Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:28

Christoph Strasser 89 nəfərlik siyahının hələ ki, tam olmadığını deyir


Christoph Strasser
Christoph Strasser
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strasser 89 nəfərlik siyahıya münasibət bildirib.

O AzadlıqRadiosunun müxbirinin sualına cavabında deyib ki, dəqiq olsaq, demək olar ki, bu siyahı nə tamdı, nə də ki, onların hamısını siyasi məhbus hesab edə bilməz.

O qeyd edib ki, komitənin 1-ci hesabatında 59 adamdan söhbət gedirdi.
Onlardan 9-u ötən cümə günü azad olundu.
Qaldı 50 nəfər.

Onlara da 8 nəfər əlavə olunmalıdır və bu adamlar onun izlədiyi siyahıda olanlardır.
Cünki onların həbsi və onlarla rəftar hakimiyyətin motivləri ilə bağlı şübhələr doğurur.

Christoph Strasser deyir ki, bu 58 nəfər mümkün qədər tez azad olunmalıdır.
Ancaq indiyə qədər eşitmədiyi və ya gec məlumat aldığı adamlar da ola bilər və
hesabatı tamamlamaq üçün lazımi araşdırma apara bilməyib.

Christoph Strasser deyir ki, hesabatın bu ilin oktyabrında AŞPA-nın plenar iclasında mümkün müzakirəsinədək hələ ki, vaxt var və o bu problemin Avropa Şurasının prinsiplərinə uyğun həll olunması üçün hər an hakimiyyətlə dialoqa hazırdır.

Avropa rəsmisi sonda qeyd edib ki, iyunun 26-da keçirilmiş səsvermə Bakıya güclü siqnal olmalıdır və ümid edir ki, bu siqnal eşidiləcək.

İyunun 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsi deputat Christoph Strasser'in Azərbaycanda siyasi məhbuslara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini qəbul edib.

Qeyd edək ki, Christoph Strasser Azərbaycanda siyasi məhbuslara dair hesabatı Azərbaycana gəlmədən hazırlayıb. Belə ki, 2009-cu ilin martında məruzəçi təyin olunduqdan sonra o, bir neçə dəfə Azərbaycana səfər etmək istəsə də, ona viza verilməyib.

Bu səbəbdən də o, hesabatı Azərbaycandakı ayrı-ayrı mənbələrdən aldığı məlumatlar əsasında hazırladığını və yenə də Azərbaycana səfər edib məsələləri müzakirə etməyə hazır olduğunu bildirib. Siyahını Azərbaycan hökumətinə göndərdiyini bildirən cənab Strasser Azərbaycana getməyə ümidini hələ də üzməyib.

Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə APA-ya bildirib ki, hazırda müvafiq qurumlar Christoph Strasser’in hesabatını təhlil edirlər və biz hesab edirik ki, Azərbaycanda siyasi məhbus yoxdur, konkret əməllərinə görə həbs olunmuş insanlar var.

Əli Həsənov deyib ki, baxmayaraq ki, bu insanların bəziləri fəal siyasətlə məşğuldur, amma siyasətlə məşğul olmaq onları öz əməllərinə görə məhkum olmaqdan sığortalamamalıdır.

O qeyd edib ki, Strasser Azərbaycanda siyasi məhbus kriteriyasına 89 nəfəri aid edir, amma bu subyektiv mövqedir.
XS
SM
MD
LG