Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:40

Rasim Balayev: «Bunlar kino naminə yığışan qrup deyil!»


Rasim Balayev
Rasim Balayev
-
Azərbaycan Kinematoqrafçılar İttifaqına alternativ yaranan yeni qurumla bağlı söz-söhbətlər səngimir. Ötən həftə bu məsələ ilə bağlı tanınmış kulturoloq Rəhman Bədəlovun «İz» proqramına söylədikləri mediada maraqla qarşılandı. Bəzi qəzet və vebsaytlar bu müsahibənin mətnini təkrar yaydılar. İctimai marağı nəzərə alıb mövzunu davam etdirmək qərarına gəldik. Beləliklə, budəfəki qonaqlarımız Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi Rasim Balayev (telefonda) və həmin ittifaqın katibi Əli İsa Cabbarovdur (studiyada). Yeni qurumun qurucularından biri — kinorejissor Cəmil Quliyev də bu verilişə qatılmalıydı. Ancaq əvvəlcə razılıq versə də, sonradan telefonunu bağladı. Odur ki, müzakirədə qarşı tərəfin fikirlərini mediada yayılan məlumatlara əsasən xatırlatdıq.

-- Kinematoqrafçılar İttifaqında yeni-alternativ bir qurumun yaranması sizin üçün gözlənilən idi, ya sürpriz?

R.B.--Yox, Vallah, mən bilən buna heç ehtiyac yox idi. Yeni yaranan qurumda toplaşanlar bizim rəhbərlikdə təmsil olunurlar. Guya özləri demiş, çatışmazlıqlar vardısa, rahatca deyə bilərdilər. Bir neçə narazı, ambisiyalı adamlardan təşəbbüs qrupu düzəldiblər. İclas çağırıblar. Heç kəs bilməyib nəyə görə çağırılıb. Qapıda adam qoyublar. Bəzilərini içəri buraxmayıblar… Yəni bu təşkil olunmuş şeydir. Bizdə həmişə hamı açıq fikrini bildirib. Orada qoyulan məsələlər də--ay nə bilim, gənclərə fikir vermirlər qəbilindən—hamısı yalandır! Uydurmadır! Cəmil Quliyevi də, Ayaz Salayevi də gənc kimi katib seçiblər. Axı, Rüstəm İbrahimbəyov gənclər üçün Kino Məktəbi açıb. Qabaqlar Ali Rejissorluq kursu var idi. İndi o yoxdur. Həmin kino məktəbini maliyyələşdirmədilər. Öz vəsaiti hesabına yaratdı. Müdir də Cəmil Quliyevi qoydu. 15 nəfərə diplom verilib. Onlar səmərəli fəaliyyət göstərirlər. Ssenari yazırlar, filmlər çəkirlər. Yəni orada qoyulan məsələlər hamısı absurddur.

Ə.İ.C. — Rasim müəllimin dediklərini dəstəkləyirəm. Buna ehtiyac yox idi. Belə arzuda olan insanların varlığından xəbərdardım. Belə siqnallar olurdu. Amma ləyaqətli insan üçün bu qəbuledilməzdir. Rüstəm müəllim özü nüfuz sahibi olan adamdır. Azərbaycan kinosunda da qəbul edilib, dünya kinosunda da. Fikrimcə, pula görə insan nəyi isə satmamalıdır. «İncil»də belə bir şey var: İuda İsa Peyğəmbəri satanda, böyük pula ümid edir. Amma ona 30 gümüş pul verirlər. Pula görə xəyanət olmaz…

R.B.—Mən də belə sözlər eşidirdim. Amma inanmırdım ki, Rəhman Bədəlov demiş, eybəcər (Rəhman Bədəlov bu hərəkəti «iyrənc» adlandırmışdı -S.İ.) şəkildə bunu edələr. Lazım idisə, konfrans, vaxtından əvvəl qurultay çağırardıq. Orada bütün məsələlər müzakirə olunardı…

--Oqtay Mirqasımov 5 il əvvəl qurumun fəaliyyətində problemlər olduğunu, kinoya yanaşmanın düzgün olmadığını bildirib. Niyə bu fikirlər qulaqardına vurulub?

R.B.--Oqtay Mirqasımov özü üçün deyir. Orada nə nöqsanlar olub? O da tutub maliyyədən… Bizim vur-tut iki əmlakımız var—biri Şəkidə, biri Mingəçevirdə. İkisi də yerindədir. İnsanlara qulluq edir. Mingəçevirdəkini qaçqınlar tutub. Şəkidə də hər il iyul-avqustda kino işçiləri güzəştli qaydada dincəlirlər. Biz həmişə ehtiyacla dolanmışıq. 3-4 il əvvəl mən bütün instansiyalara müraciət etdim, yardım istədim, qulaqardına vuruldu. Başqa ittifaqlara dövlət yardım edir, niyə bizə yox? Əvvəllər demirdik, çünki ölkənin vəziyyəti pis idi. Amma sonra gördük ki, bizim illik fəaliyyətimizə 80000 vermək bu dövlət üçün asan bir şeydir. Ona görə də, mətbuata dedim ki, iflic olmuşuq, bizə kömək yoxdur. İndi onu əldə bayraq edirlər ki, Rasim vaxtilə belə demişdi. Rüstəm İbrahimbəyov öz şəxsi vəsaitindən ayırıb camaata maaş verir. Biz də nizamnaməyə əsasən bütün işləri can-başla görürük. Və heç bir ittifaqdan da əskik iş görmürük.

--Rasim bəy, mətbuatda demisiniz ki, onlar bizim ittifaqda olanda işləmirdilər. Nə mane olurdu sizinlə işləməyə? Nəyi bəyənmirdilər? Necə mühit arzulayırdılar?

R.B.--Yenə deyirəm, belə fikirləri vardısa, bu məsələni qaldıra bilərdilər. Bunları bir-bir çağırıb öyrədiblər, ya özləri gedib bu işə? Bilmirəm. Axır ki, çox eybəcər şəkildə oldu bu...

--Bu sualı Cəmil bəyə vermək istəyirdim. Təəssüf ki, o, telefonu söndürüb. İndi sizdən soruşuram. Yeni təşkilatı, Mirzə Cəlilin sözü olmasın, zəmanə özü yaratdı, yoxsa şəxsi sifariş?

R.B.— Sifariş... sifariş!

Ə.İ.C.—Təbii ki, bu, sifarişdir. Orada bir-biri ilə konfliktdə olan insanlar var. Əqidəcə zidd insanlar var. Belə adamlar bir yerə toplaşıbsa, demək, kənar əl işə düşüb.

--Hər 2 kino qurumun əməkdaşlığı mümkündürmü? Tutalım, hansısa birgə layihələr gerçəkləşdirilə bilərmi?

R.B.--Nə əməkdaşlıq? İndi dövlət onlara pul verəcək, onlar da başlayacaqlar bizim ideyalarımızı həyata keçirməyə? Mən demişəm ki, onlar bunu eləsələr, elə bizim qələbəmiz sayılar. Onlarla nə əməkdaşlıq ola bilər?

--Yəni kinonun inkişafı naminə...

R.B.--Kino naminə eləmirlər bunlar... Kino naminə yığışan qrup deyil bu... Siz gələcəkdə görəcəksiniz.

-- Bir dinləyicimiz yazıb ki, «kabab iyi» hələ çox yeni, əslində isə köhnə təşkilatlar yaradacaq... Sizcə, «kabab iyi» deyərkən məhz dövlət maliyyəsi nəzərdə tutulur?

R.B.--Yəqin ki... Bizdə kabab iyi yoxdur. Görünür, onlarda olacaq...

--Siz dövlətdən maliyyəni israrla istəyirdinizmi?

R.B.—Bilirsiniz nə qədər? Hər yerdə olmuşam. Parlamentdə, Prezident Aparatında... Nə qədər yazmışıq... Lazımı qurumlara gedib demişəm ki, biz işləyə bilmirik. Milli Məclisin iclaslarına girmişəm. Xahiş eləyib söz almışam.

--Cavabında nə deyirdilər?

R.B.—Hamı deyirdi, bu nədir, elə etmək lazımdır, belə etmək lazımdır, amma işə keçəndə, deyirdilər, biz ictimai təşkilata pul verə bilmərik. Deyirdim, bəs Yazıçılar Birliyi, rəssamlar, bəstəkarlar ictimai təşkilat deyillər? Bəhanə idi... O maliyyə--bizim bir illik xərcimiz ölkə üçün heç nədir. Yarım metr asfaltın puludur...

--Yeni qurumu yaradanlar gəncləri ön plana çəkəcəklərini deyirlər. Rüstəm İbrahimbəyov bir markadır, o biri yandan Şəfiqə Məmmədova sanki o qədər də gündəmdə deyil... Sizcə gənclər hansı təşkilata daha çox meyl edəcək?
Əli İsa Cabbarov
Əli İsa Cabbarov

R.B.— Onu zaman göstərər. Bizdə gənclər çoxdur. Yeri gəlmişkən, bizə gənclər müraciət edir ki, bu nə deməkdir? Həmişə bura öz evimiz kimi gəlib-getmişik. Filmlərimizi göstərmişik, müzakirəsi təşkil olunub. Bu hadisədən sonra 10 nəfərə qədər müraciət olub bizə. Mənə çoxlu zənglər olur. Deyirlər, biz yeni qurumu qəbul etmirik. Yəni narahatçılıq var. Yeni quruma getmək istəmirlər.

Ə.İ.C.—Kinematoqrafçılar İttifaqına həmişə gənclərin axını olub. Son hadisələrdən sonra subyektiv amillər insanları qorxuda bilərdi. Buna baxmayaraq, məsələn, gənc kinorejissor Rauf Xəlilov bizə müraciət etdi. Səbinə Hüseynli bizə üz tutdu. Nizami Abbas vaxtilə bizim üzvümüz idi, sonra çıxıb getmişdi. Oğlu kinooperator Üzeyir Abbasla gəlib üzv yazıldılar. Bir gənc kinorejissor, adını demək istəmirəm, başı ağrımasın deyə, Rüstəm müəllimə təşəkkür məktubu yazdı və axırda «Sizin adınız kinomuz üçün şərəfdir. Bu adı qorumağa gücümüz və şərəfimiz çatar!»—dedi. Yəni, gənclərlə bağlı heç vaxt problem olmayıb. Bu, gülməli ittihamdır.

--Qurumların adları əslində bir-birinin təkrarıdır. Bir başqa ad niyə tapılmadı? Əvvəlki ada baxanda, öcəşkən ad deyilmi, sizcə?

R.B.--Bunu onlardan soruşmaq lazımdır. Azərbaycan Kinematoqrafçılar İttifaqı bizimkidir, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı onlarınkı. Onların arxasında adam olmasaydı, Ədliyyə Nazirliyi qeydiyyata almazdı. Deyərdi, başqa ad tapın.

Ə.İ.C.—Camaatı çaş-baş salmaq istəyirdilər. Bəzi saytlar xəbər vermişdi ki, Kinematoqrafçılar İttifaqı buraxılır və yeni ittifaq qurulur. Sədri də Şəfiqə Məmmədova seçilib. Hamı da elə bilir ki, Rüstəm müəllimin yerinə Şəfiqə xanım seçilib.

R.B.--Hə, bir də bunlar riyakarcasına başqa ölkələrə zəng edirlər—MDB respublikalarına—xahiş edirlər ki, bizi təbrik edin. Oralarda da, Şəfiqə xanımı tanıyan kimdir? Azərbaycandan çıxanda elə məni də bir-iki dost tanıyır. Amma tanınan adam Rüstəm İbrahimbəyovdur. Onlarda elə bilirlər normal qurultay keçib, Şəfiqə Məmmədova seçilib...

-- Hətta Nikita Mixalkova da zəng vurulub?

R.B.--Bəli. Nikita Mixalkov Şəfiqəni haradan tanıyır?

Ə.İ.C. — Nikita Mixalkovun faksı «Space» telekanalına gəlib—492-76-65-ə. Bu, təşəbbüsün haradan gəldiyini göstərir.

R.B.—Bunlar bax, belə riyakar işlərlə öz fəaliyyətlərinə başlayıblar...

-- Sizcə, Azərbaycan cəmiyyəti arasında hansı kino təşkilatının nüfuzu çox olacaq?

R.B. -- Bunu zaman göstərər.

Ə.İ.C. — Fikrimcə, bu qurum uzunömürlü olmayacaq. Çünki Rüstəm İbrahimbəyova təzyiq üçün yaradılıb. Ajiotaj yaradıb onu istefaya məcbur etmək üçün. Yaradıcı ittifaqlar dövlət üçün mühüm qurumdur. 50-dən çox yaşı, 300-dən çox üzvü olan təşkilat dövlətə lazımdır, yeni qurulmuş, 8-10 nəfərlik təşkilat yox! Bu, təzyiq vasitəsidir. Təşkilatın ömrü təzyiq həyata keçənə, ya keçməyənə qədər olacaq. Mən hətta böyük maliyyələşməyə də ümid etmirəm. Bu, təzyiq vasitəsidir ki, Rüstəm müəllim istefaya getsin.

-- Kifayət qədər ciddi suçlamalardır. Rasim bəy, Siz necə düşünürsünüz?

-- Mən də onunla razıyam.

-- Əli İsa bəy, qurum təzə yarananda, Siz demişdiniz ki, bizdə nə qədər çox təşkilat yaransa, o qədər yaxşıdır...

Ə.İ.C. -- Təbii... İctimai təşkilatlar olsa, yaxşıdır, amma məqsədi kinoya xidmət etməkdirsə. Eşidirik ki, yeni qurumun üzvləri zəng edib köhnə üzvləri öz sıralarına çağırır. Ola bilər ki, kimə isə hətta təzyiq edilir. Bu nəyə lazımdır?

R.B.— Yəqin ki, vədlər verirlər. Bağ belə--bostan belə! Sizə ad verəcəyik, nə bilim nə verəcəyik...

Ə.İ.C. -- Bu təşkilat kinorejissor Lətif Səfərov tərəfindən yaradılıb. Həsən Seyidbəyli bura uzun illər rəhbərlik edib. Sonra Rüstəm İbrahimbəyov... Bura böyük mədəniyyət abidəsidir. Konservatoriya kimi, BDU kimi, Yazıçılar Birliyi kimi. Buranı qorumaq lazımdır. Bayaq Rasim müəllim dedi ki, kimsə Rüstəm müəllimin vəzifədən getməyini istəyirsə, bunun sivil yolları var. Bax, bizim növbəti qurultayımız 2013-cü ilin axırında olacaq. Çox müdrik, ağıllı, əxlaqlı bir variant təklif edirəm. Bu çaxnaşmanı, ajiotajı 2013-cü ilin qurultayına qədər dondurmaq lazımdır. Rasim müəllimin dediyi minimal vəsait ittifaqa verilməlidir. Mən bir vətəndaş kimi cənab prezidentə üz tuturam: Belə bir problem varsa, qoy, bunu kinematoqrafçılar öz qurultayında həll etsinlər. Mən inanıram ki, 2013-cü ilin axırında bu hadisə öz-özünə əriyib gedəcək və həll olunacaq. Sivil yolla! Bizdə belə nümunələr olub. AFFA-da, Bəstəkarlar İttifaqında. Biz açıq söhbət edərik. Əminəm ki, bu, nə Rüstəm İbrahimbəyov üçün faciədir, nə də başqaları üçün... Təzyiqləri saxlamaq, bu mövzunu dondurmaq lazımdır. İstərdim ki, qurultayda bu məsələni müzakirə edib qərar qəbul etməyə imkan versinlər.
XS
SM
MD
LG