Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:03

Təranə Vahidqızı “İntihar” (Seçmə hekayələrdən)


Təranə Vahidqızının bu 3 qısa hekasi son iki ayda "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Təranə Vahidqızı


İNTİHAR

Son bir həftədə ağlında bircə fikir dolaşırdı: intihar!!!

...İndi hər şey hazır idi: kəndir də, kətil də, tavandakı tir də...

Bura – nənəsigilin damında özünü asmağa gələndə yolda qabağına kəndin ayağında yaşayan balıqçı Həşimin çilli qızı çıxdı. Bu qızı çoxdan görmüşdü əsgərliyə getməmişdən əvvəl. Körpəlikdə sarışın, bir az da duzsuz uşaq idi. Qarşılaşanda suyundan tanıdı ki, bu o qızdı. Qız onu görəndə iri, qonur gözləri birdən-birə böyüyüb az qala sifətinin yarısını tutdu. Gülümsədi. Çiyələk rəngli dodaqlarının arasından qənd kimi ağ, sağlam dişləri göründü. Salamsız-kəlamsız soruşdu:

- Axşam toya gələcəksən?

- Yox, az, nə toy! – boz-boz cavab verdi.

- Niyə ki? – qız əl çəkmədi.

- O sənnik deyil.

Qız başını çiyninə qoyub yazıqlaşdı. Xına rəngli buruq saçlarını çiynindən arxaya itələyib qəfildən dilləndi:

- Sənin şəklin bizdə var eyyy...

- Doğurdan? – Qız onun kinayəsini başa düşmədi.

- Allah haqqı. Suruş da sənnən oxuyub axı, əmim qızını deyirəm.

- Var var da, nə olsun ki?

- Onun albomundan oğurlamışam.

Eşitdiyi sözlərdən qulağına kimi qızardı. Bayaqkı kimi ötkəm danışmağa çalışsa da alınmadı:

- Az, mən artist zadam...

- Sənnən elə xoşum gəlir ki...

Günün günorta çağı, kəndin ortasında eşitdiyi sözlərdən özünü tamam itirdi. Əvvəl qulaqları qızardı. Sonra qulaqlarındakı qızartı yanaqlarına kimi uzandı.

- Xoşuna gəlirəm? – titrək səslə soruşdu.

- O qız nə qızdı ki, ondan ötürün pis olursan. Gedib cəhənnəmə getsin, elə getdiyi oğlan da onun tayıdı da...

Həyəcanını ört-basdır eləmək üçün söhbəti dəyişdi.

- Hara gedirsən?

- Nənəmgilə.

- Əlindəki nədir?

- Balıqdır, dədəm təzə tutub. İstəyirsən verim sənə, apar qızart, ye.

Qızın səmimiyyəti ürəyinə kimi işlədi.

- Bişirənim yoxdur.

Qızın gözləri elə parıldadı ki, işığı sifətinə yayıldı.

- Mən...

Tez də səsini kəsdi. Pərtliyini gizlətmək üçün:

- Mən soruşmaq istəyirdim ki, qoltuğundakı nədi?

Özünü itirdi. Deyə bilmədi ki, qoltuğumdakı kəndirdir. Bu axşam istədiyim qızın toyudur. Mən də özümü asmağa gedirəm. Bircə kəlmə dedi:

- Gedəsi yerim var.

Bu sarışın, çilli qız az qala gözləri ilə ona yalvardı.

- Balıq yemək istəsən utanma, nənəmgilə gəl. Günortaya hazır olar. Bunu deyib köhnə qaloşlarını sürüyə-sürüyə çıxıb getdi.

Bir xeyli qızın dalınca baxdı. İnana bilmirdi ki, Həşimin xırda qızı belə tez böyüyüb. Amma içindəki intihar hissi onu nənəsigilin damınacan sürüyüb gətirdi.
İndi hər şey hazır idi. Kəndir də, kətil də, tavandakı tir də.
Kəndiri kənara atdı, kətilə karlı bir təpik ilişdirdi, yuxardaki tirə tərs-tərs baxıb çilli qızın nənəsigilə yollandı...


AXŞAMÜSTÜ

Səhər gülümsədi, günorta heyrətləndi, axşam çıxıb getdi...

Bir müddət çəliyinə söykənib şikarını gözləyən qurbağa kimi nəfəsini içinə çəkdi. Sonra tor görən gözləri ilə ətrafına boylandı. Dayandığı yerdə üç yol kəsişirdi. Biri dərəyə uzanırdı. Orda sarı-qırmızı gillərin arasından bulaq qaynayırdı. Kəndin qız-gəlinləri axşam-səhər bu bulaqdan su daşıyırdı. Kimi səhənglə, kimi vedrə ilə.

Qoca, çal qaşlarının altındakı xırda gözləri ilə bu durna qatarına biganə qala bilmirdi. Vaxtaşırı çolaq ayağını sürüyə-sürüyə bu dikdirə qalxır, dolu bədənli qadınlara, incə belli gəlinlərə, qu quşu kimi zərif boyunlu qızlara dişi tökülmüş canavar quzuya baxan kimi baxırdı.

Amma onun qığılcımı sönmüş ölgün baxışları heç kimi ürkütmürdü. Arvadlar fikirləşirdi ki, qoca kişidi, hay-hayı gedib, vay-vayı qalıb. Gəlinlər onu görəndə özlərini yığışdırırdılar ki, qoy qoca necə abırlı gəlin olduqlarını görsün. Qızları kəndin dəliqanlı gədələrindən başqa heç kəs maraqlandırmırdı. Qocaya da keflərinə düşəndə salam verirdilər, keflərinə düşməyəndə yox. Bu da qocanın xətrinə dəyirdi. Dodağının altında mızıldanırdı ki, Allahın altında cavan vaxtım olaydı. Onda görərdiniz ki... Bu sözləri deyəndə dodağı əsirdi. Bilirdi ki, day bundan sonra cavan olası deyil ha... Həqiqəti acı zəqqum kimi xirtdəyindən içəri ötürürdü.

İkinci yol üzümlüyə gedib çıxırdı. Üzüm yığını çoxdan başlamışdı və qoca yaxşı bilirdi ki, bu kənddə bineyi-qədimdən belə bir adət var. Cavanlar üzüm yığanda kanistrdən çaxır süzüb içə-içə məst olub kəndin qızlarından danışırlar. Məsələn, filan qızın gözəl gözlərindən, filankəsin biçimli ayaqlarından, filan qızın qızılı rəngli saçlarından o qədər danışırlar ki, o gecə hamı yuxuda o ayaqları, o gözləri, o saçları görür.

Səhər də kəndə xəbər yayılırdı ki, o sevimli ayaqların, gözlərin ya da saçların yiyəsini qonşu kənddən filankəs qaçırıb. O gün üzümlük yasa batırdı. Özünü toxtaq tutan cavanlardan neçəsi həmin gecə gizlicə gözünün yaşını əlinin dalı ilə silib, qıza ürəyini açmadığına görə özünü söyür, ürəyində balaca bir çala qazıb körpə məhəbbətini oradaca basdırırdı. Sonra burnunun suyunu balışa silib elə o balışı da qucaqlayıb yatırdı.
Üçüncü yol gedib qəbiristanlığa dirənirdi. Kənddə ölüm-itim olanda camaatın yadına düşürdü ki, belə bir yol da var. Gediş-gəliş az olduğundan bu yolu həmişə ot basırdı, bu da yuxa ürəkli qadınların dilində çox kədərli ağıya çevrilirdi. Mənası da belə olurdu ki, yolda qaratikan, sarıtikan olmasaydı, hər gün görüşünə gələrdim. Qadınların uydurduqları bu bəhanə hamının xoşuna gəlirdi.

Qoca diksindi. Elə bil gözünə Əzrail dəydi. Əyilib yerdən qara bir daş götürüb qəbiristanlığa uzanan yola qolazladı.

Hələ də bulaqdan qız-gəlinlərin qaqqıltısı, üzümlükdən cavanların hayqırtısı gəlirdi...

Səhər qocanın öldüyünü eşidəndə hamı mat-məəttəl qaldı. Kəndə qəribə sakitlik çökdü. Elə bil hamı qocanın ruhunu incidəcəyindən ehtiyat edib səsini içinə saldı.

Cənazəni qəbiristanlığa aparanda gün-günorta olmuşdu. Qara-qura paltar geyinmiş arvadlar əllərini dizlərinə çırpa-çırpa qaratikanlı yollar, ayrılıq və ölüm barədə qəmli nəğmələr oxuyur, qəbiristanlığa uzanan yol tanış oxşamaları eşitdikcə cana gəlib dirilirdi...

Axşamüstü kənd yenidən canlandı. Qız-gəlinlər bulağa səmt aldı, cavanlar kluba bitişik çayxanada laqqırtı vura-vura domino oynadı, kölgə səssiz-səmirsiz hər tərəfi basdı. Sonra heç nə olmamış kimi bütün kənd şirin yuxuya getdi...


QORXU ÇİÇƏKLƏRİ

Adam, ağac, dozanqurdu, lobya paxlası, balina - hamısı bir-birinə oxşayır...

Qarlar əriyib dağ yuxarı çəkiləndə qoca Bağban elə bil ilan ağzından qurtardı. Dəhrəsini, dırmığını, bağ qayçısını, çalğusunu qoltuğuna vurub bağa yollandı.

Payızda bağdan çıxanda fındıq çubuğundan hördüyü qapını məftillə möhkəm-möhkəm düyünləmişdi. Bir xeyli əlləşəndən sonra məftilləri açdı və elə bil həm də ömrünün səksəninci baharının qapısını itələyib açdı. Ürəyində “Şükür Allahın kərəminə”- dedi. Düzdü bu sözləri hər il deyirdi, amma bu dəfə lap ürəkdən dedi. Səbəbsiz də deyildi.

Bu qış ömründə birinci kərə Əzraillə qarşılaşmışdı. Əzrail olanda noolar, birinci dəfədir deyib güzəştə getmişdi. Kəndçiləri Çırtaqoz Veysəl olmasaydı heç başına bu həngamə də gəlməyəcəkdi. Çırtaqoz Veysəl durub-durub kiçik çillədə öldü. Camaat daş atıb başını tutdu ki, bu qiyamətdə gərək canından keçəsən ki, qəbir qazasan.

Bağban onlarla razılaşmadı. Dedi ki, yekə kişisiz, ölü ortada qalmayacaq ki, külüngünü belinə taxıb Veysələ kefin istəyən bir qəbir qazdı. Təri dabanından süzə-süzə kəndə qayıdanda nəfsini saxlaya bilmədi, dərədəcə ağzını buz kimi suya söykəyib o doyunca içdi.

Veysəldən sonrakı qəbir onunku olacaqdı, amma arvadı Güləbətin özünü ölümə qoydu ki, Bağban ölməyəcək. Bilirdi ki, dünyada görüb-görəcəyi yeganə kişi Bağbandır, o da ölsə vay halına. Qonşu kəndə həkim dalıycan adam göndərdi. Nəvəsinin sünnətinə saxladıqları toxlunu kəsdirib Bağbanı dəriyə bükdü, umacı bişirib isti-isti ərinin boğazına tökdü, təkgöz Zəriyə nəzir-niyaz dedi, axır ki, ərini əzrailin əlindən zorla dartıb qopartdı. İndi budu, Bağban qıpqıvıraq əvvəl özünə, sonra bağa xeyir-duasını verib içəri keçdi. Əlindəki dəhrə ilə kolu-kosu qırıb-çatdı, küləyin qovub gizlətdiyi xəzəli dırmıqladı, çəmənləri çalğuladı. Bağbanın bu qayğıkeşliyindən bağın üzü güldü. Yaz günəşi ağacların çılpaq budaqlarından süzülüb çoxdan isti dəyməyən kökləri qıdıqlayıb oyatdı. Günəşin istisi bağbanın qartımış kürəyini də yumşaltdı. Quluncunu qırıb dərindən nəfəs aldı. Sonra qolunu çırmayıb ağacları budadı. Belə vaxtlar Bağban cəllad kimi soyuqqanlı olur, lazımsız zoğları bağ qayçısı ilə üsulluca üzüb atırdı.

Alma ağacına çatanda duruxdu. Altdan-yuxarı incik-incik ağaca baxdı. O biri ağaclara dediyini alma ağacına deyə bilmədi. Bayaq armud ağacını budayanda ağacın qulağına heç kəsin eşitmədiyi sözlər demişdi. Demişdi ki, səndən bu bağda, heç bu kənddə, belə baxanda heç bu dünyada yoxdur. Keçən il özünü əsil kişi kimi apardın. Dolu da yağdı, tufan da qopdu, oktyabrın ortalarında dəli bir külək yeri-göyü oynatdı, bircə meyvənin də burnu qanamadı. Nə belin əyildi, nə budaqların sındı. Kökünlə torpaqdan elə yapışdın ki, olmayan kimi.

Bu isti sözlər armud ağacına budanan qollarının ağrısını unutdurdu. İlıq sözlərdən elə utandı ki, ən uca budağının ən uca zoğu qızarıb düymələdi. Amma bunu Bağban görmədi. Görə də bilməzdi. Birincisi boyu boy deyildi, ikincisi sol gözü axır vaxtlar ancaq qaraltını seçirdi. Bu sözləri armud ağacına demişdi. İndi o mayıf gözünü qıyıb salamat gözü ilə alma ağacına baxırdı. Sonra əlinin içi ilə ağacın gövdəsinə bir ikisini ilişdirdi. Səsini alçaltdı. Heç kəs eşitməsin deyə pıçıldadı:

- Mənim də səbrimin həddi-hüdudu var axı. Boynuna al ki, qocalmısan. Üç ildir nə çiçəyin olub, nə də meyvən. Bu yaz da çiçək açmasan vay halına!!!

Alma ağacının kötüyə dönmüş gövdəsi bağbanın sözlərindən çat verdi. Bal kimi şirə çatdan torpağa süzüldü. Bağban ağaca dediyini deyib, ötüb keçdi. Heç saya salıb ağacı budamadı da. O yaz bağda bütün ağaclar çiçək açdı. Alma ağacından başqa. Qonşu ağaclar qanadlarını barsız ağacın boynuna dolayıb könlünü aldılar. Həm də istəmədilər ki, bu biabırçılığı kimsə görsün. Sonra bağbanın başı qarışdı. Ərik kefini açdı, armud ağzında yağ kimi əridi, şaftalının tükləri üz-gözünü daladı. Yediyini yedi, yemədiyini pay verdi. Qonşunun yük maşını üç dəfə bağın meyvəsini bazara daşıdı. Bağbanın kefi kökəldi, arvad-uşağın əyni-başı təzələndi, qohum-əqrəbaya baş çəkdi, toylara nəmər saldı. Həm öz könlü xoş oldu, həm də özgələrin.

Yaxındakı dağın başına qar düşən gün Bağbanın meyvələrini bazara daşıyan qonşu xəbər gətirdi ki, bazardakılar alma istəyir, bilirsən də hansı almadan?

Bağbanı od götürdü. Kötüyün üstünə taxdığı baltanı götürüb bağa cumdu. Yol boyu alma ağacının keçmiş keçəcəyini, kökünü, köməcini, min arxa dönənini asıb-kəsdi. Bağa girəndə ilk məhəbbətini uzun illərdən sonra görən adam kimi ürəyi azacıq yumşaldı.

Bu bağ onun Güləbətindən əvvəlki məhəbbəti idi. Ancaq bunu heç vaxt açıb ağartmamışdı. Xəzəli yara-yara ağaclara tərəf getdi. Ağaclar barını yerə qoyub yüngülləşmişdi. Birdən bağbana elə gəldi ki, ağaclar birtəhərdir. Elə bağ da gözünə birtəhər dəydi. Alma ağacının yanına çatanda gözlərinə inanmadı. İlin bu vədəsində ağac dəli olub başdan-başa çiçək açmışdı. Bu ağlı-çəhrayılı çiçəklər gözlərini geniş acıb günəşi axtarırdı.

Qoca bağban ömründə belə möcüzə görməmişdi. Birdən heyrətinin yerində qorxu bitdi.
Yaxınlaşan qarın soyuğu qocanı səksəndirdi. Qorxudan çiçəkləmiş ağaca yazığı gəldi. Amma neyləyə bilərdi. Bu boyda ağacı evə aparası deyildi ha. Heç bükmək də mümkün deyildi. Bağban xəcalətdən əlindəki baltanı arxasında gizlətdi. Gözləri dolmuşdu, başdan ayağa titrəyirdi. Elə titrək səslə də pıçıldadı:

- Sən yaxşı ağacsan. Yaxşılığına heç söz olmaz. O il, Qaraş oğlu Vəlinin uşaqları acından ölən il sən bolluca bar verdin. Bizim külfəti ölməyə qoymadın. Çox illər karımıza gəldin. Görünür qocalmışam. Rəhmətlik babam deyərdi ki, bağban bağın üstünə əlibaltalı gedəndə, göydən daş yağar.

O gecə göydən daş yağmadı, qar yağdı. Bağban ağacı bu vəziyyətdə qoyub evə qayıtmadı. Heç qayıda da bilməzdi. Qar lopa-lopa yağdıqca hər ikisi üşüyür, bağban ağaca bir az da yaxın otururdu. Gecə yarıdan keçəndə bağbanın son ümidi də boşa çıxdı. Xırda qar başladı. Bağban ağacın necə qorxduğunu, titrədiyini aydınca hiss edirdi. Dünyanın bərkindən boşundan çıxmış əlləri ilə gövdəni sığallayır, nəfəsi ilə isidir, arabir ağacı qucaqlayıb ana balasına laya dediyi kimi kal səslə alma ağacına lala deyirdi...

...Gecəynən kənd bir-birinə dəyib Bağbanı axtarsa da xeyri olmadı. Səhər kiminsə ağlına gəldi ki, bağa baş çəksin. Qarı yara-yara gəlib Bağbanın cəsədini ağaca sökəli vəziyyətdə tapdılar. Cəsəd buz bağlamışdı. Səlim kişi bağbanın cəsədini belinə alıb kəndə tərəf yönəldi. Qar altında şaxta vurmuş çiçəkləri isə kimsə görmədi...
Uzun illər Bağbanın müəmmalı ölümü kənd camaatı üçün sirr olaraq qaldı və gün gəldi ki, bu hadisəni kənddə xatırlayacaq daha kimsə qalmadı...
XS
SM
MD
LG