Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:47

AİDS-dən qoruyan dərman satışa buraxıldı


Truvada
Truvada
HİV AİDS – Qazanılmış İmmun Çatışmazlığı Virusundan qoruyan dərman satışa buraxılır. ABŞ-ın Ərzaq və Dərman Departamenti – FDA iyulun 16-da Gilead Sciences şirkətinin Truvada adlı dərmanını lisenziyalaşdırıb.

FDA bildirir ki, bu dərman gündəlik qəbul edilməldir. Aparılan araşdırmalara görə, gündəlik qəbul ediləcəyi halda Truvada HİV virusuna yoluxma riskini 90 faizə qədər azalda bilir.


İLDƏ 13 MİN DOLLARLIQ DƏRMAN

Amma dərmanla bağlı başqa bir problem isə onun qiymətindədir. Truvadanın gündəlik qəbulu ildə təxminən 13 min dollara başa gəlir. Üstəlik, tibbi sığorta şirkətlərinin bu dərmanın qiymətini ödəyib-ödəməyəcəyi də məlum deyil.

FDA ümid edir ki, sözügedən dərman ABŞ-a HİV virusuna yoluxanların sayını azaltmaqda yardımçı olacaq. Hazırda hər il 50 min amerikalı bu virusa yoluxur.


DƏRMANDAN İSTİFADƏ QAYDALARI MÜRƏKKƏBDİR

İlk baxışdan sadə səslənsə də, Truvada ilə HİV-dən qoruma qaydası yetərincə mürəkkəbdir.

Bostondakı Fenway Səhiyyə Mərkəzindən Dr. Kenneth Mayer deyir ki, bu dərman əslində yeni bir dərman deyil, əvvəllər də Truvadanı təşkil edən komponentlərdən digər dərmanlarla birgə AİDS-in müalicəsində istifadə edilirdi. Truvada artıq xəstə olan bir şəxslə əlaqədə olarkən yoluxma riskini azaldır. Daha doğrusu virusun ilk təsirinə məruz qalan proteinlərin bütün bədənə yayılmasının qarşısını alır. Mayerin sözlərinə görə, məhz bu üzdən dərman ancaq qısa müddətli müdafiə mexanizmidir. Bir gün belə qəbul edilməsə, qurulan bütün müdafiə dağılır.

O üzdən həkimlər Truvada ilə yanaşı, potensial istifadəçilərin həm də qoruyuculardan istifadə etməsini və partnyorlarının da sayına nəzarət etməsini məsləhət görürlər.


HİV-Ə ARTIQ YOLUXMUŞLARA OLMAZ

Mayer deyir ki, bu dərmandan istifadə etməzdən əvvəl insanlar HİV virusuna yoluxmadıqlarına əmin olmalıdırlar. Üstəlik vaxtaşırı, ayda bir dəfə testdən keçmək lazımdır. Çünki əgər insan artıq yoluxubsa və Truvada qəbul edirsə, bunun nəinki ona faydası olmayacaq, əksinə, virusda dərmana qarşı müdafiə mexanizmi güclənəcək və sonra digər dərmanlarla da müalicə mümkün olmaya bilər.


DƏRMAN KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB?

Belədə sual çıxır ki, yetərincə bahalı olan Truvada kimlər üçün nəzərdə tutulub? San Fransiscoda yaşayan homoseksual cütlük - James Callahan və Kevin Kirk NPR-a deyir ki, məsələn onlar üçün.

Kames Callahan HİV virusu daşıyıcısıdır, partnyoru Kevin Kirk isə sağlamdır. İndi Kevin Kirk üçün Truvada almağı düşünürlər. Çünki artıq 5 ildir birgə yaşayırlar və Truvada dərmanı sayəsində daha rahat yaşayacaqlarına, özləri demişkən, “seksdən sonra arxayın yatacaqlarına” ümid edirlər.


QADINLARA FAYDASI

Kaliforniya Universitetindən Dr. Deborah Cohan deyir ki, Truvada əri HİV virusuna yoluxan qadınların profilaktikası üçün də çox faydalıdır. Və əslində FDA yeni adıyla Truvadanı lisenziyalaşdırmamışdan da, həkimlər bu dərmanı resept olaraq yaza bilirdilər.

Ancaq dərmanın ən böyük faydasını isə əri HİV virusuna yoluxan, ancaq ondan hamilə qalmaq istəyən qadınlar görə biləcək. Çünki bu günə qədər AİDS-li xəstənin sperması ancaq xüsusi və bahalı prosedurlarla yuyulandan – təmizlənəndən sonra süni şəkildə mayalandırıla bilirdi. Cohen iddia edir ki, Truvada sayəsində isə bu iş daha asanlaşa bilər. Belə ailələrin isə sayı Amerikada 75 mindir.
XS
SM
MD
LG