Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:52

Furqan Sadıq. Koroğlunun son səfəri


-

KOROĞLUNUN SON SƏFƏRİ

(Seyran Səxavətin “Cəhənnəm” hekayəsini oxuduqdan sonra)

(Gülümsəmək qəti qadağandır!)


Kefim göylə gedirdi, özümsə yerlə. Qanadlarım yoxuydu deyə kefimlə birgə gedə bilmirdim. Bir birimizdən ayrı düşmüşdük. Hava da gözəldi- bahar havası. Baharın gözəllikləri kefimə ayrı rəng qatırdı.

Təklikdən xoşum gəlir. Tək qalanda öz-özümə danışmaqsa köhnə adətimdi. Şeirdən, qəzəldən vurub baxdığım kinolardan yadımda qalan dialoqlara qədər. Təki danışmaq olsun, səs olsun, qulaqlarım darıxmasın. Qulaqlarım darıxmayanda özüm də darıxmıram. Bu mənim məzəli adətlərimdən yalnız bircəsidi...

Dəqiq yadımda deyil nədən danışdığım, yenə çənəm qızışmışdı. Deyəsən, əzbər bildiyim beş-on şeirdən birini deyirdim. Hə, nə isə, sözüm bunda deyil, birdən eşitdiyim sönük səsdən diksindim.

-Dəli olmusan?-səs gələn tərəfə çöndüm.Beli bükülmüş, üzü qırış-qırış olmuş, gözləri qıyılaraq az qala yoxa çıxmış qoca yol kənarında böyük bir daşın üstündə oturmuşdu. Eybəcər saqqalı çox uzundu.Özümü itirsəm də çox keçmədən özümü tapdım və qocanın sualına cavab verdim:

-Yox, dəli niyə oluram ki?!

-Bə niyə öz-özünə danışırsan?- deyə soruşdu.

-Danışıram da. Burda pis nə var?!-kobud cavab qaytardım.

-Onda dəli olmusan! –kor tutduğunu buraxmayan kimi yapışmışdı dəlilikdən. Həm də qətiyyətlə deyirdi ki, dəli olmusan.

-Dedim axı, yox. Dəli deyiləm.

Elə bil qocanın olan-qalan ümidləri də mənim bu sözlərimlə yoxa çıxdı.
Kobud cavab qaytardığıma görə peşman oldum. İt kimi yox, adam kimi. Könlünü almaq istədim və yarızarafat, yarıciddi məşhur bir kinodan yadımda qalmış məşhur ifadəni dəyişib:

-Sənə dəli lazımdı?-soruşdum. Elə bildim “yox, nəyimə lazımdı” deyəcək. Amma başını yellədəndən sonra diliylə də:

-Hə!-dedi.

-Dəlini neynirsən?

-Ağıllılarla söhbətim tutmur...

“Yəqin elə özün də dəlisən” fikirləşdim. Və bayaqdan söhbət etdiyim adamın kim olması məni maraqlandırdı, soruşdum:

-Sən kimsən ee, bir de görüm, tanıyım da səni?

Aman Allah, elə bil qocanın başından qaynar su əndərdim.

-Məni tanımırsan?-əsəbi-əsəbi dilləndi.

-Yox... Hardan tanıyım?

-Mənim haqqımda eşitməmisən?

-Yox... Hardan eşidim?

Qoca arıqlayıb uşaq əli boyda olmuş əlini dizinə çırpdı və deyəsən həm əli, həm də dizi ağrıdı.

-Sən kitab-zad oxumursan?-soruşdu.

-Oxuyuram...

-Mənim kitabımı oxumamısan?

Sevincək halda:

-Sən yazıçısan?-soruşdum. Düzü, bu dəfə hirslənəcəyini gözləmirdim. Amma bayaqkından betər əsəbləşdi, qızardı. Az qala qışqıraraq:

-Yox ee, Koroğluyam- dedi- Koroğlu!

Qulaqlarımda bu vaxta qədər nasazlıq, karlıq olmamışdı. Ancaq bu dəfə qulaqlarıma inanmadım.

-Kimsən?-soruşdum. Yenə “Koroğluyam” desəydi elə pıqqıldayıb güləcəkdim ki, bəlkə də əsəbdən qocanın ürəyi partlayıb ordaca öləcəkdi.

-İnanmırsan?

-Yox!-dedim və gözlədim ki, Koroğlu olduğunu sübut etsin.

-İnanmırsan inanma da!- onda Koroğluluq əsər-əlamət qalmadığı üçün belə dedi.

-Koroğlusansa de görüm “Misri” qılıncın hanı?-mən soruşdum.

Bir xeyli qanlı-qanlı baxdıqdan sonra:

-Atmışam!-dedi.

-Niyə?

-Nəyimə lazımdı ki, “Misri” qılınc?!- Cavab tapmadım.

-Koroğlusansa de görüm sazın hanı?

Başını günahkar uşaq kimi saldı aşağı. Utandımı, yoxsa nə oldu, dəqiq bilmədim, üzümə baxmadı. Cavab gecikincə təkrar soruşdum:

-Hə?

-Onu da atmışam!-asta, utancaq səslə dedi.

-Onu niyə?-mən təəccübümü gizlədə bilmədim.

Qısa, liliput sükutdan sonra dilləndi:

-İndi o qədər çalıb-oxuyan var ki, sazımdan utandım, atdım, getdi.

Mənim suallarımın ardı-arası kəsilmək bilmirdi. Koroğlu da (artıq Koroğlu olduğuna inanmışdım) səbrli, hövsələli adammış, bitdə-bitdə hamısını cavablandırırdı:

-Bura hardan gəlmisən?

-Çənlibeldən...

-Çənlibel hardadı ki?!

-İndi tay heç harda...

-Necə, yəni heç harda?

-Aldılar əlimdən, getdi...

İstədim soruşam ki, kim aldı, necə aldı, nə vaxt aldı, niyə aldı (sualları artırmaq da olar), qanını qaraltmaq istəmədim. Ulu babam yaşında kişidi... Bir də ki, indi hər yerdə alış-veriş gedir. Yəqin əvəzində puldan-muldan veriblər, sadəcə özünü sındırıb demək istəmir.

-Nigar hardadı?- soruşdum.

-Cəhənnəmdə...

-Eyvaz da?

-Yox...

-Cənnətdədi?

-Yox...

-Hardadı bə?!

-Restoran işlədir...

-Allah işini xeyir eləsin...-dedim və daha sonra soruşdum:

-Sənin o dəlilərin var idi ee...

Sözümü təsdiqlədi:

-Hə... Yeddi min teddi yüz yetmiş yeddi nəfər...-dedi və başladı gülməyə. İndisə mən əsəbləşdim, görəsən nəyə gülür?!

-Nəyə gülürsən?

Gülüb qurtardı və nəhayət sualımı cavablandırdı:

-Sizin yazdığınız kitablara...

-Nə olub ki, bizim yazdığımız kitablara?

-Yalan yazmısız.

-Nəyi?- qaşlarımı çatıb soruşdum.

-Yeddi min yeddi yüz yetmiş yeddi dəlimin olmasını. Heç özüm bilmirdim ki, bu qədər dəlim var. Yaxşı ki, siz yazmısız. Yoxsa hardan biləcəkdim?!.

Mən yaxamı qırağa çəkib özümü təmizə çıxardım:

-Mən kitab-zad yazmamışam... Yaxşı yadıma düşdü, burda niyə oturmusan?

-Heç, elə-belə... Yoldan keçirdim, dedim oturub dincimi alım, sonra gedərəm. Qocalıq zəhirmar öz sözünü deyir.

(Bax, belə yerlərdə mən ağzımın danışığını itirirəm. Mənə deyən lazımdı ki, qoca kişiylə məzələnmək sənin harana yaraşır, ay axmaq?)

Məzələnmək keçdi ürəyimdən. Yox, şeytanlıq heç nə yoxdu burda, günah özümdəydi:

-Axır boynuna aldın qocaldığını? Sonra da deyirsən mən qocalmışam, yoxsa zəmanə...
(Mənə deyirdilər çox danışansan, inanmırdım. Sən demə, eləymiş... Koroğlunun da səbr kasasını daşıra bilirəmsə gör nə qədər danışırammış ee...)

Köhnənin kişisi güc-bəlayla qalxdı ayağa. Çobanların çomağına oxşar çomağına söykənib yeriməyə başladı.

-Hara gedirsən bə indi?

Mənə baxdı, səmaya baxdı, bütün dünyaya baxdı və gözlərini dünyadan çəkib dedi:

-Gedirəm ölməyə...

-Hara? Hara gedirsən?

-Ölməyə...- pıçıldadı.

-Ölməyə niyə? Gül kimi yaşayırsan da özünçün...

-Yox,-dedi- mənim özüm üçün yaşamaqdan xoşum gəlmir. Bir də ki, mənə daha bu dünyada yer yoxdu. Ölsəm yaxşıdı...

O, asta addımlarla gedir, mənsə dalınca baxırdım.

Koroğlu ölməyə gedirdi...


may, 2011- iyun, 2012.
XS
SM
MD
LG