə olduğu kimi maldarlıq və əkinçiliklə məşğul olub dolana bilsinlər:

«Burada hərəmizin payına 1-2 min metr yer düşür, heç su da yoxdur ki, nəsə əkib becərəsən. Ay başlayandan yağıntı da olmayıb. Belə şəraitdə nə əkə bilərsən ki. Bizim kəndlərdə olan şəraitimiz yoxdur, şəhərimiz isə bir şəhər kimi də tələblərə cavab vermir».

Aparan sakinlərinin təxminən yarısının 1-2 inəyi və bir neçə toyuq-cücəsi var, bunun hesabına süd, yağ və yumurtaya olan ehtiyaclarını qarşılaya bilirlər. Bina sakinləri isə bütün bunlardan da məhrumdurlar.
XS
SM
MD
LG