Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:15

Zirəddin Qafarlı. Şeirlər


-

ŞEİRLƏR


ÖMÜRDÜ MƏNDƏN KÖÇƏN

Bu dünya nəymiş belə?!
Könlüm yaman darıxdı.
Bir bax, ayağımdakı
Yoxsa dəmir çarıqdı.

Burda kimin nə dərdi?!
Yaşamaq da hədərdi.
Torpaq cadar-cadardı -
Daşlar yarıq-yarıqdı.

Ömürdü məndən köçən,
Yaxşını pisdən seçən…
Qardan, yağışdan keçən
Yolum qırıq-qırıqdı.

Qaldım tək çinar kimi,
Beli sınmış tar kimi,
Bir köhnə paltar kimi
İçim cırıq-cırıqdı.

Yormuşam yoxuşları,
Qayaları, daşları…
Kişinin göz yaşları
Allaha qışqırıqdı.


SEVİRƏM SƏNİ

Vədə verib, gəlməsən də,
Nə sirsən? - sevirəm səni.
Hər görüşü günə, aya
Bölürsən - sevirəm səni.

Bu tale bilmirəm niyə
Saldı məni haya, küyə…
Bıçaq dirənib sümüyə,
Gülürsən - sevirəm səni.

Ömrüm keçir qəm-qüssədə,
Dözürəm, məni üzsə də…
Heç kəs bunu bilməsə də,
Bilirsən - sevirəm səni.

Yollar hara gedir, hara?!
Günlərim qaradır, qara.
Nə insafa, nə ilqara
Gəlirsən - sevirəm səni.

Bu eşqi bildirmək üçün,
Aləmi güldürmək üçün,
Sən məni öldürmək üçün
Ölürsən - sevirəm səni.


KÜSMƏ
S... üçün

Sənsiz bu dünyada həyanım yoxdu,
Bu günüm, sabahım, dünənim - küsmə!
Bir günə qoydun ki, sevən könlümü,
Ölüncə bəsimdir bu mənim - küsmə!

Görmədim səni bir gümana gələn,
Mənəm damla üçün ümmana gələn,
Gah insaf göstərib imana gələn,
Gah da cin atına minənim - küsmə!

Nə vaxtdır özüm də bilmirəm, niyə,
Dilim oda dönüb, ürəyim neyə.
Səndən çox danışdım, sənsizəm - deyə,
Mənim az danışıb, dinənim - küsmə!

Xətrinə dəyməyin bu məhəbbətin,
Özgə don geyməyən bu məhəbbətin.
Şaha baş əyməyən bu məhəbbətin
Gəlim qapısında dilənim - küsmə!

Zirəddin, hərləyir bu il qan məni,
Salacaq atından bu ilham məni,
Gündə yüz yol eylə ittiham məni,
Kəsil həyatıma sən qənim - küsmə.


BAXIRSAN

Bir daşa hopmusan düşüb tilsimə,
İndi bu dünyaya qara baxırsan.
Gedim kimə deyim dərdimi, kimə?!
Gəlmişəm sinəmdə yara - baxırsan

Sənsiz at oynadır o qəm, o qəhər,
Mənə zəhər oldu bu ömür, zəhər!
Üstünə gəlmişəm durub bu səhər,
Ara inciyirsən, ara baxırsan…

Zirəddin çətin ki, doya, yarına,
Yarsızın kim olar dayaq yarına?!
Gör necə düşmüşəm ayaqlarına,
Ölüm qabağında, hara baxırsan?!


YOLLARINDA

Qoydum bütün sevənləri
Ötə-ötə yollarında.
Tək-tənha bir quşa döndüm
Ötə-ötə yollarında.

Demə səni tanımadım -
Bir canlı ağacdır adım.
Böyümüşəm addım-addım
Bitə-bitə yollarında.

Həyat düyündü, ilmədi,
Ayrılıq indi, bil, nədi!
Özümü tapa bilmədim
İtə-itə yollarında.

Çıx illərin önünə tək,
Xatirə yığ ətək-ətək.
Bölündüm Yer kürəsi tək
Qitə-qitə yollarında.

Bircə kəlməyə hazıram,
Qaçıb gəlməyə hazıram,
Yenə ölməyə hazıram
Sitə-sitə yollarında.


BİR GÜN

Bir gün səhərlər açılmayacaq,
Axşamlar düşməyəcək.
Bir də yadıma danüzlü səhərlər,
Qaraçarşablı axşamlar düşməyəcək.
Düşəcək yoxluq adlı bir varlıq,
Varlıq adlı bir yoxluq,
Gedəcəyəm üzü sonsuzluğa doğru biryolluq!
Yarpaq izi boyda izim də qalmayacaq,
Bir kəsin üzünə baxmağa
üzüm də qalmayacaq.
Qalacaq arxamca yollanan yalançı,
quru bir söz.
Döz bu sonsuzluğun darlığına,
Zirəddin, döz!
Bütün ağrı-acılar çıxacaq bədənimdən,
Qalacağıq üz-üzə bədənim, - mən.
Yalan sözdür harasa uçmağım,
Çünki nə qanadım var, nə də sığınmağa
bir dağım.
Sən demə, bu azlıq içində çox imişəm,
Sən demə, miylon illərmiş ki, yox imişəm!
Bir gün döyülməyəcək qapım,
Açılmayacaq aynam.
Ay sənin, torpaq anam -
Mən də sənin tayınam,
Bas məni bağrına.
Qoşulum sevincinə, ağrına!
Hələlik, Yer üzündə yaşayan dostum, hələlik!
Bir də məni axtarma, çağırma,
Qayıdıb gələn deyiləm.
Daha yaşamaq üçün ölən deyiləm.
Əlvida, ötüb-keçənlərim, əlvida!
Əlvida, itib-köçənlərim, əlvida!
Salam, yeni ömrüm-günüm, salam!
Salam, məni gözləyən tək bircə günüm,
Salam!


SOVUŞMAQ OLMUR

Vallah, bu ürəklə bu gen dünyaya
Sığışa bilmirəm, - sığışmaq olmur!
Sən köçüb gedəli evə, eşiyə,
Yığışa bilmirəm, yığışmaq olmur!

Çətin taleyimə gələ dəm daha,
Bəxtin hər üzünə bələdəm daha,
Sənsiz bir xətadan, bəladan daha
Sovuşa bilmirəm, - sovuşmaq olmur.

Gedib səsim çatmaz gur saraylara,
Ürəyim diksinər hay-haraylara,
Elə bir çayam ki, özgə çaylara
Qovuşa bilmirəm, - qovuşmaq olmur!

Neynirəm bu ömrü tutub qumaşa?!
Günüm tamaşadır mənim, tamaşa!
Bir qohum-qardaşa, dosta, tanışa
Yovuşa bilmirəm, - yovuşmaq olmur!

Yalquzaq günlərim verib səs-səsə,
Yenə qubarlandı ürəyim nəsə…
Zirəddin, bu dərdi gedib heç kəsə
Danışa bilmirəm, - danışmaq olmur!


YANMAZ

Bu həyat qaynayan qazandı, gördüm,
Çömçəsi isinməz, qaşığı yanmaz.
Bizdən inciməzmi anamız dünya
Halına bir dünya uşağı yanmaz.

Qorxudun, şeytanlar, bizi qorxudun,
İnsanı yaşadan elə qorxudu…
Ocağı səngiyib Dədə Qorqudun,
Ozanı oyanmaz, aşığı yanmaz.

Mən özüm-özümdən düşdüm didərgin,
Bu nə qəmli tale, bu nə hədər gün?
Eşqindən alışa-alışa hər gün
Yanmazın üstünə ha şığı - yanmaz?!

Könlüm doğulandan göy aşiqidir,
Elə bil gözümdə göy aşağıdır.
Ömrüm yer üzündə göyqurşağıdır,
Bir nurdu, nurdu göyqurşağı - yanmaz!

Zirəddin, hər şeyi arama - yurddur,
Üstündə köçdüyün araba - yurddur.
Qəlb evim kimsəsiz xaraba yurddur, -
Qapısı açılıb, işığı yanmaz!


BAŞIMI QATIRAM, OĞLAN

Dünya bazardı - qorxuram
Mayanı batıram, oğlan!
Bilmirəm özüm-özümdən
Nə alıb-satıram, oğlan!

Adımı kimsə silibdi,
Mən kiməm, kim nə bilibdi?!
Yuxum ərşə çəkilibdi,
Yuxusuz yatıram, oğlan!

Əliboş köçə bilmirəm,
Heç nəyi seçə bilmirəm,
Canımdan keçə bilmirəm,
Başımı qatıram, oğlan?!

Bu vaxtı bir uzat görüm,
Yatan baxtı oyat görüm,
Bir saman çöpü at görüm,
Boğulub batıram, oğlan!

Baxma ölümə, oluma,
Mən getdim, kövrəlib dolma!
Get daha, narahat olma,
Mənzilə çatıram, oğlan!


OLMAZ

Sənsiz nə dincliyim, nə qərarım var,
Bir olan diləyim, dönüb min olmaz!
Daha üzüm gülmür, eynim açılmır,
O daş yatağımda yuxum çin olmaz!

Dünyam başdan-başa alışıb yanır,
Amanım, fəryadım tutub hər yanı.
Hanı o gözlərin insafı, hanı?
Belə ömür olmaz, belə gün olmaz!

Ay ömrüm, bilirdin, axı, bunu sən; -
Bütün arzuların sənsən sonu, sən!
Bir günə qoymusan atıb onu sən,-
Bir də Zirəddindən Zirəddin olmaz!


HƏSRƏTƏM

Birdəfəlik çıxıb getdin ömrümdən,
Mən də düşdüm xəstə - sənə həsrətəm.
Yazıq-yazıq boylanıram yollara,
Xoşbəxtlərin dəstəsinə həsrətəm.

Nə bir gülərüz görürəm, nə qayğı,
Harda qaldı o məhəbbət, o duyğu?!
Artıb gedir bu dünyanın soyuğu,
Baxışının istisinə həsrətəm.

Baxmaz geri, arxasınca ha çağır,
Qaytar görüm ötüb gedən o çağı!
Öləziyib yurdumuzun ocağı,
Bacamızın tüstüsünə həsrətəm.

Tək könlümə yolu düşə könlünün,
Alam qadasını şüşə könlünün…
Bir az kövrək, dəymədüşər könlünün
Umusuna, küsüsünə həsrətəm.


TEZ-TEZ GƏLİN, QIZLARIM

Ata evinə tez-tez gəlin, qızlarım!
Siz gələndə ananızın ruhu gəlir bu evə.
Bu ruh, yol yorğunudur, qızlarım!
Sonsuzluqdan gəlib sizinlə görüşməyə,
Bu ruh, bu an bütün ağrıları unudur, qızlarım!

Ata evinə tez-tez gəlin,
Siz gələndə divarlar da dil açır,
Otaqlar da gül açır,
Siz gələndə sizli xatirələrim də qol açır,
Hər şey danışır, gülür, oynayır,
Siz gələndə ev-eşik qaynayır.

Ata evinə tez-tez gəlin, qızlarım!
Siz gələndə ananızın ruhu da gəlir bu evə.
Bu ruh gözlərinizə, üzünüzə baxa-baxa
itirir yorğunluğunu,
Bu ruh, doyunca dolaşıb bu evi

bitirir yorğunluğunu,
Elə ki, dağılışırsınız bu evdən,
bu ata ocağından
Elə o günün, o anın, o çağından
Bu ruh da çıxıb gedir sonsuzluğa.

Ata evinə tez-tez gəlin, qızlarım!
Siz gələndə ananızın baxışları,
yerişləri gəlir bu evə,
Siz gələndə ananızın danışıqları,
vərdişləri gəlir bu evə.
Mən də qayıdıram o illərə, qızlarım!
Unuduram bütün qayğıları, dərdləri,
Dağılır elə həmin gün ayrılığın sədləri.

Ata evinə tez-tez gəlin, qızlarım!
Siz gələndə gündüzlər, üzümə sevinc, gecələr gözümə yuxu gəlir.
Çünki siz gələndə ananızın ruhu gəlir.
O ruh, nəvələrini əzizləyir,
O ruh, nəvələrini oynadır,
O ruh, bir güzgüdür, aynadır,
Siz gələndə hər səhər ona baxıb
sığallanırsınız,
Bir az da uşaqlaşıb, cığallaşırsınız.
Ata evinə tez-tez gəlin, qızlarım!
Siz gələndə ananız da gəlir bu evə.
Siz gedəndə çıxıb gedir, bilirəm!
Axı mən neynəyə billəm?!
Bunu ancaq mən görürəm, qızlarım,
mən!

Srağagün, bu gün, dünən…
İnanmırsınız, baxın ananızın
gözümdəki yaş dolu şəklinə,
Ona görə qalmışam yanınızda
çəkinə-çəkinə.

Ata evinə tez-tez gəlin, qızlarım!
Tez-tez gəlin ki, yaşaya bilim,
Yaşayıb, az da olsa qayğınızı
daşıya bilim… .


NƏZAKƏT XANIMA

Oğuzda istirahət edərkən
bir gecə bir neçə dəfə "Haradasan,
ay Zirəddin" - deyə adımı çağırdılar.
Mənə elə gəldi ki,
bu səs çox
uzaqlardan gəlir.

"Hardasan, ay Zirəddin?" - deyə çağırdın məni,
Düz qırx ildir həsrətəm adımı eşitməyə.
"Hardasan, ay Zirəddin?" - Elə çağırdın məni
Ürəyim getdi birdən, niyə, bilmirəm, niyə?!

Səsinin istisinə qızan canım tərlədi,
İstədim ki, can verəm o səsin qucağında.
Qoy alışım o səsə - od-alovdur, hər nədi -
Mən belə yanmamışam heç kəsin ocağında.

"Zirəddin, ay Zirəddin,
bir de görüm hardasan?"
Düz qırx ildir beləcə itirmişəm özümü.
Nəzakət, bu dərd-qada sənə gəlməsin asan,
Mən axı bu yaşımda hardan alım dözümü?

O səs elə doğmadır, o səs elə şirindir,
Bir ümidtək o səsi gözləyirəm, sən demə.
Uçmağa yer tapmıram, yer tapmıram mən indi,
O səs apardı məni dost-doğmaca kəndimə.

Nəzakət, çağır məni, dilinə qurban sənin,
Sən bir dünya işığı gözümə qaytarmısan.
Türk dünyası deyilən elinə qurban sənin,
Məni məndən xəbərsiz özümə qaytarmısan.


BABAM

Kimsə çıxammazdı yoluna sənin,
Bilməzdin nə qüssə, nə ələm, babam.
Elinlə bölərdin son tikəni də, -
İndi nə qalıb ki, nə böləm, babam?!

Gör neçə düşmənin bağrını yardın,
Torpaq, vətən vardı, bir də sən vardın.
Bir vaxt söz oynadar, at oynadardın,
Gah qılınc çalardın, gah qələm, babam!

Nə bir qaçaq oldum, nə qoçaq oldum,
Böyüyə-böyüyə lap uşaq oldum…
Bu geniş ürəklə darqursaq oldum,
Daha yoxdur mənim hövsələm, babam!

05.08.07


SƏNİ AXTARA BİLMİRƏM

Getmisən, dönüm başına,
Səni axtara bilmirəm.
Sirli mələyə dönmüsən,
Uçmusan hara bilmirəm?

Halım, təhərim kəsilib,
Barım, bəhərim kəsilib,
Gələn səhərim kəsilib,
Daha ağ-qara bilmirəm.

Ömrümün, könlümün ilki,
Bu ömür-gün nə deyir ki?!
Sənsizlik ölüm deyilki, -
Bəs nədir çarə, bilmirəm.

Boşluq tutub hər yanımı,
Ta məni heç kəs tanımır.
Arxanca gedən canımı,
Geri qaytara bilmirəm.

Açılıram, büzülürəm,
Dağılıram, düzülürəm.
İlmə-ilmə süzülürəm –
Ölüb qurtara bilmirəm.

15.07.07


KİM DEMİR Kİ, BÖYÜKSƏN…

Allah, Sən sonsuz ömür,
Sən həmişə qalansan!
Şükür Sənə, çox şükür!
Verdiyini alansan.

İşıq sənsən, duman Sən,
Ümid Sənsən, güman Sən,
Ümman Sənsən, uman Sən,
Talansan ki, talansan…

İsti Sənsən, soyuq Sən,
Qadir Sənsən, böyük sən,
Kim demir ki, böyüksən –
Kim deyir ki, yalansan?!

08.09.07


DEYİLƏM MƏN

Sevgi ölüsüyəm, eşq dəlisiyəm,
Hər söylənən mənəm, hər deyilən mən.
Sevincin heç məndən xəbəri yoxdur,
Kədər deyilən – mən, dərd deyilən – mən.

Bu şirin bildiyim ömrüm kəm çıxıb,
Həsrət qanqal kimi ömrümdən çıxıb…
Bir gün gedəcəksən ömrümdən çıxıb –
Vallah çəkiləsi dərd deyiləm mən!

Həyat gül çiçəkli çəmənlik deyil,
Bu qismət nə sənlik, nə mənlik deyil,
Məhəbbət bu günlük, dünənlik deyil –
Bu yolda birinci fərd deyiləm mən.

Qoy çəkim dərdin var nəki mən sənin,
Nazına tuş gəlim təki mən sənin…
Bilirəm, qəlbində təkəm mən sənin –
Amma bu bəxtlə də tək deyiləm mən.

27.05.07


SOLMAZIN SOLAN ÇİÇƏKLƏRİ

O qızın heç cürə ovutmaq olmur,
İnciyib tək qalan çiçəklərini.
Sevib saxlayıram gör neçə ildi
Kövrəlib tez dolan çiçəklərini.

Görən gözləyirmi hər gün yolumu?!
Yox, daha qəşş edib saçını yolmur,
Özümlə bir yana aparmaq olmur,
Ömrümlə dost olan çiçəklərimi.

Gəlsə, alqışlaya bilərəm axı,
Yolu naxışlaya bilərəm axı.
Kimə bağışlaya bilərəm axı,
Öpüşdən yorulan çiçəklərini?!

Bu kədəp yağışı verməzmi ara?
Ümid bağlamışam gələn bahara.
Heç hara gizlədim, bilmirəm hara,
Əlimdə məst olan çiçəklərini?

Zirəddin, qurtarım göz yaşlarımla,
Getməz intizarım göz yaşlarımla,
Nə qədər suvarım göz yaşlarımla,
Solmazın bu solan çiçəklərini?!

16.02.07


İSAQ-MUSAQ QUŞLARI

Allah məni quş elə,
Quşlara tay-tuş elə!

Dərdlərim dən bağlayıb, gəlin sizə dən verim,
Xəbər gözləyirsiniz, xəbəri nədən verim?!
Vətəniniz yoxdusa, sinəmi Vətən verim,
Orda keçirərsiniz payızları, qışları –
Soyuq olmaz yerimiz, İsaq-Musaq quşları!

Bu taleyin işidir, hərəyə bir baxt düşər,
Qayadan daş ayrılar, ağacdan yarpaq düşər,
Sevinc qaçaqdı bizdən, dərdimiz ortaq düşər,
Özümə dost bilmişəm ömrü uduzmuşları –
Mən də sizin biriniz, İsaq-Musaq quşları!

Görürəm-hər tərəf qar, baxıram- hər yan sudur,
Mənim komam hardadır, mənim yolum hansıdır?
Bir xaraba könlüm var, bayquşlar yuvasıdır,
Sevməkdən öldüm daha qayaları, daşları –
Yaxın gəlin biriniz, İsaq-Musaq quşları.

Nə arzunuz bəllidir, nə sözünüz bir kəsə
Min illərdir beləcə veribsiniz səs-səsə,
Sizi oxuyan görüb yaman düşdüm həvəsə,
Çağırın bir tərəfə qəmə tuş olmuşları
Mən də sizin biriniz, İsaq-Musaq quşları.

Biriniz tapılanda, biriniz itirsiniz,
Niyə qovuşmursunuz, nədir axı fikriniz?
Bir aləm sehirsiniz, dünya dolu sirsiniz,
Bitib tükənən deyil gözünüzün yaşları –
Yaxın gəlin biriniz, İsaq-Musaq quşları.

Yarım, yarım – deməkdən dilimə düyün düşər,
Yoxdu cavab verənim, dağa, daşa ün düşər,
Könlümün qapısında gündə bir hüzn düşər,
Səngiyib kəsməz daha bu tale yağışları –
Mən də sizin biriniz, İsaq-Musaq quşları.

Dərdlərim dəm bağlayıb, gəlin sizə dən verim,
Xəbər gözləyirsiniz, xəbəri nədən verim?!
Vətəniniz yoxdusa, sinəmi Vətən verim,
Orda keçirərsiniz payızları, qışları –
Soyuq olmaz yeriniz, İsaq-Musaq quşları!

"Ulduz" jurnalı
XS
SM
MD
LG