Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:51

Ülkər Ucqar. Ovsun


-

ovsun

səsin nağıllardan gəlir
artıq deyilməyən
eşidilməyən
oxunmayan nağıllar...
mənim də tək günahım budur elə
arşınmalçının da səsini hərdən eşidən kimi oluram
axşamlar bu məndə çox olur
və qapıya çıxmasam sovuşur gedir...
- Təbrizin qızları, hooo! Eşidirmisiz?
hə görürsən, xanım!
eşidənin yox
və mənim,
uzaqdan gələn səslərə uyma xəstəliyim var yaman
və həm
sən artıq
sətirlərdən çıxmazsan,
dalımca gəlməzsən
və həm
sevgilinin dalısınca gələ bilməyən xan nəyə yarar
mənim nağıla yolum yox
mənim ayağım bir ağaca bağlıdır
və ağac yerin düz göbəyində durur...

məni ovsunlayıb sətirlərə sarı çəkmə
məni ovsunlama
nağıllarda savaşlar gedir
nağıllarda qalxanlar, dəbilqələr
mən qorxuram belə,
necə deyilənlər?!

yeddinci arxamacan gəzdim
bir at çapdıranımız yox
bir tək bəyimiz, xanımız yox
məni ovlama
ovsunlama
mənim,
yaman,
uzaqdan gələn səslərə uyma xəstəliyim var...
XS
SM
MD
LG