Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:03

Abxaz yazıçının müharibə haqda hekayəsi


-

...Yiyəsiz bir evdə olurduq; əvvəl ermənilərinmiş, bu hadisələr başlayanda nələri vardısa, qoyub getmişdilər, odur ki, yemək-içməkdən korluğumuz yox idi. Heç vaxt o qədər mürəbbə yeməmişdim, indi də yadıma düşəndə ürəyim bulanır...

Gürcülər bizim mövqeləri qaubitsalarla vururdular, başımızı qaldırmağa imkan vermirdilər...



"Oxu zalı"nda başladığımız yeni tərcümə layihəsində sizi müasir dünya yazıçılarının əsərləri ilə tanış edəcəyik. Layihəyə Qafqaz xalqlarının yazarlarının əsərlərindən başlayırıq.


Daur Naçkebia


TƏKGÖZ SƏMA


(Seyfəddin Hüseynli ruscadan tərcümə edib. "Oxu zalı" hekayəsinin Azərbaycan dilinə çevrilib çap edilməsi üçün müəllifdən icazə alıb).


- Elə bilmə, alın yazısı yoxdur. Var o, necə olmaya bilər... - Aslan dilləndi.

Biz tozlu Eşera yoluyla, sayagəlməz donqar təpələrin yanıyla addımlayırdıq. Az qala səmanı əridib tökən isti, iki yuxusuz gecə, ikiqat ağırlaşmış avtomatlar... – güclə yeriyirdik.

Ən amansız düşmənimiz səmaya yapışıb qalmış Günəşdi. Yağı gülləsindən birtəhər can qurtarmaq olardı, amma bunun odlu gözlərindən hec cür: bədənin açıqda qalan yerini bircə anda köz kimi dağlayırdı.

Aslanla mən əksər vaxtlar dinib-danışmırdıq, ancaq ən təhlükəli yerlərdə bir-iki kəlmə kəsirdik. Belə yerlər isə az deyildi yolumuzun üstündə.

Təpələrin, meşənin yad nəzərlərdən yayındırdığı yol arabir açıqlığa çıxır. O biri sahildən görən olmamış, gərək belə qorxulu yerlərdən tezcə ötüb keçəsən, yoxsa gülləyə tuş gələrsən. Neçə adam itirmişik belə yerlərdə...

- Ağıllı sözlərdir, kimdən öyrənmisən? – sataşdım ona.

- Məzələnmə, elə şeylər danışaram, matın-qutun quruyar.

- Neynək, döşə gəlsin, uşaqlıqdan nağılları xoşlayıram mən.

- Nağıl deyil bu, həyatın xalis gerçək üzüdür.

Yol qırağında, nəhəng palıdın altında otluğa sərələndik; ağır çəkmələri ayağımızdan çəkib çıxartdıq, tərdən nəmləmiş köynəyimizi soyunduq, sərin kölgəlikdə nəfəsimizi dərdik.

Bizimlə ölüm-qalım arasında sükut var bircə. Fikir vermirik, guya inanmırıq onların varlığına, guya heç olmayıb belə şeylər. Ölümlə həyatın arası - ən adi yanlış addım üzündən bir-birinə pərçimlənəcək qədər – yaxın olanda, biz də aradakı dar yarıqda qısnanıb qalanda, istər-istəməz, dilimizi qarnımıza qoymalı oluruq. Ümidimizi ürəyimizin dərinliyində gizlədir, yad gözlərdən yayındırır, yükünü də elə özümüz çəkməli oluruq.
Aslan indiyə qədər əməl etdiyimiz bu üstüörtülü qaydanı pozmaq istəyirdi.

- Hə, bir halda ki, deməsən olmur, onda döşə gəlsin…

Suxumun göylərindən qara bulud asılmışdı, yəqin hardasa yanğın vardı. Bir ara qara bulud şəhərin üstünü alıb tərpənmək bilmədi. Sonra asta-asta yüksəlməyə, eninə yayılıb seyrəlməyə başladı.

- Biz Yuxarı Körpüdə olanda, - Aslan başladı, - yiyəsiz bir evdə olurduq; əvvəl ermənilərinmiş, bu hadisələr başlayanda nələri vardısa, qoyub getmişdilər, odur ki, yemək-içməkdən korluğumuz yox idi. Heç vaxt o qədər mürəbbə yeməmişdim, indi də yadıma düşəndə ürəyim bulanır... Gürcülər bizim mövqeləri qaubitsalarla vururdular, başımızı qaldırmağa imkan vermirdilər. Ancaq bircə mərmi də bizi tutmur, hamısı başımızın üstündən uçur, ayağında özümüzə yer elədiyimiz təpənin ya belinə, ya da yamacına düşüb açılırdı, hərdənbir qızmar, tüstüləyən qəlpələr gəlib çatırdı bizə, vəssalam…

...Yerin sərinliyi yavaş-yavaş içimə dolurdu. Torpaq məni möhkəmcə özünə çəkirdi. Elə bilirdim, bir az da keçsə, suda olduğu kimi, torpağın içində izsiz-soraqsız batıb gedəcəm. Onun sonsuz bağrında qərq olacam, bir də Gün işığı görməyəcəm…

… - Həmin gecə qarovuldaydım – saat birdən üçə qədər. Hasarın dibində özümə xudmani bir yer eləyib oturmuşdum, gözümü çaydan, o biri sahildən çəkmirdim. Arada gözlərim yumulurdu, yuxunun girdabına daldığım anda dəhşətli kabuslar görürdüm, titrəyib gözlərimi açır, qorxa-qorxa ətrafa boylanırdım… Hardasa bir saat yuxuyla beləcə boğuşdum. Qəfildən bir səs eşitdim. Hələ də bilmirəm, gerçək idi bu, yoxsa arada yenə yuxu aparmışdı məni. Hər nə cür oldusa, birdən kimsə mənə pıçıldadı: «Dur, get!»
Elə tərzdə səslənmişdi ki, həm xahiş kimi çıxırdı, həm də əmrə oxşayırdı. Qalxıb yeridim, yarıyuxuluydum, heç nəyi aydın dərk eləmirdim. Heç ikicə addım atmamışdım ki, şiddətli guppultu yeri titrətdi: yaxınlıqda mərmi partlamışdı. Bir az əvvəl oturduğum o yerdə iri bir çuxur açılmışdı, torpağın altı üstünə çevrilmişdi, ondan buğ qalxırdı.

- Bu dediklərini qaranlıqda çətin görə bilərdin sən, - hövsələm çatmadı.

- Bəyəm mən demədim ki, gecə aydınlıq idi?

- Gərək ki, yox…

- Heç vacib də deyil, gerisinə qulaq as sən. Cəmi bir-iki addım atmış olsam da, həyətdəki tək armudun arxasına adlaya bilmişdim, o da məni qorumuşdu. Səhərisi onun gövdəsində yumruq boyda qəlpə gördük: düz kürəyimə sancılacaqmış...

Suxumun göylərindən asılan qara bulud indi bozarmışdı…

Başımızın üstəki səma nəhəng gözünü qırpmaq bilmirdi. O, yuxarıdan beləcə lal-dinməz baxanda qüssə bürüyürdü məni. Ürəyimdə deyirdim ki, biz nə vaxtsa bir olmuşuq, sonradan araya ayrılıq düşüb: səma yuxarıda qalıb, mən aşağıda.

Əlimi havaya qaldırdım: baş barmağım; şəhadət barmağım – indi onun əsas işi tətiyi çəkməkdir; orta barmağım – patronu lüləyə onunla salıram; adsız barmağım, bir də çeçələ. Bu da ovcum – barıt çanağı. Bizi bağlayan doğmalıq dünyanın özüylə yaşıddır: o, mənimlə birgə yaranıb.

Əllərimə baxıram, elə bilirəm ki, əzəli, qədim bir həqiqətin özüylə təmasdayam. Dərimin altında, sirli şəkildə bir-birinə calanmış xırda damarlar göyərir. Onların içində mənim qanım dolaşır - həmin əzəli həqiqətlə birgə.

Ovcumu, daraqlanmış barmaqlarımı, dilsiz göylərə açıram: «Bu - mənəm!»

… - Bax, belə bir iş gəlmişdi başıma. Davada hər şey olur, ancaq mənim danışdığımda təəccüblü cəhətlər lap çoxdur. Əvvəla, o səs! İkincisi də, düz partlayış anında mənim ağacın arxasında olmağım! Onların – səslə partlayışın arası heç yarımca dəqiqə də çəkməmişdi, əgər bircə anlıq ləngisəydim, məndən quruca sür-sümük qalacaqdı...

- Onda heç bu qədər üyüdüb tökməzdin də…

Belə söhbətləri xoşlamırdım mən, həm də ürəyimə nəsə səfeh şeylər dammışdı deyə, söhbəti lağlağıya döndərmək istəyirdim. Aslan insanın gözlə görə bilmədiklərinə ad qoymağa çalışırdı, bu isə heç mənim ürəyimcə deyildi, çünki düşdüyümüz vəziyyəti daha da çətinləşdirirdi.

- Sən məzələnirsən, amma mən hələ də özümə gələ bilmirəm.

- Qorxursan bəlkə?

- Məsələ qorxmaqda deyil. Bu çox dərin söhbətdir: Kelasurda kimisə o an top atmağa nə vadar elədi?

Bəs o səs? Kimin səsiydi? Doğrudan eşitmişdimmi onu? Axı niyə mərmi mən ağacın arxasına adlayandan sonra yerə düşdü? Bu suallara hələ də dəqiq cavab tapmamışam. Bircə bunu bilirəm ki, heç nə elə-belə olmur.

- Necə yəni?

- Əgər dünyaya gəlişimiz kimi, ölüm vaxtımız da əvvəlcədən təyin olunubsa, deməli, həmin armud ağacını da o evin yiyəsi heç nədən, öz istəyi ilə əkməyib. Özü də bilmədən hansısa məcburi qaydaya əməl edib. Bəs o birilər? O evi kim tikib? Mən həmin gün kiminlə danışmışam? Məni həmin gecə üçün qarovula kim yazıb? Dünyaya gəldiyim gün nələr olub?...

- Bəs bir qış günü səni əzişdirən adam? – ardını mən gətirdim. – Bəs o gecə göydə görünən ilk ulduz? Nənənin bacısı qızının nəvəsinin zibilliyə atılmış başmaqları bəs? Bəs yeddi il, yeddi ay, yeddi gün bundan əvvəl gördüyün yuxu? Bəs həmin topatanın anası hamilə olan vaxt ona hürmüş it necə?...

- Bəs odun doğrayanda babamın şəhadət barmağıyla orta barmağının arasına sancılan taxta qırığı? – Aslanın zarafata qoşulmağına sevindim, indi o məndən ötrü əvvəlki kimi safdı, doğmaydı. – Bəs atamın qulağını çəkmiş müəllimin müharibə vaxtı çeçələ barmağını aparan güllə? Bəs qayadan qopub uçuruma dığırlanan daş?...

- Bəs sənin o siftə vaxtı bir iş aldıra bilmədiyin arvad? Bəs üstünü batıran quş? Sən qəbiz olub ayaqyolunda gücənəndə Afrikanın harasındasa ölən fil bəs? Bəs göydən qopub axan ulduz? Bəs altında qırılan xurma budağı? Bəs üstündə sənin kəllən dığırlanan edam kötüyü?... Belə çıxır ki, yaranandan bəri, dünyanın işı-gücü ancaq səni fikirləşməkdir?

Aslan güldü.

- Mən elə demədim. Deyirəm, yəni bizim hamımızın – ölülərin də, dirilərin də, hələ doğulmayanların da - taleyi bir-birinə o qədər sıx bağlıdır ki, mənim bu gün alıb-verdiyim nəfəs sabah bir fırtına törədə, bircə barmağımı tərpətməyim bəlkə min il sonra ya ildırım çaxmasına, ya qar yağmasına, ya kiminsə ölümünə səbəb ola bilər, ya da…

- Ya da milçəyi hörümçəyin toruna yönəldər… Mənasız söhbətdir bunlar hamısı, boş sözlərdir. Göz nələri görürsə, onlar var ancaq, qalanı – uydurmadır, yuxudur. İnsanın hər nəyi varsa, öz bədənindədir, yerdə qalanlar boş şeydir. Tələsmə, tezliklə hamımıza qurd düşəcək...

Aslan dinməzcə ətrafa baxırdı. Sonra üzünü mənə çevirmədən, dilləndi:

- Məncə, gözümüzlə görüb inandıqlarımızdan başqa da nələrsə var bu dünyada…

Suxumun göylərindəki bulud uzanmış, şəhərin üstündə bəyaz sütun kimi dikəlmişdi. Elə bil göydən sallanan kəndirdi: şəhərin onunla yuxarı dırmaşıb xilas olması, ya da özünü asmasından ötrüydü.

Ağacların yarpaqları istidən soluxub büzüşmüşdü, onların arasından, qocaların sümüklərinə bənzəyən, budaqlar görünürdü.

Aşağı Körpü tərəfdə dalbadal iki partlayış gurladı.

- Orda bizimkilər çətinə düşüblər, - Aslan dilləndi.

Toparlanmaq vaxtıydı. Könülsüz qalxdıq, silah-sursatımızı şəllənib tərpəndik.
Bütün günü bizi izləyən Günəş indi günorta yerindən keçmişdi, yavaş-yavaş dənizin üzərinə meyllənirdi.

Təhlükəli bir yerə gəlib çatmışdıq. O biri sahildən bura ovuc içi kimi görünürdü. Bir yanımız Qumistaya tərəf enən uçurum, o biri yanımız yuxarıya diklənən sərt yoxuş idi. Yola qayalıqdan dığırlanıb düşən daşlar səpələnmişdi. Daldalanmağa nə kol vardı, nə ayrı bir şey. Önümüzdəki bir neçə metri keçib getməyə ürəyimiz gəlmirdi. Azca aşağıda, geri tərəfimizdə yoldan ayrılan cığırla getmək olardı. Düzdü, onda yolumuz uzanacaqdı, ancaq bu nəhs yerdən yan ötəcəkdik. Yorğunluğun, bir də çiyinlərimizdəki yükün aman verdiyi qədər yüyürə-yüyürə, yanaşı irəlilədik. Yanaşı yüyürməliydik, yoxsa o taydakı snayper birimizi vura bilməsə də, o birimizi sağ buraxmayacaqdı.

Yolun qırağındakı sıx ağaclığa qaçıb çatmağımıza lap azca qalmışdı – orda güllədən qorxumuz olmazdı. Birdən, gözümün ucuyla, Aslanın necə yıxıldığını gördüm. «Büdrədi yəqin, heç nə olmaz, qalxar» - fikriylə, dayanmadan yüyürdüm, özümü birinci ağaca çatdırıb, onun arxasına sığındım. Onda, artıq, atəş səsi yayılmışdı, mən onu eşitmişdim, ancaq hələ də inanmır, bu anı bizdən uzaqda bilirdim.

Geriyə çöndüm. Aslan sağ əlini yerə dayayıb qalxmağa çalışırdı, amma hansısa amansız ağırlıq onu dikəlməyə qoymur, aşağı dartırdı.

İkinci güllə Aslanı yerə sərdi, ağappaq tozun içinə yıxılıb hərəkətsiz qaldı.

Mən ona sarı götürüldüm. Qaçıb çatdım. Növbəti güllə onun lap yaxınlığında toz qaldırdı, ardınca da atəş səsi gəldi. Özümü Aslanın böyrünə atdım.

O ölürdü.

- Səni görüm… - səsini güclə eşidirdim, yəqin, snayperi deyirdi.

- Qorxma, bu dəqiqə... mən bu dəqiqə!... – deyib, onu qucaqladım ki, birlikdə ağaclığa tərəf sürünək.

Ancaq o, imkan vermirdi, dartınıb qollarımdan çıxmaq istəyir, anbaan zəifləyən səslə təkrarlayırdı: «Burax… burax…» Nəhayət, səsi tamam kəsildi. Onu arxası üstə çevirib, gözlərini sığadım. Ağır idi o, amma bir azdan lap ağırlaşacaqdı.

Birdən onun bədəni titrədi: snayper meyitin yanında qurdalandığımı görən kimi atəş açmışdı, amma Aslan məni xilas elədi.

Yanında uzanıb onu bərk-bərk qucaqladım. Məni ölümündən sonra da qoruyan dostumun bədəni get-gedə soyumaqdaydı.

Biz – diri ilə ölü – təkgöz səma altında qucaqlaşıb uzanmışdıq.


(Hekayə Cənubi Qafqaz yazıçılarının “Yaşamaq zamanı” almanaxından götürülüb)
XS
SM
MD
LG