Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:48

Tehran Əlişanoğlu. Gecikmiş səsin macərası


Tehran Əlişanoğlu
Tehran Əlişanoğlu
-

..Mən türkün böyüklüyü ideyasını romanda heç də İmirxanlının Söz-söz, hərfbəhərf Tarix axtarması, psevdo-Tarix konsepsiyasında görmürəm; bu daha çox erməni milliyyətçiliyinə, lap elə dəriyığan Apedin Ermənistan tarixinə bənzəyir.

Türkün böyüklüyünü biz romanın ideoloji qatında yox, daha çox etnoqrafik zəmini-mənzərəsindən oxuyuruq; yazıçının etnoqrafik müşahidələri zəngin, romanı üzərində saxlaya biləcək qədərdir...



Tehran Əlişanoğlu bu məqaləsi ilə yazıçıs Mövlud Süleymanlının "Erməni adındakı hərflər" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Tehran Əlişanoğlu


GECİKMİŞ SƏSİN MACƏRASI


Mövlud Süleymanlının “Erməni adındakı hərflər” romanını son sovet dövrü ədəbiyyatının (1980-ci illər) ən yaxşı nümunələrindən sayardım; amma yazılma tarixini ansaq (2005-2006), buna gecikmiş roman deməliyik.

Hərçənd roman (yaxşı) roman isə: saxla romanı, gələr zamanı; mətndə Millət salnaməsinə salınası əvəzsiz kadrlar, ibrət alınası Tarix var...

Əvvəlcə, “gecikmişlik” barədə. Romanın özündə də bu məqam, necə deyərlər, aktualdır.

1987-1988-ci illərin erməni vəlvələləri, uzaq dağ kəndində camaat özünümüdafiəyə qalxmalı olub; bu zaman Qaraca müəllimin gənclərə tarix dərsi deməsi qınaqla qarşılanır: “-Tarixi neynir, ə, Qaraca müəllim, tarix indidi, lap bu gündü, bu gün... Çıx, deyirlər, evinnən-eşiyinnən, ya ölüb qalmalısan, ya da ölə bilməyib çıxmalısan...”

Tarix bu dəfə Sözü, Ədəbiyyatı qabaqlamış:

“Tarixdən vaxtında danışmaq lazımdı, bu gün yox... hamımız bilirdik ki, erməni silah yığır, silahlanır, baş bilənlərimizdən heç biri düşünmədi ki, erməni bu silahı niyə yığır...”

Mətn qurulub 1987-89-cu illərin Meydan hadisələri ərəfəsi baş verən olaylar, həqiqətlər içindən (və bu baxımdan özlüyündə mükəmməldir, yəni o zamandan sonrakı baş verənlərə az qala heç toxunulmur); roman qəhrəmanının (İmirxanlı) xatirələri-düşüncələri, təhkiyənin vektoru isə daha da o yana – 1970-ci, 1960-cı illərəcən gedir...

Belə çıxır ki, Mövlud Süleymanlı “Erməni adındakı hərflər”də açıq qapıları döyür; artıq olub-keçmişləri yazır, Tarix-salnamə yazır; bir kəndin timsalında necə bütöv bir türk yurdu – Qərbi Azərbaycanın bugün Ermənistan adlanan ərazidən deportə edilməsi-qovulması-azad olunması tarixçəsini... Fabulanın bir ucu – 1920-1930-cu illər repressiyalarına gedib-çıxırsa (müəllim Ağbilən İsmayılı yada salaq), sonu Azadlıq meydanına bağlanır. Romanın rəmzi sonluğu necədir: “-Sür, - dedilər, köhnə tanışlar kimi, - sür, bunun bir ucu Azadlıq meydanındadı, gecikmişik, sür Bakıya..! / Maşın karvanı izdihamın yanıyla şütüyür, amma heç kəsə çata bilmir. Bayaq düz dedilər, “...gecikmişik”. Nəbz kimi döyünən bu adddımların bir ucu artıq Bakıdadı...”

Habelə romanın ümumi ideya planı, ideoloji konsepsiyasında da bir boyatlıq, dünənlik var: Ermənilər kimdir və kimlərdən ibarətdirmi?; ya bəlkə: Türklər kimdir və kimlərdən ibarətdir? Roman haqqında ilk (bəlkə də yeganə) resenziya yazmış Səyyad Aranla razıyam: Mövlud Süleymanlı “Erməni adındakı hərflər”də xırda erməni millətçiliyinə qarşı türkün böyüklüyü ideyasını qoyur (bax: Səyyad Aran, Türk adının ucalığı. - Tənqid.net, № 5, 2008, s. 61-67). İndimi?; iş işdən keçəndən sonramı?; “xırda” və “böyük” sözlərini qəsdən qabardıram, diqqət edin: iyirmi ilin gen-bolluca müharibə və atəşkəsində hər üzünü görüb, görməyə xırdacıq nəsə tapammadığımız erməni millətçiliyindənmi söz gedir burda, ya geninə-boluna kiçilib-kiçilib də vur-tut neft borularının ucunda qalmağımızın böyüklüyündən?

Üstəlik, roman həmin bu böyüklük və kəsiri sovetdənqalma (bəlkə də İmirxanlının tələbə konspektlərindən alınmış), marksizmin Millət nəzəriyyəsi əsasında həzm etməyə çalışır: Xalq nədir?, Millət nədir?, necə olur ki, xalq dönüb Millət olur və s. Çağdaş dünyada gedən böyük yorğan davası (qlobalizə) fonunda xırdacıq elmi laboratoriyalarda(n) beyinlərə yeridilmiş həmin sxolastik söz oyununun indi mənası varmı? Əbəsmi həmincə davanın bir təpiyi də romandakı hadisələrə dəyir.

Mövlud Süleymanlı
Mövlud Süleymanlı
Bu yanda türk İmirxanlı erməni Seda Sevortyanla tarix-tarix oyununa çıxmış, o yanda adi erməni həkimi “akademik” Ulubabyan sadə erməni dəriyığan Apedlə, erməni müəlliməsi Siranuş Sumikyanla və s. və s. “Qrunk”çularla birgə təzə erməni tarixi, türksüz Ermənistan yaradırlar; hələ Qrunkun Bakı təmsilçisi milis mayoru Sevortyanın simasında iştahlarının Bakıyacan gəlib çıxmasının da şahidi oluruq... Aşıq-saz Vətənmiş, Dil Vətənmiş, türkün eli-obası, dağları-yaylaqları – hamısı da Vətən, doğmaca türk adlarıdır (“Bax, bu dağların-daşların , elin-obanın adını bircə-bircə türk çobanları qoyub. Sən nə zamansa buralarda olsaydın, adını sən qoyardın...”) İntəhası, türk Sözə sığındıqca-sıxışdırıldıqca, vətənsiz erməni də cəmisini əlindən alıb, özüyçün Vətənləşdirir (“Tələsmə, Acaryan deyərdi, bizim burda izimiz yoxdu, biz Qafqazda olmamışıq, olacağıq amma...”)

Ulu Mirzə Cəlilin ironiyası yadınızdamı: mömin Usta Zeynal ayıbına bürünüb, murdar saydığı ermənidən salavatlandıqca, o yandan da: “Sübh saat doqquzda dəmir yol ilə Muğdusi Akopun oğlu gəldi Vətənə...” Roman boyu İmirxanlının akademik Balacahunluya qarşı söz pəhləvanlığı guya nəyə dəyir?; birisi vaxtilə türk sözündən qaçıb rəsmi kafedralara sığınmışdı, digəri: türk-türk-türk... hər yerdə türk sözü axtardığı halda ömrü boyu türk Vətənindən qaçaq düşür, hətta sonda yurdun alverinə girişməli olur: “Sevortyan Sedayla kəndlərimizi başa-baş dəyişmək istəyirik, heç bilmirəm tarixdə belə şey olubmu, ev dəyişən olub, kənd dəyişən yox...”

Nə isə, keçmiş ola. Dedik axı, saxla romanı... Mövlud Süleymanlı romançıdır; nə yazırsa, ustalıqla yazır, təmiz yazır; yazdığında axıracan, oxucusunu ram edib-yoranacan israr edir... Bu, əlbəttə, qələmin gücüdür, sözün sehri, qüdrətidir! Həmişə o fikirdə olmuşam ki, ideologiya bir buxov olaraq Mövlud Süleymanlının yazıçı kimi tam parlamasına, çərçivələri qırıb dünya arenasına çıxmasına əngəl olmuş: istər çöldən – sovet senzurası olsun, istərsə də içdən – böyük türklük, türkçülük iddiaları...
Bu ki: ətrafında polemik düşüncələrdən yavaş-yavaş gələk romanın özünə. Sovet dönəminin son, çökmə mərhələsi. Burda “Şeytan” var, burda “Dəyirman” var, burda bir “Duzsuzluq” var. Azərbaycan nəsrinin Mövlud Süleymanlı zolağı. “Yel Əhmədin bəyliyi”. Burda “Köç” var, “Ceviz qurdu” var, burda bir “Səs” və çoxlu küy var... Ən nəhayət: hələ yazılmamış “Erməni adındakı hərflər”in də yeri uzaq deyil, elə burdadır...

Ermənilər kimdir və kimlərdən ibarətdir? Azərbaycan nəsrində erməni obrazı-xarakterini istər bircə-bircə – fərdən, istərsə də ümumilikdə – küllən bu qədər yaxından və bu genişlikdə müşahidə edən-göstərən- həkk edən ikinci bir əsər tapmaq çətindir. Dəriyığan Aped (roman boyu onun necə “şəbədə obyekti”ndən dirçəlib “millətçi qəhrəman”a çevrilməsinin rəngarəng nüanslarını xatırlayırsızmı: “-Lazım gələr, lap başını da kəsərəm, Arıq türk! – Ürəyində dediyini bir də aşkara dedi, dönüb türk kəndinə baxdı... ”), doktor Ulubabyan (roman boyu bu məkrli erməni ideoloqunun ardıcıl və əməli soyuqluğuna heç heyrətlənirsizmi: “Bəs niyə saxlayırsan bu camaatı burda? İstiyirsən ki, gəlib qırsınlar?! Rayonun katibi İsrailyanın da adından deyirəm, hazırlığınızı görün, kömək edək çıxıb gedəsiniz...” ), Siranuş Sumikyan (türkə hiddəti heç bir sərhəd tanımayan bu erməni qızının cilovsuz enerjisinin roman boyu şagirdlərinin simasında necə cücərdiyi, reallaşdığına baxırsızmı: “-Mən hələ respublika səviyyəsini demirəm, rayonun təhsilinə rəhbərlik edənlər nə istəyirlər? İstəyirlər ki, erməni uşaqları da türk uşaqları kimi malabaxan olsunlar?..”); o cümlədən: Şaliko Sumikyan, Seda Sevortyan, Mamvel Sevortyan, Aram Xaçaturyan, totya Asmik , daha nə qədər epizodik ermənilər, saqqallı gənc ermənilər... Azərbaycan nəsrini təbrik eləmək olar; iki (guya) zəhmətkeş Tuğ kəndlisindən (“Hacı Qara”) beləsinə, ən nəhayət ermənilər (iki əsr öncə Qafqaza soxulduqları tək) Azərbaycan ədəbiyyatına da qoşunla girə, görünə bildilər: necə var elə, fikri-xəyalı-düşüncəsi, hərəkət və əməlləri ilə, real faktor olaraq... Azərbaycan yazıçıları, ən nəhayət orda-burda, türkün yanında, epizodik sandıqları, sadəcə müqayisəyə çəkdikləri ermənini bütövlüyü ilə gördülər, ciddiyə aldılar...

Dedik, romanda dil davası var: kimin Dili hakimdir burda? Erməni soruşur: “...niyə ermənistanlı ola-ola ermənicəni bilmirsən... bə mən sənin dilini niyə bilirəm, mən
Ermənilərin Qarabağa iddialarına qarşı Bakının Azadlıq meydanında keçirilən mitinqlər, 80-ci illərin sonu
Ermənilərin Qarabağa iddialarına qarşı Bakının Azadlıq meydanında keçirilən mitinqlər, 80-ci illərin sonu
türkəm?” Cavab: “Axmaq-axmaq danışma, - dedim, - ağıllı danış, ermənicə az bilirəm ona görə ki, az lazım olub...” Bəs indi necə?, deyən, indi gərəyimiz olubdu. Azərbaycan nəsrində ikinci belə bir əsər tapmaq çətindir ki, bu romandakı qədər erməni dilində cümlələrə, mükaliməyə, danışığa rast gəlinə... Bilirsizmi niyə? Çün mətndə Erməni-ermənicə-ermənilik real faktordur; sən onu əyani görməli-tanımalısan ki, öz Dilində(n) də ifşa oluna... Dil deyəndə burda təkcə danışıqdan söz getmir, geniş mənada o da elə Dilin bir atributudur; erməni dəst-xətti, erməni hərəkət-üsulu, bütünlükdə ermənilikdən söhbət gedir...

Yuxarıda Dilə qovulmuş Vətəndən danışırkən, elə romanın öz materiallarına isnad vermişdim; erməni Türkü, türkün dilini daha yaxşı bilir, təbii: “Deyim, eşit, erməni. Sənin indi bildiyin türk dilini sənin atan da bilirdi, babaların da biliblər, ona görə ki, bu dil onları qoruyub, onlara çörək verib, sən də ona görə bilirsən ki, bu dildən həmişə asılı olmusan...”

Elə bildiyi yerdən də xətt-hərəkəti başlayır erməninin. Əvvəlcə savadlıları, mədəni qatı aradan götürür:

“Bir neçə azərbaycanlı müəllim vardı, onlar da, ayıb yerləri görünürmüş kimi, bilmirdilər özlərini necə gizlətsinlər... başqa neyləməliydilər, heç nə, imkan yarandıqca ermənilərin bilərəkdən açdığı dəhlizlə sürüşüb aradan çıxmaq...” Daha sonra bütünlükdə türkün yaşayış mühitini: “Çıxartmaq olar, erməni dövləti işini düz qursa, niyə olmur? İyirmi il böyüyünə iş vermə, cavanına ev tikməyə torpaq, gör necə dağılırlar...” Roman boyu erməni türkü çoban xalqı olmaqda qısnayır, ən nəhayət dağları, yaylaqları da əlindən alıb quru yerdə qoyur: “Götürün hər nə var, alın əllərindən, bunların hamısı sizindi, sizin dağların, yaylaqların məhsuludu! Rədd olsun türklər! Türklərə ölüm!..” və s.

Əslində, İmirxanlının erməniçiliyə qarşı xeyli dərəcədə psevdo-mübarizəsini nəzərə almasaq, romanda erməni obrazları təbii bir sevgi ilə yaradılmışdır. Başqa cür ola da bilməz, bu, yazıçı ustalığıdır. Xarakterindəki bütün xəstə cəhətləri, məkri, xəbisliyi, nifrəti ilə erməni, yalnız içində yaşadığı türk sadəzəmirliyi, təmənnasızlığı, sevgi mühitində(n) tamlıqda görünə bilər. İstər aşıq Ayvazı dinlərkən göz yaşı tökən, amma varyaped Ulubabyanın sözü ilə oturub-duran dəriyığan Aped olsun (“Karocan, aşıq Ayvazı tap gətir, gör hardadı. Oxu başına dönüm, bir-iki ağız da Koroğludan oxu!.. -Özü də nəsə oxumaq istədi, alınmadı, gözünün yaşını silə-silə süfrəyə yaxınlaşdı, badəni qaldırıb qışqırdı: - İçək, böyük Ermənistanın sağlığına!..”), istər türkəçarə Ayişənin əliylə sağalmaz xəstəlikdən şəfa tapıb, amma türk balalarını zəhərləməkdə davam edən Siranuş Sumikyan olsun (“-Erməni olmağın yolu budu, başqa yolu yoxdu. Hamı bir yerdə desin, - əlini qaldırıb saldı. – De, türklərə ölüm, de, deyii-in!”), istər cansız papağı teləyib quzuya çevirən Qarakəlləoğlunun məharəti qarşısında sadəcə ram olub, amma əksinə, ölümcül qərarlar verən “akademik” Ulubabyan olsun (“Erməni əlifbasıyla erməni adını yaz, çıx get, ermənilik sənin proqramındı, proqramını da özünlə götür, yerə qoyma, o, sənin silahındı. Türk kimi yaşamaq məcburiyyətində qalsan belə, ermənisən, erməni olduğunu bil...”), istərsə də kirvəsi olduğu Uğurlunun dostluğundan xoşallanan, amma amansız soyuqluqla hesabatı “Qrunk”a verən Şaliko Sumikyan olsun (“-Bax, mən qazancımnan hər ay “Qrunk” erməni təşkilatına pul göndərirəm... Bəs pulu nə üçün yığırıq, yığırıq ki, bir dəfə də olsun yıxım səni... ”)... Və bu yerdə yazıçı millətin başbiləninin də, sıravisi, adi sürcüsünün də eyni bir nöqtəyə vurmasına (“Çünki sən çobansan, çoban dil öyrənə bilməz...”) əsl ağayanalıqla, çarəsiz xəstəyə baxırmış kimi, heyrətlənməyə bilmir (“Bu köpək uşağı gör, necə eyni yerdən idarə olunur”)...

Düşünürəm, Mövlud Süleymanlı romanda çox mühüm, psixo-fəlsəfi dərinlərə gəlib çıxır. Adətən ermənini türkə nifrətdə qınayırıq; təsəvvür edin, qoy qondarma olsun, sovet hakimiyyətinin köməyi ilə bir Ermənistan dövləti yapmışlar, amma heç vecə almadan türklər burda öz vətənləri kimi yaşayırlar (“Dağların görünməyən üzü Ağbaba bölgəsidi, - Amasiya, Şirak-Sirak ovalığı oralara qədər uzanır... Solda, dağların görünən üzü Çubuqlu yaylasıdı, o üzü Dərələyəzdi... Dərələyəzdən sola Vedibasarla birləşir; şidli-hun tayfalarının yurdlarıdı, gedir Naxçıvana çatır... Arada Mığırlı-Muğ-Muğan, Maq-Maday elləri...”); dillərini (erməni dilini) öyrənmək-bilmək belə istəmirlər, əksinə ermənilər türk dilini bilməyə məcburdurlar.

Erməni məişətində də, dolanışığında da türkə möhtacdır, onsuz keçinə bilmir; üstəlik, qarşılıqlı pislik, düşmənçilik gözlədiyi-umduğu halda türkdən genişqəlblilik, təmənnasız
Xankəndində komendant saatı, 15 may, 1991
Xankəndində komendant saatı, 15 may, 1991
sevgi görür, hətta özünə qarşı üstün bir rəhmdillik duyur (“Şaliko qonşusunu istəyəndi ki?..”). Bir sözlə, erməni istəsə belə, bəhsə girdiyi türkün təbiətən zənginliyinə çata bilmir, türk qədər onu sevməyi bacarmır... Məgər bu onda kompleks yaratmamalıdırmı?

Hələ üstə gələk erməni qızlarının türkə sevgisini; “Ermənisiz türk kişisi olarmı, bizimkilərin ermənidən tutma beş-altı takunu vardı... Sən Uğurluya niyə getmədin, erməni qızı?..” Siranuşun Uğurluya, Seda Sevortyanın İmirxanlıya sevgisi romanın ideya-mündəricəsində çox incə bir məqamdır: “Bilirəm, kirvənin oğlu Uğurludan xoşun gəlir, gəlsin, amma bu sevgi onu süründürmək, çürütmək, dəli eləmək üçün lazım olmalıdı. Türkü ev eləmək üçün yox, məhv eləmək üçün sevmək lazımdı...” Əgər mümkün olsaydı, özümüzü erməni kişisinin yerində təsəvvür edə bilərdikmi?; təbii ki, mümkünsüzdür və bu halda ondan qarşılıqlı sevgi ummağa dəyərmi?

Böyük Tolstoyun təbirincə: məhəbbət qurtaran yerdə nifrət başlayır; heç bir mənzilədə türkə tay ola bilməyən erməninin nifrəti beləcə, tədrici işə düşən mina kimi hərəkətə gəlir. Apedin qadınının sözlərini xatırlayırsızmı:

“Türklərin hamısı belə olmalıdı, bax, Aped, - əllərinin ikisini də medallının kəsik ayağına sarı uzatdı. – Belə yaraşıqlı, amma ayağının biri yox!”

Yaxud mayor Sevortyanın qızına təpkisini: “Mən ölərəm, türkə qız vermərəm!” Varyaped Ulubabyan türk kişisinə olan qənirsiz nifrətini əməli olaraq, Haça Mustafanı iynə vurub kişilikdən salmaqla ifadə edir: “Onun ya ayağı işləməlidi, ya da xayası...”. Bu isə Şaliko Sumikyanın dostluğudur: kiminlə şəkil çəkdirmişsə, ölümünə hökm verir: “-Hə, artıq üçü yoxdu, üç türk yoxdu artıq... – Balacaboy erməni gülümsəyib əlini şəkillərin üstünə qoyub saydı. – Qalıb altısı, - dedi, - qalanlar ayrı-ayrı kəndlərdədi...”. Siranuş Sumikyanın bütöv bir nəsil şagirdlərinə aşıladığı türklərə nifrət isə yəqin ki, uğursuz və çarəsiz sevgisinin bədəlidir. “Kür, Araz, Ararat/ Gözəldi bu həyat/Qardaş olub Hayastan,/ Azərbaycan...” sevdasna qarşılıq 1960-cı illərdən erməni məktəblərinə yerimiş “Türklərə ölüm!” şüarının kökü bəs hara, nə qədər gedir?; iki əsr öncəyəmi, ya daha da əvvələ - ermənilərin bilmərrə türkün sevgisi qoynunda isti sığınacaq tapdığı əyyamlaramı?

Gəlib çıxdıq: türk adının ucalığı məqamına. Təkrar edirəm, mən türkün böyüklüyü ideyasını romanda heç də İmirxanlının Söz-söz, hərfbəhərf Tarix axtarması, psevdo-Tarix konsepsiyasında görmürəm; bu daha çox erməni milliyyətçiliyinə, lap elə dəriyığan Apedin Ermənistan tarixinə bənzəyir. Türkün böyüklüyünü biz romanın ideoloji qatında yox, daha çox etnoqrafik zəmini-mənzərəsindən oxuyuruq; yazıçının etnoqrafik müşahidələri zəngin, romanı üzərində saxlaya biləcək qədərdir.

Bunu biz Türkün daxili təbiətində, hüdudsuz genişqəlbliyi-sadəliyində: evinə-yurduna bağlı Uğurlunun ağrı və inadında (“Uğurlunun özü təzə evinə yenicə köçüb, öldürsələr də evdən çıxan deyil, camaat bilir bunu, ikimərtəbəli evdi, dişi-dırnağıyla, axır ki, tikdi, qurtardı... ”), qadını Şallının bir-bir ikinci mərtəbəyə qaldırdığı daşlardan iriləşmiş əllərində, son günlərini yaşayan kəndin əlacsız təşvişində, evini ağlayan, üzünü daşlara sürtən gəlinin ağısında, Sayalı arvadla birgə dəfn olunan kəndin hüznündə, erməninin məkrinə uyub bir vedrə yağı əl ağacına dəyişən Dəmir kişinin uşaq aldanışında, habelə Qarakəlləoğlu, Aşıq Ayvaz, Arıq, Medallı Göyüş, Qaraca müəllim və s. personajlarda fərdiləşən bu və ya digər təkrarsız çizgilərdə və s. və s. – bir söz, bir məxrəclə: sadə, saf, hiyləsiz həyat sevgisinin faciəsini yaşayan Türkün xarakterində görürük.

Elə İmirxanlının özü də həsrət qaldığı doğma dağlarla baş-başa ünləşərkən, yaxud sürücü Ağacanın bütün nifrətinə rəğmən, onu məhz türklüyü (sevgisi) ilə utandırıb məğlub edirkən daha ulu, uğurludur, nəinki yalançı (dəvə) göz yaşları tökən Balacahunluya qalib gəlib, badam ağacı altında etiraflarını dinlərkən... Sükan arxasında,
Azadlıq qəzeti meydan hərəkatı barədə, 1989
Azadlıq qəzeti meydan hərəkatı barədə, 1989
elə ərinin yanındaca əlləri bədənində gəzən Sedanın toxunuşundan vicvicə duyub, karıxan qəhrəman yataqda erməni Sedayla (guya) Tarix rebusları həll edən türkdən daha təbiidir və s.

Ümumən, mənə görə, bizim əslən Qərbi Azərbaycandan olan yazıçılarımız vardır ki: - Fərman Kərimzadənin “Vedinin yanı dağlar”ından tutmuş Mövlud Süleymanlı, Azər Abdulla, Məmməd Oruc, Miraslan Bəkirli... - böyük köç(günlük) taleyi ilə birgə ədəbiyyatımıza təzə mövzu gətirmişlər. 1999-cu ildə “Bizim əsr” qəzetində bu məqamı qabardan “Köç” adlı bir yazı yazmışdım; bir qədər qəribə qarşılandı. Halbuki bir kitaba yığıb, yaxşı tanımağımızdan ötrü bu ədəbiyyatdan bir “erməni lüğəti”, müntəxabatı yapmaq olardı; gecikmişik, gecikmişik, barı gələcək nəsillər bilsin... Hələ onu demirəm ki, axtarsan, burdakı erməni-türk sevgisi və davasının altından əməlli-başlı Nobel mövzusu da çıxartmaq olar; Turgenevin məktubları deyil ki, üzünü köçürüb Quqarka yollayasan, canlı həyat materialıdır... Əlbəttə, bircə şərtlə: ideolojini kənara qoymaqla...

Əvvəllər mən Mövlud Süleymanlının magik realizminin sirrini yazıçının formal üslubunda, təsvir predmetini – yaşam, situasiya, peyzaj, dialoq, detalları bütün əyaniliyi, rəng və səsləri ilə, dürüst psixoloji əhatədə verə bilməsində görürdüm... Sonralar bunu bu və ya digər tərzdə başqa yazıçıların da başardığına şahid oldum (məsələn, Kamal Abdullanın son “Unutmağa kimsə yox” romanında kameramanlığı heyrətamizdir). Əslində necədir: M.Süleymanlının modernizmində daimi bir Səs axtarışı, təbii-bioloji ilkinliyəcən ibtidailik axtarışı var; o istər təbiət, istər cəmiyyət, istərsə də İnsan-mənəviyyat hadisələrində – hər bir şeyin öz səsini, və təbii ki, harmoniyasını axtarır.

M.Süleymanlının nəsri natur-fəlsəfi yüklüdür; və hətta bəzən ifrat vulqar-bioloji instinktlərəcən varmağa həvəs göstərir; elə bütün yaradıcılığına xas psixoloji simvolizmi də buradandır. “Şeytan”da bu – şeytanilikdir, “Dəyirman”da – qan instinktidir, “Duzsuzluq”da cəmiyyəti bürümüş bioloji duzsuzluqdur, “Ceviz qurdu”nda toplumu öz içindən yeyən qurddur, “Səs”də mənəvi harmoniyanın pozulmasının səs instinktidir və s. “Erməni adındakı hərflər”də də bu var: firəng iti, türk iti, atın gülməyi və s. eyhamlarda – açıq; dağ-daş-təbiətlə kəndin-toplumun-insanların təşviş-narahatlıq səsləri arasındakı disharmoniya-sınmalarda daha da ustalıqla...

Belə ki: mətndə ən çox duyulan təbiət və cəmiyyət rənglərinin genişliyində türkün getdikcə boğulan səsidir; 1937, İsmayıl Ağbiləndən beləsinə boğulduqca da boğuq olur bu səs, son anacan təbiiliyini zorla saxlayır... Yazıçı bu kamertona çox həssasdır.

Amma mənim davam yenə də tarixçi İmirxanlı ilədir; aşkar duyulur ki, romanda onun səsi 1970-ci illərdən qalmadır...

Məgər duymuruqmu bu səs saf tonunu elə o zaman, tələbə auditoriyasında ilk çıxışındaca, KQB ilə üz-üzə gəldiyində itirir?; milis idarəsindəki, yaxud sonda, kəndlərin dəyişdirilməsi səhnəsindəki İmirxanlı həmənkidirmi? Gecikmiş nikbinlik, publisist ahəng qatmaqla (guya İmirxanlı rejimlə üz-üzə gəlmiş, “Ərik” povestinin müəllifi imiş!) nə dəyişir ki?! Bir zamanlar boğulmuş səsin macərası guya bundan qazanacaqmı?

“Erməni adındakı hərflər” romanında(n) anlayıb-oxuduqlarım bu qədər. Ona da əminəm ki: romanda başqa nə varsa da, artıq həmkarlarım söyləmiş...

Zəruri bir qeyd. İş belə gətirdi ki, internetdən uzaq düşdüyümdən, bu yazını mən həmkarlarımın roman haqqında mövqeyindən tam xəbərsiz yazdım. Hansı məqamlarda fikirlərimiz üst-üstə düşdü, bir-birini tamamladı, ya təkzib etdi... – bilmirəm; üzrü məndən, kimin dürüst olduğunu Oxucu özü ayırd etsin.

Bakı, Buzovna,
2-9 avqust 2012
XS
SM
MD
LG